Edebiyyat.az » Proza » Elşən Məmmədli - Proloq

Elşən Məmmədli - Proloq

Elşən Məmmədli - Proloq
Proza
admin
Müəllif:
19:46, 28 avqust 2020
2 086
0
Elşən Məmmədli - Proloq

 

 


 

İlk addımlarımızı doğulmamışdan öncə atmağa başlamışdıq. Dünyaya gəlməzdən öncə, Müqəddəs Ruh, kiçik mələkləri o möhtəşəm qapıdan keçirərək, müvəqqəti yaşayacağı yerə yola salır. Hər bir körpə, kiçik əlləri ilə, dünyaya gəlməzdən öncəki bütün məlumatları ona öyrədən Müqəddəs Ruhun paltarından tutaraq, onu sual atəşinə tutur. Müqəddəs Ruh təmkinlə hər bir suala cavab verir, ta ki körpəni ana bətninə yola salanadək. Növbəti körpəni yola salanda Müqəddəs Ruh suallara cavab verməyə hazırlaşırdı. 

  • Buda sənin yaşayacağın ölkə, - buludlarda əyləşərək, o korpəyə şəhəri göstərdi.
  • Çox işıqlıdı! Biz hardayıq?
  • Bilirdim ki bəyənəcəksən.
  • Bunun hamsını insanlar düzəldib?
  • Hə.
  • Məndə belə şeylər düzəldəcəm?
  • Yox. Sənin təyinatın fərqlidi. 
  • Bəs sən hər zaman yanımda olacaqsan?
  • Xeyr. Səni öz mələyin qoruyacaq.
  • Sənin kimi?
  • Tam da yox. Amma məndən daha yaxşı. O sənin həyatının çox hissəsində yanında olacaq. Biz sizin qoruyucularınıza elə bir imkan yaratmışıq ki, onlar sizi daima hiss edə bilirlər. Sizin kədərinizi və sevincinizi. Lakin insanlar bunu dəyərləndirə bilmirlər. 
  • Bəs mən dəyərləndirəcəm?
  • Sən özün öz seçimini etməlisən.

Körpə ətrafa baxmağa başladı. Birdən onun baxışı bir nöqtədə dayandı. 

  • Bəs o insan nə edir? – körpə əli ilə gənc oğlanı göstərdi. O əlində parıltılı bir əşya ilə digər insanı vururdu və vurduğunun üzündə ağrı əks olunmuşdu.
  • O? Can alır. 
  • İnsanlar bunu bacarır?
  • İnsanlar öz bacarıqlarında demək olar ki sərhədsizdilər.
  • Bəs o niyə belə edir?
  • Bu ölkədə hər şey biraz daha fərqlidi. Biz buranı kədərli lətifələr ölkəsi adlandırırıq. Onların öz dəyərləri var, hansılar ki belə hərəkətləri dəstəkləyir. 
  • Anlamıram.
  • Anlayacaqsan.
  • Anlamayacam. Axı necə başqasının həyatını əlindən almaq olar?
  • Onlar buna cinayət deyirlər. 
  • Yəni insanlar rahatlıqla başqasının həyatına qəsd edə bilərlər?
  • Yox. Təbii ki həyatda etdiyin hər bir əməlin cavabı var. Bu əməlin isə cavabı odur ki, əməli törədəni xüsusi bir otağa yerləşdirirlər. O isə o otaqda bir neçə il qalır. Onlar buna cəza deyirlər. 
  • Axı bu axmaqlıqdı! Bəs o insanların sonu nə olur?
  • Onlar ya qəhrəman olurlar ya da cəmiyyətdən uzaqlaşdırılırlar. Bütün bunları sənə öz mələyin öyrədəcək. Tələsmə, onsuz bir neçə saata səni yeni həyat gözləyir. 
  • Mən belə qəhrəmanlar olan həyatı istəmirəm.
  • Sizin dünyada hər şey belə deyil.
  • Amma bu ki ədalətsizlikdir!
  • Ədalətdən danışmağa mənim səlahiyyətim çatmır. Çox incə və qeyri-adi bir şeydi o. 
  • Bəs o insan nə edir? – körpə, qaranlıq bir otaqda oturmuş qadını göstərdi. Qadın digər xanımnan nəsə götürürdü.
  • Cadu edir. 
  • O nə deməkdi?
  • Bəzən insanlar digər insanlara pislik etmək istəyirlər. Bu zaman onlar, şər yolunu seçənlərə müraciət edirlər.
  • Başqalarına niyə pislik etmək istəsinlər ki?
  • Özlərinə yaxşılıq etmək üçün.
  • Bəs niyə o qadın buna razılıq verir?
  • Bu onun özünə xeyir gətirir. 
  • Axı onun əlində Müqəddəs Kitab var!
  • Elədi. O Yaradanın adınnan istifadə edir. Bu da bir çoxlarını inandırmağa kifayətdir.
  • Anlamıram. Çox mürəkkəbdir. 
  • Anlayacaqsan. Birazdan bütün gördüklərini unudacaqsan və onlar kimi yaşamağa başlayacaqsan.
  • Bu məni qorxudur. 
  • Niyə?
  • Mən orda yalnız şər görürəm. Mən ora istəmirəm.
  • Orda daha vacib bir şey var. Orda seçim var. Sən özün getmək istədiyin yolu seçə bilərsən.
  • İnsanlar bir birinə pisliklər edirlər, can alırlar, burda yaxşı nə var ki? Mən burda qalmaq istəyirəm. Onların dünyası mənim üçün deyil. Bu mənim seçimimdir.
  • Tələsmə, orda çox gözəl şeylərdə var. Bir bax.

