Tomas Vulf - Çıxılmazlıq
Proza
Təəccüblüdü, tənhalığın bir dəqiqəsindən də xəbərləri olmayan varlı adamlar tənha həyatın sevinclərinə nə qədər vəcdlə həsəd aparırlar. Nə barədə danışdığımı bilirəm. Demək olar, bütün həyatım boyu tənhaydım, — dünyada məndən tənha adam yox idi – həmin kefikök adamlarla da bir vaxtlar rastlaşmışdım. Onları tənha həyat necə də cəlb eləyir! Axşamlar o adamları şəhərətrafı evlərə daşıyırlar, orda onları səbirsizliklə arvadları-uşaqları gözləyirlər, ya da dəbdəbəli şəhər mənzillərinə aparırlar, ordasa qəşəng arvadı, yaxud məşuqəsi ətirlənmiş, ərköyün bədənlərilə onları sevinc dolu təbəssümlə, mehriban ağuşla gözləyirlər. Sən demə, bütün bunlar da bir ovuc soyuq toz, kül, bir xışma soyuq kömürmüş.
Bəzən onlardan kimsə sizi nahara dəvət eləyir. Sizin ağanız – qırx altı yaşlı keçəltəhər, qırmızıyanaq, kök, amma sifətində azacıq da kobudluq, yaxud hissiyyat əlaməti olmayan məlahətli cənab – bir sözlə, tamamilə zərif milyonçudu. Sifətinin cizgiləri iri olsa da, hissiyyat, ağıl ifadə eləyir, təbəssümüsə gəncliyin bütün əzablarından, narahatlıqlarından, ümidlərindən keçmiş, indi həyatdan nə gözlədiyini bilən adamın təbəssümü, kirpiklərinə yorğunluq toxunmuş, rahatlanmış, amma dərdə boyun əyməmiş insanın təbəssümü kimi qüssəli, istehza çalarlıdı.
Bununla belə, həyat ağamızla o qədər də sərt davranmayıb – onun özünü əhatə elədiyi bahalı, qiymətsiz əşyalar aralıdan, amma açıq-aşkar buna şəhadət verir. O, İst-River yaxınlığındakı evin üst mərtəbəsində yaşayır; mənzil incə zövqlə döşənib – burda Ceykob Epstaynın əsərinin bir neçə başı və fiquru, o cümlədən ev sahibinin portreti var, onu heykəltəraş «iki il əvvəl mən o diyarlarda olanda çəkib», elə burdaca nadir kitabların, ilk nəşrlərin külliyyatı var, siz həmin xəzinəyə baxıb ləzzət alandan sonra ev yiyəsilə çay mənzərəsini seyr eləmək üçün dama çıxırsınız.
Axşam sürətlə düşür, əlinizdəki nazik, tərləmiş qədəhlər zəif, mehriban səs çıxarır, gözlərinizin qarşısında nəhəng, göz işlədikcə uzanıb gedən şəhər alovlanır, səmaya ucalan qüllələrin örtüyü artıq milyonlarla atəşin almaz tozcuqlarına bürünüb, o qüllələrin arxasında günəş batır, sönən günün qırmızı işığı çaya axıb tökülüb: siz yanınızdan qayıqların, yedəklərin, yük gəmilərinin necə ötüb-keçdiyini görürsünüz, suyun üzərində körpünün geniş açılmış qanadlarını görürsünüz, artıq gecə düşüb – bax, orda gəmilər var – orda gəmilər var, qəlbinizdə də ifadə eləyə bilməyəcəyiniz tutqun, dözülməz istək baş qaldırır.
Siz otağa qayıdanda artıq indi yaşadığınız Bruklindən uzaqdasınız, uşaqlıqda, hələ onu görmədiyiniz, tanımadığınız vaxtda bu şəhərin sizdən ötrü olduğu hər şey yenidən mümkün görünür, elə bil, indicə gerçəkləşəcək.
