Qara Qarayev
Musiqi
Q.Qarayevin gözəl, özünəməxsus yaradıcılığı həm Azərbaycanda, həm də onun hüdudlarının kənarında geniş şəkildə tanınmışdır. Q.Qarayevin adı layiq olduğu dünya şöhrətini qazanıb. Onun əsərləri musiqili teatrların repertuarlarında və əcnəbi ölkələrin ən yaxşı dirijorlarının proqramlarında layiqli yerə sahibdir. Polşa, Almaniya, Rumıniya, Fransa, ABŞ, Bolqarıstan kimi ölkələrdə onun baletləri səhnələşdirilir, bir çox ölkənin konsert zallarında simfonik və kamera-instumental əsərləri səslənir. Bunlar dünya musiqi klassikası fonduna birdəfəlik həkk olunmuş əsərlərdir. Q.Qarayevin yaradıcılığının geniş populyarlığını, minlərlə dinləyicinin ona qarşı sevgisini ilk olaraq əsərlərindəki böyük məzmunun dərin mənası ilə izah etmək olar. Q.Qarayev həmişə öz yaradıcılığında böyük fikir mühümlüyünə və genişliyinə malik mövzuları əks etdirir. Onun musiqisində daima yüksək vətəndaş tonu, sənətkarın – xoşbəxtlik və azadlıq uğrunda döyüşçünün səsi eşidilir.
Q.Qarayevin əsərləri daima aktualdır, proqressiv bəşəriyyəti narahat edən ciddi ictimai-etik problemlərin həll edilməsinə yönələnib. Bəstəkar nə qədər ictimaiyyətin geniş problemlərinə müraciət etsə də, onun diqqət mərkəzində həmişə insan, onun xoşbəxtliyi uğrunda mübarizə, mənəvi dünyası və fikirləri durur. İnsan şəxsiyyəti haqda lirik hekayələri vasitəsi ilə, Qarayev tez-tez öz musiqisində sosial-ictimai, fəlsəfi müstəvisindəki ali ümumiləşdirmələrə yüksəlir. Qara Qarayev incəsənətində bəstəkar sifətini, individuallığını təyin edən öz yolunu seçən böyük ustadların siyahısındadır. Bu rus və dünya klassikasının ənənələrinə malik yaradıcılığın dərin fundamental əsaslarının Azərbaycan musiqisinin ənənələri ilə uzlaşma yoludur. Nəhəng istedad və yorulmaz, cəsarətlə dolu yenilikçi axtarışlar onu Azərbaycan musiqisinin ənənələrinin daha da inkişaf edilməsinə gətirib çıxarır. Musiqisində hərtərəfli işıqlandıraraq, geniş fikir dərinliyinə malik bu mövzuları canlandıraraq, Q.Qarayev yalnız reallığın hadisələrinə müraciət etmir, həmçinin öz süjetlərini xalq əfsanələrindən, bütün dövrlərin şair və yazıçıların yaradıcılığından götürür.
O, milli və dünya ədəbiyyat və poeziyasının şedevrləri ilə maraqlanır: Nizami, Puşkin, Şekspir, Servantes, Rostan, Ömər Xəyyam, P.Abrahame, Anri Barbüs, Lenqston Hyüz – bu Q.Qarayevin müraciət etdiyi müəlliflərin heç tam siyahısı deyil. Onun musiqisinin məzmununun qeyri-adi təcəssüm-emosional zənginliyi buradan qaynaqlanır. Qarayevin musiqisindəki hisslər, obrazlar və əhvallar dünyası çox zəngindir: qəhrəmanlıq və dramatizm, traqizm, patetika, fantastika, qrotesk və xalq-janr səhifələri, bunlar hamısı bərabər şəkildə bəstəkara tabedir. Bəstəkarın lirikasının diapazonu xüsusi ilə genişdir – ruhlanmış-poetik, səmimi-intim, ehtiraslı-hissiyatlı və s. İdeya və obraz məzmunundan asılı olmayaraq, Q.Qarayev bütün əsərlərində humanist-rəssam, mübariz optimist qismində çıxış edir. Bununla birgə, Qarayevin qəhrəmanlarının hansı dildə danışdığında, hansı dövrə və xalqa aid olduğuna baxmayaraq, biz həmişə Q.Qarayevin – azərbaycanlı bəstəkarın imzasını seçə bilirik.
