Edebiyyat.az » Söhbət » SEVGİ VƏ YAŞ: QARSİYA MARKESLƏ MÜSAHİBƏ

SEVGİ VƏ YAŞ: QARSİYA MARKESLƏ MÜSAHİBƏ

SEVGİ VƏ YAŞ: QARSİYA MARKESLƏ MÜSAHİBƏ
Söhbət
admin
Müəllif:
22:32, 01 dekabr 2022
2 728
2
SEVGİ VƏ YAŞ: QARSİYA MARKESLƏ MÜSAHİBƏ


 

 QABRİEL QARSİYA MARKES  artıq yeni romanının yarısını tamamlayıb və əsəri bitirdikdən sonra nə baş verəcəyini təxmin etmək elə də çətin deyil. O, təkcə 1982-ci il Ədəbiyyat üzrə Nobel Mükafatını yox, həmçinin ən son romanı olan  “Gözlənilən bir qətlin tarixçəsi”nin nəşrini də geridə qoyub. Bununla belə, oxucular 57 yaşlı müəllifə hələ də pərəstişkarlıq edirlər, səbəbi isə vaxtilə onu məşhur edən “Yüz ilin tənhalığı” kitabıdır. 

İndi öz həyatı da elə əsərlərinə bənzəyir - günlərini onlar kimi böyük bir diqqətlə planlaşdırır və dərdsiz-qəmsiz bir formada sona çatdırır. Yazı makinasında 6 saat işlədikdən sonra o, gününün qalan hissəsini kitab oxumağa və musiqi dinləməyə sərf edir. Və ya "tənqidçilərim, müdafiəçilərim və həmfikirlərim" adlandırdığı şəxslərlə - dostlarıyla, digər yazıçılar və siyasətçilərlə görüşür. 

Bəzən Markes doğulduğu yerdən çox da uzaq olmayan Kolumbiyanın Karib dənizi sahilində yerləşən Kartagenada qalır. Bu ərazi onun üçün ilham mənbəyidir, belə ki, bu yer vasitəsilə yazıçı öz təxəyyülünü əsərlərində təsvir etdiyi mif və lətifələrlə genişləndirə bilir. Lakin o, arvadı Mersedeslə həmişə dağlıq ərazilərə və Meksikaya qayıdır, burada öz bağçasındakı emalatxanasının (iş otağının) ona təmin etdiyi məxfilik şəraitində yazır. Fevralın sonlarında utancaq, lakin mehriban yazıçı ilə burada söhbət etdik. O, üzərində işlədiyi romanının qocalıq  mövzusu ilə əlaqəli olduğunu söylədi. Ondan bədii ədəbiyyatda qocalara olan münasibəti haqqında müzakirə aparmağı xahiş etdim. 

Marlizi Saymnz. 7 aprel, 1985-ci il. “Nyu-York Taymz” qəzeti.                        

                                       

                              Müsahibə

- Xoşbəxt bir sevgi hekayəsi yazırsınız... Qeyd etdiyiniz kimi, olduqca yaşlı iki insanın sevgi macərası...

- Bu sevgi hekayəsi oğlan və qızın çox cavan yaşlarında başlayır. Sonradan ayrılmalı olsalar belə, bu eşqi böyük bir həssaslıqla qoruyub saxlamağa nail olurlar. 80 yaşlarında isə məhəbbətləri yenidən canlanır.

Əslinə qalsa, bu hekayə ağlımdakı bir fikirlə, təsəvvürümdə canlanan bir obrazla başladı. Kitaba başlamaq üçün ehtiyacım olan əsas amil həmişə obrazdır, məzmun və ya süjet xətti deyil. Bu kitab üçün təsəvvürümdə ilk canlanan görüntü qayıqla qaçan xoşbəxt bir cütlüyün təsviri idi. Qayığın göyərtəsində rəqs edən xoşbəxt bir cütlük. Amma hələlik kitab haqqında danışmaq istəmirəm, çünki inanıram ki, bu mənə bədbəxtlik gətirəcək. 

- Həmişə demisiniz ki, yazıçı, ömrünün qalan hissəsini gəncliyi haqqında yazmaqla keçirir. Lakin indi özünüz həyatınızda hələ təcrübə etmədiyiniz bir dövrü yazırsınız.

