Edebiyyat.az » Proza » Uells Tauer - Gözdəki qapı

Uells Tauer - Gözdəki qapı

Uells Tauer - Gözdəki qapı
Proza
Necef Esgerzade
Müəllif:
17:33, 08 fevral 2020
1 148
0
Səfərdən axşam evə dönən qızım məni qorxutmağa niyyətliymiş sanki. Heç şorbamı bitirməmiş Şarlotta əlindəki sellofan paketə yığılmış bir yığın foto ilə mətbəxə girdi. Paket elə sarınmışdı ki, hətta sel fəlakəti də ona xətər toxundura bilməzdi. Görəsən bu şəkillərdə nə vardı ki, bunları bu cür qorumaq ehtiyacı doğmuşdu? Bunlar Şarlottanın evinin qarşısında sinəsindən güllə yarası alaraq ölən on səkkiz yaşlı oğlanın fotoları imiş.

— Görürsən, ata? Düz sinəsindən vurulubmuş. Görürsən, ağzının kənarından necə qan axır? Bu da onu göstərir ki, onu tapdığım zaman hələ təzəcə yaralanıbmış.

Soruşdum:

— Hə, nə olsun, axı? Ölüdür də. Mən onu tanıyırdım ki? Çevrədəki dəhşətlər azmış kimi, mən bir də niyə durub, bunlara baxmalıyammış?

Ancaq qızım hədsiz həyəcanlandığından bütün fotolara birbəbir baxmağa məcbur qaldım və ən nəhayət, hadisə yerinə gələn polislərin və “təcili yardım”ın Şarlottanın önünü kəsdiyi fotolara çatdım. Qızım qüssə ilə dedi:

— Sonrakı fotolar zay çıxıb. Heç nə görünmür. Önümü kəsdikləri üçün mən cəsədin necə qacıdığını da görə bilmədim.

Onu sakitləşdirdim:

— Şarlotta, sən onsuz da lazım olandan çoxunu görübsənmiş. Sən bunu nə özün görməli, nə də mənə göstərməliydin. Nə də deyim, çox sıcaq qarşıladın məni.

Qızım əlindəki şəkil dəstəsini bir neçə kərə masaya vurdu ki, onları səliqəyə salsın. Sonra onları təkrar paketə qoydu.

— Mən sadəcə demək istəyirəm ki, bura heç də Potsvillə bənzəmir. Buralarda ehtiyatı əldən qoymamalıyıq.

— Mən burada heç nədən nə qorxur, nə də hürkürəm, çünki həyatda bərkdən-boşdan çıxmışam və yetərincə hesablaşmalar görmüşəm.

Məni qorxudan tək şey – cəsəd görən gənc qadının cəld fotoaparatı işə salmasıydı. Ancaq bu barədə susdum. Şarlotta vaxtilə ərdə olsa da, indi yalqız yaşayır. Ona çox təmtəraqlı bir toy eləmişdik – fraklı, bəyaz limuzinli və tuluq zurnası çaldırmaqla. Nikah cəmi-cümlətanı on ay çəkdi. Boşanandan sonra Şarlotta gah bir, gah digər təhsil ocağında oxudu, bir neçə diplomdan ibarət kolleksiya topladı. Deyəsən, bunların sonuncusu tibb təhsili üzrəydi. Bir daha ərə getmədi. İndi qırx yaşın içindədir. Üzü yetərincə cazibəlidir, qalan barələrdə isə o, artıq ömürlük kilolar daşımağa məhkum qadınlardan heç nə ilə seçilmir.

Mənə deyir:

— Ata, sən də yaman avam birisən ha. Bu cür olaylar şəhərin hər səmtində yaşanır və gələn səfər onun harada baş verəcəyini heç kəs deyə bilməz. Bura – təhlükəli yer imiş.
— Hə, nə olsun? Yoxsa bütün günü evdə oturub, canımdan ötrü əsməcə keçirməliyəm?
— Yox, onu demirəm. Daha yaxşı yerlərdə gedib, yaşaya bilərik. Məsələn, Naşvill-stritdəki Minç-sentrdə. Orada həm cürbəcür oyunlar var, həm kart oynamaq olar, üstəlik, pulsuz qəhvəaltı da verirlər adama.
— Bu təklifi saf-çürük edərəm. Oranın xanımları necə, canalıcıdır?
— Məncə, onlar yaşlanıblar.
— Qəti qorxusu yoxdur. Bir yaraşıqlısını caynağıma keçirər və ona aşnalıq edərəm.
— Yox ha?! Yoxsa qızlarla tanışlıq üzrə kitabçalar oxuyursan bu ara? Ya da öz şəxsi üsulunu icad eləmisən?
— Lənət şeytana, yox! Heç bir üsulum-zadım yoxdur. Sadəcə xoş və ürəyəyatan biri olmaq arzusundayam. Bəlkə sən də bunu bir sınayasan?

Arxasını mənə çevirən qızım öz iri və bəyaz əlində tutduğu bir şeyi qurcalamağa başladı. Qadınlardan söz salmağımdan adətən o, alınırdı. Elə məni növbəti eşq macərasından qurtarmaq məqsədiylə çəkib, buralara gətirmişdi. Potsvilldə bir ispan qadınla tanış olmuşdum və qızıma elə gəlmişdi ki, bu macəra çox irəliləyib. Hə, nə olsun, axı? Arvadım yeddi il əvvəl vəfat edəndən bəri mən tamamilə yalqızam.