Qara Qarayev Azərbaycan musiqisinin janrlarının zənginləşdirilməsi işində əvəzsiz rol oynamışdır. Bəzi öncə mövcud olmuş janrlar onun bəstələrində öz görünüşü dəyişib, bəzi janrlar isə ilk dəfə onun tərəfindən milli musiqi yaradıcılığına daxil edilib. Onun simfonik musiqinin, baletin, kamera-instrumental, vokal musiqinin, kino və dramatik səhnələr üçün musiqinin inkişafında xidmətləri də həmçinin əvəzsizdir. Klassiklərin ənənələrinə əsaslanaraq Q.Qarayev Azərbaycan musiqisinin milli-tematik çərçivələrini genişləndirir. Bəstəkar dəfələrlə digər xalqların folkloruna müraciət edir. Bununla belə, o stilizə etmir, əksinə, öz xalqının musiqisinin bütün müxtəlifliyi ilə sıx şəkildə bağlı olan öz müəllif simasını qoruyaraq, xarici folk musiqinin təbiətinə dərindən agah olur.
Orqanik şəkildə klassika ənənələrinə və onun xüsusi sevgi bəslədiyi Bax, Bethoven, Çaykovskiyə bağlı olan Q.Qarayevin yaradıcılığı həmçinin iki dahi sənətkarın – S.Prokofyevin və Şostakoviçin təsirini daşıyır. Sözsüz ki, Prokofyevin melosu, harmoniyaların itiliyi, incə lirizmi, obrazların xarakterliliyi, həmçinin simfonist Şostakoviçin ustalığı, onun fəal və güclü dramatik gərginliyin artmasını yaratmaq bacarığı, tragedik münaqişələri canlandırmaq məharəti, Q.Qarayevə təsir etməyə bilməzdi (və yaradıcı baxımdan onun tərəfindən qəbul edilmişdi).
Dünya mədəniyyətinin ənənələrini Azərbaycan folklorunun milli ənənələri ilə birləşdirərək Q.Qarayev, yeni mərhələdə Ü.Hacıbəylinin varisi kimi çıxış edərək, musiqi klassiklərinin vəsiyyətini canlandırır. Q.Qarayev öz yaradıcılığında proqramlıq prinsipini də geniş şəkildə inkişaf etdirir. Bəstəkarın musiqisində aydın olaraq iki proqramlıq tipi cızılıb. Proqramlığın bir tipi – öz mahiyyətində Listin, Çaykovskinin proqramlığına yaxın olan psixoloji-ümumiləşdirilmiş. Bu hallarda, bəstəkarın əsərinin proqramlılığı adından bəlli olur. Bu nümunələrdə, “Leyli və Məcnun” poemasında, “Don Kixot” qravürlərindəki kimi, bəstəkar ədəbi ilkin mənbəyə müraciət edir. Zaman-zaman proqrama işarə qismində öncə verilən epiqraf çıxış edir. Daha tez-tez olan ikinci tip proqramlıq, müstəqil olmuş digər janrda olan şəxsi əsərlərinin materialı üzərində yaradılan, bəstəkarın süitalarında təqdim edilir. Bunlar sırasında “Vyetnam”, “Xoreoqrafik rəsmlər”, “Dənizi ram edənlər” süitalar, balet süitalarını və s. qeyd etmək olar. Q.Qarayevin yaradıcı individuallığının ən mühüm xüsusiyyəti onun musiqi düşüncəsinin simfonik xarakter daşımasıdır. Q.Qarayevin simfonizmi Çaykovski, Şostakoviçdə olduğu kimi, münaqişəli-dramatikdir. Belə musiqi düşüncə metodu özünü həmçinin bəstəkarın simfonik və musiqi-səhnə əsərlərində də biruzə verir.
