BERTRAN RASSEL - STALİNİN PİS YUXUSU
Proza
BERTRAN RASSEL - STALİNİN PİS YUXUSU1
Amor Vincit Omnia2
Stalin, qırmızı istiot qatılmış araq içib kreslosunda yuxuya getmişdi. Molotov, Malenkov və Beriya barmaqlarını dodaqlarına sıxıb zəhlətökən xidmətçiləri kənara qovmuşdular ki, bu böyük insanın istirahətini pozmasınlar. Onlar Stalinin yuxusunun keşiyini çəkir, o isə bu vaxt, belə bir yuxu görürdü.
Üçüncü dünya müharibəsi başlamış və uğursuzluqla qurtarmışdı. Qərb müttəfiqləri onu əsir götürmüşdülər. Müttəfiqlər, Nrünberq məhkəmə prosesinin nasistlərə qarşı mərhəmət hissi doğurduğunu nəzərdə tutaraq, bu dəfə başqa cür hərəkət etməyi qərara almışdılar: Stalini tanınmış kvaker3 komitəsinə təhvil vermişdilər; bu o kvakerlər idi ki, hətta, Stalin kimi bir adamın da, sevginin gücü ilə tövbə etməyə və ləyaqətli vətəndaşa çevrilməyə gəlib çıxa biləcəyini iddia edirdilər.
Onlar öz mənəvi əməklərini başa vurana kimi, Stalin pəncərələrinə pərdə asılmayan mənzildə yaşayacaqdı ki, bütün hərəkətləri nəzarət altında olsun və birdən, ümidsizliyə qapılıb özünə qəsd etmək istəsə, bunun qarşısı vaxtında alına bilsin; habelə, Stalinin əlinin altında bıçaq olmamasına xüsusi diqqət yetirilirdi, onun qeyzlənib özünün intibahı ilə məşğul olan adamlara xəsarət yetirə biləcəyindən ehtiyat edirdilər. Onu ikiotaqlı rahat bir kənd evində yerləşdirmişdilər; evin qapıları gün ərzində bağlı olurdu və yalnız gündüz vaxtı, bir saat ərzində qapını açır, dörd əzələli kvakerin müşaiyəti ilə, dustağı açıq havada gəzməyə çıxarırdılar ki, o təbiətin gözəlliyindən, quşların cəhcəhindən həzz alaraq, ruhən kamilləşə bilsin. Bütün qalan müddətdə ona yazmağa və oxumağa icazə verirdilər, ancaq, insan hisslərini qızışdıran kitabları yasaqlamışdılar. Oxumaq üçün ona, Bibliyanı, “Piliqrimə gedən yol” və “Tom dayının daxması” kitabları verilmişdi. Bəzən, qısa müddəd üçün, Şarlotta M. Yunqun romanlarını oxumağa da icazə verirdilər. Tütün çəkmək, spirtli içki və qırmızı istiot qadağan idi. Bununla yanaşı olaraq o, gündüzün və gecənin istənilən vaxtı kakao içə bilərdi, belə ki, onun ən məşhur keşikçilərindən biri bu ziyansız içkinin istehsalı və satışı ilə məşğul idi. Onun gecə istirahəti pozulmasın deyə, çay və kofedən ölçüyə uyğun şəkildə istifadə etməsinə icazə verilirdi.
Stalinə keşik çəkən adamlar, hər gün, bir saat səhər və bir saat axşam olmaqla, ona xristianlığın öz yaxınlarını sevmək prinsipini izah edir və bu müdrikliyi qəbul edəcəyi halda onu hansı xoşbəxtliyin gözlədiyindən danışırdılar. Təlimin ağırlığı onların arasında ən müdrik sayılan və Stalini həqiqət işığını görməyə gətirib çıxaracaqlarına ümid edən üç nəfərin çiyninə düşmüşdü: bunlar, Tobias Xasyaxşı, Semyuel Şipşirin və Uilbram Xeyirəməl idi.