Böyük şəhərin obrazı sizin qəlbinizdə əvvəlki vaxtlarda, on iki yaşınızda olduğu kimi, bütün sehrli rənglərilə yanır. Sizə elə gəlir ki, indi üstünüzə xoşbəxtlik, uğur, şöhrət yağacaq, böyük adamların, gözəl qadınların arasında yer tutacaqsınız, bələd olduğunuz o həyatdan – bu həyatdı – daha xoşbəxt, sevinc dolu həyatda yer tutacaqsınız, burda sizi yalnız bir düym gözləyir, bircə söz var, onu söyləsəniz, birgə divar, qapı, addım var, hara getdiyinizi bilsəniz, əliniz ona çatacaq.
Təzədən də qəlbinizdə onun – açıb içəri girə biləcəyiniz qapını axtarıb tapacaqsınız, bu adam o qapını sizə göstərəcək – barəsində köhnə, mənasız, dinməz arzu oyanır. Nəfəs aldığınız havanın özündə ağlagəlməz uğurun öncəduyumu var. Siz ev sahibindən onu məşəqqətlərdən, heyvani mübarizədən, ağrıdan, hiddətdən, aclıqdan xilas eləyən bu cür qüdrəti, bu cür hökmü, sərbəstliyi vermiş möcüzəli sirri öyrənmək istəyirsiniz, elə bilirsiniz ki, o, bunu sizə açacaq, bu möcüzəli sirri sizə verəcək – amma o, heç nə demir.
Bu zaman bir anlığa zamanın da, şəhərin də əbədi, anlaşılmaz sirri qayıdıb gəlir, hiss eləyirsiniz ki, həmin sirrin qarşısında acizsiniz – batırsınız. Bu adam, onun məşuqəsi, tanıdığınız bütün zəngin adamlar sizin qarşınızda dözülməz aydınlıqla peyda olur, amma onların həyatı, onların zamanı sizə yuxu kimi yaddı; hiss eləyirsiniz ki, onların arasında xəyal kimi dolaşmağa məhkumsunuz, o adamların həyatını heç vaxt dərk eləyə bilməzsiniz, onlarla eyni zamanda yaşaya bilməzsiniz. Sizə elə gəlir ki, qarşınızda yorulmadan, əzab çəkmədən yaşamağı öyrənmiş varlıqların aləmi – sizin toxunmayacağınız, yaxınlaşmayacağınız naməlum aləm — durur, çünki həmin aləmin adamları sizin yaşadığınız aləmin ölçülərində, zamanında yaşamırlar, onu dəqiqələrlə, saatlarla, günlərlə, illərlə ölçmürlər, dərin və uzaq duyğuların ölçülərilə ölçürlər, hər hansı keçmiş an onlardan minlərlə həvəs, sərxoş gecələr, milyonlarla qəddarlıqlar, yüzlərlə bal, sevgi macəraları, minlərlə xəyanətlərlə, satqınlıqlarla uzaqlaşıb, bundan da onların qəlbi ağlagəlməz, möcüzəli yetkinlik qazanıb, elə bil, heç vaxt günahsız, gənc olmayıblar, bu da sizi elə duyğuya bürüyür ki, elə bil, dəhşət dəryasında, kor, qədim, uzaq zamanın dəryasında batırsınız. Çıxış yoxdu.
Amma bu zaman ağanız istehzalı, acı təbəssümüylə içində buz parçası olan hündür qədəhinə əla çovdar viskisi süzür, fikirli halda dodaqlarını marçıldada-marçıldada qədəhi ağzına aparır, bir-iki düşüncəli qurtumdan sonra qismətinə düşən ağır püşk barədə qüssəyə batır.