- Bəli, razıyam. Amma bir yandan da gəncliyimdən bəri bunu həmişə eləmişəm. İlk iki kitabım (hər ikisi ABŞ-da seçmə hekayələr başlığı altında nəşr olunub) yaşlı insanlar haqda idi. “Yarpaq fırtınası” əsərimdə yaşlı bir kişi həyatda artıq nə edəcəyini bilmir və özünü asır. “Polkovnikə məktub yoxdur” əsərimdə də heç vaxt gəlməyən bir məktubu gözləyən qocadan bəhs edirəm. Digər əsərim olan “Yüz ilin tənhalığı”ndakı bütün o personajlar haqqında fikirləşəndə fərqinə varıram ki, deyəsən, həmişə özümdən böyükləri maraqla müşahidə etmişəm. Heç vaxt uşaqlar haqqında yazmamışam.

- Bəlkə, bunun səbəbi uşaqlıqda bir müddət nənə və babanızla yaşamağınızdır?

- Bəli, bunun ciddi təsiri olub. Onların necə danışdıqlarını, necə davrandıqlarını bilirdim deyə kitablarımdakı obrazlar üçün, əsasən, nənəmlə babamı nümunə götürürdüm. Personajların gerçək olduğuna əmin olmaqdan ötrü həmişə nənə və babama istinad edərdim. Məsələ burasında idi ki, böyüklərimin davranışlarını onların daxilində baş verənləri tam anlamadan əks etdirməyə çalışırdım.

Artıq qocalığın fərqinə varmağa başlayıram. Yazdığım bu kitab məni hər gün altı saat boyunca heç vaxt ciddi olaraq araşdırmadığım şeylər haqqında düşünməyə vadar edir: qocalıq, sevgi və ölüm. Ona görə də, üzərimdə təsiri böyükdür. Kitab yazarkən ona özünüzdən bir hissənizi qatırsınız, o isə sizi çoxlu düşüncələrlə baş-başa qoyur. Ölümün insanlara qocalıqda necə təsir etdiyini anlamağa çalışana qədər heç vaxt bu barədə belə ciddi düşünməmişdim. Personajlarımın heç vaxt ölməməsinə öyrəşmişdim. Onlar əbədi yaşayırdılar.

- Təbii ki, asılanlar, güllələnənlər və ya başqa üsullarla öldürülənlər istisna olmaqla.

- Bəli, zorakılıq yolu ilə ölənləri nəzərdə tutmuram. Onlar qocalıqdan ölməyiblər, qocalma prosesi olmayıb. İndi qocaldığım üçün, yaşın hisslərə necə təsir etdiyi ilə maraqlanıram, ən vacibi də elə budur. Seks məsələsinə gəldikdə isə, dəqiqliklə deyə bilmərəm, amma məndə belə bir təəssürat var ki, seks sən bitməsini istəmədikcə bitmir. İnsan cinsi əlaqədən imtina etmədikcə, o da insandan imtina etmir. Etməməli olduğunuz tək şey ona uzun müddət fasilə verməkdir, çünki sonra yenidən başlamaq çox çətin olur. Odur ki, siz həmişə mühərriki işlək vəziyyətdə saxlamalısınız. Bu, kitabda da toxunduğum bir məsələdir. Personajların neçə yaşda olması məni maraqlandırmır, əgər onlar mütəmadi cinsi həyata malik olublarsa, belə də davam edirlər. Bilmirəm, bu mənə məxsus bir fantaziyadır, ya yox. Amma ən azından xəbərim var ki, çox qoca yaşında dünyasını dəyişən babam hələ də bu baxımdan aktiv idi.

- Siz qocalıqla bağlı araşdırma aparmısınızmı və ya başqa yazıçıların ona necə yanaşdığı haqqında oxumusunuzmu?

-  Xeyr, iş üsulum belə deyil. Mən yalnız Simon de Bovuarın “Qocalıq” kitabını oxumuşam. Bununla da, çalışıram ki, yazı, təsəvvür və təxəyyül özü mənə qocalığın sir¬lərini desin. Xəyalıma gətirirəm ki, sonradan mütəxəssislər və ya qocalar özləri deyə bilər ki, bu belə deyil. Deməli, yazdığım mətn həyatdakı yox, kitabdakı qocalığın təsviri olmalıdır. 