Stalin onları, hakimiyyət zirvəsində olduğu vaxtlarından tanıyırdı. Üçüncü dünya müharibəsinin başlanmasına az qalmış, bu üç nəfər Moskvaya, onun qəbuluna gəlmiş, onu seçdiyi yolun yanlışlığına inandırmağa çalışmış, ümumbəşəri sevgidən, xristianlığın sevgi prinsipindən danışmış, ən barışdırıcı və yumşaq terminlərdən istifadə edərək, sevginin köməyi ilə, qorxuya nisbətən daha böyük səadət tapmağın mümkünlüyünü təlqin etməyə çalışmışdılar. O bir müddət onları səbrlə və təəcüblə dinləmiş, ancaq sonra dözməyib özündən çıxmışdı:
“Cənablar, siz həyatın sevincləri barədə nə bilirsiniz ki? Siz bütöv bir xalqın üzərində terror vasitəsi ilə hakimiyyət sürməyin gətirdiyi sərməstliyi heç cür anlamırsınız, bu vaxt, hamı sənin ölümünü arzulasa da, ancaq heç kim səni öldürməyi ağlına belə gətirə bilmir, bütün dünyadakı düşmənlərin həyəcanla baş sındırıb, sənin gizli düşüncələrinin nədən ibarət olduğunu tapmağa çalışır, sənin hakimiyyətin isə, nəinki düşmənlərini, hətta dostlarını da məhv etmək hesabına yaşamaqda davam edir! Yox, cənablar, sizin təbliğ etdiyiniz həyat tərzi mənim üçün qətiyyən cazibəli deyil. Özünüzün qazanc götürmək uğrunda savaşınıza və yalançı dindarlığınıza qayıdın və mənim daha böyük qəhrəmanlıqlar göstərə bilmək hüququma toxunmayın”.
Heysiyyətləri alçaldılmış və sarsılmış kvakerlər çıxıb getmiş və daha münasib bir vaxta kimi gözləmək qərarına gəlmişdilər. İndisə ümid edirdilər ki, məğlub olub onların hökmü altına düşmüş Stalinlə, düşdüyü bu yeni şəraitdə, daha asan dil tapa biləcəklər. Kvakerlərin yetkinlik yaşına çatmayan qanun pozucuları ilə işləməkdə, onların natamamlıq komplekslərini müəyyən etməkdə və onlara dürüstlüyün ən yaxşı siyasət olduğunu aşılamaqda böyük təcrübələri vardı.
–Mister Stalin, – Tobias Xasyaxşı danışmağa başladı, – ümid edirik ki, siz indi bu vaxtadək necə bir məntiqsiz və mənasız həyat tərzi ilə yaşadığınızı anlayırsınız. Sizin bütün dünyada törətdiyiniz fəlakətləri sadalamaq fikrim yoxdur, çünki, siz indi bunların heç bir əhəmiyyəti olmadığını deyə bilərsiniz. Ancaq, bir anlığına düşünün, siz öz başınıza hansı oyunu açmısınız! Qalxdığınız ən uca zirvədən yıxılmış, aciz bir əsirə çevrilmisiniz və yalnız, sizi dustaq edənlər sizin prinsiplərinizi inkar etdiyi üçün, indi belə bir rahat şəraitdə yaşayırsınız. Hakimiyyətdə olanda bizimlə görüşdə danışdığınız o yırtıclıq sevinci artıq arxada qalmışdır. Əgər, siz mənasız məğrurluğunuzu bir qırağa tullayıb tövbə etsəniz, əgər, öz xoşbəxtliyinizi başqalarının xoşbəxtliyində tapmağı bacarsanız, onda ola bilər ki, qalan həyatınızda hansısa bir məqsədə çata bilər və əsil insani həzz alaraq yaşayarsınız.
