Edebiyyat.az » Proza » Terror hadisəsi - 30 aprel

Terror hadisəsi - 30 aprel

Terror hadisəsi - 30 aprel
Proza
nemət
Müəllif:
10:41, 30 aprel 2019
2 140
0
Terror hadisəsi - 30 aprel

 



 “30 aprel” terror hadisəsi baş verdiyi gün ADNA-da qəribə sakitlik var idi. Bufetin pəncərəsindən içəri düşən işıq otağı həmişəkinə nisbətən daha çox şəffaf göstərirdi. Həm dərsə gecikdiyim üçün, həm birinci dərsdən qayib alacağımı nəzərə alıb, həm də səhər heç nə yemədiyim üçün ikinci korpusun yuxarıdakı bufetinə yollanmışdım. Ac qarına çəkdiyim siqaret ağzımı acılaşdırmışdı. Kofe və çörəkarası sifariş verib yerimə keçdim. Yanımda oturan tələbələr deyib gülür, öz ixtisaslarından dərs deyən müəlimin hərəkətlərini təkrar edirdilər. Heç kim heç nədən şübhələnmirdi. Beş dəqiqə sonra nə olacağını bilmədiyimizi düşünəndə insanı vahimə basır. 


 Tez-tələsik qəlyanaltını içəri ötürüb ayağa durdum. Nədənsə fikrimi dəyişmişdim. Ani qərarların necə yarandığını heç vaxt anlamadım. “Mən birinci dərsdən qayib almayacağam”- deyib bayıra çıxdım. Dərsin keçirildiyi otağa daxil olanda güllə səsləri eşidildi. Birinci elə bildim ki, yanğından partlayış baş verib. Çünki pəncərədən boylananda bir qız tələbənin pəncərədən çıxıb dəmir turbanın üstündə dayandığına gözüm sataşdı. Səs- küy getdikcə artırdı. Qışqırıqlar ağlaşma səslərinə, atəş səsləri isə addım səslərinə qarışmışdı. 

 Hər şey 30 dəqiqənin içində baş verdi. Universitetin ətrafında insan əlindən yer olmadığından ağaclara dırmaşanlar nə baş verdiyini anlamırdılar. Artıq cinayətkarı zərərləşdirmək üçün qara maskalılar gəlmişdi. Qatil isə qurtulmağı düşünmürdü. Mərtəbə-mərtəbə qalxıb sinif otaqlarına atəş açırdı. Bayaq yemək yediyim bufetə də atəş açmışdı. Taxta qapıları sındırmaq asan olduğu üçün qatil birinci növbədə onlara hücum çəkmişdi. Dəmir qapıları qırmağı bacarmamışdı. Terrorçu qarşısına çıxanı bir güllə ilə yerə sərirdi. Professional atıcı idi. Həmin binanın iki tərəfindən də pilləkən olduğuna baxmayaraq kim hara gəldi qaçırdı. İndi danışmaq asan görünür. Rəngi ağaranlar, dili tutulanlar, huşu gedənlər, özünü pəncərədən atanlar əksini düşünürdü. 

 Qatil yuxarı qalxdıqca ölənlərin sayı artırdı. Nəhayət altıncı mərtəbədə yolun bitdiyini görüb özünə atəş açmışdı. Bir müəllim o an heç nədən xəbərsiz otaqdan bayıra çıxanda yerdə cəsədi görüb qışqırır. Sonradan o müəllim göz yaşları içində həmin günü xatırlayıb dərs otağında bizə gördüklərini danışmışdı. 

 Həmin gün, həmin o yarım saat ərzində mənə 30-dan çox zəng gəlmişdi. Məktəb müəlimlərindən tutmuş dostlara kimi hamı zəng edirdi. Ağır günlərdə insanlar mehribanlaşır. Bəlkə də Dostoyevski ona görə müharibənin olmasını arzulayırdı. 

 Təhsil ocağından bir həftə qan izi və qoxusu çəkilmədi. Sınıq pəncərələr adamı vahiməyə salırdı. Dəhlizdə ölü sakitlik hökm sürürdü. Sonralar çox şey eşitdik. Qaradərili tələbə tualetə daxil olan cinayətkarı görüb pəncərədən tulanmışdı. Barmağı zədələnmişdi. Bir tələbə bacısını tapmaq üçün dəhlizdə qatilin üstünə şığıyanda vurulmuşdu. Xeyli məqalə və reportaj, müsahibə oxumuşduq. Sonralar yolda tanışlara rast gələndə deyirdilər ki, həmin gün narahat olub sizin akademiyaya gəlmişdik. 

 Səhəri gün etiraz əlaməti olaraq akademiyanın bayır divarlarına terror, 30 aprel soyqırımı, qatil və s. sözlər yazılmışdı. Tez-bazar üstündən rəng çəkdilər. Ancaq və lakin hadisənin nə üçün baş verdiyini anlamadıq. Terroru təşkil edənləri yaxaladılar, amma çi fayda.


 Terror hadisəsi zamanı canını itirən insanların ruhu şad olsun. Allah rəhmət eləsin…


Hazırladı: Nemət Mətin
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)