Edebiyyat.az » Proza » Azər Qismət - Ceyrantutanlar

Azər Qismət - Ceyrantutanlar

Azər Qismət - Ceyrantutanlar
Proza
Necef Esgerzade
Müəllif:
12:19, 19 yanvar 2020
1 817
0
Qoruğa hay düşdü ki, ingilis qadın onlara ceyranları necə tutmağı öyrədəcək. Rəisin tapşırığı gecədən yerinə yetirilmişdi. İki əməkdaş ana ceyranı gecə vaxtı duz süxurunu yalayanda tutmuşdular.  
Qoruğun bütün əməkdaşlarını akt zalına topladılar. Təkcə iki nəfər ceyranın qol-qıçından tutub yanında ləhləyirdilər. Gonbul əməkdaş Uzun əməkdaşa deyinirdi ki, “qıçını tutmaq zülmdür”. Uzun da deyinirdi ki, “başını tutmaq zülmdür”.
İngilis qadın zala girəndə rəis o iki nəfərə acıqlandı ki, az deyinsinlər. Gonbul səsini kəsməyib dilləndi ki, “nətər salaq e, bu ceyran gecədən əhədimizi kəsib”. Uzun da dəstək oldu ki, “bu şöğərib başını bir yerdə saxlamır, fırladır, mən də fırladıram...saata dönmüşəm”. Rəis gözünü ağardanda, ceyranı haça-paça edib döşəməyə uzatdılar.
Əcnəbi qadının salamlaşmasına hamı xorla cavab verdi. O, sarı rəngli saçını qulağının ardına sığadı, eynəyini taxanda yerə uzadılmış ceyranı gördü, qeyri-ixtiyari “not, not” səsləndi. Hamı təəccüblə baxdı. Rəis ceyranın yanında bardaş quran Gonbula göz-qaş etdi ki,”yenə neylədin?” O da “vallah heç nə, uzanıb da özüyçün” pıçıldadı. Əcnəbi xanım tribunadan enib ceyrana yaxınlaşdı. Çönbəlib başını sığallayanda, Gonbul atmaca atdı:
-Özünü göstərir...kababını dişinə çəkər e...
Zaldan gülüşmə qopdu. Uzun da söz atdı:
-Buralara necə düşmüsən, ay sarı pişik?
Əcnəbi qadın zaldakıların nəyə güldüyünü bilmək üçün tərcüməçiyə baxdı. Rəis Politologiya İnstitutunu bitirən müdavimə yaxınlaşıb pencəyindən dartdı:
-İşçilərimin dediyini tərcümə etmə a...qadan alaram...başına dönərəm...
-Axı, şübhələnəcək.
-Başina dönərəm...
Zaldakıların nəyə güldüyünü tərcümə etsəydi, əcnəbi inciyib getsəydi, Ekologiya Nazirliyindən töhmət alsaydı...Gülüşmə dayanmırdı. Əcnəbi xanım “what” deyib durur, tərcüməçiyə baxırdı. Tərcüməçi udqunsa da, birtəhər dilləndi:
-Gecə vaxtı bu ceyranı tülkü qorxudub, bu əməkdaş (Gonbulu göstərir) tülkünü qovub.
Əcnəbi xanım “wow”, - deyə Gonbulun əlini sıxdı. Gonbul yenə söz atdı ki, “bunun ceyrana gözü düşüb”.
Zaldan yenə gülüşmə qopanda qadın əminliklə dedi ki, ”yox, bunlar başqa şeyə gülürlər”. Rəis tərcüməçiyə yazıq-yazıq baxıb qırtlağını dartdı, yəni “qadan alaram”. Tərcüməçi çevirdi:
-Tülkünü qovanda qaranlıqda bu əməkdaş (Uzunu göstərir) Gonbulun qabağına çıxıb. Gonbul elə bilib ki, zürafədir.
Əcnəbi qadın da güldü. Və “okay” deyib mühazirəsinin yadda saxlanılmasını istədi.
-Ceyranlar təbiətin qızıdır. Qədim əfsanəyə görə Romul qızı cəzalandırıb. Onu ceyrana döndərib.