Stalin bu sözləri eşidəndə yerindən sıçrayıb qışqırdı:
–Səni görüm cəhənnəm odunda yanasan, burnufırtıqlı riyakar! Danışığından yalnız onu başa düşdüm ki, sən məndən yuxarıda dayanmısan və mən sənin hakimiyyətin altına düşmüşəm; sən indi yaranmış bu vəziyyətdən bir vasitə kimi istifadə edib məni təhqir etməyə, əzablarımı daha da dözülməz və alçaldıcı hala salmağa çalışırsan, ancaq bütün bu kimi vasitələri hakimiyyətdə olanda apardığım “təmizləmələr” zamanı mənim özümün ixtira etdiyimi unudursan.
–Ah, mister Stalin, – bu dəfə Şipşirin söhbətə qarışdı, – siz, niyə belə ədalətsiz və bədxah olmağı seçirsiniz? Məgər, sizə necə bir saf niyyətlə yanaşdığımızı görmürsünüzmü? Başa düşün, biz sizin ruhunuzu xilas etməyə çalışırıq və sizin düşmənlərinizə və dostlarınıza qarşı törətdiyiniz zorakılıq və nifrətə görə acı təəsüf hissi keçiririk. Sizi təhqir etmək kimi bir fikrimiz yoxdur. Siz yer üzündəki şeylərin böyüklüyünü onların həqiqi dəyərlərinə görə qiymətləndirsəydiniz, onda görərdiniz ki, biz sizə alçalmaqdan xilas olmağı təklif edirik.
–Bu lap ağ oldu! – Stalin qışqırdı. – Mən uşaq olanda, Gürcüstanda oxuduğum ruhani seminariyasında belə boşboğazlıqlara dözmüşəm, ancaq yaşlı bir insan belə bir cəfəngiyyata heç cür dözə bilməz. Təəsüf ki, mən cəhənnəmin varlığına inanmıram, yoxsa sizin kimi yaramazların cəhənnəm odunda yanmasına baxıb həzz ala bilməyi çox arzulardım!
–Pü-üf, əziz Stalin, – Xeyirəməl sanki pis qoxu duyubmuş kimi üz-gözünü qırışdırdı. – Qızışmayın, qəzəblənməyin, yalnız sakitliyiniz sizə çatdırmaq istədiyimiz müdrikliyi anlamağınıza kömək edərdi.
Stalinin cavab verməyə imkan imkan tapmamış Xasyaxşı yenidən danışmağa başladı:
–Mən tamamilə əminəm ki, mister Stalin, sizin kimi böyük bir ağıl yiyəsi olan adamın, həmişə, həqiqət işığına göz yumması mümkün deyildir, siz sadəcə, hələ bunun üçün yetişməmisiniz. Hesab edirəm ki, siz insanı həyəcanlandıran bu bir fincan çayı içməkdənsə, kakao içsəydiniz bunun sizə daha çox faydası olardı.
Stalin daha dözə bilmədi. Qarşısındakı qaynar çay dolu fincanı götürüb Xasyaxşının başına əndərdi. O isə, üzündən axan qaynar məhlula əhəmiyyət vermədən, sakit bir səslə dedi:
–Özünüzü ələ alın, mister Stalin, bu arqument deyil.
Hiddətdən boğulmaq dərəcəsinə çatmış Stalin bu anda yuxudan ayıldı. O bir müddət, gözlərini, qarşısında tir-tir əsən Molotova, Malenkova və Beriyaya dikib, baxışlarından yağan hiddəti onların üzərinə tökdü. Ancaq, tədricən, yuxunun təsirindən qurtardı, hirsi soyudu və təskinlik tapmaq üçün qırmızı istiotlu araqdan böyük bir qurtum aldı.
1Hekayə Stalinin sağlığında yazılıb.
2Sevgi hər şeyə qalib gəlir (latıncadır).
3Kvaker – XVII yüzilliyin ortalarında İngiltərədə yaranmış xristian məzhəbi olub, insanlar arasında sevgini və şərə qarşı dözümlüyü daha qabarıq təbliğ etməsi ilə seçilir.
Tərcüümə: Araz Gündüz
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Ürəyinin üstünə yastıq qoyub atəş açır..
Vladimir Nabokov Dostoyevski haqqında
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