Q.Qarayevin elə əsərləri də var ki, orada bəstəkarın janr-hekayət simfonizminə yaxınlığı sezilir. Bunlar sırasında “Alban rapsodiyası”-nı və “Vyetnam” süitasını qeyd etmək olar. Musiqidə nadir ideya-fikir ümumiləşdirmək bacarığı, psixoloji, dinamik inkişafı ustalığı bəstəkarı o mərtəbəyə gətirir çıxarır ki, Q.Qarayevin kinofilmlər və teatr spektaklları üçün yazdığı musiqilər onların mühüm komponentinə çevrilir. Qara Qarayev musiqisinin ən vacib elementləri – qətilik, lakonizm, zaman duyumu və melodik ifadəliyidir. Qarayev möhtəşəm melodistdir. Onun melodiyası daima intonasiya baxımından qeyri-adi tərzdə təravətli, təbiidir. Qarayev melosunda həmçinin romantik uçuşun, şairliliyin, ehtiraslı dramatizmin “sonsuz genişlənməsi” mövcuddur. Xüsusi diqqətə bəstəkarın rənglilik və psixoloji kəskinləşməliyi birləşdirdiyi, özündə klassik funksional musiqi qanunauyğunluğuna və daha mürəkkəb müasir ladoharmonik vasitələrə malik xalq musiqisindən gələn milli ladlıq elementlərini içərən, harmonik dil layiqdir. Onun musiqisində mühüm rolu polifoniya oynayır, bəstəkarın musiqisinin metroritmik yönü olduqca orijinaldır.
O öz tərzini tapır və musiqidə bir çox davamçıya malik məktəb yaradır.
Dünya şöhrətli bəstəkar olduqdan sonra da Q.Qarayev məhz azərbaycanlı bəstəkar olaraq qaldı. O, öz yaradıcılığı ilə Azərbaycanın musiqi mədəniyyətində yeni səhifələr açdı. Onun əsərləri layiqli olaraq müasir dünya musiqi sənətinin nailiyyətləri sırasında şərəfli yerini tutmuşdur. Yenilikçilik və ali bədiiliyi olan Q.Qarayevin əsərləri ondan sonra gələn respublikanın bəstəkar nəsillərinin dərs aldığı nümunəyə dönüşür. Böyük sənətkar, alim, həssas müəllim olan Qara Qarayev, hal-hazırda onun yaradıcılığının ənənələrini davam etdirən bir neçə nəsil bəstəkar yetirmişdir.
Qara Əbülfəs oğlu Qarayev 1918-ci ilin fevralın 5-də Bakıda, məşhur həkim, tibb professoru A.F.Qarayevin ailəsində dünyaya göz açmışdır. Onun musiqi qabiliyyətləri çox erkən yaşlarında özünü biruzə verir. Qarayevin musiqi məktəbində ilk müəllimi incə musiqiçi və həssas müəllim – V.M.Kozlov olur. 1930-cu ildən gələcək bəstəkar Bakı musiqi texnikumunda, bir sıra görkəmli şəxslər yetişdirmiş, gözəl pedaqoq və musiqiçi, professor Q.Q.Şaroyevin rəhbərliyi altında fortepiano sinfində oxuyur. Onun ilk yaradıcılıq təcrübələrə məhz bu dönəmə təsadüf edir. Yaratmaq meyli Qara Qarayevi 1935-ci ildə daxil olduğu Azərbaycan dövlət konservatoriyasının bəstəkarlıq fakultəsinə gətirib çıxarır. Orada gələcək bəstəkar professor L.İ.Rudolfdan kompozisiya dərsi alır, Çumakovun rəhbərliyi altında harmoniyanı və Üzeyir Hacıbəylinin rəhbərliyi altında Azərbaycan xalq musiqisinin əsaslarını öyrənir.
Konservatoriyada oxuduğu illərdə Q.Qarayev həyatını əhatə edən bütün hadisələrlə bağlı çoxlu yazır. Beləliklə, 1937-ci ildə ictimayyət tərəfindən geniş qeyd edilən, A.S.Puşkinin vəfatının 100-illiyində o, yubiley konsertində müəllifin ifasında səslənmiş, maraqlı “Çarsko-selski heykəli” fortepiano pyesini qələmə alır. 1937-ci ilin yayında Azərbaycan rayonlarında folklor ekspediyası təşkil olunur. Burada Q.Qarayev xalq yaradıcılığının öyrənilməsi ilə bağlı böyük iş görmüş bəstəkar və musiqişünaslar qrupuna başçılıq edir. Ekspedisiyanın iştirakçıları Şəki rayonunun insturmentakistkərinin və aşıqların toplantısını keçirərək bir sıra vergili musiqiçi-istedad müəyyən edirlər.