Gonbul yenə söz atdı:
-Erkəyi də qızdır?
Zalın gülüşməsinə bayırdakı qaravulçu da yaxınlaşıb pəncərədən içəri baxdı. Rəisin əli qırtlağına uzandı, tərcüməçi mənasını belə anladı ki, “başına dönüm”.
-Xanım, Gonbul dedi ki, o qız deyil, qızıldır.
Əcnəbi xanım gülümsədi.
-Deməli, Romulun sehrindən sonra ceyranlar çöllərə düşüblər. Susuzluqlarını çaylarla, bulaqlarla yatırıblar. Lakin canlarında qorxu qalıb ki, Romul ya canavar, ya ayı cildində cumub onları parçalayar. Ona görə də ceyranları hürkürtmədən tutmaq lazımdır. Ümumiyyətlə, bütün zərif cinslər qəfildən üstlərinə gələnlərdən qorxarlar. Məsələn, hansı qadın üstünə cuman kişidən çəkinməz ki?! Bir sözlə, incəlik və incəlik.
Gonbul söz atdı:
-Kişi qadına elə yaxınlaşmalıdır ki, elə bil, yağdan tük çəkirsən.
Rəis Gonbula “bu sarıbaş gedəndən sonra səni qovacam” deyib əlini qırtlağına aparmamış tərcüməçi sözləri çevirdi:
-Xanım, Gonbul deyir ki, qadınlar kişilərin qəfil hərəkətlərini sevərlər.
Əcnəbi qadın razılaşmağına razılaşdı. Lakin əlavə etdi ki, qadınlar gözlərdəki mənaya baxıb kişidən hürkər, ya hürkməzlər.
-Kişilərin qəfil hərəkəti sevgiyədirsə, o qadın zövq alar. Əsas gözlərə baxmaq lazımdır.
Gonbul söz atmaq istədi ki,”hansı qadın o şirin anları unudar”, amma deyə bilmədi, çünki rəis arxadan ağzını yumdu. Əcnəbi qadın ceyranın başını sığallayıb cərgə arasında gəzişdi.
-İnsanın canlı və cansızlara yanaşması qəfil olmamalıdır. Qəfillikdən qorxu yaranar. Və o qorxu xəstəliyə çevrilər, - deyə Gonbul tərəfə döndü. -Düz deyirəm?
Rəsi xatırladı ki, bayaqdan Gonbulun ağzını yumub, tez əlini çəkdi. Gonbul təngnəfəs halda “elədir” dilləndi. Qadın gülümsədi, üzünü çevirəndə rəis müqavimət göstərməsinə baxmayaraq, yenidən Gonbulun ağzını qapadı. Qadının əlini havada yelləməsinə sanki ceyran da dikəlmək istədi. İşarə etdi ki, onu qaldırsınlar.
-Baxın, cadulanmış bu qız yaşamağa sizin yurdu seçib. Uzun yollardan keçib bura gəlib. Bu məntiqdən çıxış etsək, söyləmək olar ki, sizdə nəsə görüb. O, sizdə mərhəmət görüb. Bütün canılılar kimi heyvanlar da yaşamağa sakit mühit axtarırlar.
Uzun əməkdaş söz atdı ki, “bunlar qoruğun hasarının sökülməsini gözləyirlər ki, əkilsinlər”.
Qadın gülüşməyə ona görə fikir vermədi ki, nə deyəcəyini unudurdu.
-O mərhəmətin işığına gələn bu ceyranları qorxutmaq, onları cadulayan Romulu da sevindirər. Qorxulu Romul hər yerdədir, içimizdədir, bəlkə də gonbula yaxınlaşır. Bəlkə də Romul elə bu gonbuldur.
Gonbul diksindi ki, “sən də ifritə Gülcahansan”. Gülcahan adlı xadimə arxadan qışqırdı ki, “motal, çaşma a”.
Əcnəbi qadın səs-küyə baxmayıb ceyrana yaxınlaşdı, qulağına nəsə pıçıldadı. Sonra qulağını onun ağzına tutdu. Üzünü zaldakılara tutdu:
-O, dedi ki, sizdən qorxur. Və buranı seçməyinə peşman olub. Dünən gecə onu tutanda qorxutmusuz.
