İlkin Mirələmov - İntihardan həyata
Proza
İlkin Mirələmov - İntihardan həyata
– Tamerlan, qıyma özünə...
– Hələ çox gəncsən...
– Etmə bunu...
– Özünü fikirləşmirsən ananı, atanı düşün barı...
– Eləmə bunu, Tamerlan...
– Tamerlan... Tamerlan…
Payız aylarının darıxdırıcı günlərindən birində beş mərtəbəli binanın həyətindən güclü sədalar ucalırdı. Bir intihar hadisəsi gerçəkləşmişdi.
Artıq hər şey üçün çox gec idi. On beş, iyirmi dəqiqəlik ora yığışan kütlənin etirazlı qışqırtıları Tamerlanı bu fikrindən daşındıra bilmədi. O, hündür bir binanın beşinci mərtəbəsindən boş qutu kimi yerə atdı özünü. Dərhal polis işçiləri və həkimlər oranı əhatəyə aldı…
Bir insan axı niyə özünə qəsd etmək istəsin? Niyə şirin canına qıysın ki? Belə baxanda bizim üçün bu suallara cavab vermək o qədər də çətin deyil. Çoxlarımız düşünəcək ki, yəqin, psixoloji travması var onun, ya nə bilim düşüncəsi kasaddır, beyni qandır... Bəs niyə düşünmürük ki, hər bir intiharın səbəbi məhz özümüzük. Bəli, bəli, bütün intiharların səbəbi bizik! Cəmiyyət həm yaşadır, həm də öldürür, təəssüf ki. Yeri gələndə içərisində olduğumuz mühit günahsız bir mələk, bəzən isə qana susamış qatil ola bilir.
Toplum bir az fərqli insana rast gəldiyi anda ya onu özünküləşdirəcək, ya da məhv edəcəkdir!
– Hər şey o zamanlar çox gözəl idi. Dostlarım vardı. Gözəl bir həyat yoldaşına sahibdim. Çox da böyük olmayan bir ticarət mərkəzində satış meneceri işləyir, 900-1000 manata qədər maaş alırdım. Əlavə gəlirlərim də olurdu. Ümumilikdə götürsək aylıq gəlirim 1500 manata qədər çatırdı. Bəzən isə daha artıq. Çünki olduqca çox çalışırdım... Düzdür, ali təhsilim yox idi. Amma ali təhsil almamağım əslində həyatımda dönüş nöqtəsi olmuşdu.
Mənə orta məktəbdə oxuyarkən müəllimlərim, atam və “cəmiyyət” adlı qəddar bir quruluş mütəmadi olaraq gələcəkdə ali təhsilli olmamı, gündəlik dərslərdən “5” qiyməti almağımın vacibliyini diqqətimə çatdırırdılar. Mən isə tamam başqa sahillərdə gəzir, fərqli dənizlərdə üzürdüm.
Orta məktəb dönəmlərində çox fəal şagirdlərdən sayılmırdım. Fiziki cəhətdən də güclü, cüssəli deyildim ki, vurduğumu yıxam. Əslinə qalsa insanların sənə ilk zərbəsi də elə oradan dəyir: ya güclü ol, vur, əz ya da zəif olsan səni əzəcəklər.
Burda bəs ədalət hanı? Mən şiddətə qarşı idim. Lakin hamı mənimlə həmfikir deyildi...
Kimsə mənə əl qaldırsa, atam da bunun müqavilində məni “mükafat”landırıb bir daha döyürdü. Çünki onun fikrinə əsasən mən zəif olmamalı imişəm... Başa düşmürdüm axı məni yaratmazdan əvvəl tanrı ilə müqaviləmi bağlamışdım ki, imzalanan sənədə əsasən məni güclü yaratsın, yekəpər, uzun boylu, güclü olum...?
Mənim orta məktəb çağlarında, təəssüf ki, oxuduğum fənlər də çox az idi. O vaxtlar bu kimi məsələrlə məşğul olmaqdansa daha çox məktəbimizdə direktorun otağındakı Platonun dövründən qalma yeganə kompüterlə gizlicə məşğul olurdum. Bizim dövrdə indiki kimi kompüterlər, notbuklar, planşetlər itə tök deyildi. Məktəbimiz şəhərin mərkəzində olduğu üçün şans üzümə gülmüşdü. Bu adətimi heç valideyinlərim də bəyənmirdi. Hərdən isə qonaq gedərkən qohumumuzun evində olan kompüterdən icazə ilə istifadə edirdim, sözüm onda deyil.
Azacıq cəbr elminə marağım vardı. Bir az da fizika ilə məşğul olurdum. Söhbət çox da uzaq keçmişdən getmir. Mən 1996 – cı ildə orta məktəbə başlamışam. Və arzum azacıq şəxsi potensialımla proqramist olmaq idi. O vaxtlar bu sözü hansısa xarici jurnallardan oxumuşdum. Belə bir peşə bizim milli mentalitetə yad sayılırdı…
Orta məktəbi bitirdim. Ali məktəbə qəbul ola bilməmişdim deyə atam mənimlə danışmırdı. Hərbi xidmətdə də eyni ilə həyat mənim üzərimdə qum torbası kimi davamlı zərbələr endirərək idman edirdi.