1937-ci ildə Q.Qarayevin ilk iri əsəri – Rəsul Rzanın şerləri üzərinə xor, simfonik orkestr və rəqs ansamblı üçün “Qəlbin nəğməsi” kantatası yazılır. Orada geniş şəkildə aşıq musiqisinin, xalq rəqs incəsənətnin janrlarının xüsusiyyətləri istifadə olunub. Bu kantata gənc müəllifin məşhurluq zirvəsinə aparan yolda ilk iddiası idi. Bu əsər böyük uğurla, ölkəmizin görkəmli bəstəkarlarının əsərləri ilə – Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operaları ilə bir sırada yer aldığı, 1938-ci ilin aprel-may aylarında Moskvada keçirilən Azərbaycan incəsənətinin dekadasında final nömrə qismində ifa olunur. “Qəlbin nəğməsi” əsərinin və “Çarsko-selski heykəli” fortepiano pyesinin uğuru gənc bəstəkarın fövqəltəbii istedadını təsdiq edərək onu qanadlandırır.
Dekadadan qısa zaman sonra Q.Qarayevin çoxdankı arzusu çin olur. 1938-ci ildə o, P.İ.Çaykovski adına Moskva dövlət konservatoriyasında A.P.Aleksandrovun sinfinə daxil olaraq Q.Litinskidən polifoniya, S.Vaslienkodan instrument, L.Mazeldən isə musiqi əsərlərinin analizi dərslərini almağa başlayır. Başlayan müharibə Q.Qarayevin təhsilini yarımçıq saxlayır və o, Bakıya qayıdır. 1941-42-ci illərdə bəstəkar M.Maqomayev adına Azərbaycan dövlət filarmoniyasının bədii rəhbəri kimi fəaliyyət göstərir. İki ildən sonra çağdaş dönəmin görkəmli sənətkarı D.D.Şostakoviçin kompozisiya sinfinə daxil olaraq, Q.Qarayev yarımçıq qalmış təhsilini davam etdirir. Möhtəşəm musiqiçi ilə təmas Qara Qarayevin bəstəkar və pedaqoq kimi formalaşmasında böyük rol oynayır. Moskvada keçən təhsil illəri gənc bəstəkarın yaradıcılığın nəhəng inkişafı dönəmi olur. Böyük incəsənət xadimləri ilə ünsiyyətdən qaynaqlanan bədii təəsüratlraın çoxluğu, Moskvanın konsert və teatr həyatının zənginliyi, sözsüz ki, onun bədii dünyagörüşünü genişləndirərərk və yaradıcı fantaziyasına zənginləşdirərək Q.Qarayevə güclü təsir edir.
Bu illərə təsadüf edən əsərlərin bir çoxu gələcək olğun yaradıcılığın səhifələrini qabaqlayaraq mühüm maraq kəsb edir. Məsələn, belə maraqlı əsərlərdən biri fortepiano üçün “Üçsəsli fuqa” əsəridir. Sonra, 1939-cu ildə məşhur xanəndə Cabbar Qaryağdı tərəfindən ifa edilən 3 təsnifi (“Leyli”, “Şirin”, “Sərənc”) səs və simfonik orkestr üçün təkmilləşdirir.