Rəis ayağa durub iki əməkdaşa acıqlandı:
-Onu necə tutmusuz ki, qorxub?
Uzun əməkdaş dikəlməyə qorxan ceyran kimi hürkdü:
-Vallah, arxadan tullanıb tutduq.
Qadın mühazirəsinə davam etdi:
-Əlbəttə ki, o, mənə necə qorxduğunu dili ilə deyə bilməz. Bunu məsum gözünün hədəqəyə sığmamasından bildim. Ceyran qorxusundan gecəki hadisəni demir. Keçək onu tutmağın qaydalarına. Zəhmət olmasa, ceyranı buraxın.
Rəsi iki əməkdaşın key-key baxmasına qışqırdı ki, “buraxın da”.
Ümumiyyətlə belə görünüb ki, istənilən heyvanı buraxanda, o ilk saniyələr ərzində qaçmır. Yalnız hissiyatı deyir ki, “sən azadsan”. Amma indi bu ceyranı buraxan kimi göyə hoppandı. Zalda qarışıqlıq düşdü. Ceyran gah pəncərəyə dırmanır, gah qapıya şıllaq atır, gah da cərgələr arasında vurnuxurdu. Düşünmək olardı ki, qadının məqsədi elə onun qaçmasına baxmaqdır. Ancaq neyləyəsən ki, məqsəd başqa imiş.
-İndi isə ceyranı tutun.
Hamı birtəhər oldu ki, əgər tutmağa başlasalar, ceyran elə göydə kiməsə ilişdirəcək. Gonbul və Uzun onun dalınca qaçdılar. Kimsə yerdən söz atdı ki, “qoyun qaçsın, zəhri yarılanda tutarsız”. Gonbul da qışqrdı ki, “məsləhətin özünə qalsın”. Uzun da söz altda qalmadı: “Həyətində bir toyuğu tuta bilmir, məsləhət verməyinə bax”. Rəis bağırdı ki, “danışığı kəsin, ceyranı tutun”. Hissiyatı ceyrana deyirdi ki, əgər sən bu qapıdan içəri girmisənsə, deməli çıxış da burdandır. Bəlkə də elə ona görə qapıya sarı çox atılırdı. Uzun və Gonbul 30 saniyəlik konsensus keçirib razılığa gəldilər ki, (yeri gəlmişkən, xəbərləri yox idi ki, belə qısa konsensus elə indi rekordlar siyahısına düşdü), biri qabaqda, digəri arxada ceyranı haqlasınlar. Ceyran qabağında Gonbulu görəndə arxaya fırlandı. Arxada da Uzun qabağını kəsdi. Sağa-sola qaçmaq cəhdi alınmayanda, ələ keçdi. Əməkdaşlar alınlarının tərini siləndə yalnız indi xatırladılar ki, qadın və tərcüməçi bayaqdan nəsə deyib əl-ayaqlarına dolaşırdılar. Ceyranın ayağını qurbanlıq qoç kimi haça-paça edib fateh kimi gülüşdülər ki, “kimdi bizə yan bakan”. Akt zalının döşəməsində bardaş qurub oturan anda əcnəbi qadının qışqırığı eşidildi:
-Not, not, not...
Gonbul tərcüməçidən soruşdu ki, “not” nədir? Rəis yumruğunu sıxdı ki, “canına azardır”. Əcnəbi qadın çönbəlib ceyranı tumarladı, tez ayağını kəndirdən açmağı tələb etdi:
-Bu sehrə salınan qız qonaq gəlib, amma siz...onun gözlərinə baxın. Budur qorxu.
Rəis göz-qaş etdi ki, kəndiri açsınlar. Kəndir necə möhkəm düyünlənmişdisə, axırda qayçı ilə kəsdilər. Əcnəbi qadın isə deyinirdi:
-Nə edirsiz? Siz dəhşətli əməl törədirsiz. Məgər ceyranı da belə tutarlar?, - deyə çantasından qara parça çıxardı. Gonbul pıçıldadı ki, “yəqin indi ağlayacaq”. Uzun da qayıtdı ki, “elə bil, yasa gəlib, qara yaylıq gətirib”. Bu dəfə tərcüməçi onların nə dediyini çevirdi. Əcnəbi qadın gülümsədi:
-Əzizlərim, bu yaylıq sizə gətirilib.
