Edebiyyat.az » Poeziya » M. Araz - Şeirim

M. Araz - Şeirim

M. Araz - Şeirim
Poeziya
nemət
Müəllif:
19:00, 30 yanvar 2019
2 211
0
M. Arazın gənc qələm yoldaşlarına həsr etdiyi şeir...

ŞEİRİM 

Gənc qələm yoldaşlarıma. 


Yaş ötüb, ayılıb görürsən bir vaxt

 Heç nə yazmamısan, ömür yarıdır. 

Alnına yazılan qırışlar ancaq 

Ömrünün şikayət misralarıdır... 


Tələsik qələmi alırsan ələ,

 Ürək də titrəyir əllərin kimi. 

Lakin görünürsən Vətənə, elə

 Sən də yazılmamış əsərin kimi.


 Bəzən quşa dönür saat da, an da. 

Axşam gəzdiyini səhər tapırsan. 

Elə də olur ki, baxtın tutanda 

Daş axtaran yerdə gövhər tapırsan. 


Kainat deyimmi mən şeirə, sözə!

 -Onun min düyünü, min açarı var.

Onu duya bilməz ondakı közə

 Qəlbində köz töküb alışmayanlar. 


Bəli, duy bunları, ey şair yoldaş,

 Səsini kəsməsin hər ötəri səs.

 Nəhrin qabağına atılan bir daş,

Onun sürətini saxlaya bilməz! 


Duy ki, tüğyanında boranın, qarın 

Odlu bir ürəklə yazan olubdur.

 Çox zaman nəşədən dəm vuranların 

Əsəri, nəşələr pozan olubdur. 


Söz gərək ox keçməz qayadan keçə, 

Yoxdursa sözünün kəsəri, - yazma,

 Özün sevməyincə, sevilməyincə, 

Özgədən məhəbbət əsəri yazma. 


Eyb etməz uçuşda yıxılsan bir an, 

Təki deməsinlər qanadsız quşdur.

 Göyləri fəth edən bir ana tərlan 

Kim deyir balaykən yıxılmamışdır. 


Şeirim, çox danışdım, deyəsən, bir az,

 Sən niyə susmusan, - danışan mənəm? 

Yox, şeir ocağı alovsuz olmaz

 Alışdıran sənsən, alışan mənəm.


 Şeirim, el sazında mizrab vur telə,

 Onsuz da ötəri ötən az deyil... 

Özləri dünyadan getməmiş hələ 

Adları dünyadan gedən az deyil. 


Elin nəfəsidir ən böyük əsər, 

Duysam da, özümü öyə bilmərəm. 

Yüz bülbül səsi də mənə versələr,

 Elsiz bir nəğməni deyə bilmərəm.


 Şeirim, şimşəklərdən qanad iste sən,

Yerəsə insanm nəfəsiylə gəl.

 Dünyada bir damla olmaq istəsən, 

Dünyaya sən ümman həvəsiylə gəl.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)