Maraqlısı odur ki, Kolumbiyada kiminsə ''Yüz ilin tənhalığı'' əsərində təsvir etdiyim qocalıq haqqında araşdırma dərc etdiyini eşitmişəm. Özüm oxumamışam, amma mənə deyilənə görə, onu bir gerontoloq (İnsanın qocalığını və qocalmaya qarşı mübarizəsini araşdıran mütəxəssis) edib və o elə düşünür ki, əsərdə qocalığın izahı çox yaxşı verilib. Kitabı 38-40 yaşım olanda yazmışdım, yəni mənim üçün bu, sırf intuisiyadan ibarət idi.

Özümü ümumi bir mövzu üzərində işləməyə hazırlamağı sevmirəm. Ola bilsin, bəzi xırda məqamlarda kimləsə məsləhətləşməyə ehtiyacım olur. Düzünü demək lazımdırsa, ''Yüz ilin tənhalığı'' əsərini yazarkən Kolumbiyanın iqtisadi və sosial vəziyyəti haqqında heç bir məlumatım yox idi. Əslində əcnəbi banan şirkətləri ilə bağlı araşdırma apara bilərdim. Ancaq mən sadəcə bir neçə sual verməklə kifayətləndim və görün, sonda nə ilə nəticələndi. Bir dəfə mən 1928-ci ildə banan şirkətlərində baş vermiş tətil nəticəsində neçə adamın öldüyü ilə maraqlandım. Bu tətil həmin vaxt ümummilli skandala çevrilən bir hadisə olmuşdu. Dəqiq bilinməsə də, mənə ölülərin sayının on yeddi olduğu deyilmişdi. Lakin kitabım üçün cəmi on yeddi ölü bəs deyildi. Mənə qatarı doldurmaq üçün kifayət miqadarda ölü lazım idi, çünki istəyirdim ki, qatar bananlar yerinə meyitlərlə dolsun. Məsələ burasındadır ki, tarix cəmi on yeddi ölü ilə mənə qarşı çıxırdı. Bu say heç bircə vaqonu belə doldurmağa çatmırdı, ona görə də ölülərin sayını üç min elədim. Üstündən çox keçməmiş, hadisənin anım mərasimində kimsə öz çıxışında üç min soydaşının qətliamından danışırdı.

Demək istədiyim odur ki, mən tədqiqat aparmıram. Ümumiyyətlə, nəzəriyyəyə me-yil¬li deyiləm. Təcrübələrimin heç birini nəzəriyyəyə çevirməyi sevmirəm və ədəbiyyat nəzəriyyəsini də çox az oxuyuram. Amma təbii ki, kiminsə yazdığı bəzi epizodlara baxa və ya bəzi statistik məlumatları yoxlaya bilərəm.

- Simon de Bovuarın kitabından nə öyrəndiniz?

- Kitab təəccüblənməyimə səbəb oldu. Qocalıq haqqında araşdırma kitabıdır və özündə statistik məlumatları da ehtiva edir. Buna baxmayaraq, çox da müzakirə olunmayan bir cəhət məni maraqlandırır ki, o da yaşlıların cinsi həyatıdır. Kitabda isə, əsasən, buna dair statistikalar verilib. Məni narahat edənsə, qocaların cinsi fəaliyyətinə olan ikrahlı yanaşmadır. Başa düşmürəm, niyə belədir.

Elə kitabda üzərində işlədiyim mövzulardan biri də budur. Belə ki, oğlanın iyirmi iki, qızın on səkkiz yaşı olanda onlara evlənməyə icazə verilmir, bəhanə olaraq çox gənc olduqları deyilir. Sonralar onlar yenidən evlilik haqda düşünəndə kişi səksən iki, qadın isə yetmiş səkkiz yaşına çatmış olur, bu dəfə də onlara deyirlər ki, çox qocadırlar. Mənə elə gəlir ki, qocaların cinsi həyatına iyrənc bir şey kimi yanaşma meyli haqsızlıqdır. Şübhəsiz ki, cinsi həyatı olmayan bəzi yaşlı insanlar ölənə qədər masturbasiya edirlər.

Valideynlərimi kitab üçün nümunə götürmüşəm - tamamilə olmasa da, bir çox təcrübələr onlarınkıdır. Altmış illik evliliklərində on altı uşaqları olub. Hətta anamın qırx iki yaşından sonra da bir uşağı oldu. Yetmiş yaşlarından sonra aralarında nə baş ver¬diyini bilmək mənə həmişə çox maraqlı olub. Atam səksən dörd yaşında vəfat edib. Mənsə onunla bu barədə çox ümumi şəkildə danışmışam. Yəqin ki, özünüz də bilirsiniz, Latın Amerikasında bu mövzu ilə bağlı vəziyyət necədir. Bu haqda nə valideynlərinizə, nə də başqasına sual vermək asan məsələ deyil. 