Təkrar yeməyə girişdim. Baxışlarını dizlərinə zilləyən Şarlotta isə burnunun altında nə isə mızıldayandan sonra qulaqlarını tutdu.

— Nə oldu sənə belə, əzizim?
— Sənin bu şorba yeməyinə dözmürəm! Özün hamıya deyirsən ki, ağzını marçıldatmasın, ancaq şəxsən mən nə qədər çalışsam belə, ağzımı sənin tək marçıldada bilmərəm!
— Yaxşı, iradını qəbul edir və desertə keçirəm.
— Desertdə qoz ləpəli dondurma var.
— Şokoladımız necə, yoxdur?
— Deyəsən, var.
— Onda mənimkinə şokolad ovuntusu səp.

Qızım boşqabımı götürüb, ayaqlarını yerə döyə-döyə mətbəxə üz tutdu. Bu evdə bütün səslər əks-səda doğurduğundan hələlik buraya heç alışa bilməmişdim. Şarlotta son iki ildə burada məskunlaşmışdı, evdə mebel-zad əvvəlki kimi az idi, xalıları sərməyə isə həvəs göstərmirdi.

Küçəyə baxan açıq pəncərədən isə əlavə küy dolurdu evə. Üstüaçıq pilləkənin qalxdığı ikinci mərtəbədəki balkonda duran kişi qapını yumruqlamaqdaydı. Oturduğu əlil kreslomu tormozdan çıxardıb, yerindəcə döndərdim ki, o tərəfdə nə baş verdiyini görə bilim. Kişi qapını döyəcləməyinə ara verməsə də, içəridən səs-səmir gəlmirdi. Şarlotta geri gələnə qədər kişi necə əsəbləşdisə, başladı binanın küncündəki navalçanı yumruqlamağa. Məftillərə qonan bir topa yaşıl rəngli quş bu səs-küydən hürküb, uçdu. Havaya qalxarkən onlar boğuq çığırtılar qopartdılar. Navalça tapdanmış siqareti xatırladırdı, görünür, bu kişi eyni hərəkəti indiyədək dəfələrcə təkrarladığı üçün yağış borusunun ora-burası əzik-üzük və əyri-üyrü idi.

Şarlotta dondurmanı qarşıma qoydu. Mən qaşıqla işarət elədim:

— Sən o kişiyə fikir ver. Görünür, arvadıyla araları möhkəm dəyibdir.

Gicbəsər kimi durmadan qapını döyəcləyir, qadın isə onu içəri buraxmır.

Şarlotta gülümsədi. Bu təbəssümdə həm yekəxanalıq, həm də nifrət duyulurdu.

— Onu da deyim ki, o qadın onun arvadı deyildir. Qonşudakı qadın — fahişədir.

Səbrim daşdı:

— Şarlotta, o qadının sənə nə pisliyi toxunub ki, barəsində belə danışırsan?
— Mən ona iftira atmıram, həqiqəti deyirəm. O, pul qarşılığı hər kişini yatağına salır. Diqqət yetirsən, görərsən ki, müştərilər günün bütün saatlarında onun yanına girib-çıxırlar.

Onun sözünün təsdiqi kimi bu ara qapı açıldı. Kişi döyəcləməyinə ara verib, içəriyə dürtüldü. Küçə təkrar dərin sükuta qərq oldu və o yaşıl quşlar təkrar məftillərə qondular.

Səhəri gün Şarlotta məşğələyə getdi və mən evdə qaldım. Mənim Minç-sentrə getmək imkanım olmadı, çünki təkbaşına bunu bacarmazdım. Şarlotta söz vermişdi ki, ev sahibinə zəng edəcək ki, mənim kreslo ilə pilləkənləri enməm üçün xüsusi eniş yeri düzəltdirsin. Düzünə qalsa, mənim bu kresloya sən deyən ehtiyacım da yoxdur. Mən ondan sadəcə gücümə qənaət məqsədiylə yararlanıram. Başqa bir yerdə oturmaqdan ötrü yerimdən qalxıb, hərəkət etməkdənsə, mənim kresloda qalmam daha məsləhətlidir.

Mən gündəlik tuturam. Oraya yalnız hava barədə, həm də qısa qeydlər edirəm. Məsələn, “isti və buludsuz hava var” kimi, vəssalam. Bir də akvarel boyalarla səma rəsmləri çəkirəm. Bu rəsmlərin ölçüsü oyun kartlarınkından böyük olmur. Əvvəllər gündəliyimi uzun-uzadı qeydlərlə doldururdum, ancaq bir gün onu oxuyanda anladım ki, həyat tarixçəmi ora köçürürəm, sanki “sarı qəzet”də işləyən jurnalist idim və başıma gələn ancaq olumsuz şeylərdən bəhs edirdim: arvadımla niyə dilləşməm, qızıma nə qədər xərclik verməm, restoranda yeyib-içərkən qonşu masadakı qadının necə özündən gedib, yerə sərildiyi və sair. Ona görə də uzun yazılardan bezdim və o vaxtdan bəri hava haqda qeydlər, səma rəsmləriylə kifayətlənirəm. Bu qeydlər gündəliyi xatırlatmasa da, onları hər gün yazmaqdayam.