Yumşaq kreslonun qırağında rahatca oturmuş məşuqəsi soyuq barmaqlarıyla onun qaşqabaqlı sifətini sığalladığı müddətdə, təlim keçmiş Ponsonbi, yaxud Kato ağanın axşam kostyumunu, nişastalı köynəyini səssizcə qoyduğu müddətdə o, tutqun halda boşluğa baxır, acı-acı gülümsəyə-gülümsəyə qismətinizə Cənubi Bruklinin nüfuzlu rayonunda tək yaşamaq xoşbəxtliyi düşdüyünə görə sizi təbrik eləyir.
— Nə olar, — cavab verirsiniz, — Cənubi Bruklində tənha həyatın da öz üstünlükləri var. Otağınız yataq vaqonuna oxşayır, amma qısaldılıb, iki pəncərəsi – hər ucunda bir – var. Dəhlizi barmaqlıqla bağlanıb ki, otağa başkəsənlərlə gözəl qonşuluqda yaşayanlar soxulmasınlar. Qışda ora soyuq, qaranlıqdı, soyuq divarlar da tərləyir, su axır, yayda artıq siz tərləməli olursunuz, təpədən-dırnağacan tərə batırsınız, çünki cəhənnəm istisi olur.
— Üstəlik də, — burda da həvəsə gəlməyə başlayırsınız, — səhər qalxanda köhnə Qovanus-kanalın şirin qoxusu burnunuza, ağzınıza, ciyərlərinizə, gördüyünüz, düşündüyünüz, yaxud söylədiyiniz hər şeyə soxulur! Bu, — davam eləyirsiniz, — səksən yeddi ayrı-ayrı çürüntüdən hiyləgərcəsinə tərtib edilmiş, düzəldilmiş qarışdırılmış kəskin, nəhəng üfunət, adamın ağlını başından çıxaran qoxunun güclü orqan notudu. – Sonra get-gedə ilhamlanıb o qoxuların hamısını sadalayırsınız. – Burda, deyirsiniz, yandırılmış xarrat yapışqanıyla yanmış rezinin qoxusu var. Burda çürüyən pişik cəsədlərinin qoxusu, iylənmiş kələmin, Nuh əyyamından qalma yumurtaların, köhnə pomidorların ətri var, çürüyən leşlərin, yandırılmış əskilərin üfunəti var, gəbərmiş yabıların, murdar bağırsaqların üfunəti var, burada çirkab sularının durğun qazı…
Elə bu vaxtsa ağanız vəcdlə başını geri atıb havanı var-gücüylə burnuna çəkir, elə bil, bu qoxular ordusunda həyatın özünü eşidir.
— Gözəldi! Gözəldi! – O, səslənir. – Ah, lap əladı! Heyrətamizdi! – Sonra başını yenidən geri atır, sevinc dolu gülüşlə uğunur.
— Yaxşı, Con! – Onun qadını gözəl sifətindəki tənə ifadəsilə dillənir. – Anlamıram ki, sənin nə xoşuna gələ bilər. Yaman dəhşətli yerdi! Bu çox iyrənc səslənir! – O, azacıq dartınıb dillənir. Lap dəhşətlidi ki, adamlara bu cür yerlərdə yaşamağa imkan verirlər!
— Yox, — Con səslənir. – Bu möcüzədi! Bunda nə qədər güc, parlaqlıq, gözəllik var!
