Kənan Hacı - Şeytanın məğlubiyyəti(Hekayə)
Proza
Kənan Hacı - Şeytanın məğlubiyyəti(Hekayə)
Sənan Axundovun və bütün şəhidlərimizin ruhuna ithaf olunur
Bura hardan, necə gəldiyimi bilmirəm. Ayaqlarımı hiss etmirdim axı. Məni bura ayaqlarım gətirə bilməzdi. Mən Tanrıya doğru üz tutub gedirdim. Əllərim ona doğru uzanmışdı. O yolda Vətən sevdası vardı. Şair necə deyir?
Gecə-gündüz yol gəlib, yoruldum – Sənə çatdım,
Səndən o yana getmir ayaqlarım, İlahi!
Özümü köhnə divarları tünd yaşıl yosunlarla örtülmüş və qapısı sanki qiyamətə qədər bağlı qalacaqmış kimi görünən bu evin qarşısında tapdım. Nə qədər cəhd etsəm də yaddaşım keçmişimə qapı açmır. Zehnimdə bəzi naməlum şəkillər hərəkətə gəlir, amma görünüşləri dəqiq deyil. Zaman sanki yaşadıqlarımı əridib bir-birinə qarışdırıb...
Çölün ortasında günəşin, yağışın insafına qalmış bu rütubətli evin istisi canımdakı buzu yavaş-yavaş əritməyə başlayır. Bağçadakı çürümüş yarpaqların üstündən keçib evin qapısına doğru gedirəm. Saçlarına bant vurulmuş balaca qızla yeniyetmə oğlan uşağı həyətdə gizlənqaç oynayır. İlahi! Bu görüntü içimi titrətdi!.. Bu, mənəm, saçları bantlı qız da bacımdır. Bir anda bu mənzərə bir neçə yerə parçalanır, zehnimin gücü çatmır ki, bu parçaları birləşdirsin. Sanki yaddaşım ətrafa səpələnib. Nəsə anlayacaq halda deyiləm. Sanki damarlarımdakı qanı boşaltmaq üçün bədənimi məngənə kimi sıxırlar. Quruya atılmış balıq kimi ağzımı açıram, nəfəs ala bilmirəm.
Nəcibənin narahat baxışları gözlərim önündə canlanır, onun xəyalını incitməkdən qorxuram. Necə də gerçəkmiş kimi görünür. Çiyninə yüngülcə toxunsam, həmişəki kimi xəfifcə gülümsəyərmi görəsən? Naməlum bir ürpərti hiss edirəm, amma bu qarabasmadan xilas olmaq istəmirəm. Onun gülümsəyəcək halı yoxdur, gözlərində təşvişlə dolu bir parıltı var. Hiss olunur ki, cəbhədə baş verənlər onu əməlli-başlı üzüb əldən salıb. Həmişə övladlarıma deyirdim ki, baxın, sizin toyunuzu bu torpaqda edəcəyəm. Bura sizin vətəninizdir. Vətən sevgisi insan həyatının ruhani meyvəsidir. Qəlbində iman olmayanların vətən sevgisi olmaz. Əbəs yerə deyilməyib ki, vətən sevgisi imandandır. Çünki iman ancaq azad bir vətən üzərində yaşana bilər.
Əlimi toxunduranda qapı küt səslə cırıldadı, evin sükutu çilik-çilik oldu. Bir anda yatmış xatirələr oyandı. Canımdan üşütmə keçdi. Bu evdə o qədər əlvan yuxular görmüşəm ki!.. Arxaya çevrildim, günəş pencəyini düzə sərmişdi, yal-yamac gərnəşməyində idi. Torpaq adamları addımlarından tanıyırdı, ağacların saralan yarpaqları sevincdən titrəyirdi. Biz o budaqlara yaz kimi, bahar kimi qayıtmışdıq.
Qəlbimi bürümüş qəribə hisslərə ad qoymaqda çətinlik çəkirdim. Bu düşüncələr kədərə tabe olmaqdan imtina edirdi. Yeni hislər, yeni fikirlər varlığımı çulğamışdı.