Günortaya doğru mən akvarel boyalarımı da götürüb, artırmaya çıxdım. Günəş şüaları üzümü oxşayırdı. Şarlottanın mənim üçün xardallı salyamidən hazırladığı buterbrodu gəvələyirdim. Onu bitirib, rəsmə girişdim. Bu gün səma bənzərsiz idi. Göy üzü durmadan dəyişirdi və mən bütün bunları kağıza köçürmək üçün üç ayrı rəsm çəkməli oldum. Məftillərin üstündən görünən səma təmiz və masmavi idi. Uzaqlarda, Missisipi çayı üzərində isə tünd yaşıl rəngdə zolaq irəliləyirdi və şimşəklər çaxırdı: bunların düzgün təsvirindən ötrü xeyli düşünməm və çalışmam lazım gəldi. Üçüncü rəsmdə isə mən bulud dilimlərinin mavi səmaya necə hücum çəkdiyini təsvir edirdim.

Təxminən bir saata yaxın rəsm çəkməklə vaxt keçirdim. Həmin vaxt ərzində qarşı binanın ikinci mərtəbəsində yaşayan o qadın üç müştərini yola saldı. Birincisi zənci idi, başında Vyetnam kəndlilərinin qoyduğu şlyapa və iri saqqalı vardı. Görünür, bu hərifin ya zahiri görkəmi, ya şlayapası, ya da nəyi isə qadının könlünə yatmamışdı, ona görə də bu müştərini on dəqiqə navalçanı yumruqlamağa məcbur edəndən sonra içəri saldı. İkinci müştəri ağdərili cavan oğlan idi, əynindəki gen şortun altından görünən çəhrayı baldırları əzələliydi. Bu cavanı qadın ümumiyyətlə içəri buraxmadı. Belə görünürdü ki, bu qadın hər yetənə vermir. Hər yoldan ötənin altına yatmır. Özünə görə prinsipləri var. Üçüncü müştəri polis formasında olduğundan qapı heç ləngimədən onun üzünə açıldı.

Məni həyəcan bürüdü: düşündüm ki, az sonra polis əllərini qandallamaqla qadını evdən çıxaracaq və mən bir daha onun üzünü görməyəcəyəm. Ancaq yox, on beş dəqiqə sonra o yaramaz qapıdan çıxdı və heç nə olmayıbmış kimi, maşınını sürüb getdi. Əgər mən qanunsevər vətəndaş olsaydım, onun sürdüyü maşının nömrəsini yazıb, yaxın polis şöbəsinə bildirməliydim. Ancaq, kim bilir, bəlkə elə həmin şöbə əməkdaşları da hamısı bu cür əməllərlə məşğul olur, odur ki, bu zəng ucbatından sonradan öz başım cəncələ girər.

Hər şeyə rəğmən, o qadının kimliyi məndə maraq oyatmışdı. Hər müştəri gələndə qapı açılır və müştəri içəri sivişirdi, beləcə, o qadını görə bilmirdim. Hətta onun əlini də görməməyim məni əndişələndirirdi. Bu, lap küləyi görməyə bənzəyirdi: onun tərpətdiklərini görürsən, özünü isə yox.

Polis gedəndən sonra daha kiminsə gələcəyini bir az gözlədim, ancaq bu gözləyiş nəticəsiz olunca, mən evə dönüb, yerimə uzandım.

Axşamüstü Şarlotta qayıtdı. Bir Çin restoranından şam yeməyi göndərilməsini sifarış elədik. Sonra Şarlotta dedi ki, rəqs məşğələsinə gedəsidir. Mənim evdə baş qatmamdan ötrü isə o, “Tikanlıqda şərqi deyənlər” filmini prokata götürübmüş, halbuki onu artıq görmüşdüm.

Şarlotta məşğələsinə getdi, mən isə necə vaxt öldürəcəyimi bilmirdim. Pottsvilldə yaşayan rəfiqəm Sofiyaya zəng eləsəm də, onu evdə tapa bilmədim.

Ona on beş dəqiqə işləmiş yatağıma uzandım. Yuxulayınca, keçmişlə bağlı bir röya gördüm. Məktəbdən tanıdığım yüngülxasiyyət qız – Klaudiya Messner yuxuma girdi. Bir kərə o, demişdi ki, qəbristanlıqda öpüşmək istəyir, mən də buna razılıq vermişdim. Birlikdə məzarlığa yollandıq. Orada bu qız ən iri və gözəl sinədaşı seçdi və biz onun üstündə oturaraq, öpüşdük. Onun dodaqları böyürtkənli loli-pop / nabat tamı verirdi. Sonra o, dodaqlarımdan uzun bir öpüş almışdı. Bir qədər sonra oraya bir cavan maşınla yanaşmış və üstümüzə bağırmışdı:

— Ehey, bura öpüşmək yeri deyil!

Mən xoruzlanmışdım:

— Bundan sənə nə?

Oğlan demişdi:

— Şəxsən mənim üçün heç fərq eləməz, ancaq bu – dayımın qəbridir. Sizin burada öpüşdüyünüzü görən xalam evdə özünə yer tapmır və məni də göndərib ki, sizi buradan qovum.