Simfonik orkestr üçün “Passakalya və Üçlu fuqa” (1941), “Ömər Xəyyamın altı rübaisi” romanslar silsiləsi, xüsusi olaraq Moskvada keçirilən Ümumittifaq bədən tərbiyəçiləri paradında Azərbaycan təmsliçiləri üçün yazılmış nəfəsli orkestr üçün yazılmış “İdman süitası” (1938), böyük simfonik orkestr üçün “Azərbaycan süitası”. O illərin bir çox əsəri Azərbaycan incəsənətinə mühüm tövhə verir. Hələ tələnə olarkən Q.Qarayev iri formalı əsərlərin yaradılmasına cəhd edir, opera və simfoniya kimi mürəkkəb janrlara müraciət edir. 1944-cü ildə Zaqafqaziya respublikalarının dekadasında milli simfoniya janrının əsasını qoyan Qarayevin ilk simfoniyası səsləndirilir. O, Böyük vətən müharibəsinin qəhrəmanlarının xatirəsinə həsr olunur. 1945-ci ilin mayın 7-də M.F.Axundov adına Azərbaycan dövlət akademik opera və balet teatrının səhnəsində D.Hacıyev ilə birlikdə yazılan (libretto H.Hidayətzadə, sözlər M.Rəhim) “Vətən” qəhrəman-patriotik operası səhnələşdirilir.1946-cı ildə opera SSRİ dövlət mükafatına layiq görülür.
Q.Qarayevin Moskva konservatoriyasında bulunmağı diplom işi kimi təqdim edilən və əla qiymətə layiq görülən İkinci simfoniyanın yaranması ilə nəticələnir. Müharibə yeni bitib və düşmən üzərində qələbə naminə gətirilən qurbanlar, rəşadət və döyüşlər haqda xatirələr şüurlardan silinməyib. Bu məzmun simfoniyada sevincli bayramcıl, üzgün tragedik, fəlsəfi cəhətdən dərinləşmiş, zarafatcıl tərzdə skersoz obrazların əvəzlənməsi ilə açılır. İkinci simfoniya bəstəkarın yaradıcılığında sərhəd qoyur. Bu əsər individual özünəməxsus tərzin axtarışlarını sonlandırır, yaradıcılığın birinci dövrünü bitirir. Bakıya qayıtdıqda Q.Qarayevin fəallığı artır. Artıq 1947-ci ildə D.D.Şostakoviçə həsr edilmiş İkinci kvartet, M.Rəhimin sözləri üzərinə soprano, xor və orkestr üçün “Xoşbəxtlik nəğməsi”, Nizaminin sözləri üzərinə “Payız” akapella lirik xoru işıq üzü görür. Bəstəkarı böyük fəlsəfəçi-humanistin poyeziya dünyası cəlb edir, o dərin şəkildə Nizaminin irsini – bu günlərədək öz gücünü və mühümlüyünü itirməyən XII-ci əsrin mədəniyyət abidəsini araşdırır. Görkəmli şairin yaradıcılığına bu dönəmin ən yaxşı əsərləri həsr olunub: 1948-ci ildə SSRİ Dövlət mükafatına layiq görülmşü “Leyli və Məcnun” simfonik poeması (1947), “7 gözəl” simfonik süitası (1949). Bu illərdə, nümayiş və bayramlarda tez-tez ifa olunan fanfaralı “Salamlama marşı” yazılır. 40-ci illərin sonu 50-ci illərin əvvəli – Q.Qarayevin fəal yaradıcı pedaqoji və musiqili-ictimai fəaliyyətin dövrü olur. Artıq 1948-ci ildə Q.Qarayev iki dəfə SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan dövlət konservatoriyanın dosentidir, SSRİ bəstəkarlarının Birinci Ümumittifaq toplantısının deleqatıdır. 1949-cu ildə o, Ü.Hacıbəyli adına Azərbaycan incəsənəti institutunun musiqi bölməsinə rəhbərlik edir. 1949-1952-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasına rəhbərlik edir. 1953-cü ildən Q.Qarayev Azərbaycan bəstəkarlar ittifaqının sədri olur.
İyirmi il ərzində yazılan Q.Qarayevin prelüdləri (fortepiano üçün 24 prelüd) hərəsi altı pyes daşıyan dörd dəftər təşkil etdi. Məlumdur ki, bu əsərin üzərində iş digər, daha iri əsərlərin yaradılması ilə bir zamanda sürdü. 1952-ci ildə Qarayev ən yaxşı əsərlərindən biri – “7 gözəl” baletini (libretto – H.Hidayətzadə, Y.Slonimskiy və S.Rəhman) yaradır. Əsər, sadəcə bir poemin adını daşıdığına baxmayaraq, Nizaminin “Xəmsəsi” (“Beşlik”) – beş ən məşhur poemasının motivləri əsasında yazılıb. Baletin müəllifləri ön plana, iki bir-birinə qarşı gücü – hökmdar və xalqı toqquşduraraq, feodal zülmə qarşı xalq mübarizəsi ideyasını çıxarırlar.