— Nə olar, — siz razılaşırsınız, — bu doğrudan da möcüzəlidi. Həm də, əlbəttə, orada parlaqlıqla güc kifayət qədərdi. Gözəlliyə gələndəsə – bu başqa məsələdi. Gözəllik məsələsində siz tamam əmin deyilsiniz, amma hətta sözünüzü bitirməyə macal tapmayıb çox şeyləri xatırlayırsınız. Siz dözülməz bürkülü avqust gününü, səkinin qırağında dayanmış güclü, ağır, ləng, tüklüayaq boz-poladı ləkələri olan atı xatırlayırsınız. Arabaçı onu arabadan açdı, at da elə bil, iri başını səbirlə, kədərli halda aşağı salıb nəsə gözləyirdi, yanındasa qaragöz, qaraşınsifət bir oğlan durub ona qənd uzadırdı. Sonra sərt, qırışların şırımladığı şəhərli sifəti olan arabaçı ona yaxınlaşdı, su dolu vedrəni atın belinə töküb islatdı. Atın güclü böyürləri bir anlığa minnətdarcasına titrədi, az sonra buxar qalxmağa başladı; arabaçı səkiyə doğru çəkilib atı iti, diqqətli nəzərlərilə gözdən keçirdi, oğlansa atın üzünə baxır, elə hey qulağına nəsə pıçıldayırdı.
Sonra bu yaz ensiz, dar döngənizin üzərinə əyilmiş ağacın necə cana gəldiyini, gündən-günə sehirli təzə-tər yaşılıyla necə göz oxşadığını xatırlayırsınız. Sonra uyun qırağıyla uzayan sərt, paslı küçəni, o küçənin açıq-aşkar qəddar həyatını, daxmalar, komalar; miskin fahişəxanalar, nəhəng hisə batmış körpülər yığınını, onun ifadə olunmayan eybəcərliyini, gözəlliyini xatırlayırsınız, bir dəfə qürub çağı həmin küçəylə necə getdiyinizi, günəşin necə çıxdığını, titrədiyini, rəngdən-rəngə düşdüyünü, limandakı gəminin ağ göyərtəsində işığın yalançı hörümçək torunu xatırlayırsınız.
Sonra ev sahibinə bunun bir axşam ərzində baş verdiyi — nəhəng, tərk edilmiş dəniz körpüsünün qoxusu barədə, evlərin köhnə, paslı kərpic tünlüyündə közərən qürub haqqında, gəminin güclü burnundakı göyqurşağı sayaq işıq toru barədə danışmağa başlayırsınız, amma danışmağa başlayan kimi, öz gücsüzlüyünüzü dərk eləyirsiniz, bilirsiniz ki, o vaxt duyduğunuz sirr, vəcd, dözülməz qüssə hissini qaytara bilməyəcəksiniz.
***
Bəli, orda gözəllik yetərincəydi – qəlbinizi qırmağa, beyninizi korlamağa, bütün şirənizi sıxmağa yetirdi – amma sözlərlə nə izah eləmək olar? Siz bütün bunları, üstəlik, on minlərlə başqa şeyləri xatırlayırsınız, amma onlar barədə danışmağa başlayanda heç nə alınmır.
Bunun əvəzində ancaq yaşadığımız evi, orda yayda necə qaranlıq, isti, qışda necə rütubətli, soyuq, özünüzə yaxşı yemək tapmağın necə çətin olduğunu təsvir eləyirsiniz. Siz ona əvvəllər reportyor olan, ömründə çox şeyləri görmüş ev sahibəniz barədə danışırsınız. Onun necə xeyirxah genişqəlbli, kobubtəhər, işgüzar, həmişə enerjiylə, həyatla dolu qadın olduğunu, içməyi, içən adamların arasında olmağı necə sevdiyini, qəzet reportyorunun bələd olduğu o həyatın sərt, qaba üzünü necə bildiyini danışırsınız.
Siz onlardan, yaxud analarından qəzet üçün material əldə eləmək məqsədilə onun caniləri edama necə müşaiyət elədiyini, gəmilərə necə dırmaşdığını, dəfn mərasimlərinin ardınca getdiyini, qəbirlərin yanında durduğunu, həmin materialı ələ gətirmək üçün adamların, ali, saf, dərd dolu hisslərini necə təhqir elədiyini, bütün bunlara baxmayaraq, qarımış qız, beyin iliyinəcən əxlaq qaydalarına bağlı olsa da, ömrü boyu necə namuslu, xeyirxah, səxavətli qadın kimi qaldığını danışırsınız.