Klaudiya ilə oradan uzaqlaşdıq və şossenin kənarındakı ağaclığa üz tutduq. Oradakı çəmənlikdə uzanıb, dodaqlarımız şişənə qədər öpüşdük. İndi bunları xatırlayanda içim isinir.

Ancaq yuxumu sonacan görə bilmədim, çünki rəqs məşğələsindən qayıdan qızım qapıdan içəri girən kimi məni səsləyib, dedi:

— Atacan mən evdəyəm.

Otağa qaranlıq çökmüşdü. Klaudiyanın siması isə hələ də gözlərimin önündən getmirdi. Dedim:

— Salam, Şarlotta. Yataqda, yanımda uzanan Klaudiya ilə tanış ol.

Şarlotta bunu cavabsız qoydu. O, yandırdığı gur lampa işığında mənim kirpiklərimi necə çırpdığıma, gözlərimi qıydığıma baxandan sonra işığı söndürdü.

Şarlotta ilə bir damın altda yaşamamızın bir günü həftə boyu eynilə təkrarlanırdı. Səhərlər dərsə yollanan qızım mənə də buterbrod hazırlayırdı.

Hər hansı işim-gücüm yox idi. Bütün məşğuliyyətim rəsm çəkmək və qarşı binadakı qadını izləmək idi. Bu ikinci iş birinciyə olan marağımı daha da artırırdı. O qadının üzünü görmək xətrinə bəzən saatlarla artırmada oturub, suluboya rəsmləri çəkirdim. Odur ki, təkcə səma rəsmləriylə kifayətlənmir, ətrafda gözümə dəyən hər şeyi: metal dirəklərə vurulan hər cür qəliz dəmir-dümürü (şəhərimizdə rütubət səviyyəsi yüksək olduğundan naqilləri torpağın altından döşəmək mümkün deyildi), kiçik evləri, yol kənarındakı iri çuxuru (yerli camaat onu zir-zibillə doldurmuşdu) və sürücülər o çuxura düşməsin deyə, oradan başı görünən uzunsaplı süpürgəni kağıza köçürürdüm. Drenaj arxına atılmış iri siçovul ölüsünü də çəkmişdim: onun bədəni necə şişmişdisə, xəzinin tükləri araladığı üçün artıq dərisi görünürdü. Bir qədər aralıda gözə dəyən kərkəslər (qriflər) isə bu ölü siçovula heç meyil göstərmir və sanki demək istəyirdilər ki: “Hə, hə, biz hər cür pox-püsürlə qidalanırıq, ancaq hər şeyin də bir həddi olmalıdır axı”.

O qadının bu qədər yükə necə qatlaşdığı, düzü, ağlıma sığmırdı. Müştərilər günün istənilən saatında qapısına gəlib-getsələr də, mən hələ də onun üzünü görə bilməmişdim. Əlimdən gələn tək iş onun qapısının şüşəli qisminə vurduğu bej rəngli pərdəyə gözümü dikmək idi. Bu məşğuliyyət sayəsində ürəyim dəli kimi çırpınır, bədən hərarətim isə yüksəlirdi.

Necə biriydi o qadın? Xoşbəxt idimi barı? Bəzi kişilərin əllərində paket də olurdu. Bəlkə o qadın öz qonşularıyla supermarketdə rastlaşmaqdan utanıb-çəkindiyi üçün gətirdikləri cücə və lobya bankası qarşılığında öz müştərilərinə bədənini satırdı. Bütün günü mən küçədə adamların var-gəlinə göz qoyurdum, evlərindən necə çıxdıqlarını və geri döndüklərini seyr edirdim. Təkcə mən və o üzünü görmədiyim o qadın küçəyə-bazara çıxmırdıq. Bir az qəribə səslənsə də, onunla özüm arasında bir bağlılıq görməyə başlamışdım.

Şarlottagildə qaldığım dördüncü gün şənbəyə təsadüf edirdi. İştahamın bu mövsümün son yengəclərdən (onayaqlı dəniz xərçəngi) hazırlanmış bir axşam yeməyi çəkdiyini qızıma etiraf elədim və o, alış-verişə yollandı.

Artırmada oturduğum zaman elə gözlənilməz bir şey baş verdi ki, düzü, gözlərimə inanmadım. Bir kişi o qadının evini yandırmağa cəhd eləyirdi. Həmin adamı əvvəllər heç görməmişdim. Bu ağdərili kişinin gödəkçəsində Empayr-steyt-bildinqin zərlə işlənmiş təsviri vardı. Digər müştərilər kimi, o da əvvəlcə navalçanı döyəclədi, bundan bir şey çıxmayınca, cibindən çıxartdığı alışqanı yandırıb, qapıya yaxınlaşdırdı.

Mən ya haray-həşir salmalı, ya da polisə zəng etməliydim, ancaq yenə də ağciyərlik elədim. Əgər bundan ötrü polis çağırsaydım, sonradan mənim evimi də yandıra bilərdilər. İçimi təşviş bürüdü, ağzımda turşuluq artdı, ancaq mən yenə də oturduğum yerdən tərpənmədim, olub-bitənlərə lal seyirçi qalmağa üstünlük verdim.

Kişi bir qədər əlləşsə də, cəhdləri boşa çıxdı. Nəhayət, girişdiyi işin mənasızlığın anlayıb, aradan çıxdı və özündən sonra qapının kənarlarında uzun his zolaqları qoydu.