Sonra isə hər kəs kimi mənimdə xəyallarımı bəzəyən şəhzadəm vardı. O isə mənim utancağlığımın və zəifliyimin üzündən bu sevgidən xəbər belə tutmadı. Tutsa, guya nə dəyişəcəkdi? Onu bir azdan varlı bir şəxsə ərə verdilər. Həmişəki kimi o zaman da şansım sıfırdan da aşağılarda idi.
Həbi xidmətdən qayıtdıqdan bir il keçməmiş ailəm məni uzaq qohumumuz olan bir qızla evləndirdi. Qızın adını isə nişanlı olanda öyrəndim. Düzü, o qədər də gözəlliyi vacib şərt deyildi.
Adət-ənənəmizə əsasən qızın əli-ayağı düz olsun kifayətdir...
Özüm kiçik bir mağazada 150 manat maaşa kassir kimi işə düzəldim. Bu pulla ailə saxlamağın çətinliyindən danışmağa ehtiyac yoxdur. Aydın məsələdir.
Tədricən öz aktivliyimə görə bir neçə ildən sonra vəzifəmi böyütdüm. Bir ticarət mərkəzində satış menecerliyini icra etməyə başladım. Vəzifəm artandan sonra nədənsə dostlarım, tanışlarım da artdı. Ömür boyu dostu olmayan Tamerlanın indi altı-yeddi dostu vardı və bu günbəgün artırdı... Lakin tez gələn, tez də gedər. Bir gün yenə hər şeyimi itirdim.
İşlədiyim yerin müdirinin bir gün ağlına parlaq ideya gəldi ki, bütün işçiləri çıxarıb kollektivi təzələsin. Nə qədər gülməli olsa da, durum bu idi. Nə demək olardı axı yeni dövrün kapitalistlərinə?
Biz irəliyə deyil, geriyə – kapitalizim, feodalizimə... doğru addımlayırıq.
Pulum, varım, dostlarım qısa müddətdə küləyə getdi. Təkcə yanımda həyat yoldaşım Oksana qalmışdı. Bir gün o da yox oldu.
Açığı, o günə qədər... lənətə gəlmiş o gecəyə qədər belə bir şeyi ağlımdan belə keçirməmişdim. Amma o gecə həyatımda ilk dəfə heyvan kimi içdim. Hesabı ödəyə bilmədiyim üçün isə yaxşıca döyüldüm. Bu vecimə də deyildi... Sərxoş halda boş, tənha küçələrdə ayaqlarımı sürüyürdüm. İçkili olduğuma görə özüm də bilmirəm hansı parkda, hansı səkidə addımladığımı. Lakin indicə bir hadisə məni şoka saldı.
Deməli, ailəmin mənə uyğun bildiyi həyat yoldaşım Oksananı əvvəllər yaxın dost saydığım şəxsiyyətsiz Faiqlə əl-ələ gördüm. Onlar isə məni görmədi...
Milli mentalitetimizin tələbi kobud şəkildə pozulmuşdu. Oraya yaxın parkda boş skamyaların birində uzanıb gülürdüm öz halıma. Oksananın əli-ayağı sən demə düz deyilmiş. Milli dəyərlərə görə isə ya onu, ya da özümü öldürməli idim. Mən isə heç vaxt kimisə incitməyi belə ağlıma gətirən adam deyildim.
Olanları götür-qoy edərkən elə ordaca yuxuya getdim...
Səhər açılar-açılmaz öz-özünə düşünməyə başladım və qərara gəldim ki, mən artıq bizim təmiz cəmiyyətimizə görə çirkli döşəmə əskisindən fərqli deyiləm. Ona görə də başqa seçimim yoxdu...
Əvvəl yaşadığım sonra isə kirayəni ödəyə bilmədiyim üçün qovulduğum binanın beşinci mərtəbəsinə çıxdım. Həyətə bir qrup insan toplaşmışdı. Ancaq mən danışılanları eşitmirdim. Onların nə dedikləri artıq maraqlı da deyildi.
Mənə ən pis təsir edən məqam canımı heçə saydığım toplumun üzvlərindən bəziləri bu hadisəni lentə alırdılar ki, sosial şəbəkələrdə “partlayış” etsinlər...
Daha düşünməli heç nə yox idi. Özümü eləcə beşinci mərtəbədən yerə atdım. Ondan sonra isə hər şey çox bulanıqdı...
Ambulansın qulaqbatıran səsləri, ağ xalatlı həkimlərin həyəcanlı sədaları, ürək döyüntülərimin ritmini, trayekdoriyasını ölçən alətin səsini zəif də olsa eşidirdim.