Siz danışırsınız ki, bir neçə il qabaq o qadın ağlını itirdi, bir neçə il də dəlixanada qaldı, danışırsınız ki, aradabir dəliliyi tutur, bir neçə ay əvvəl də axşam evə qayıdıb onu öz çarpayınızda gördünüz, qadınsa qalxıb sizi yeganə sevgilisi, adını, şəxsiyyətini, sevgisini uydurduğu Yustas Maknami kimi salamladı. Sonra qadının fantastik ailəsi – elə həmin dəliliyə tutulmuş, amma onun enerjisindən, gücündən, istedadından məhrum olan üç bacısı və atası barədə, onun on səkkiz yaşından bütün bu güruhu dolandırdığı haqda danışırsınız.
Siz qadının atası – bağlanmayan kilidlər, tıxanmayan tıxaclar üçün burğular, heç şeyin görünmədiyi sınmayan güzgülər ixtira eləyən ixtiraçı barədə danışırsınız. Danışırsınız ki, bir il qabaq qoca yüz iyirmi min dollar miras – ömründə ilk dəfə pul alıb düz Uoll-stritə aparıb, qocaya orda puldan canını qurtarmağa yardım göstərdikləri müddətdə o, dəbdəbəli laynerdə arvad-uşaqlarını Avropaya göndərib, onlar qayıtmaq istəyəndə də teleqram vurub: «Romaya tələsin, balalarım! Romaya tələsin! Atanız milyonlar qazanır!»
Bəli, bütün bunları, yüzlərlə başqa ağlasığmaz əhvalatları ətrafımda yaşayan adamlar – ermənilər, ispanlar, irlandlar barədə; onların hamısının günün-günorta çağı evə qayıdanda döngəni şeytani bağırtıyla didib-dağıdan radioqəbuledicilərini işə saldıqları barədə; bazar günü evə qayıdanda əməlli-başlı içib arvadlarını əzişdirdikləri barədə danışa bilərəm – onların həyatının bütün gedişi, ən intim təfərrüatlar gülüşün, qışqırtıların, bağırtıların, lənətlərin müşaiyətilə açıq pəncərələrin qabağında astar üzünə çevrilir.
Onların necə dalaşdıqları, əyyaşlıq, oğurluq elədikləri, necə quldurluqla məşğul olduqları, soyduqları, doğradıqları, necə satıldıqları, öldürdükləri, çırpışdırdıqları, bütün bunlarla yanaşı, necə təəccübləndikləri, özlərini təhqir olunmuş səxavət sahibi kimi göstərib polisə şikayətləndikləri, yalnız ev sahibəsinin cavan bacısı oğlu arxa həyətdə özünü təkcə trusuda günə verdiyinə görə yanımıza nümayəndələr göndərlikləri barədə danışa bilərəm.
— Həyətimizdə çılpaq adamlar var, — onlar dəhşət, hiddət dolu pıçıltıyla deyəcəklər.
Bəli, hamamız – ixtiraçı, qoca Uitteker də, onun sınmış boşqaba görə donquldana, sonra güclə boğazınıza bir yığın səhər yeməyi dürtüşdürə bilən, arıq bədənlərini şlanqdan axan suyla isladanacan ora buraxdığı, iyirmi dəqiqənin içində hər şeyi tapdalayan, həyəti, çirkab xəmirinə çevirən yarılüt hisli-paslı bir dəstə oğlanı günlərin bir günü ora buraxmaq üçün arxa həyətdə bir ovuc sısqa otu səbirlə apreldən avqustacan suvara bilən böyük qızlı Ağlıkəm Mod da – bəli, hamımız – həmin qoca, onun qızları, nəvəsi, üç bank xidmətçisi, karikaturçu, Herstin yanında çalışan iki gənc qəzetçi, mən özüm – biz, qızları arabir öz yanlarına gətirənlər, əməlli-başlı içənlər, bir-birinə özünün günah dolu, yaramaz həyatını etiraf eləyənlər, Şekspiri, Miltonu, Uitmeni, Donnu, Bibliyanı, idman xronikasını oxuyanlar, — biz gənc, qoca, nə qədər axmaq, dəli, yaxud çaşqın olsa da, bununla belə, bir dəfə də olsun, öldürməmiş, soymamış, qadınların dişlərini salmamış, biz, az-çox abırlı, dözümlü, kinsiz kəslər – biz hamımız meydanları da, eyvanları da olmadığına, yalnız qısa, ensiz döngə olduğuna görə bu cür adlanan Eyvan Meydanının tör-töküntüləriyik.