- Kolumbiyada olduğunuz zaman hər gün valideynlərinizin evinə getməyi nə qədər xoşladığınızı söyləmişdiniz. İndi atanız yenicə vəfat edib (dekabrda). Onun yoxluğunun sizdə nəyisə dəyişdirdiyini düşünürsünüzmü?

- 13-14 yaşımdan bəri valideynlərimlə yaşamıram. Ona görə də özümü evdə həmişə qonaq kimi hiss etmişəm. Bu, atamın geridə qoyduğu boşluğun öhdəsindən daha yaxşı gəlməyə kömək edir. Həmişə evdə yaşamış bacı-qardaşlarım isə çox narahatdırlar. Çünki həmin ailədə ölən olmayıb - on altı uşaq, otuz dörd nəvə və on dörd nəticə - hamısı sağdır.

  Ailədən birinin vəfatı ölümün qaçılmazlığını bir daha xatırladır, lazımsız bir tələskənliyə səbəb olur. Təkcə valideynin ölümü yox, elə yaşlanmaq özü də bu tələskənliyə düşməyinizə səbəb ola bilir. Zaman keçdikcə sizə elə gəlir ki, daha sürətli işləməlisiniz. Və hər şeydən əvvəl, elə düşünürsünüz ki, sizə yararlı olacaq bir qocalıq dövrünə hazırlaşmağın vaxtıdır. 

- Bunu necə başa düşürsünüz?

- Mənim üçün yaza bilmək kifayətdir, yazmağı bacarıramsa, yüz yaşıma qədər faydalı ola bilərəm. Əsas hədəf aldığım anlayış məhz həyat məfhumudur, mən yaşadıqca bu məfhum da genişlənir.

- Yaşlanmaq haqqında çox düşünürsünüz?

- Deyəsən, artıq düşünməyə başlayıram. Əsas qorxum bədənin fəaliyyətini əvvəlki kimi davam etdirə bilməməsidir. Elə bir vaxt gələcək ki, pəhrizlər və ya idman heç bir fayda verməyəcək, bədən get-gedə zəifləyəcək. Artıq “heç vaxt” sözü ilə təsvir edilə biləcək yaş dövrünə keçdiyimi hiss edirəm: əvvəllər heç vaxt belə hiss etməmişdim, heç vaxt belə ağrı hissi keçirməmişdim, heç vaxt belə nəfəs almamışdım, heç vaxt gecələri dəfələrlə tualetə getməli olmamışdım, heç vaxt bu qədər tez oyanmamışdım.

  Amma ən maraqlısı insanın ürəyində baş verənlərdir ki, onlar hələ də sirr olaraq qalır. Bu kitabı yazarkən personajların necə davrandığını görmək mənə çox maraqlıdır. Sanki əsl araşdırmadır. Hətta deyərdim ki, romanı yazan onu təkcə sonda necə alı¬nacağını görmək üçün yox, həm də oxumaq üçün yazır. 

- İndiki iş üsulunuz gəncliyinizdəki iş rejimindən çox fərqlidir?

- Yazı prosesi əvvəlkindən olduqca fərqlənir. Gənc olanda sanki şeir yazırmış kimi yazırsınız. Düzdür, hər yazıçı fərqlidir, mən özümdən danışıram. İlham və onun verdiyi təkan sizi yazmağa vadar edir. O qədər şövqlü olursunuz ki, texnika ilə maraqlanmırsınız. Nə deyəcəyiniz və necə deyəcəyiniz barədə çox narahat olmadan, sadəcə sonda nəyi ortaya çıxardığınıza baxırsınız. Digər tərəfdən, daha sonra nə deyəcəyinizi və nə demək istədiyinizi dəqiq bilirsiniz. Və deyəsi çox şeyiniz var. Bütün həyatınız boyu uşaqlığınız haqqında danışmağa davam etsəniz belə, sonradan onu daha yaxşı şərh edə və ya heç olmasa, başqa cür təsvir edə bilərsiniz.

