Emin Sabitoğlu-kinonun ruhunu duyan bəstəkar

Emin Sabitoğlu 1937-ci il noyabrın 2-də Bakıda anadan olub. 1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra Moskva Dövlət Konservatoriyasında Yuri Şaporinin bəstəkarlıq sinfində oxuyub (1956-1961). 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb.
Musiqinin bir çox janrında dəyərli əsərlərin müəllifi kimi tanınan Emin Sabitoğlunun kinoda səslənən mahnıları və musiqiləri bu gün də dillər əzbəridir, müğənnilərin fərdi repertuarında geniş yer tutur. O, 600-dən çox mahnının, 9 musiqili komediyanın, 40-a yaxın filmdəki musiqilərin müəllifidir. Emin Sabitoğlunun istər teatr tamaşalarına (“Hicran”, ”Xoşbəxtlər” və s.), istərsə də filmlərə yazdığı musiqiləri bədii əsərlərin təcəssümü olan zamanın ruhunu bizə çox dəqiqliklə hiss etdirə bilir, hadisələrin məğzini açır.  
Bəstəkarın teatr və kino yaradıcılığında mahnı, estrada, simfoniya və digər janrlar yer alıb. Bu mənada bəstəkar yaradıcılığının çoxşaxəliliyi teatr və kinoda yaratdığı əsərlərinin fərqliliyində özünü göstərib. Məsələn, bəstəkar görkəmli dramaturq Sabit Rəhmanın “Hicran” (rejissor Ş.Bədəlbəyli) əsərinə bəstələdiyi musiqi kompozisiyası hadisələrin mənasını açır, personajların xarakterlərini müəyyənləşdirir, ümumilikdə musiqili komediyanın bədii təsir qüvvələrini möhkəmləndirir. Ədəbi əsərlərin səhnə təcəssümündəki hadisələri müxtəlif çalarlarla dilləndirən uvertüralar, aktyorların dialoqlarını müşayiət edən vokal musiqilər, monoloqları əvəzləyən ariyalar, hərəkət etüdlərini açıqlayan rəqslər vahid bəstəkar duyumu, istedadı ətrafında cəmlənib.
Emin Sabitoğlunun kino musiqiləri də bədii komponentlərin dəyərli vasitəsi kimi həmişə milli kinomuza zənginlik gətirib. O, müxtəlif kinorejissorlarla (A.Babayev, F.Əliyev, R.Ocaqov, H.Seyidbəyli və s.) işləyib. Ən zəif süjet xəttinə malik olan filmlər belə, Emin Sabitoğlu musiqisinə görə emosional ekran poeziyası kimi baxımlıdır.

Bizim Cəbiş müəllim filmindən vals. İlahi musiqi
 
Azərbaycan kinosunun əsas dayaq sütunlarından biri olan musiqi estetikası Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, T.Quliyev, A.Məlikov, X.Mirzəzadə, F.Qarayev, P.Bülbüloğlu və s. bəstəkarların bacarığı sayəsində filmlərin emosional dilini zənginləşdirib, geniş tamaşaçı auditoriyası toplamasına şərait yaradıb. Hər bir bəstəkarın da fərdi yaradıcılıq üslubuna aid ifadə dili olub. Emin Sabitoğlunun kino musiqisi filmlərdəki hadisələrə tamaşaçının daha çox ürəkdən təmas etməsinə, daxilən obrazlarla ünsiyyət qurmasına təkan verir. Onun bəstələrinin müşayiət etdiyi filmlər bitdikdən sonra belə tamaşaçını öz emosional təsirində saxlayır. Məsələn, görkəmli kinorejissor H.Seyidbəylinin çəkdiyi “Bizim Cəbiş müəllim” filmində İkinci Dünya müharibəsi illərində arxa cəbhədəki insanların psixoloji sarsıntılarını, məhv olmuş gənclik, uşaqlıq təəssüratlarını sözsüz kadrlardakı lirik melodiyalarda belə hiss edirik, hadisələrin dərinliyinə varırıq. Sovet dövründə çəkilən filmlərin ümumi kompozisiyası dramaturq, rejissor, bəstəkar ideyalarının vahid yaradıcılıq təntənəsi kimi cəmiyyətin ümumi maraqlarına, mənəvi ehtiyaclarına cavab verməli, ekran yaradıcılığı bütünlüklə estetik dəyərlərin yüksəlişinə xidmət etməli idi. Bu mənada həmin illərdə çəkilən filmlərin bir çoxunda məhz istedadlı bəstəkar yaradıcılığı müəyyən texniki çatışmazlıqları kölgədə qoyurdu, filmlər həyat hadisələrinin səmimi təsviri kimi xarici tamaşaçıların belə diqqətini çəkirdi.
Emin Sabitoğlunun peşəkar yaradıcılığı 40-a yaxın filmə uzunömürlü ekran həyatı bəxş edib. Bunlardan “Gün keçdi” (rejissor A.Babayev), “Dədə Qorqud” (T.Tağızadə), “Dantenin yubileyi”(G.Əzimzadə) və s. adlarını çəkmək olar. 1979-cu ildən etibarən görkəmli kinorejissor Rasim Ocaqovla Emin Sabitoğlunun mütəmadi yaradıcılıq prosesi bəstəkar ideyalarının bədii təfəkkürlə, rejissor improvizələri ilə vəhdətinin önəmini bir daha təsdiqlədi. Çünki müxtəlif janrlı ekran əsərlərindəki kadrların mənasını, obrazların xarakteristikasını məhz onun emosional ruhu, dili olan musiqiləri vasitəsi ilə daha dərindən anladıq, həyatın, insanlığın inkişafına mane olan neqativ halları (“İstintaq”, “Bağlı qapı” və s.) yekdilliklə qınadıq. Həmçinin bəstəkarın filmlərin əvvəlində belə səslənən musiqiləri filmin ideyalarını anons edir, ekran hadisələrini yalnız müşayiət etmək yox, şərh etmək məqsədi daşıyırdı.
Rasim Ocaqov çəkdiyi filmlərin bir çoxunun musiqi taleyini Emin Sabitoğlu yaradıcılığına etibar etmişdi. Bunlardan “Bağlı qapı”, “Həm ziyarət, həm ticarət”, “Ad günü”, “İstintaq”, “Ölsəm… bağışla” və s. adlarını çəkmək olar. Bu filmlərin musiqiləri, mahnıları (“Bayatı”, “Bir axşam” və s.) nəinki müğənnilərin fərdi repertuarlarında, həmçinin televiziya (“Səni axtarıram”) və teatr tamaşalarında uğurla istifadə edilib.  
Emin Sabitoğlu-dahi bəstəkar
“Ad günü” filminin musiqiləri filmin baş qəhrəmanı olan Mustafanın (H.İsmayılov) cəmiyyətdəki mövqeyini, ictimai və şəxsi həyatını təhlil edir. Romantik duyğulu, pessimist Mustafa ilə, optimist Əlinin (David Uplisaşvili) xarakterləri sanki ayrı-ayrılıqda ətrafındakılar üçün darıxdırıcı və natamam şəxsiyyət təsiri bağışlayır. Onların təsadüfi görüşlərindən sonra həyatı dəyərləndirən insanların mehribançılığı və dostluq münasibətlərinin vacibliyini musiqi dili əbəs yerə nikbin notlarla vurğulamır. Ad günündən xəbərsiz qəfil qonaq olan Mustafanın sadə dünyası, dostluğu Əli üçün böyük bir hədiyyəyə çevrilir.
Tikintidə işləyən Əli sosial problemi olmayan bir zəhmətkeşdir. Onu yalnız insanların, keçmiş dostlarının biganəliyi narahat edir. Oğluna edəcəyi “ad günü” isə bu problemin aradan qalxmasına şərait yaradacaqdı… Lakin dostları ilə bayram etməyə hazırlaşdığı “ad günü” belə, yorğun keçirdiyi gündəlik iş günündən heç də fərqlənmir. Dramaturq, rejissor və bəstəkar ideyaları xoşbəxtliyin təmtəraqlı məclislərdə yox, məhz qayğısız, sakit ailə çərçivəsində olduğunu maraqlı nüanslarla tamaşaçılara çatdırdılar.
 