-Dədəmin goruna sərəcəm?, - Gonbul gözünü döydü. Tərcüməçi bezdiyindən hamısını çevirdi.
-Xanım dedi ki, dədənizin goruna başqa parça sərərsiz. Bu yaylıq məhz sizə gətirilib. Ceyranı tutanda bu parça gözünə atılmalıdır ki, üstünə qaçanları görməsin. İndi isə ceyranı buraxın və arxadan gözünə parça atın.
Tərcüməçi tərcümə etməyinə etdi, amma udqundu. Çünki əcnəbi qadının tapşırığını birinci o anlamışdı. O, bayaq qadın “not” qışqıranda, sakitləşməsi üçün gətirilən sudan içdi. Soruşdu ki, “o, düzmü eşitdi?”
Qadın təkrarladı. Tərcüməçi yenə sudan içəndə, rəis təlaşlandı ki, burda nəsə var.
-Qardaşoğlu, sən canın o nə istəyir?
-Deyir ki, ceyranın gözünə parça atılsın.
Bəlkə də o anda meteorit buraları yandırsaydı, Gonbul və Uzun dözərdilər. Onlar yalnız göyə hoppanmaqla yüngülləşməyə çalışdılar. Hoppanmazdan əvvəl növbəti sualı verməyə imkan tapdılar:
-O nə dedi? Ceyranı təzədən buraxaq?
Zal xorla səsləndi ki, “hə,elə dedi”.
Bayaq yerdən məsləhət verən yenə dilini saxlamadı:
-Yorulub da, onsuz da tez tutacaqsız.
Gonbul istədi ki, saçını yolsun, rəis tez onun əlini tutdu ki, ingilislərdə ancaq qadınlar saçını yolur. Uzun da dilləndi ki, “yaxşı yadıma saldız, indi bu qadının saçını yolub küləyə verəcəyəm”.
Rəis gah Gonbulun əlini, gah Uzunun ağzını tuturdu. Birtəhər sakitləşərdilər, əgər qadın növbəti məsləhəti verməsəydi:
-Ceyranı gülə-gülə tutmalısız.
Daha iki əməkdaşı tutub saxlamaq heç cür alınmadı. Gonbul saçını çəngə ilə yoldu, Uzun dizinə döydü. Səslənən qarğışlardan xüsusilə bunlar yadda qaldı ki, ingilis qadını çər vursun, onu gətirən maşının təkəri partlasın və saçı tökülsün. Vəziyyətin gərginləşdiyini görən rəisin iki əməkdaşla apardığı konsensusun müddəti bayaqkı rekordu təzələdi: 15 saniyə.
-Qadanızı alaram, başınıza dönərəm. Durun, ceyranı tutun.