  Yaşlananda, ilham azalanda texnikadan daha çox asılı olursunuz. Əgər bu, yoxdursa, hər şey alt-üst olur. Şübhəsiz, get-gedə daha yavaş, daha diqqətli və, bəlkə də, daha az ilhamla yazırsınız. Bu, peşəkar müəllifin böyük problemidir.

  İyirmi yaşım olanda bir qəzet üçün gündəlik hekayələri və bəzən hətta bəzi tənqidi məqalələri də eyni gündə yazırdım. Sonra gecə hamı redaksiyanı tərk edəndə mən qısa hekayə yazmaq və ya roman üzərində işləmək üçün qalırdım.

  İlk hekayələrim arasında “Əyridimdiklərin gecəsi'' adlı bir hekayə var. Barrankiyada “La Kronika” adlı həftəlik ədəbi jurnalı nəşr etdiyimiz vaxt idi. Bir anda redaktor sonda iki səhifənin boş qaldığını gördü. Beləliklə, axşam oturub o hekayəni yazdım. Lakin hal-hazırda bunu belə bir cəldliklə etməyə qadir deyiləm. Hekayəni başdan-ayağa hazırlayıb ərsəyə gətirmək istəyirəmsə, bunun üçün ən azı iki-üç həftə vaxta ehtiyacım var. Daha da pisi, illər əvvəl on beş səhifəlik hekayə yazmalı idim və bunun üçün beş yüz vərəqdən ibarət bir paket kağız almışdım. Hekayəni bitirəndə cəmi on beş səhifə yazmaq üçün paketdəki vərəqlərin hamısını istifadə etmişdim.

  Üstəlik, həmişə gecələr yazır və siqaret çəkirdim. Gəncliyin mənfi cəhəti odur ki, demək olar, ancaq yorğun olanda yazmağa vaxt tapırsınız. Təkcə güzəranınızı təmin etmək üçün lazım olan hər şeyi etdikdən sonra yazmaq imkanı əldə edirsiniz. Sonra zaman keçdikcə daha çox püxtələşir və həyatınızı qaydaya salırsınız.

  Artıq qəzetdə işləmək məcburiyyətində qalmadığım və sadəcə yazmağa vaxt sərf etdiyim dövrdə səhərdən axşamacan masa arxasında oturub yazmaq mənə çox çətin gəlirdi. Sonra yaşlandıqca siqareti buraxmalı oldum. O vaxtadək siqaretsiz bir söz belə yazmamışdım. Ona görə də qarşımda iki seçim vardı: ya siqaret çəkməməyə alı¬şana qədər gözləməli idim, ya da dərhal siqaretsiz yazmağı öyrənməliydim. Cəhd etsəm də, çox çətin idi. Yalnız o zaman başa düşdüm ki, yorğun olduğum üçün yox, siqaretin təsirindən çıxa bilmədiyim üçün yazmağı dayandırmışam. O dövrə baxanda indi çox qocalsam da, özümü daha gümrah hiss edirəm.

  Mənim üçün gənclik və qocalıq arasındakı digər böyük fərq yaddaşdır. Gənc olanda hansısa əsər üzərində işləyərkən ağlıma gələn bütün fikirləri qeyd şəklində bir kənara yazmırdım. Düşünürdüm ki, əgər bu fikirləri unutsam, deməli onların heç bir əhəmiyyəti yoxdur, əgər onlar vacibdirsə, onsuz da yadımda qalacaq. İndi isə hamısını qeydə alıram. Düşündüyüm nəyisə yada sala bilməmək, deyəcəyim və ya oxuduğum bir şeyi harada oxuduğumu unutmaq, bir melodiyanı xatırlaya bilməmək məni çox narahat edir. Müəyyən bir yaşa çatdıqda adları, hadisələri unutmağa başlayırsınız. İnsanın öhdəsindən gəlməli olduğu əsas əzab məhz budur və heç də asan deyil. Bir çox əsər üçün xarakterik xüsusiyyətlər onun forması ilə bağlıdır, bu səbəbdən hansısa detal haqqında uzun müddət düşünə və ya o detala görə ümidsizliyə qapıla bilərsiniz. Buna görə də indi çoxlu qeydlər aparıram, gələcəkdə mənə lazım ola biləcək bir ifadə və ya fikri cızma-qara eləyirəm. Gördüyünüz kimi qocalmağın müsbət və mənfi tərəfləri var.