Bir qanun pozuntusuna şahid olduğum üçün nə isə eləməliydim. Evə girib, bir vərəq kağız axtardım və qaz şirkətindən Şarlottanın adına göndərilən məktub keçdi əlimə. Zərfin arxa üzünə bunları yazdım:

“Salam. Mən, Albert Prays, 4903 saylı mənzildə yaşayan yeni qonşunuzam. Çərşənbə axşamı gündüz saatlarında bir nəfərin evinizi yandırmağa cəhd etdiyinin şahidi oldum. Onun əlamətlərini sizə təsvir edə bilərəm”.

Bunun ardınca qızımın telefon nömrəsini yazdım.

Kreslomdan qalxıb, əsamı əlimə aldım, küçəyə çıxmağımla güclü külək axınına düşməm bir oldu. Küçənin qarşı cinahına keçməm sən deyən çətinlik törətmədi, ancaq pilləkənlə qalxmam əsl əziyyətə çevrildi. Üst qata qalxanda nəfəsim daralmışdı artıq.

Yazdığım məktubu qapının altına qoyub, cəld geri dönməyi düşünmüşdüm. Ancaq onun mənzilini tapanda anladım ki, buradan əlüstü çıxıb getməyə könlüm heç razı deyil. Başqa kişilərin bu qapıda dərdlərinə əlac tapdıqlarına dönə-dönə şahid olduğum üçün mən də bu qapını döyməyə, o qumarda bəxtimi sınamağa görünməmiş maraq duyurdum. Canımı qumar azarı bürümüşdü.

Qapını döydüm. Səs gəlmədi. Bir də və daha güclü döydüm. Arxamı dönüb, getməyə hazırlaşanda qapının ardından ayaq səsləri eşitdim. Qapı azca aralandı. Qarşımda açılan boşluqdan bir cüt iri, palıdı rəngli göz mənə dikildi. Bu palıdı gözlərdə maraq doğuracaq bir uyğunsuzluq vardı. Geniş açılan göz bəbəyi biçimsiz idi. Göz qarasının tən ortasında qaralan bu bəbək eynən açar / kilid deşiyini xatırladırdı.

Ev sahibəsinin həlim səsi eşidildi:
— Hə, nə istəyirdiniz?
Bu sual məni çətin duruma saldı. Nə deyəcəyimi bilmirdim. Nəfəsim hələ də normal tempinə düşməmişdi.

Qızımın yaşadığı səmtə işarət elədim:
— Mən burada yaşayıram. Narahatlığa görə… bağışlayın. Bu sizə çatacaq, — deyə məktubu ona uzatdım.
Qadın məktubu maraqsız bir şey kimi gözdən keçirdi.
— Özünüzü pis hiss eləmirsiniz ki? Bəlkə bir stəkan su və ya başqa bir şey verim?
Etiraf elədim:
— Düzünü desəm, lap yerinə düşərdi.

Qadın qapını tam açdı. Geri qanrılıb baxdım ki, görüm, küçədə birisi yoxdur: orada bir itin arxda mürgülədiyini sezdim.

Son günlər izlədiyim bu qadının mənzilinə daxil oldum və ilk dəfə onu hərtərəfli süzmək imkanı qazandım.

Mənim təxminlərimin tam ziddinə o, fahişəyə bənzəmirdi. Bu yaşlı-başlı qadın idi, məndən cavan olardı, bütün hallarda bədənini satmaq üçün xeyli yaşlı görünürdü. Dən düşmüş saçlarını boynunun ardında kip yumaq şəklində yığması onu protestant məzhəbinin qatı tərəfdarlarına bənzədirdi. Dərisi hamar, almacıqları isə gözəgəlimliydi. Əyin-başında ehtirası qamçılayacaq nə bir krujeva, nə corabbağı, nə də penyuar gözə dəyirdi. Boynu V biçimli, bəyaz tişort və yaraşıqlı baldırlarına diqqəti çəkəcək göy rəngli cins tuman geyinmişdi. Barəsində nələr düşünəcəyimə heç cür qərar verə bilmirdim.

Qapı kiçik dəhlizə açılırdı, sonra pilləkən vardı. Onunla qalxmam məndən xeyli vaxt tələb elədi. Qadın soruşdu:
— Özünüzü yaxşı hiss etdiyinizdən əminsinizmi? Hər halda burada huşunuzu-filan itirməzsiniz, çünki bu gün onsuz da işim başımdan aşır.
— Yox, canım, yox. Bir stəkan su içsəm, yaxşılaşaram.

Mətbəxə yollanan qadın kranı açdı. Mənzil, eynilə bir zirzəmi qədər, qaranlıq və sərin idi. Buradakı yeganə otağın tən ortasında çarpayı qoyulmuşdu və buradan xırda mətbəxə qapı açılırdı. Masanın üstündəki köhnə tikiş maşınının korpusu saralmışdı. Üstü yorğanla örtülən çarpayının ortasındakı çökəklik diqqəti çəkirdi. Görünür, qadın məhz o qismdə yatır, ya da müştərilərini qəbul edirdi.

Pəncərə kənarına qoyulan dibçəkdə pomidor kolu vardı, budaqlardan birindən sallanan bəhər artıq allanmışdı.

