Edebiyyat.az » Proza » Elgün Ağayev - İyirmi beşinci payız

Elgün Ağayev - İyirmi beşinci payız

Elgün Ağayev - İyirmi beşinci payız
Proza
Necef Esgerzade
Müəllif:
13:42, 12 oktyabr 2019
1 707
0
Ədyala bürünüb, büzüşmüş şəkildə divanda yatmışdı. Payızın yeni girməsinə baxmayaraq, havadan qışın qoxusu gəlirdi. Peç sönülü idi, otaq çox da isti deyildi. Oyandı. Qolundakı saata baxdı, saat səkkizə iyirmi beş dəqiqə qalırdı, həmişə eyni vaxtda dururdu, səhər açılmışdı. Onun diqqətini daha çox saatdakı təqvim çəkdi. Ayın iyirmi beşi idi, bu gün onun ən yaxın dostunun ad günü idi. Düşündü ki, bu gün onu mütləq təbrik etməlidi. Ayağa qalxdı. Kağız tapıb birtəhər peçi yandırdı, peçdə odun var idi sadəcə yana bilməyib sönmüşdü. Stolun üstündə soyumuş çayın yanındakı qələmi götürüb, divardakı təqvimdən "iyirmi dördün" üstündən xətt çəkdi. Bu gün iyirmi beşi idi və yenə də ad günü barədə düşündü. Dostunu mütləq təbrik etməli və onun üçün hədiyyə almalı idi. Amma nə hədiyyə alsın? Bu barədə biraz düşündü, hələ axşama çox var idi. O vaxta kimi bir şey düşünəcəkdi.
Yerindən qalxıb hamama getdi. Əl-üzünü yuyarkən, birdən gözü güzgüyə sataşdı. Qocaldığının fərqinə vardı, özünə heç baxmırdı. Uzun illər idi bu daxmada tək-tənha yaşayırdı. Günləri də bir-birindən fərqlənmirdi. Hər gün eyni şeylər ilə məşğul idi, artıq bu onun üçün adət halı almışdı. Gözünü güzgüdən çəkib, əl-üzünü quruladı. O, heç vaxt səhər yeməyi yemirdi, həmişə açıq çay ilə yola verirdi səhərləri. Bu səhər də istisna olmadı. Özünə çay süzüb keçib stolun arxasında əyləşdi. Stolun üstündəki qələmi götürüb əlində oynatdı. Çayı içib qurtarmışdı, peçə yaxınlaşıb ağzını açdı odunlar yanıb qurtarmaq üzrə idi. Peç həmişə orada idi, yay-qış demədən həmişə ortalıqda qalırdı. Otaq isti idi, hava da yavaş-yavaş qızırdı. Düşündü ki, bunlar yanıb qurtarsın bəs edər, həm də əlavə odun yox idi, gedib doğrayacaqdı. Onsuz gün ərzində elə də çox məşğuliyyəti yox idi. Bütün gününü yatmaqla, özü üçün yemək hazırlamaqla, təbii ehtiyaclarını ödəməklə, arada kitab oxumaqla və başqa xırda işlər ilə keçirdirdi. Hərçənd son zamanlar oxuya da bilmirdi, oxuduqları da yadında qalmırdı.

Həyət-bacaya əl gəzdirib yarpaqları təmizlədi, biraz odun doğradı, günortaya kimi başını həyətdə qatdı. Hətta işləyə-işləyə yemək hazırlamağa da fürsət tapmışdı. Bir qucaq odun gətirib peçin yanına tökdü, peç sönmüşdü. Sonra gedib əl-üzünü yudu. Bu gün çox işləmişdi, yorulmuşdu. Səhərdən bəri heçnə yeməmişdi. Nahar üçün qeyri-adi heçnə yox idi. Çox vaxt yediyi yeməyi hazırlamışdı, kartof qaynatmışdı. Həm rahat idi, həm də dadlı. Yeməyi gətirib stolun arxasına keçdi. İştahla kartofdan bir neçəsini yedi, sonra keçib divanda uzandı, yemək stolun üstündə qalmışdı. Diqqəti təqvimə yönəldi. Dostunun ad gününü təmiz unutmuşdu. Nə hədiyyə edəcəyi barədə fikirləşdi ağlına yenə bir şey gəlmədi. Saata baxdı saat hələ birə qalırdı, axşam gedəcəkdi dostugilə amma nə aparacağına qərar verməmişdi. Elə hədiyyə barədə düşünə-düşünə yuxu onu apardı. Oyananda saat  üçün yarısı idi, çox yatmamışdı. Durdu stolun üstündəki yeməyi mətbəxə apardı. Hər yeməkdən sonra çay içirdi bu dəfə o qədər yorğun idi ki, yeməyi belə yığışdıra bilməmişdi. Çay dəmlədi. Çay qədər xoşuna gəldi ki, ard-arda iki dəfə içdi. Artıq dostu üçün hədiyyə olaraq bir şeylər tapmalıydı, əliboş getmək olmazdı. Evi axtarmağa qərar verdi, kitablar olan rəfə baxırdı. Orada kifayət qədər kitab var idi, onlardan birini verə bilərdi, amma nədənsə kitab vermək istəmirdi. Rəfin altında siyirtmə var idi oranı açdı, toz basmış hissədə şəkillər var idi. Onun şəkilləri idi. Şəkilləri əlinə götürüb bir-bir göz gəzdirməyə başladı. Nədənsə çox diqqətlə baxırdı, ya xatirələr onu diqqətini oyatmışdı, ya da olanları artıq unutmuşdu. Bəzi şəkillərin arxasında tarix yazılmışdı. Birdən onun diqqətini bir şəkil çəkdi, şəkili çevirib arxasına baxdı. Orada "07.10.25" yazılmışdı. Həmin günü yadına saldı, onun ad günü idi və iyirmi beş yaşı olurdu. Şəkildə o, stolun arxasında oturmuş əlində qələm və qabağında kitab-dəftər var idi. Qabağındakı kağızda çətinliklə oxunulan yazılar var idi, lakin böyük hərflərlə yazılmış başlığı o, oxuya bildi, orada 'iyirmi beşinci payız' yazılmışdı.