Bəli, biz – yadlar, ictimai nizamın, əxlaqın düşmənləri, od tutub yanan mürtədlərik, qonşular da bizə şübhəylə, mühakiməylə baxırlar, özlərisə daim arvadlarını əzişdirir, cəsarətlə bir-birinin xirtdəyini üzür, elə ləyaqətli, özünə hörmət eləyən vətəndaşlar kimi, özlərinin namuslu talançı, qatil peşələrilə məşğul olurlar.
Bir dəfə bir adam məndən üç ev o tərəfdə öldürülmüş, başı əzilmiş halda pilləkəndə yıxılıb qalmışdı; bir dəfə də gecə saat ikidə maşından sərxoş arvad çıxıb öz tərəf-müqabilinə dünyanın bütün lənətini yağdırır.
— Pulumu ver! Pulumu ver, uzundraz! – Qadın bağırırdı. – Yaxşısı budur, ver! Üç dollar ver, yoxsa ərimə deyərəm, o, pulu səndən döyə-döyə çıxarar.
— Özünü qadın kimi, yaxşı apar! – Kişi astadan cavab verirdi. – Özünü qadın kimi aparmasan, heç nə almayacaqsan! Özünü qadın kimi apar! – O, gözəl danışığa riqqət doğuran bağlılığıyla israr eləyirdi.
Kişi mühərriki işə salıb, onu döngədə veyllənən, bağıran, dil deyən, murdar söyüşlər yağdıran, onunla bu qədər namussuzcasına hərəkət elədiyinə görə, ərini tərəf-müqabilinin başını bədənindən ayırmağa çağıran vəziyyətdə qoyub dəhşətli sürətlə uzaqlaşdı. Sonrasa üç gənc, şöhrətpərəst oğru fürsətdən istifadə eləyib onu soymaq qərarına gəldilər; gecəyarısı pəncərənin önündən qaçıb keçdilər, qorxaq, cəsarətsiz biri ağlamsınırdı:
— Ürəyim bulanır! Qusmağım gəlir! Uşaqlar, bir az gözləyin! Özünüz gedin, özünüz işinizi görün. Yaxşısı budur, mən qəhvə içim!
O birilər də cavabında nərildədilər:
— Hara gedirsən? Nədi, qancıq, qorxdun? Gəl görüm, yoxsa bu saat doğram-doğram elərəm!
Onların ayaqları qaranlıqda gümrah-gümrah tappıldadı, qadının döngənin o başından eşidilən sərxoş bağırtıları az sonra kəsildi.
Ağanız bu vəhşi xronikadan lap vəcdə gəlib. O, heyrət içində əlini alnına çırpıb səslənir:
— Ah, çox gözəldi! Çox gözəldi! Bəxtiniz yaman gətirib ki. Sizin yerinizə olsaydım, özümü dünyada ən xoşbəxt adam hesab eləyərdim.
Siz onun otağına nəzər salıb dillənmirsiniz.
— Azad olmaq! Harda istəyirsən yaşamaq, bütün bunları da görmək! Əsl insanların arasında yaşamaq! Əsl, bəzəksiz-düzəksiz həyatı görmək, yoxsa burdakı kimi… — O, üzgün nəzərlərini dəbdəbəli şəraitə, öz günlərini birtəhər keçirməli olduğu xəyal aləminə dikir. – Başlıcasısa, tənha olmaq!