Qadının gətirdiyi bir stəkan suyu mən iki qurtuma bitirdim. Soruşdu:

— Yenə istəyərdiniz?
— Hə, zəhmət olmasa.
Qadın stəkanı təkrar doldurdu.
— Mən demək istəyirdim ki, adım Albert Praysdır. Küçənin qarşı cinahında yaşayıram və qonşunuzam.
— Bundan xəbərim var. Hər gün artırmada oturursunuz və sanki evinizi oğrulardan qoruyursunuz.
— Müdaxiləyə görə üzr istəyirəm, ancaq bir az əvvəl burada əlində alışqan olan bir tip vardı və qapınızı yandırmağa cəhd edirdi.

Qadının sinəsindən qopan səs mənə toyuq qaqqıltısını xatırlatdı:
— O, Lorens idi. Özünü inandırıb ki, mən ona nə isə borcluyam, halbuki bu barədə dərindən yanılır.
— Bəlkə də elədir, ancaq o, sizə zərər verə bilərdi.
— Həddi var, eləsin!
Mən israr etdim:
— O, buna cəhd göstərdi. Görünür, evinizi yandırmağa niyyətliydi.

Xəfifcə gözlərini qıyan qadın başını yırğaladı:

— Lorens həngamə çıxarmağı sevir. Onu da elə-belə edir.
O, siqaret çəkməyə başladı, tüstünün bir qismini ağzından, qalanını isə burun pərələrindən buraxdı:
— Neçə yaşınız var, Albert?
— Səksən üç, — dedim.
Qadın heyrətdən qaşlarını qaldırdı:

— Və siz bu qədər yol qət eləmisiniz ki, sadəcə bunu mənə deyəsiniz? – Kürəyini divara söykəyən qadın əllərini qoynuna qoydu: — Lorensin işləyini mənə demək üçün? Bəs mən necə, sizin üçün nə isə eləyə bilərdim görəsən?

Bu barədə hələ düşünməliydim mən. Ömrüm boyu fahişə yanına getməmişdim. Bir kərə Almaniyada ikən əsgər yoldaşlrım yerli bir qızı kazarmaya dartıb, gətirdiklərini çıxmaq şərtiylə, qızın onda on beş yaşı olmazdı, ancaq biz əlimizə düşən fürsətdən gen-bol yararlanmış, onun başına hər oyunu açmışdıq.

Ancaq indi qarşımda yetkin yaşlı bir qadın vardı. Onu necə öpəcəyimi, əllərimlə dərisini necə oxşayacağımı xəyalımda canlandıranda anladım ki, bəlkə də bu, mənim həyatda toxunacağım sonuncu qadın da ola bilər. Maraqlıdır, bir kişinin qadınlarla bağlı hesabı sağlığında qapatması görəsən necə olur?

Nəfəsim sanki mənzildə əks-səda verirdi. Bir az da belə davam etsəydi, yerə səriləcəkdim. Soruşdum:

— İzninizlə, çarpayınıza otura bilərəmmi?
Buyurun.
— Adınız necə oldu, miss?
Bu vaxt ürəyim necə sürətlə döyünürdüsə, öz dediklərimi güclə eşidirdim.
Boğazını sığallayan qadın süzgün baxışlarla mənə baxıb, nəhayət:
— Kerol, — dedi.

Stəkanı qoymaq üçün masaya tərəf uzandım. Əllərim möhkəm əsirdi, buna görə də stəkanın altı masanın üstüylə təmas edəndə cingilti səsi otağı başına götürdü.

— Gözəl addır, — desəm də, əslində belə düşünmürdüm.
— Təşəkkürlər, — deyə başını tərpətdi.
Köynəyinin altından döşlük taxmadığı diqqətimdən yayınmadı.

— Hə, Kerol, mənimlə yatağını paylaşmağa necə baxırsan? Səninlə sadəcə yanaşı uzanmam da yetərli olacaq. Bunun üçün nə qədər ödəməliyəm?

Qapıldığı heyrətdən qadının çənəsi düşdü:

— Albert, sən nə sarsaqlayırsan belə?

— Mən çox şey istəmirəm. Səninlə yanaşı uzanmaq keçir könlümdən. Cibimdə cəmi iyirmi dollarım var. Gəl, onu sənə verim. “Sadəcə yanaşı uzanmaq üçün” – iyirmi dollar. Məncə, bu şərt sənin üçün də əlverişlidir.

Bunun ardınca Kerol qəhqəhə çəkdi, səsi şən və gur idi, adamın lap döşünə yatırdı gülüşü. Son dəfə öz sözlərimlə kimi bu cür güldürdüyüm indi heç yadıma da gəlmir.

Toxtaq tapandan sonra dedi:
— Bura bax, Albert. Yoxsa sən məni fahişə sanırsan?
Susduğım üçün o, təkrar və uzun-uzadı qəhqəhə çəkdi və dedi:
— Fahişə ha! Bunu Qlendaya desəm, gülməkdən öləcək, vallah.
— Nəyi?
— Yanımda sadəcə uzanmağa görə mənə pul ödəmək təklifini, — deyə o, yaşaran gözlərini sildi. – Albert, bəxtin onda gətirib ki, mən xasiyyətcə şux biriyəm. Əgər bu təklifi bir başqasına etsəydin, onda görərdin gününü!