“7 gözəl” baleti – insan şəxsiyyətini gözəlliyi, xalqın aqibəti və ümidləri haqda musiqili-xoreoqrafik poemdir. Baletin ilk səhnələşdirilməsi 1952-ci ildə M.F.Axundov adına Azərbaycan dövlət opera və balet teatrında (quruluşçu, rejissor və baletmeyster P.Qusev, məsləhətçi baletmeyster Q.Almaszadə, dirijor K.Abdullayev, rəssamlar E.Almaszadə və F.Qusar) həyata keçirilir. Bu respublika həyatında böyük hadisə olur. Şostakoviç yazırdı: “Yeni baletin ən güclü tərəfi – onun musiqisidir. Rus balet klassikasının ən yaxşı ənənələrinə və ən çox Çaykovski ənənələrinə sadiq qalaraq, bəstəkar mühüm realistik əsər yaradıb”. Və çox keçmədən – 1953-cü ildə Leninqrad dövlət Kiçik opera teatrında (quruluşçu P.Qusev, dirijor E.Qrikurov, rəssam S.Virsalzadə) premyerası baş tutur.
Nisbətən qısa zamanda “7 gözəl” balet bir çox aparıcı teatrın səhnəsində göstərilir.
O, Leninqrad, Saratov, Lvov, Kuybışev, Taşkent kimi şəhərlərdə səhnələşdiririlir, ölkənin hüdudlarından kənara çıxmağa nail olur. 1959-cu ildə o, Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti dekadasında yeni 3-aktlı redaksiyası nümayiş etdirilir. İlk baletini bitirdikdən sonra, S.M.Kirov adına Leninqrad akademik opera və balet teatrının təklifi ilə P.Abrahamsın süjeti, Slonimskinin librettosu üzərində “İldırım cığırı ilə” adlı baletin üzərində çalışmağa başlayır. Bu əsərin üzərində iş libretist, quruluşçu (K.Sergeyev), rəssam (V.Dorrer), dirijorun (E.Qrikurov) bilavasitə və sıx əməkdaşlığı fonunda gedirdi.
İş dörd il davam edir. Bəstəkar yazırdı: “Cənubi Afrika xalqlarının, folkloru, məişəti və tarixinin araşdırılmasından ibarət olan musiqinin bəstələnməsinə hazırlıq, faktiki olaraq partitura üzərində işdən daha çox çəkir”. O, diqqətlə Afrika xalqlarının musiqisinin fonoqrafik yazılarını öyrənir, etnoqrafik məcmuələr ilə tanış olurdu. Ali humanistik ideyaya başı qarışan bəstəkar obrazların, xasiyyətlərin, əhvalın yaradılmasında, yad qitədədə yaşayan xalqın həyat rəsmlərinin açılmasında son dərəcə səmimi və düzgün olmağa çalışırdı. O, saatlarla fonoqrafın səsinə qulaq asaraq, Cənubi Afrika xalqlarının musiqi təfəkkürünün quruluşuna nüfuz etməyə can atır. “Baletin musiqisində mən Afrika folkloruna xas xarakter intonasiya və ritmləri istifdə etməyə çalışırdım”, – deyə bəstəkarın özü yazırdı. Onun əvəzolunmaz xidməti ondan ibarətdir ki, bəstəkar Cənubi Afrika ritmləri və intonasiyası əsasında o müasir həqiqətin aktual və fövqəladə səviyyədə vacib məsələsinin – yaşamaq, sevmək, ləyaqətli olmaq haqqlarını müdafiə edən insan şəxsiyyətinin təsdiqi məsələsini təsvir edən musiqili-xoreoqrafik spektaklın simfoniyalaşdırılmış formalarını ətraflı olaraq yaratmağa nail olur. Q.Qarayev öz baletini S.Prokofyevin xatirəsinə həsr edərək, bununla böyük musiqiçiyə sevgisini və dünya incəsənətinin görkəmli ustadının bədii prinsiplərinə və yaradıcılıq ənənələrinə yaxınlığını vurğulayır.