Həmin günlə bağlı bir neçə məqamı da yadına saldı, o vaxt hekayə yazıb özünə hədiyyə etmişdi. Lakin o, heç cür hekayədə nə yazdığını xatırlaya bilmədi, bir kəlmə belə. Sonra keçmişdə elədiyi ən böyük səhvi yadına saldı, kədərləndi , təəssüfləndi. Peşman olduğu şübhəsiz idi.

Artıq hər şey olub bitmişdi, keçmişə baxarkən o, sadəcə boşluqlar görürdü və bu boşluqları xatirələr ilə doldururdu. Beş-altı il bundan qabaq hər şeydən bezib bütün yazdıqlarını, yaradıcılığını bir yerə yığıb yandırmışdı. Sonradan buna peşman olmuşdu, amma bu hadisə ondan başqa heç kəsin vecinə də deyildi, nə olmuşdusa elə ona olmuşdu. Birdən onun ağlına bir fikir gəldi, dostuna hekayə hədiyyə eləsin. Necəki o vaxt özünə hədiyyə eləmişdi. Nə xoş təsadüfdür özü üçün yazanda onun iyirmi beş yaşı olurdu, bu gün isə dostunun iyirmi beş yaşı olur. Əslində iyrmi beş yaş iyirmi beşinci payız sayılmamalıdır, çünki doğulduğu ili də nəzər alsaq artıq bu iyirmi altıncı payız olur.

Niyə əvvəl bunu düşünməmişdi görəsən, lakin bunun heç bir əhəmiyyəti yox idi. Şəkilləri yerinə qoydu. Bir kağız götürüb, keçib masanın arxasında əyləşdi və yazmağa başladı. Kağızın üst hissəsində ortada 'iyirmi beşinci payız' yazdı. Lakin sonra nə yazacağını bilmədi, ağlına heç nə gəlmirdi. Biraz fikirləşdi, amma faydasız idi, kağızı bir qırağa qoydu.

Günortadan qalmış kartofdan yeməyə qərara aldı, yeyib doyduqdan sonra isə stolun üstünü yığışdırdı, kağıza gözü sataşdı. Artıq saat yeddiyə işləyirdi, vaxt idi, təbriki gecikdirə bilməzdi. Mətbəxə gedib çay süzdü, gəlib yazmağa davam eləmək istədi. Fəqət yenə də bir şey alınmadı. Çayı içib qurtarmışdı artıq, birini də süzüb gətirdi. Sonra peçi yandırdı, artıq hava soyuyurdu. Yenə də masanın ətrafına keçdi, qələmi əlinə aldı. Ona elə gəldi ki, 5-6 il öncə hər şeyi məhv etdiyi gün, ilham pərisi də elə oradaca yanıb kül olmuşdu və artıq o, heç nə yarada bilmirdi.

Keçib divanda uzandı, başqa hədiyyə barədə düşündü, və yenə yuxu onu apardı. Soyuqdan büzüşmüş şəkildə divanda yatmışdı. Peç sönülü idi, otaq soyumuşdu. Oyandı. Qolundakı saata baxdı, ayın iyirmi altısı, saat səkkiz idi. Həmişəki vaxtdan gec oyanmışdı, həm də bir xeyli yatmışdı. Stolun üstündəki yazılmış kağızı götürüb birtəhər peçi yandırdı, peçdə odun var idi sadəcə yana bilməyib sönmüşdü. Sonra stolun üstündə soyumuş çayın yanındakı qələmi götürüb, divardakı təqvimdən iyirmi beşin üstündən xətt çəkdi. Bu gün iyirmi altısı idi və yeni gün açılmışdı.

(26.09.2019)
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)