Mən cırnamağa başlamışdım. Ona dedim:
— Yaxşı, əgər istəmirsənsə, özün bil. Ancaq, sən canın, məni axmaq yerinə qoyma. Axı, mən sənin qapına kişilərin gəldiyinin canlı şahidiyəm.
— Albert, sən hər şeyi yanlış anlamısan. Mən onlara bədənimi satmıram.
— Satmırsan?
— Əlbəttə, yox! Mən narkotika satıram.
— Ah, İlahi! – Bununla mən bütün heyrətimi ifadə elədim.
— Lənət şeytana, məhəllədə hər kəs bunu bilir və qapıma gələnlər də onun müştəriləridir. Hətta o tindəki, iri metal hasarın o üzündəki binanın sakinləri də məndən “mal” alır.

Əllərimlə üzümü qapadım.

— İlahi! Bunu bilmirdim.
O, gülümsədi:
— Eybi yox, sən sadəcə yanılıbsan.
— Ah, İlahi! – deyə təkrarladım.
— Təlaşlanma, Albert. Artıq sən hər şeydən agahsan. Hə, indi necə, məndən nə isə istəyirsən? Ağrıkəsici, yuxu gətirici, sakitləşdirici, kefləndirici həblərim var. Meksikadan gətirildikləri üçün onları apteklərdə xeyli baha qiymətə satırlar.
— Yox, heç nə istəmirəm. Su içib, özümə gəldim.

— Bir də məndə yüngül təsirə malik ot var, iştahanı artırır. Ömrünü bir az da uzatmaq istəuirsənsə, çəkini artırman məsləhətdir. Bu şəhərdə arıqlar çox davam gətirmir… Yekəpər olmalısan ki, dözümün artsın.

Onun sözləri barədə düşündüm:
— Sən marixuananı nəzərdə tutursan?
— Hə.
— Elə isə gör, sənə nə deyəcəyəm. Səndən marixuana alacağam.
— Bir büküm?
— Hə, — deyə başımla təsdiqlədim. – Bir büküm. Niyə də olmasın?
— Yaxşı görüm, Albert. Bircə dənə bükümlə nə olasıdır, axı? Mənim heç bilirsən nə qədər xərcim çıxır?
— Üstümdə cəmi iyirmi dollar var. Ona bir büküm düşür, ya yox?

Pulu cibimdən çıxartdım.
Əskinası məndən alan Kerol:
— Bir şey düşünərəm, — dedi.
Sonra əlini döşəyin altına salıb, oradan marixuana paketləriylə dolu plastik qutu çıxartdı və paketin birini silkələməklə mənim üçün bir az ot ayırdı. Sonra çarpayının böyründəki stula əyləşdi. Bükmə kağızı olmadığından adi siqaret dənəsinin içini boşaltdı və siqaretin boş qismini otla doldurdu.
Soruşdum:
— Sənə bir sual verə bilərəm?
— O baxır nə barədə soruşacağına.
— Sənin gözünə nə olub?

— O gözüm pis görür. Ancaq işıq-kölgəni seçir, başqa heç nəyi.
— Anladım, bəs bunun səbəbi nədir?
Kerol susdu. Az sonra dilləndi:
— Baş zədəsi. Gözün torlu qişasındakı qatların dağılması.
— Bəs bu qatların dağılma səbəbi nədir?

Kerol köks ötürdü:
— Düzünü desəm, güllə. İyirmi iki kalibrli güllə. Ərim mənə atəş açmışdı. Ən azından mənə deyilənlərə görə, bu – belədir.
Qadın bükməni mənə uzatdı. İyirmi dollar qarşılığı hazırlanmış, kip dolğulu bükməydi bu.

— Əvvəl sən sümür, Kerol.
O, çiyinlərini çəkdi:
— Yaxşı, yüngülcə qullab alaram.
Bükməni alışdırdı və ondan sinədolusu qullab aldı.
— Bəs niyə “deyilənlərə görə”? Bəyəm, səncə, ərin sənə atəş açmamışdı ki?
— Nə gizlədim, çünki eyni şəkildə mən elə özüm də o atəşi aça bilərdim. Hansısa anda tapançanı əlimdə tutduğumu mən dəqiq xatırlayıram.
— Başına güllə dəyən birisi kimi sən çox yaxşı görünürsən.
— Yaralandığım vaxt sən deyən yaxşı görünmürdüm. Gözüm şişib, basketbol topu boyda olmuşdu. Heç bilirsən, onda xəstəxanada nə baş vermişdi? Beləcə oturmuşdum, burdan da, ordan da axan qan şırımlarından ideal (misilsiz) xaç yaranmışdı. Bütün şəfqət bacıları və sanitarlar başıma yığışıb, məni süzürdülər, sanki o qanlı xaç İlahinin bir möcüzəsiydi. Ancaq nə o vaxt, xəstəxanada ikən, mən uca Yaradan barədə düşünürdüm, nə də indi düşünürəm.

Qadın bükməni mənə uzatdı. Mən də qullab aldım. Öskürüb, növbəti sualı verdim:
— Bəs həmin vaxt nə barədə düşünürdün?
— Onda halım özümdə deyildi və başına güllə çaxılan birisinin nələr hiss etdiyini öyrənməyə yamanca həvəsliydim. Xırda bir qurğuşunun böyük sürətlə sənin üzünə təmasından insan nə hiss edə bilər? Əgər güllə yavaş uçsaydı, heç nə olan deyildi. Burada həlledici məqam – sürətdit.
Otağa dərin sükut çökdü.