Yolduğu saçı ovcundan təmizləyən Gonbul Uzunun üzünə key kimi baxdı. Bu baxışlardan “day, neyləyək” oxunurdu. Ənənəvi qaydada ceyranı buraxanda kürəyindən şappıldatmadılar, yoxsa hirslənib göyə tullanardı. Tumarlayıb buraxdılar ki, asta qaçsın və tumarın kəraməti xatirinə tez tutulmağa şərait yaratsın. Bəlkə də ceyranı tutanda onun tərs olduğunu düşünməmişdilər. Görünür, tumar onluq deyilmiş. Əksinə, zalın içində tullanmağın müxtəlif növlərini göstərib mərəkə saldı. Uzun qovur, Gonbul yaylığı gözünə atmağa çalışırdı, əcnəbi qadın da “wow...good” qışqırırdı. Zaldakılardan bəzilərinin ceyrana badalaq atmasını görəndə isə “not, not” deyib barmaq silkələyirdi. Ola bilsin ki, Gonbulun tərinin boynundan üzüaşağı axmasınamı, ya Uzunun ombasını tutub əyilməsinəmi, hər nəyə görəsə, ceyran dayandı. Və nəfəsi gedib-gəlməyən iki nəfərə, o iki nəfər isə burnundan alov püskürən ceyrana baxdılar. Hər iki tərəfin ayağı kilidlənmişdi. Rəis yaylığı Gonbuldan alıb ceyranın gözünə atmaq istəyəndə, əcnəbi qadın razılaşmadı ki, bunu onlar etməlidir. Axı, rəis ceyran tutan deyil. Bu anda Gonbulun qadına nifrətli baxışının çoxvektorlu tərəflərindən böyük elmi monoqrafiya yazmaq olardı, ancaq yeri deyildi. İşarə etdi ki, at fınxırtısı kəsilsin, yaylığı da atar, ceyranın üzündən də öpər. Rəis işarə etdi ki, “sənin yorğunluğun çıxana qədər o da dincələr...”. Gonbul yaylığı alıb elə fağır-fağır yaxınlaşdı ki, ceyranın ürəyinə rəhm salsın. Bəlkə də ceyran düşündü ki, ya bu iki dümbələy onu tutmasalar əl çəkməyəcəklər, ya da mıxa keçib. Yaylığı gözünə atanda əcnəbi qadın yenə “good” qışqırdı:
-İndi mən başına vuran, hikkəsindən yer eşən Romulu görürəm. Caduladığı bu qızın xoş anına sevinə bilməyən Romulu. Biz onu qəm-qüssəyə bürüdük. Bunu sən etdin, əziz dostum, - deyə Gonbulun başını sığalladı. -Romulu hirsləndirən insan xoş xəbər alır. Bəlkə də elə indilərdə alacaqsan o xəbəri.
Gonbul rəisə baxdı ki, “bu arvad düz deyir?” Rəis başını tərpətdi ki, əlbəttə. Gonbulun üzü işıqlandı.
-Mən şad xəbər alacam...şad xəbər alacam...
Qadın isə uçaraq hərəkətlərlə danışırdı:
-Görürsüz, ceyranın sifət əzələləri tərpənmir, gözlərindəki həyəcandan əsər-əlamət qalmayıb. Bunu sən etdin, gözəl insan, - deyə Gonbulun çiynini sıxdı. -Bizim missiyamız ondan ibarətdir ki, qorxu üzərində qurulan dünyaya sevgi gətirək. Bax, bu ceyran qorxsa, balalarını da qorxu altında doğacaq. Onlara ana genindən vahimə keçəcək. Elədir?
Gonbul dilləndi.
-Elədir.
-Və qorxu onların nəsil artımını zəiflədəcək. Əgər Tanrı bu gözəlləri yurdunuza əta edibsə, deməli, çoxalmaq üçün buranı seçib. Elədir?
Gonbul gülümsədi.
-Elədir.
-Və bu yurd seçilibsə, deməli onun sakinləri də qorxaq deyil. Qorxmazlar qayğıkeş olar. Tanrı gözəl heyvanları qayğıkeşlərə bəxş edir. Yırtıcıların qucağına atmır ki, dilsiz-ağızsız bəndələri tükənməsin. Ona görə də onları tutanda qorxutmayın. Sizin missiyanız onları sərbəst həyata alışdırmaqdır. Daha qorxutmayacaqsan ki?
-Yox.
-Vəssalam, əzizlərim, mən gedirəm. Mühazirəni başa çatdırdım. Güman edirəm ki, görüşümüz səmərəli oldu, - deyə üzünü Gonbula çevirdi. - Mənə sualın varmı?
Gonbul sual vermək üçün əvvəlcə rəisə baxdı. Rəis başını yellədi ki, utanmasın, sualını versin.
-Bayaq dediniz ki, xoş xəbər alacağam. Tez olar, ya gec?
-Əlbəttə ki, tez. Razı qaldın?
-Hə, qaldım.
- Belə. Getməzdən əvvəl sonuncu dəfə baxaq görək mühazirənin təsiri oldumu? Ceyranı buraxın və yenidən tutun.
 Adamlar Gonbulun üzünü, Uzunun dizini görə bilmədilər. Çünki biri saçını yolmaq üçün başını aşağı salmışdı, digəri əlini dizinə çırpırdı.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)