Yaxşı ki, düşüncə var, xəyallar var. Biz uzun illər doğma torpaqlarımızı xəyallarımızda gəzib-dolaşdıq, əcdadlarımızın qəbir yerlərini yaddaşımızda itməyə qoymadıq, yoxsa qayıdanda bu yerlərdə azıb qalardıq, bilməzdik hayana gedək, hansı səmtə üz tutaq. Bir də yuxularımızda görürdük kəndimizi, evimizi. Yuxu arzuya aparna ən qısa yoldur. Bir az düşüncəyə bənzəyir, bir az xəyala oxşayır, bir az təsəvvürə bənzəri var. Düşüncə daralır, xəyal itir, təsəvvür solur, yuxusa dağılmır. Biz taleyimizdən belə əvəz çıxdıq. Amma bu yurd yerləri yaddaşımızda necə qalmışdı, indi necədi... Düşmənin dağlara, qayalara gücü çatmayıb, evləri yağmalayıblar, daşı daş üstə qoymayıblar.
Adamlara baxıram, hamını tanıyıram. Qohumlar, qonşular, bütün kənd əhli burdadır. ANAMA-nın əməkdaşları övladlarımı evimizə tərəf buraxmır.
-Evə yaxınlaşmayın, oralar minalardan təmizlənməlidir.
Qəribədir, bəs mən bu yolu necə keçib gəlmişəm?! Deyirdim axı, ayaqlarımı hiss etmirəm. Ruhun ayaqları olmur axı...
Nəcibə Nəzrinlə Tahiri köksünə sıxdı. Təbəssümündə dərin kədər, əbədi qüssə duyulurdu. “Atanız da bizimlədir” – dedi. Onlar həyəcanla ətrafa boylandılar. Məni görə bilmədilər.
Hava sanki bir anın içində qaraldı, hər tərəf zülmətə büründü. Mənsə yaxınlıqdakı meşənin içindən burula-burula qalxan tüstünü gördüm. Tüstü ilə bərabər süpürgəyə minmiş küpəgirən qarı nəzərimdən yayınmadı. Qarının uzun quyruğu vardı. O qədər yüksəyə qalxdı ki, səmada qara ləkə kimi göründü. Tüstü səmaya yayıldıqca ulduzlar bir-bir yoxa çıxırdı. Başındakı buynuzlardan anlamaq olardı ki, bu, sadəcə, şeytandır. İşığı görüncə quyruğunu qısıb arxasına baxmadan öz yuvasına qaçacaq. Göy üzündə Tanrının yumyumru ayı qaranlığa müqavimət göstərirdi. Şeytan yavaş-yavaş aya yaxınlaşırdı, onu tutmaq üçün əlini də uzatmışdı. Lakin birdən əli yanmış kimi geriyə çəkdi, barmaqlarını sordu, ayaqlarını oynatdı və o biri tərəfə keçdi, amma yenə də əlini çəkib geriyə tullandı. Vurnuxmağa başladı. Qəfildən yüyürüb iki əli ilə aydan yapışdı, yalın əliylə közərmiş odu bir əlindən o biri əlinə atdığı kimi, ayı üfürə-üfürə atıb tuturdu. Nəhayət, ayı cibinə qoyub heç bir şey olmamış kimi qaçıb getdi.
Şeytanın ayı oğurlamasını heç kəs görmədi. Geriyə çevrildim, evimizdə işıqlar yanırdı. Çaşıb qaldım, axı evdə bir kimsə olmamalı idi. Bu vaxt evin bacasından bir işıq şüası göy üzünə doğru uzandı. İlahi, bu ki, möcüzədir!.. Ay yenə əvvəlki yerində idi. Qapını açıb evə daxil oldum. Nəzrin və Tahir sevinclə: “Atamız qayıtdı!” – deyə çığırdılar. Nəcibənin həmişəki müdrik və təmkinli təbəssümü hələ də üzündən çəkilməmişdi...
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Kənan Hacı - Üç qəhrəman
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Kənan Hacı - "Hacı İsgəndər" (Romandan bir hissə)
Rövşən Yerfi - Ziyarət