İlk dəfə 1958-ci ildə Leninqradda S.M.Kirov adına teatrın səhnəsində nümayiş edilən balet artıq növbəti ildə Böyük teatrın filialının repertuarına daxil olur. O vaxtdan bu balet bir çox dünya teatrının səhnəsini gəzərək dəfələrlə xaricdə səhnələşdirilir. 1959-cu il Azərbaycan Dövlət Konservatoriyasının professoru Q.Qarayevin yaradıcılıq bioqrafiyasında diqqətəlayiq il olur. Yaradıcılıq fəaliyyətində əvəzsiz xidmətlərə görə o SSRİ xalq artisti adına layiq görülür. Eyni zamanda, onun elmi təfəkkürün inkişafındakı xidmətləri nəzərə alaraq, Azərbaycan ictimayyəti Q.Qarayevi Azərbaycan SRİ-nin Elmlər akademiyasının həqiqi üzvü seçir. Əsl ümumxalq təsdiqi alan, 1967-ci ildə Q.Qarayevə Lenin mükafatı gətirən “İldırım cığırı ilə” baleti olur. 1960-cı ildə Qara Qarayevin daha bir möhtəşəm əsəri – İnsan xoşbəxtliyi uğrunda qəhrəmanlıq ideyasını açan “Don Kixot” simfonik qravürləri (eyniadlı kinofilmə yazılan musiqinin əsasında) işıq üzü görür. Bütün yaradıcılıq yolu boyunca Q.Qarayev Bakının, Moskvanın, Leninqradın və bir çox digər şəhərlərin səhnələrində qoyulan bir çox pyeslərə musiqilər yaradır. Bu əsərlərdən bir neçəsinin adını çəkmək bəstəkarın maraq diapazonunun nə qədər geniş olduğunu görmək üçün kifayər edir: Bakıda M.Əzizbəyov adına Azərbaycan dövlət dramatik teatrında səhnələşdirilən Lope de Veqanın “Rəqs müəllimi”, U.Şekspirin “Qış nağılı”, “Antoni və Kleopatrası”; A.S.Puşkin adına Leninqrad akademik teatrında nümayiş etdirilən V.Vişnevskinin “Optimistik tragediya”, M.Bulqakovun “Qaçış” əsərləri, M.Yermolova adına Moskva dramatik teatrında qoyulan N.Hikmətin “Qərib adam”-ı; Kiçik teatrda səhnələşdirilən İ.Kasumovun “İnsan lövbər salır” əsəri. Bu Q.Qarayev tərəfindən tərtiblənmiş səhnə əsərlərinin natamam siyahısıdır. Bəstəkar tez-tez də kinofilm musiqisi sahəsinə müraciət edir: “Don Kixot”, “Tarix dərsi”, “Qızıl eşelon”, “Dəniz fatehləri”, “Bir kvartaldan iki nəfər”, “Xəzər neftçiləri haqda povest”, “Leyli və Məcnun”, “Uzaq sahillərdə”, “Vyetnam”, “Bakı alovları”, “Mateo Falkone” və s. Kinofilmlər üçün musiqi əsasında simfonik orkestr üçün əla əsərlər olan “Vyetnam süitası”, “Don Kixot” simfonik qravüraları yaranır.
1972-ci ildə bəstəkar fransalı antifaşist-yazıçı Anri Barbüsün novellasının motivləri əsasında yazılan “İncəlik” mono operasını, 1973-cü ildə isə E.Rostanın “Sirano de Berjerak” komediyasının əsasında “Hiddətli qaskon” müziklini bitirir.