Soruşursunuz, o, nə vaxtsa tək olubmu, tənhalığın nə olduğu ona məlumdurmu. Ona izah eləməyə çalışırsınız, amma məlum olur ki, özü də hər şeyi bilir. O, kədərli halda gülümsünür, sizin sadəlövh izahlarınıza həyatın müdrikləqdirdiyi insanın yorğun mərhəmətilə qulaq asır.
— Mən bilirəm! Bilirəm! – O, köksünü ötürür. – Amma biz hamımız tənhayıq, dostum. Axı əsl tənhalıq bax, burdadır,- sonra köynəyinin üçüncü düyməsindən azacıq sol tərəfi, görünür, ürəyinin olduğu yeri taqqıldadır. – Bəs siz! Cavansınız, azadsınız, bütün aləm qarşınızdadı! Gözəl həyat! Allahım, insan daha nə arzulamalıdı?
Bu məqamda nə deyə bilərsən axı? Gicgahlarınızda qan döyünür, incik, acı cavab dodaqlarınızdan qopmağa hazırdır, sizə elə gəlir, ona çox şeylər deyə bilərdiniz. Ona söyləyə bilər, risqsiz-filansız həddən artıq ədəbili görünə bilərdiniz ki, dünyada insanın arzulaya biləcəyi hər şey – yaxşı yemək, xeyirxah dostlar, rahatlıq, təminat, onun yanında oturan sayaq gözəl qadınlar istədiyin qədərdir, amma burda nə demək olar?
Çünki siz — sizsiniz, siz bildiyinizi bilirsiniz, öz acı, tutqun tənhalığınızı, gecələr sükutun köklərini gəmirən, zoqquldayan tənhalığınızı çatdırmaq üçün sözünüz yoxdu.
Nə deyəsən? Bəli, orda həyat yetərincədi – güc, əzəmət, gözəllik, sevinc bəs deyincədi, amma Allah şahiddi ki, çirkab da, yoxsulluq da, kasıblıq da kifayət qədərdi, qəddarlıq, nifrət, vəhşilik də nə qədər istəsən var, sizi dəhşətin boz həftəbecərilə doyduran, dodaqlarınızı ümidsizlik qızdırmasıyla bürüyən tənhalıq da yetərincəydi.
Elə zaman da kifayət qədər idi – hətta, orda, Bruklində anlaşılmaz, tutqun zaman, həmişə böyrünüzdən çay kimi axıb keçən qaranlıq minillik zaman yetərincədi – hətta, Bruklinin zülmət zirzəmilərində zaman bəs deyincədir, amma siz bu barədə danışmağa cəhd eləyəndə bacarmırsınız. Bu məqamda nə deyə bilərsiniz?
***
Qəfildən qüssəli axşam işığının Bruklin adlanan nəhəng paslı meşəyə, adamların ölgün gözlü üzlərinə, mumsayağı, boz sifətlərinə necə düşdüyünü, hətta, Bruklində boğuq, kədərli işığa bürünmüş adamların axşamçağı pəncərə qabağına necə söykəndiklərini xatırlayırsınız. Bir dəfə Bruklindəki zirzəminizdə axşamın səslərinə, qonşu ağacdakı quşların get-gedə yox olan ciggiltilərinə qulaq asa-asa necə uzandığınızı xatırlayırsınız, sonra hardasa iki pəncərənin açıldığını, iki səsin – kişi və qadın – sakit, kədərli toranlıqda necə səsləndiyini xatırlayırsınız. Ardınca həmin söhbət yenidən Bruklində eşidib itirdiyin naməlum qədim mahnının qarayaxa nəqarəti kimi yaddaşınızdan boy verir
— Deyəsən, burda yox idin, — biri başlayır.