Mən heç vaxt ağlıma belə gətirməzdim ki, binanın marketindən kənarda düzülmüş un kisələri bir gün həyatımı xilas edəcək. Xoş təsadüf nəticəsində kisələrin üzərinə düşsəm də, güclü travma almışdım.
Xəstəxanadayam. Şüurum qapalıdır. Lakin şüur altımda sanki hər şeyi görür və eşidirəm. Yanımda bircə anam var.
Atam intihar xəbərimi eşidib infarkt keçirib dünyasını dəyişmişdi. Anam isə saçlarımı sığallayaraq acı-acı ağlayırdı:
– Ayıl, oğlum, tək ümidim sənsən. Atanı da itirdik. Bir sən qaldın. Məni tək qoyma, oğlum. Nolar, oğlum, tək qoyma məni...
İşin qəribəli tərəfi isə mən nə Oksana, nə də digərləri üçün zərrə qədər maraqlı deyilmişəm. Öldüm, qaldım fərqi yoxdur.
Hamısından bir daha nifrət etməyə başladım.
Xəstəxanada çox vaxt anam yanımdan uzaqlaşmırdı. Ancaq o olmayan zaman ağ xalatlı bir mələk mənə daim gülümsəyirdi.
Uzun saçlı, şirin simalı, xoş gülüşlü bir huri idi sanki o. Gülüşü ilə cənnəti insana bəxş edə biləcək bir huri...
O mənə xüsusi qayğı ilə yanaşırdı. Mən isə komada olduğum üçün ona heç bir reaksiya verə bilməsəm də, bu gözəl bəzən saçlarımı anamdan xəlvət sığallayır, tez sağalmağım üçün dua edir, yavaş-yavaş məni həyata bağlayırdı.
Bəzən isə balaca uşaqlar kimi şirin tərzdə qaşlarını çatıb ağlayırdı həyat işığım mənim bu halıma.
Mən artıq üç aydır ki, komada idim. Əvvəllər düşünürdüm ki, mən bu dünyaya artığam. İndi isə anam və o ağ xalatlı mələk üçün yaşamalı idim…
Bütün gücümü toplayıb bu gün şəhadət barmağımı tərpətdim. Yavaş-yavaş digər barmaqlarımı oynatdım. Sonra gözümü astaca açdım. Bunları görən anam və başımın üstündən ayrılmayan ağ xalatlı mələyim sevinclərindən havaya uçur, bir-birlərini qucaqlayırdılar. Mən isə... mən isə tədricən ayılırdım.
Bəli, Tanrı mənim ölməyimi istəmədi. Hələ bu dünyaya lazımlı idim. Daha, doğrusu, bu həyata məni təkrar qaytaranlar vardı. Anam və həmin gözəl huri işıqlı, rəngli həyatı mənə təzədən bəxş etdilər.
Bir müddət sonra xəstəxanadan çıxdım. Həmin xoş təbəssümlü qızla yaxından tanış ola bildim.
Onun özü kimi adı da İlahə idi. Mənim röyalarımı boyayan, məni yenidən həyəta bağlayan günəşim – İlahəm... Bir müddət sonra onunla ailə qurub xoşbəxt bir həyəta qədəm qoyduq. Mənim üçün artıq həyat üçümüzdən ibarətdi: Mən, Anam, İlahəm. İndi cəmiyyətə görə yox özümə görə yaşayırdım.
Bir proqram kursuna yazıldım. Həm kompüterin dilini, softveyri (proqram təminatı) öyrənir, həm də işləyirdim. Tezliklə artıq proqramist də olmağı bacarmışdım. Bu sahədə çox çalışıb-vuruşdum. Qeyd edim ki, bu günlərdə dünyaca məşhur proqramistəm.
TT( Tamarlan Tahirli) markalı sistem dünyaca məşhur bir proqram əsasında işləyən kompüter brendidir.
İndi isə başıma gələn hadisələri sizinlə bölüşmürəm ki, mən məşhur biriyəm deyə lovğalanım. Sadəcə hamınız gördünüz ki, məni ölümün bir addımlığından xilas edən mələklər də vardı, ölümə sövq edən iblislər də. Siz isə çalışın çox da bu iblislərə baş qoşmayın.
Özünüz üçün yaşayın. Bu həyat bir daha sizə verilməyəcəkdir. Heç kim və heç kəs üçün yaşamaqdan imtina etməyə dəyməz!
Məşhur rus yazıçısı Dostayevski demişkən hamıdan çox özünüzü sevin. Çünki hər kəsin sizi sevmək üçün bir səbəbə ehtiycı vardır...
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
LALƏ HÜSEYNOVA - SİRR
AZAD QARADƏRƏLİ - MORQDA KARANTİN* (“Morq çiçəkləri”, 2-ci kitab, roman)
Viktoriya Tokarevadan povest
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Əlabbas Bağırov - Köhnə kişi