Edebiyyat.az » Proza » Nemət Mətin - Həyatını qurban verənlər

Nemət Mətin - Həyatını qurban verənlər

Nemət Mətin - Həyatını qurban verənlər
Proza
nemət
Müəllif:
11:24, 04 iyul 2019
1 203
0
Nemət Mətin - Həyatını qurban verənlər




 R.Taqor yazmaq istəyərkən öz otağına çəkilər və günlərlə ac, susuz qalardı. Tam gücdən düşdüyü andan etibarən bir-birinin ardınca nəğmələr, şeirlər, hekayələr yazardı. Çaykovski yalnız özünü bədbəxt hiss edəndə, tənhalıqda qalarkən musiqilər bəstələyərdi. Bəstəkar dəfələrlə intihar haqqında düşünməyi məktublarında qeyd edib. Bir dəfə payızda soyuq göldə boğulmaq cəhdi uğursuzluqla nəticələnib. İllərlə məktublaşdığı qadınla evlənsə də tənhalıqdan qurtula bilməyib. P.Merime pəncərəsini kərpiclə hörmüşdü. Təsəvvür edin dənizə açılan mənzərə ədəbiyyata qurban gedir. Fikri yayınmasın deyə belə etmişdi. Betxoven isə ətrafında olan hər kəsi acılayırdı. Təkliyi sevirdi, üstəlik qulaqları ildən ilə daha da zəifləyirdi. Lev Tolstoy Anna Kareninanı yazanda otağını tərk etmirdi. Şam işığında möhtəşəm əsərlər yazırdı. Yasnaya Polyana kəndinə çəkilib şəhərin səs küyündən gizlənirdi. 

Belə misalları saydıqca bitmir. Deməliözünü kəşf etmək üçün insanın tənhalığa, sakitliyə ehtiyacı var. Səs-küy fikir adamının düşmənidir. Barama qurdu kəpənək olmaq üçün baramaya bürünməlidir. Oşo deyir ki, ilana ayaq qoymaq onu məhv etməyə bərabərdir. İlan olduğu kimi mükəmməl yaradılıb.

  Məhəmməd peyğəmbər mağaraya çəkildiyi kimi hər bir insan öz tənhalığının mağarasını tapmalıdır. Sonralar Buddaya çevrilmiş Siddhartha isə tənhalığını hərəkətdə tapmışdı. Oturub meditasiya etmək, oruc tutmaq, səssiz yaşamaqla özünü tapa bilmədi. Və bir gün anladı ki, hərəkət onun tənhalığının açarıdır. Aydınlanmaq üçün hərəkətə keçməlidir.

 Fikir həmişə dağınıq olur. Onu bir nöqtəyə cəmləmək üçün yazıçılar, şairlər müxtəlif üsullara əl atırlar. Ən ucuz başa gələn üsulu siqaret çəkməkdir. Bir az bahalı növü içki içmək. Kofe ilə də bunu gerçəkləşdirmək olar. Murakami indi-indi sağlamlığının qeydinə qalsa da əvvəllər içki içərmiş. Yazmaqda ustalaşdıqca fikrini özü cəmləməyi öyrəndi. Dostoyevski qumar oynayanda fikrini cəmləyə bilirdi. Çak Palanik isə döyüləndən sonra "Döyüşçü klubu" əsərini yazdı. Fikir cəmləmək həqiqətən çətin prosesdir. Gündəlik qayğılar, adi söhbətlər, monoton yaşayış xüsusən incəsənət adamına maneə törədir. Bir məclisdə iştirak edəndə və ya işdə sakit dayandınsa, mütləq kimsə səndən soruşacaq: 

-Nə üçün sakit oturmusan? Nəsə olub? Bikefsən?

Kütlə, toplum heç vaxt fərdləri anlamayacaq. Bəlkə də daxmasının bir küncündə illərlə yazan insan bütün bəşəriyyətin xilas yolunu axtarır. Onu heç kim tanımasa belə axtarır. Xəstəliklər əlindən zara gəlsə də axtarır. Sözün məcazi mənasında baş sındırır... Özünü fikir adamı kimi tanıyan insan heç bir halda maaddiyatı düşünə bilmir. Ona görə də ailə, cəmiyyət, toplum onları anlamır. Diogenə çəllək və sadiq dostu olan it yaşamaq üçün bəs edirdi. Sokrata cırıq ayaqqabılar bəs edirdi. M.Qandiyə ağ parça, taxta yemək qabı və eynək bəs idi...

  Kapitalizmin at oynatdığı son əsrdə fikir adamlarını ümumiyyətlə gözüm çıxdıya salırlar. "Düşünə bilsəydi, pul qazanardı" , " Özü acından ölənin biridir, bizə nə öyrədəcək" deyənlər çox olur. Ona görə indiki zamanda Sokratlar, Diogenlər, Qandilər, Buddalar yaranmır.

 X.Rulfo müsahibəsində deyir ki, mən heç vaxt bioqrafiya janrını ədəbiyyata gətirmədim. X.Rulfo Q.Q.Markezdən fərqli olaraq müsahibə verməyi xoşlamayan, şou göstərməyi bacarmayan, özünə qapılan yazıçı idi. Ən asan ədəbiyyat janrı avtobioqrafik janrında olanıdır. Çünki hadisə artıq baş verib. Təxəyyül olmasa da nə isə yazmaq olar. Rulfo isə ədəbiyyatın dibinə enərək ən çətin yolu seçmişdi. Təkcə "Pedro Paramo" əsərinin adını çəkmək kifayətdir. Selincerin ağlına fikir gələndə hətta maşını belə saxlayıb blaknotuna qeydlər edirdi. Adam ədəbiyyatla nəfəs alırdı. Şəhərdən uzaq bir kənddə sakit ömür sürərək bir-birindən maraqlı əsərlər yazmaqla məşqul idi. İndinin özündə oğlu və yoldaşı onun əlyazmalarını kitab halına salmaqla məşğuldurlar. 

 Düşünən, xəyala dalan, yerində donaraq baxışlarını bir nöqtəyə zilləyən adam görəndə onu narahat etməyin. Qoy, doyunca düşünsün. Düşünən insanlar qəribə olurlar. Amma, heç kimi narahat etmirlər. Ən gözəl işlər düşüncə məhsuludur. Bir xəyal, bir təxəyyül məhsulu insanlıq naminə istifadə olunarsa, həyat, yaşam daha da gözəlləşər.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)