Körpə sevinən insanları gördü. Müqəddəs Ruh ona həyatın digər tərəflərini göstərdi. Uşaqların əylənməklərini, insanların öz həyatları bahasına olsa da belə, digərlərinə kömək etmələrini, sevgini və inamı. 

  • Onlar orda nə edirlər? – körpə, balaca barmaqları ilə, uzağı göstərdi.
  • Əylənirlər. Valideyinlər öz uşaqlarının xoşbəxtliyi üçün hər şeyi etməyə hazırdılar. 
  • Dünya çox xoşbəxt görsənir. 
  • Bu hələ harasıdı. Mən sənə hər şeyi göstərə bilməmişəm. Orda gözəlliklər həddən artıq çoxdu. Sən sevgini dərk edəcəksən.
  • Mən sevgini bilirəm! Mən Onu sevirəm!
  • Yox. Elə sevgi deyil. Tamamilə fərqli bir sevgi. Sən elə bir sevgini dərk edəcəksən ki, onu heç biz belə anlaya bilmirik. Sən dostluğu dərk edəcəksən, insan münasibətlərinin təməli olan dostluğu. Sən böyüdükcə həyata baxışın dəyişəcək. Sən insanlarda xeyir və şəri ayıra biləcəksən. O sənə gözəl həyat yazıb. Sən çoxlarına kömək edəcəksən, çox insanların həyatını dəyişəcəksən. Və hər zaman Ona inan və Onu unutma! Öz inancında heç vaxt tərəddüd etmə.
  • Mən hazıram. Mən həyata hazıram.

Onların tam qarşısında böyük bir qapı peyda oldu. Qapını görəndən sonra, balaca barmaqlar səma həyatını buraxaraq,dünya həyatına addımlamağa başladı. Qapıya yaxınlaşdıqca, kiçik ürək özündə həyatı hiss etməyə başlayırdı. Lakin qapı açılmadı. Körpə qapının ağzında dayanaraq, anlaya bilmirdi. O tərəddüdlə çönərək, mələyinə baxdı. Müqəddəs Ruh diz çokmüşdü və gözlərindən yaşlar axırdı.

  • Axı nə oldu? Qapı niyə açılmır?
  • O qapı sənə açılmayacaq. Sənin anan səni öldürdü... .

 

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)