— Aha. Yox idim. Məzuniyyətdəydim. Bayaq gəlmişəm, — o biri səs deyir.
— Doğrudan? Mən belə də düşündüm. Elə axşam beynimdən keçdi ki, deyəsən, çoxdan görünmürsən. Görünür, fikirləşirəm, çıxıb getmisən.
Sonra da sükut, yalnız quşların get-gedə susan cəhcəhi, küçədən gələn səslər, ayrı-ayrı səslər, qışqırtılar, kiminsə qısa cavabı, axşam havasında uzaq, nəhəng, boğuq donqultu eşidilir.
— Yaxşı, mən çıxıb getdiyim vaxtdan bəri təzə nə var, nə yox? – Sakit, kədərli toranlıqda səs yenidən eşidilir. – Mən olmadığım vaxtda bir hadisə baş verib?
— Yox! Heç nə baş verməyib, — o biri cavab verir. – Bilirsən, hər şey əvvəlki kimidi? – Kişi, elə bil, dilinin gücsüzlüyü ilə çarpışmaqdan yorulub gərgin halda dillənir.
— Hə. Bilirəm, — o biri fikri dağınıq halda cavab verir, təzədən Bruklin üzərinə sükut çökür.
— Sən olmayan müddətdə Qroqan ata öldü, — səs yenə başlayır.
— Nə danışırsan? – O biri sakitcə təəccüblənir.
— Aha.
Sonra sükut çökür.
— Ona yazığın gəlir, hə? – Sakit səs dillənir.
— Aha. O, şənbə günü öldü. Cümə günü evə gələndə hələ ona heç nə olmamışdı.
— Nə danışırsan?
Sonra səslər bir anlığa susur, qatı sükutda boğulurlar.
— Nəsə yaxşı iş deyil, hə?
— Aha. Onu yalnız o biri səhər, saat onda tapdılar. Onlar mənzilinə girəndə vanna otağının döşəməsində yıxılıb qalmışdı.
— Nə danışırsan?
— Aha. Onu vanna otağında tapdılar.
— Hə-ə-ə. Nəsə yaxşı iş deyil… Görünür, o öləndə mən burda deyildim.
— Aha. Görünür, burda deyildin.
— Hə. Görünür, elədi. Görünür, burda deyildim. Yoxsa xəbər tutardım. Burda deyildim.
— Hə, yaxşı, hələlik. Görüşənədək.
— Hə, yaxşı, hələlik.
Pəncərə örtülüb, yenidən ətrafda – axşam, uzaq səs-küy, Bruklində kəsik-kəsik qışqırtılar – sakitlikdi, Bruklin – formasız, hisli-paslı, bitib-tükənməz xaosdu.
İndi də qırmızı işıq paslı evlərin köhnə kərpiclərində tezliklə tutqunlaşır, havada da səslər, anlaşılmaz musiqi eşidilir, biz, çətin seçilən atomlar, adamlarla dolu yer boşluğu arasındakı səssiz atomlarsa, soyuq zirzəmilərimizdə uzanmışıq, bizimlə bağlı xatirələr də silinib, adlarımız da unudulub, axşamlar orda uzandığımız müddətdə torpaqdan çıxan filiz kimi gücümüz də bizi tərk eləyir… çaysa axır… tutqun vaxt da quru kimi içimizi didib-dağıdır, biz də bilirik ki, məhv olmuşuq, amma qımıldana bilmirik… ordasa gəmilər üzürlər… orda gəmilər var!.. Müqəddəs İsa! Hamımız zülmətdə ölürük… elə bil, yox imişsən… elə bil, yox imişsən…
Bu da – tutqun zamanın anlarından biri, onun minlərlə tutqun sifətlərindən biridi.
Tərcümə: Nəriman Əbdülrəhmanlı
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Seyid Hüseyn - Həzin bir xatirə
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)