Əlinin həyat tərzini, arzularını, mədəni cəmiyyətdən geri qalmamaq prinsiplərini, emosional dünyasını əslində bizə obrazla bərabər filmin musiqisi nəql edir. Eyni zamanda Əlinin həyat yoldaşı olan Rənanın (Ş.Yusupova) sakit, təmkinli davranışından oxunan “sənin xoşbəxtliyin ailəndir” kəlmələrini musiqinin dili kifayət qədər xarakterizə edir. Filmin baş qəhrəmanı Mustafanın tənha, romantik dünyasını haradasa qınayan musiqi Əlinin şən, qayğısız aləmindən tənha gəncin həyatına qismən də olsa pay qatmaqla insanların həyatlarını çətinləşdirməyə yox, əslində bir-birlərinə qarşı olan biganəliyə son qoymaqla həyatlarına rəng qatacaqlarını diktə edir. Filmin bütünlükdə psixoloji cəhətlərini kadrlarla həmahəng səslənən musiqiləri təhlil edir. Psixoloji dram janrında olan “Ölsəm… bağışla” filmində nakam məhəbbəti olan iki gəncin taleyini, puç olmuş arzularını musiqinin bədii səviyyəsi etibarı, məntiqi mənası ilə anlayırıq. Musiqinin təsiri altında nəzərə çarpan kadrların səciyyəvi cəhətləri filmlərin psixoloji nüanslarını aydınladır və kadrlardakı lirizmin daxili dinamikliyini təmin edir. Bu mənada bəstəkar yaradıcılığının rejissor ideyaları ilə vəhdəti ekran əsərinin (hadisələrin zaman fərqinə baxmayaraq) müasir səslənməsinə imkan yaradır, əsərin ictimai mənası adi əhvalat xarakteri daşımaqdan da artıq əhəmiyyət kəsb edir, mahiyyətini dərinləşdirir.
Emin Sabitoğlunun bütün kino musiqiləri dramaturq mədəniyyətini, intellektini, zəngin dünyagörüşünü, romantik dünyasını, bütünlükdə bədii əsərlərin səviyyəsini yüksək formada təqdim edir. Onun müxtəlif səpkili musiqiləri filmlərin mövzusu ilə paralel olaraq sosial problemləri təhlil edir, həyat hadisələrinin fəlsəfi dərinliklərini açıqlayır, kadraltı mənalara aydınlıq gətirirdi. Həmin musiqiləri bu gün də geniş tamaşaçı auditoriyası rəğbətlə dinləyir. Bu o deməkdir ki, hər evdə, hər məkanda Emin Sabitoğlunun nəfəsi duyulur və duyulacaq.

Müəllif: Şəhla Bürcəliyeva, kinoşünas
Mənbə: Mədəniyyət qəzeti


Baxılıb: 40
Səhv tapdınız? Mətni seçin (qaralayın) və Cntrl + Enter düyməsini sıxmaqla bizə bildirin!

Rəylər(0)

Rəy bildir

Son xəbərlər

Bütün xəbərləri göstər

Biz sosial şəbəkələrdə