Edebiyyat.az » Poeziya » Oljas Süleymanovun şeirləri

Oljas Süleymanovun şeirləri

Oljas Süleymanovun şeirləri
Poeziya
admin
Müəllif:
00:58, 22 sentyabr 2020
2 357
0
Oljas Süleymanovun şeirləri




Görkəmli Qazaxıstan şairi, yazıçısı, ədəbiyyatşünası Oljas Süleymenov 1936-cı ildə Almatıda anadan olub.
  • 1959-cu ildə Qazaxıstan Dövlət Universitetinin geologiya fakültəsini bitirib.
  • 1989-cu ildə nüvə əleyhinə “Nevada–Semipalatinsk” hərəkatını yaradaraq təşkilata rəhbərlik edib.
  • 1990-cı ildə Qazaxıstan Xalq yazıçısı adına layiq görülüb.
  • Azərbaycan, Fransa, Rusiya, Yaponiya və digər ölkələrin orden və mükafatları ilə təltif olunub.
 
BATIR MAXAMBETİN QƏTLQABAĞI DUASI
 
Bismillah!
 
Uzaq yürüşlərdə mən
unudaram özümü.
Qanlı döyüşlərdəyəm
aylar-illər uzunu.
 
Lap boğaza yığıldım
bu acıqla, dərdlə mən,
Yəhər üstdə doğuldum,
Qandal altda çərlərəm –
 
məni şəhər uzunu it kimi hərləyərlər...
 
Unudaram çər dəyən
tərli atın iyini,
Zindanların car çəkən
çır hayını-küyünü,
Şaqqalayıb atarlar səhər məni tonqala
Və unudar əmgəyim qorxunc böyüklüyünü...
 
Unudaram –
nə sayaq əsirdi arvadlarım
önümdə zağ-zağ mənim;
Yalın qılınc kimiyəm,
fəqət kəsir pas məni.
 
Ürəyim –
xirtdəyimdə qəzəblənmiş ilantək...
Yox,
tükləri yonulmuş bir şunqardı ürəyim!
 
Unudaram hər şeyi:
döyüşü, yanğını da,
lap elə tanrını da!
 
Unudular –
üz tutub güvəndiyim dualar...
 
Aruax!..[1]
Ağappaq Ay
səhraları hərlənər –
və barxanlara yortar maya dalınca nərlər...
 
Qazaxların qazanı buğlanır ağca südlə...
Gəmirir bir-birini darıxdığından itlər...
Zindanın dar küncünə uzanmışam mənsə tək,
Dığırlanır ovcuma Ay sonuncu qoğaltək...
 
 
URAL SAHİLİNDƏ CAN VERƏN YARALI MAXAMBETİN SON DÜŞÜNCƏLƏRİ
 
Mat qalmayım, neyləyim:
kefimin duru vaxtı nə istəsəm – göz üstə!
Nə buyursam – baş üstə!
 
Könlüm haçan yanıqlı,
qəmli nəğmələr istər –
oxuyurlar mənimçün olmazın bir həvəslə!
 
Kefim havaxt vuranda-çıxanda kəlləçarxa
sevincindən, az qala, hamı da göydə gəzir.
Yayın quraqlığında Urala baxdığımda
sanıram ki quruyub suyu bütün dənizin.
 
Odur ki köç-köçəbə
şirnikdirib özüylə aparanda nəslimi –
bu zülmü tək çəkirəm;
hünəri çatmayanda söz deməyə bir kəsin,
bağlanır dilim-ağzım – şeirlər yazıram mən.
 
Mənə desəydilər ki:
“Sən ey qibleyi-aləm!
Bağışlamaq vaxtıdır – adamları əfv elə,
dünya çıxar ağ günə bircə təbəssümündən!”
Bəlkə də, çalışardım heç nəyə qəmlənməyəm.
 
Ya da gəlib desəydi kişilər fağır-fağır:
“Qorxumuz yoxdu bizim,
Ural qurumayınca suyu boldu dənizin –
sən nə qədər ki sağsan, deməli, biz də sağıq...”
 
And olsun Allaha ki, onda mən ölməzdim heç.
 
 
Tərcümə edən: Mahir N.Qarayev
 
 
[1] Aruax – ruh (qazaxca)

Mənbə: Aydinyol.aztc.gov.az
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)