— Bilirsən, başına güllə dəyməsi – məzəli bir yaşantıdır.
Kerol gözlərini qıydı.
— Hə-ə, bu insanı bayıldacaq qədər məzəlidir.
— Elə demək istəmədim. Bu ona görə məzəlidir ki, Kerol, səninlə mən, yəni biz, eyni bəlaya tuş gəlmişik. Mənə də vaxtilə atəş açıblar.
— Yalan demə.
— Yalan demirəm. Almaniyada. Müharibə vaxtı. Özün bax.

Yaxamı araladım ki, Kerol oradakı yara izini görə bilsin. Bu, onda dərin maraq oyatdı. O, irəli əyilib, barmağıyla bir neçə kərə, həm də nəvazişlə o çapığı oxşadı, siğalladı. Sonra yaxamı əvvəlki şəklinə gətirərək, səliqəyə saldı.

— Sənə almanlar atəş açmışdı?
Başımı yırğaladım:

— Yox, o adam mənim serjantım idi. Həm də davanın lap sonlarında. Hər şeyimizin – artilleriyamızın, ağır silah-sursatımızın – tükənməsinə rəğmən, o, bizi Elbanın o biri sahilinə, qanlı döyüşlərin getdiyi yerə keçməyə məcbur edirdi. Ona dedim ki, artilleriyanın dəstəyi olmadan o od-alovun içinə getməmiz əsl axmaqlıqdır və buna görə də mən onun əmrinə boyun əyməyəcəyəm.

Bu məqamda o, mənə atəş açdı. Və mən öz-özümə sual verdim: “İlahi, mən hələ sağammı?” Hospitaldan çıxdığım zaman artıq Trumen yaponları bombalamağa imkan tapmışdı.

Kerol gülümsədi. Onun dişlərinin bəmbəyaz və çox yaraşıqlı olduğu meydana çıxdı.

— Albert, sən imanlı insansan?

Onun bu sualına cavab axtararkən nədənsə diqqətim elə hey ora-bura yayınırdı. Görünür, çəkdiyim otun təsiri başıma vurmuşdu. Çiyinlərimi çəkdim. Köynəyimin boynumun dərisiylə təması bu dəfə fərqli hiss oyatdığından bu hərəkəti təkrarlamağa gərək duydum.

Nəhayət, Kerolun sualını cavabladım:

— Əlbəttə. Tanrı – canlara dəyən oğlandır və ürəyimə yaman yatır.

Kerolun canalıcı qəhqəhəsi təkrar qulaqlarımı oxşadı. İki dəqiqəlik aradan sonra dedim:

— Ot barədə dediklərində haqlıymışsan. Həqiqətən də adamın iştahasını açırmış.
— Acmısan ki?
— Hə-ə, — dedim.

Kerol dilləndi:

— Bax, heç mənə bel bağlama. Yemək hazırlayacaq vaxtım yoxdur. Bu gün mənim iş günümdür.
— Bəs ona nə deyirsən?
— Nəyə?
— Pomidora. Onu birlikdə dada bilərdik. Deyəsən, tamam dəyibdir.

Həqiqətən o pomidoru dadmaq istəyirsən?
— Hə.

O, pəncərəyə yanaşıb, koldakı pomidoru dərdi və mənə uzatdı.
— Sən istəmirsən ki?
— Yox. Sonra, şəhərdə bir şeylər atışdıraram.

Pomidoru dişlədim. Onun misilsiz dadı, təzə-tər rayihəsi damağıma yayıldı. Şirəsi o qədər bol idi ki, üstümə sıçradı və Kerol mənə: “Gözlə” dedi və durub dəsmal dalınca yollandı. Pomidorun şirəsi çənəmlə üzüaşağı axırdı. Onun saqqalımı isladıb, buladığını hiss etsəm də, heç nə vecimə deyildi.

Pomidoru yeyib bitirənə yaxın Kerol məni açıq pəncərədən baxmağa çağırdı. Şarlotta təzəcə evə dönmüşdü. Artırmadakı kreslomun önündə, əlində kağız paketlə dayanan qızım küçədə baxışlarıyla məni tapmağa çalışırdı.

— O sənin qızındır?
— Hə, odur, — dedim.

Şarlotta məni elə uca səslə çağırmağa başladı ki, elə bil əlində gözəgörünməz bir meqafon vardı.

Kerol isə sanki onu heç eşitmirdi. Əlində isə birgə çəkdiyimiz bükmənin geriyə qalanını tutmuşdu. Soruşdu:

— Yenə istəyirsən?
— Yox, sağ ol.

Barmaqlarını diliylə yalayandan sonra o, bükməni barmaqları arasında dığırlatdı və bükməni ağzına ataraq uddu.

Şarlotta təkrar məni səsləməyə başladı. Kerol maraqlandı:
— Harada olduğunu ona demək niyyətin yoxdur?

Əllərimi pəncərə rəfinə söykəməklə, başımı irəli əydim ki, gündüz günəşinin şüalarında isinsin. Əsən külək nəmli dodaqlarımı və saqqalımı oxşadı o ara. Qızıma səsləndim:

— Hey! Ehey, Şarlotta, buraya baxsana!

Tərcümə: Azad Yaşar
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)