Özündə müxtəlif janrların xüsusiyyətlərini birləşdirən bu qeyri-adi spektakl 1978-ci ildə Moskva operetta teatrının səhnəsində nümayiş etdirilir və bundan sonra səhnələşdirmələr uğurla davam edir. Ölkəmizin musiqi həyatındakı böyük hadisə Qara Qarayevin Üçuncü simfoniyasının (1965 il) işıq üzü görməsi olur. Üçüncü simfoniyanı bu janrın ilk nümunələrindən iki onillik ayırır. Yeni əsərdə həm ifadəliliyin yeni vasitələrinin cəsarətli daim axtarış yolu, həm də yetkin ustalığa xas olan onların seçimindəki qənaət əks olunub. Yeni simfoniya kameral orkestr üçün nəzərdə tutulub. Bu simfoniyada gəzəgənimizin musiqi dünyasında peyda olan hər yeni şeyə həssas olan bəstəkar, mürəkkəb müasir seriyalı yazı texnikasına, çox rasionalist, dəqiq, diqqətli hesablama tələb edən müraciət edir. Lakin, bəstəkarın müraciəti onun obraz tərkibini və əsərin milli özünəməxsusluğunu yoxsullaşdırmır. Əksinə, yeni texnika gözəl tərzdə Azərbaycan “musiqi nitqə” xas ifadələri, onun ritmikasının xüsusiyyətləri ilə: aşıq musiqisinə xas olan tembr səslənmələri ilə uzlaşır. Q.Qarayevin Üçüncü simfoniyası simfonizmin parlaq nümunələrindən birinə, müasir insanın mürəkkəb hisslər dünyasını, həyatımızın fəal nəbzini inandırıcı və dürüst şəkildə təsvir edən əsərə çevrilir.
Q.Qarayevin son iki onilliyin iri əsəri : görkəmli skripka ustası Leonid Koqana (ilk ifası 1968-ci ildə baş tutub) həsr edilən simfonik orkestrli skripka üçün konsertdə də novator axtarışlarını müşahidə etmək olur. Q.Qarayev haqqında yalnız bəstəkar kimi danışmaq mümkün deyil. Onun yaradıcılığı pedaqoji və musiqili-ictimai fəaliyyətdən ayrılmazdır. Azərbaycan bəstəkarlıq məktəbinin rəhbəri olaraq o, çoxu günümüzdə məşhur ustad olmuş neçə-neçə gənc bəstəkar nəsilləri yetişdirir. Sovet höküməti Q.Qarayevin xidmətlərini layiqincə nəzərə alaraq onu Sosialist Əməyi Qəhrəmanı adına layiq görür. Son illərini bəstəkar “Leyli və Məcnun” baletinin üzərində işləyərək keçirib. Lakin uzunmüddətli, ağır xəstəlik bəstəkarın yeni ideyalarının ərsəyə gəlməsinə mane olur. Q.Qarayev 1982-ci ilin mayın 13 Moskvada vəfat edir. O Bakıdakı Fəxri Xiyabanda torpağa verilib. Qarayev yaradıcılığında janr rəngarəngliyinə malik olsa da, daha çox simfonik və musiqili-səhnə janrlarına meyl edir.
Bəstəkar Q.Qarayev haqda danışarkən ilk öncə onun simfonist olduğunu qeyd etmək lazımdır. Bəstəkarın müraciət etdiyi mövzuların ciddiliyi və mühümlüyü, toxunduğu obraz sahələrinin dərinliyi, Q.Qarayevi simfonizmə düşüncə metodu kimi yanaşdıran bəstəkar dəstxəttinin xüsusiyyətlərini müəyyən edir. Musiqidə möhtəşəm ideya-emosiya ümumiləşdirilmə vergisi, parlaq xüsusiyyətlər ustalığı (əsasən səhnə janrlarında zəruri olan), daxili psixoloji və xarici dinamik inkişafın ustalığı – bunlar Q.Qarayevə balet janrının imkanlarını genişləndirməyə, baletdə mürəkkəb fəlsəfi, sosial ictimai səsə malik mövzuları açmağa, eyni anda parlaq xüsusiyyətləri əks etdirməyə, asan və rahat oynanılacaq musiqini yaratmağa kömək edən keyfiyyətlərdir.
Mənbə: varyox.az
Mövzuya uyğun linklər: