Kənan Hacı - Qalanların Və Gedənlərin Aqibəti
Bir medalın iki üzü
Bu yazını yazmağa başlarkən ötən əsrin 30-cu illərində SSRİ-də kütləvi aclığın hökm sürməsiylə bağlı hansısa kitabda oxuduğum faktları xatırladım. Həmin dövrdə insanlar acından ölməmək üçün siçanları, soxulcanları, müxtəlif həşəratları yeyirmişlər, itlərə, pişiklərə cumurmuşlar, heyvanlar adam görəndə harda gəldi, qaçıb gizlənirmişlər. Bu hal ən çox Ukraynada hökm sürürdü, sosialist rejiminə, əsasən də Stalinə qarşı dirəniş göstərən Ukraynaya ölüm hökmü kəsilmişdi. Beləliklə, tarixin ən böyük “insan qıtlığı” bu bölgədə yaşandı və altı milyon insan aclıqdan öldü.
Həmin dövrdə ədəbiyyat tam şəkildə sovet senzurasının basqısı altında idi, rejimlə barışmayan yazıçılar ölkədən mühacirət etmişdilər, ölkədə qalanları isə repressiya və məhrumiyyətlər gözləyirdi. M. Bulqakov sovet hökümətinə yazdığı məşhur məktubda özünün artıq məhv edildiyini və bu məhvedilmənin sovet cəmiyyəti tərəfindən sevinclə qarşılandığını ağrıyla dilə gətirirdi. 20-ci illərin təbliğat maşını Bulqakovu ləkələməklə onu tam zərərsizləşdirmək üçün ardıcıl olaraq tryuklar nümayiş etdirmişdi və “Master və Marqarita”nın müəllifinin bütün mənəvi gücü artıq tükənmişdi. Onun əsərlərinin səhnədə oynanılması, kitablarının çapına Stalin tərəfindən qadağa qoyulmuşdu.Yevgeni Zamyatin totalitar rejimin mahiyyətini ortaya qoyan “Biz” antiutopik romanını yazandan sonra Stalin tərəfindən ölkədən qovuldu və ömrünü mühacirətdə - Parisdə başa vurdu. Rus ədəbiyyatının “Gümüş dövrü”nü yaradanlardan biri olmuş Anna Axmatovanın əri və oğlu həbsə atıldı, şeirləri çap olunmadı. Axmatovanın birinci əri Nikolay Qumilyov hələ 1918-ci ildə əksinqilabçı ağqvardiya ilə iş birliyində təqsirləndirilərək həbs edilmiş və Leninin şəxsi göstərişi ilə güllələnmişdi. Marina Svetayeva da rejimdən öz acı nəsibini almışdı. İnqilabın ilk illərində qızı aclıqdan ölür, sovet höküməti qurulandan sonra ölkədən gedən Marina mühacirətdə səfalət içində yaşamalı olur. 1939-ci ildə vətənə qayıdanda isə bütün qapılar onun üzünə bağlanmışdı. Artıq yaşamağa mənəvi gücü qalmayan şairə kəndirlə özünü asaraq intihar edir. Andrey Platonovu həbs etməsələr də ona mənəvi işgəncələr verdilər, oğlu həbsxanada vərəmdən öldü, rus ədəbiyyatının ən böyük yazıçılarından biri ömrünün son illərini dalandar işləmək məcburiyyətində qaldı. Osip Mandelştam ömrünü sürgünlərdə başa vurdu. Hamının bildiyi faktları sadalamaqda məqsədim tamam başqadır. Sosialist inqilabından sonrakı tarixi formalaşmanın xüsusiyyətlərindən biri bu idi ki, o, fəhlə-istehsalat demokratiyasının, sosial bərabərliyin cücərtilərini tədricən qurutdu və bununla da Sovet İttifaqının çoxsaylı xalqlarının üstünə qorxunc bürokratik üstqurum yükləndi. Çar Rusiyasında Nikolay Radişşev “Peterburqdan Moskvaya səyahət” əsərində rus bürokratizmini ifşa etdiyi üçün saraydan qovulub sürgünə yollanmışdısa, çar sarayında şahzadələrə dərs deyən Qriqori Petrov təhlükəli jurnalistika fəaliyyətinə görə az sonra saraydan, bir müddət keçdikdən sonra isə kilsədən qovulmuşdusa, inqilabdan sonra da heç nə dəyişmədi. Bolşeviklər onu bu dəfə ölkədən çıxmağa məcbur etdilər və o, Yuqoslaviya Krallığından sığınacaq almaq məcburiyyətində qaldı. Onun “Bəyaz zanbaqlar ölkəsində” kitabı bu gün də böyük maraqla oxunur. Əsər bizim dilə də tərcümə olunub, maraqlananlar tapıb oxuya bilərlər. Demək, çarizm və bolşevizm bir medalın iki üzü imişlər. Ədəbiyyatı nəzarətdə saxlamaq üçün “Qlavlit” yaradıldı və bu qurum Demokl qılıncı kimi azad sözün başı üzərindən asılıb qaldı. Rus bolşevizminin iradəsini sındıra bilmədiyi polyak yazıçısı Yozef Matskeviç M. Şoloxovun “Sakit Don” əsərini oxuyandan sonra ona məktub yazır. Həmin məktubdan bir məqama diqqət yetirək:
“Literaturnaya qazeta”nın 95-ci sayında (1954-ci il) “Sakit Don”un Sizin “əhəmiyyətli düzəlişə” məruz qoyduğunuz yeni nəşri barədə məqalə verilib. Görünür, söhbət romanın rəsmi sosrealizmin hamının qəbul etdiyi cari tələblərinə uyğunlaşdırılmasından gedir. Çox təəssüf. Şəxsən mən sovet ədəbiyyatının son illərdəki sonsuz boz yeksənəqliyi fonunda “Sakit Don”u bəşər mədəniyyəti üçün bir töfhə olan yeganə əsər hesab edirəm. Buna görə də romanın indiki məcburiyyətçi sosrealizm nümunələri və zövqü əsasında yenidən işlənməsini həm də bu mədəniyyətə vurulan böyük zərbə saymaq olar. Əlbəttə, bu, müəyyən mənada həm də sovet quruluşuna vurulan bir zərbədir, onu Qərb dünyasının gözündən salan bir faktdır. …mən bolşevizmin mahiyyətini təşkil edən nə varsa, hamısına bütün qəlbimlə ən pis şeyləri arzulayıram, amma Sizin kitabın məhv edilməsi məni gerçəkdən yandırır. Bizdə kommunistlərə müxtəlif səbəblərə görə və ümumiyyətlə, müxtəlif cür nifrət edirlər. Şəxsən mən azad söz və həqiqətin car çəkilməsində gerçək gözəllik uğrunda mübarizə naminə (bir qədər pafoslu sözlərə müraciət etdiyim üçün qoy məni bağışlasınlar) kommunistlərə nifrət edirəm”.
M. Şoloxov Sovet İttifaqında ən nüfuzlu yazıçılardan idi, yuxarı instansiyalarda da sözü keçirdi. Boris Posternakı Nobel mükafatından imtina etməyə məcbur edən hökümət onun bu ali mükafatı almasına qarşı çıxmadı. Bununla belə Şoloxovu da belə “əhəmiyyətli düzəlişlər” etməyə məcbur edirdilər. Bu sistem üçün ədəbiyyata münasibətdə əsas meyar istedad deyildi, sədaqət prinsipi idi. Həqiqətləri, Ukraynada və SSRİ-nin müxtəlif yerlərində aclıqdan ölmüş milyonlarla insanın taleyini qələmə almaq qəti qadağan idi. Bunları yazan yazıçı özü öz əliylə ölüm hökmünə qol çəkmiş olurdu. Bircə yol qalırdı – mühacirət. Sovetİttifaqı rəsmi olaraq heç zaman qıtlığın olduğunu qəbul etməmişdi. Sovet İttifaqı haqqında amerikan və ingilis tədqiqatçıları Ukraynada baş verən qıtlıqdan bəhs edirdi, amma bu faktlar ötəri qeyd olunurdu. Kollektivləşmənin zərbəsi təkcə Ukraynaya dəyməmişdi. Qazaxıstanda da bir milyon insan ölmüşdü. Şimal Qafqazda və Quru Torpaqlarda ölü sayı bir milyon idi.
Görkəmli rus bəstəkarı Dmitri Şostakoviçin xatirələrini oxuyanda adam dəhşətə gəlir. O, yazır ki, “ümid edirəm, nə vaxtsa əsrimizin 20-30-cu illərində qədim xalq mədəniyyətinin-folklorun məhv edilməsinin tarixi yazılacaq. O, həmişəlik məhv edilirdi. Şifahi olduğuna görə. Xalq müğənniləri, gəzərgi dərvişlər güllələndikcə onlarla birgə yüzlərlə möhtəşəm musiqi əsərləri də məhv edilirdi. Heç yerdə, heç kim tərəfindən kağıza köçürülməyən əsərlər həmişəlik və bərpaedilməz dərəcədə məhv olunurdu”. Sovet diktaturası üçün şifahi ədəbiyyat yazılı ədəbiyyatdan daha təhlükəli idi. Xatırlayıram, sovet illərində Azərbaycanda da meyxanaya qadağa qoyulmuşdu. Çünki meyxanada çılpaq həqiqətlər dilə gətirilirdi. Sovetlər ölkəsində isə “hər şey qaydasında idi”, “ideal cəmiyyət” qurulmuşdu. Kommunizmə gedirdik...
Sovet gəncliyinin Amerika sevgisi
Stalin epoxası başa çatandan sonrakı mülayimləşmə dövründə yazıçılar, şairlər Ezop diliylə də olsa, fikirlərini sətiraltı misralarla deməyə başladılar. Amma o zaman da hər sözü, hər cümləni mikroskopla yoxlayırdılar, demədiyi fikri yazıçının boynuna qoyurdular. Andrey Voznesenski tribunada çıxış edərkən rəyasət heyətində oturan N. Xruşşov onun sözünü kəsib “bu ölkəni bəyənmirsənsə, çıx get!” deyə qışqırmışdı. O dalğada ədəbiyyata gələnlərdən biri də əslən yəhudi olan Sergey Dovlatov idi. Həmin dövrdə sovetlər ölkəsində amerikan nəsrinə, ümumiyyətlə, Avropada yaranan ədəbiyyata şiddətli maraq vardı. Sovet gəncliyi amerikan ədəbiyyatının timsalında azad ədəbiyyatı görürdü. Elə Dovlatovun özü də müsahibələrindən birində bu haqda danışıb. O, mühacirətdə olduğu zaman amerikan nəsri haqqında belə danışırdı: “Amerikan ədəbiyyatı o vaxtkı sovet ədəbiyyatının fonunda olduqca azad, qandalsız görünürdü, orda rus ədəbiyyatında qadağan olunmuş şeylər haqqında sərbəst danışılırdı, misalçün, elə insan münasibətləri haqqında. Amerikan ədəbiyyatı bizim bildiyimiz kimi, əvvəldən həqiqətpərəst idi. Çünki amerikan yazıçılarının heç yalançı əsərlər yaratmaq stimulu olmayıb”. Dovlatov kimi düşünənlər çox idi. 1941-ci ildə Rusiyanın Ufa şəhərində doğulan Sergey Dovlatov elə gəncliyindən sərbəstliyə meyli ilə seçilib, onun xarakterində tabeçilik yox idi. 1959-cu ildə Leninqrad Dövlət Universitetinin fin dili filologiyası fakültəsinə qəbul olunsa da iki ildən sonra pis oxuduğuna görə universitetdən qovulmuşdu. O, heç vaxt sovet höküməti ilə vuruşmayıb, ölkəni də könüllü tərk edib. Cazı, amerikan filmlərini, Amerika həyat tərzini çox sevirmiş. Amma mühacirətə getməyinin əsas səbəbi təkcə bu sevgi deyildi. Öz vətənində ilk hekayələrini yazan gündən dissident sayılıb, sovet ədəbi jurnalları onun hekayələrini çap etməkdən birmənalı olaraq imtina edib. İlk kitabının bütöv tirajı sovet “DTK”-sı tərəfindən məhv edilib. Yeganə qazanc yeri jurnalistika olub. Sovetlər ölkəsini bircə çamadanla tərk edib, yenə sağ olsunlar, gedəndə ona iki yüz dollar yol pulu veriblər. “Çamadan” əsərində yazıçı qara yumorla bu kədərli hadisəni qələmə alıb. Üç çamadan aparmağa icazə verirmişlər, o, əşyalarını yığıb-yığışdıranda məlum olur ki, elə bütün əşyaları bir çamadana sığırmış. Çamadanın altında Karl Mark, üstündə Brodski, onların arasında isə ümidsiz, heç bir şeyə yaramayan qiymətsiz həyat. “Çamadan” əsərində bir qəhrəman ananın səfil həyatı da onun sovetlər ölkəsinə münasibətini qabarıq xarakterizə edir. Yazıçı bu zavallı qəhrəman ananın dilindən yazır: “Bax, pəncərədə bir banka dolusu medalım var, kaş onları mandarinlərə dəyişmək mümkün olaydı, bir dənəsinə dördünü verərdim”.“Əcnəbi qadın” romanını isə yazıçı mühacirətdə yazıb. Əsərin qəhrəmanı olan Marusya nümunəvi sovet ailəsində doğulub, hər şeylə təmin olunub. Yazıçı onu “yaxşı ailədən olan qız” adlandırır. Atası nomenklaturanın orta həlqəsinə aid idi. Qız bir yəhudiyə aşiq olur və bütün həyatı alt-üst olur. Sevgilisi ona Soljenitsının “Arxipelaq Qulaq” əsərini oxumağa verir. Sadəlövhlük onun yolunu Avropaya, ordan da Nyu-Yorka aparıb çıxarır. Burda isə rus mühacirləri ac qalmamaq üçün hər işlə məşğul olmağa razıdırlar. Hər kəsin öz sahəsində çalışması çox çətindir və bəzi hallarda mümkünsüzdür. Dovlatov bu əsərində Amerikadakı sovet mühacirlərinin çətin, əzablı həyatını təsvir edir. Yazıçı mühacirətdə öz əsərlərinin çapıyla bağlı çoxlu çətinliklərlə üzləşir. Nəşriyyatlar onun və digər tanınmayan yazıçının kitabını min tirajdan artıq çap etmirdilər. Məncə, ABŞ kimi nəhəng bir ölkədə bir yazıçı üçün min tirajın nə demək olduğunu izah etməyə ehtiyac yoxdur. Sovet İttifaqında isə mühacir yazıçının kitabları qara bazarda ən tanınmış sovet yazıçısının kitabından da baha satılırdı. O, bütün çətinliklərə rəğmən yazırdı. Emiqrantlar arasında məşhurlaşan “Yeni Amerika” qəzetini nəşr edirdi.
Hələ gənclik illərində həbsxana nəzarətçisi işləyərkən yazdığı qeydlərdən ibarət “Zona” əsərinin əlyazması SSRİ-də qalmışdı. Yazıçı bu əsəri sərhəddən keçirə bilməyəcəyini anlayıb əlyazmalarının şəklini çəkib mikrolentə köçürür. Həmin mikrolent ayrı-ayrı hissələrə bölünüb ölkədən çıxan fransız xanımlarına ötürülür və beləcə əsər xilas olur. Onlar bu lentləri gömrük maneələrindən keçirə bilirlər. Əsərin orijinalı isə SSRİ-də qalır. Yazıçı sonradan həmin qadınların ona yolladığı lentlərdən yazdığı kitabı, “Zona”nı çox çətinliklə bərpa edə bilir.Siyasi düşərgələrdən çox yazılıb, amma Dovlatovun təsvir etdiyi kriminal düşərgə dünyada analoqu olmayan bir zonadır. Yazıçı sovet həbsxanasının içiylə çölü arasında maraqlı müqayisələr aparır. Kitabdan bir neçə cümləyə diqqət yetirək:“Sovet həbsxanası – istibdadın bitib-tükənməyən müxtəlifliklərindən biridir. Əhatəli zorakılığın kütləvi formalarından biri”.
Məhbəslə azadlıq arasındakı oxşarlıqları kəşf edən Dovlatovun “Zona”sında qadağaların hər iki üzündən eyni dünya boylanır...