  Hərçənd bir məqam var ki, onu ancaq gəncliyinizdə eləməlisiniz. Bu da yazı texnikasını, sənət üçün gərəkli olan fəndləri öyrənməkdir. Çünki bunları gənc olanda öyrənməsəniz, qocalanda da öyrənə bilməyəcəksiniz.

- Nobel mükafatını aldıqdan sonra demişdiniz ki, uğur və mükafat yazmağı çətinləşdirən bir yükdür. Hələ də belə düşünürsünüz?

- Özümə məxsus bir zarafatım var ki, çoxdan məşhur olmuşam, amma heç kimin bundan xəbəri yoxdur. Xeyr, tanınmaq mənim üçün yük deyil. İndiyə qədərki iş prosesimə qeyd etdiyiniz ünsürlər təsir etməyib. Mükafatdan əvvəl bu kitab üzərində işləyirdim və hələ də yazmağa davam edirəm. Amma bu kimi şeylər insanın şəxsi həyatı üçün narahatlıq doğurur. Nəticədə çoxlu kənar müdaxilələrə, diqqəti yayındıran şeylərə və fasilələrə səbəb olur. Məsələn, tədbirlərdə iştirak etmək üçün mənə çoxlu müraciətlər olur, lakin bu, vaxt aparır. İnsanlar isə rədd edilməyi sevmirlər. 

  Ola bilsin, bunlar həddən artıq şöhrətpərəst olmaqdan irəli gəlir, amma mən həmişə bilirdim ki, şöhrət və onun gətirdiyi bu məsuliyyətlərlə nə vaxtsa üzləşməli olacam. Əsərlərimə olan bağlılığım həmişə çox dərin olub. Hətta jurnalistikada belə.

  İndi bütün qəzet hekayələrim, ümumilikdə on səkkiz yaşımdan bəri yazdığım hər şey Kolumbiyada qalıb. Onların altı cildi nəşr olunub, iki və ya üç cild də nəşr olunacaq. Kiminsə belə bir niyyəti olduğunu eşidəndə çox böyük bir təəccüb yaşamışdım. Lakin sonra anladım ki, onsuz da, bu, gec-tez həyata keçəcəkdi. Əks halda, mən ölənə qədər gözləyib sonra nəşr etdirəcəkdilər. Ona görə də düşündüm ki, ən yaxşısı buna nəzarət etməyimdir. Demək olar ki, o cildlərin hamısını oxumuşam və heç nə üçün peşmançılıq çəkməyimə ehtiyac yoxdur. Heç birində oxucuların çaşqınlığına səbəb olacaq təzadlı nəsə yoxdur. Amma həmişə bilirdim ki, nə yazsanız, o sizi öləndən sonra da təqib edəcək. Bəli, bu belədir. Deyə bilməzsiniz ki, bunu mən yazmamışam.

- Bəs şan-şöhrət daha böyük sıxıntılara səbəb olmadı?

- Məndən yazarkən indi əvvəlkindən daha çox qorxu hissi keçirib-keçirmədiyimi soruşa bilərsiniz. İş orasındadır ki, bütün ömrüm boyu yazmaq üçün qələmi əlimə aldığım andan etibarən qorxmuşam. 

- Hər gün?

- Bəli. Hər gün dəhşətli dərəcədə qorxu hissi keçirirəm.

- İndi yazdığınız kitabı nə vaxt başa vuracaqsınız?

- Bu yaxınlarda kimsə məndən bu dəfə Meksikada neçə gün qalacağımı soruşdu. “Neçə gün yox, neçə səhifə,” - dedim. Hələ kitabı bitirməyimə 180 səhifə qalıb. Bu da 180 gün deməkdir. Məncə, təqribi altı ay. 

- Aydındır. Bayaqdan sizin ta gənclikdən bəri qocalıq haqqında necə yazdığınızı, bu barədə nələr düşündüyünüzü müzakirə edirik. Bəs indi yaşınızın bu vaxtında heç uşaqlar haqqında nəsə yazmaq ağlınızdan keçirmi?

- Uşaq hekayələri yazmağa cəhd etsəm də, alınmadı. Bir dəfə yazdım və o vaxt çox kiçik olan iki oğluma göstərdim. Mənə geri qaytardılar və dedilər: ''Ata, sən elə bilirsən ki, uşaqlar, həqiqətən, axmaqdılar.''


Sevda Zülfüqarova

Azərbaycan Dillər Universiteti

Tərcümə fakültəsinin tələbəsi

                                                                          




Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (2)