Edebiyyat.az » Təqdimat » AZAD QARADƏRƏLİ - AĞRIYAN TƏRƏFİM ŞUŞANIN GENETİK KODU

AZAD QARADƏRƏLİ - AĞRIYAN TƏRƏFİM ŞUŞANIN GENETİK KODU

AZAD QARADƏRƏLİ - AĞRIYAN TƏRƏFİM ŞUŞANIN GENETİK KODU
Təqdimat
admin
Müəllif:
20:06, 29 iyul 2024
651
0
AZAD QARADƏRƏLİ - AĞRIYAN TƏRƏFİM ŞUŞANIN GENETİK KODU




    ŞUŞANI GÖRMƏDƏN ÖLMƏK VARSA, LƏNƏT OLSUN O ÖLÜMƏ!


    1987-ci ildir. Zəngilandakı Çöpədərə 8-illik məktəbində direktor işləyirəm. Az sonra partiya tapşırığı kimi (yenicə Sov.İKP sıralarına qəbul olunmuşam) Bilik cəmiyyətinə məsul katib işinə çağırdılar. İdarə raykomun binasında olduğundan partiya komitəsinin işçisi sayılıram.  Maaş azdır deyə, şəhər 3 saylı məktəbdə dərs də deyirəm. (İdeoloji katib eyhamla deyir ki, dərsi neynirsən, biz səni bura gətirmişiksə, yaşatmağın yollarını da göstərəcəyik. Bu xanımın nəyə işarə vurduğunu yaxşı bilirəm. Amma allah şahiddir ki, o yollara heç baş vurmadım.)  Bir il sonra rayon qəzetinə redaktor müavini vəzifəsinə keçirdilər...

    Bu illərdən yadımda çox kədərli bir əhvalat qalıb...

    ... Gərək ki, 89-cu il idi. SSRİ Ali Sovetinə seçkilər olmalıydı və Moskva tərəfindən Dağlıq Qarabağda Xüsusi İdarənin rəisi təyin edilmiş Volskini bizim zonadan deputatlığa namizəd vermişdilər. Mən də rayon qəzetində redaktor müaviniyəm. Bilirdim ki, şuşalılar bu ermənipərəst adamın əlindən yanıqlıdır. Hətta açıqca erməniləri müdafiə edir. “Bəs niyə biz bu adama səs verməliyik?!” sualı içimi quduz it kimi gəmirir. Hətta onun əleyhinə bir sərt yazı yazsam da, nə işlədiyim öz qəzetimizdə, nə də Bakıdakı qəzetlərdə çap etdirə bilmədim.

              İclasların birində söz alıb çıxış etdim və Volskinin əleyhinə kəskin danışdım... İki gün sonra Şuşaya gedən nümayəndə heyətinin üzvü kimi avtobusa minərkən (orada Volski ilə görüş olacaqdı) mənə bildirildi ki, son anda tərkibdə dəyişiklik edilib... Beləcə, lənətullah Volskinin ucubatından mən Şuşanı görmək fürsətini itirdim... Amma o görüşə gedənlər nənki Şuşanı gördülər, hətta Volskiyə çəpik də çaldılar... 

           İndi 2024-cü ildir! Şuşa azaddır. Ordumuz, əsgərimiz, uca məqamlı şəhidlərimizin qanı bahasına Şuşanı azad edib! Yazıçıları dəstə-dəstə Şuşanı görməyə aparırlar. Təbii, mən o yazıçıların dəstəsində yoxam! Məni aparmazlar...

          Amma... Mən Şuşanı görmək istəyirəm, qardaşlar! Ona görə də yazmışam:”Şuşanı görmədən ölmək varsa, lənət olsun o ölümə də, ölümsüzlüyə də!” 


    “ŞUŞA ADLI QIZCIĞAZ”


             O hadisədən illər ötüb. Şuşa işğal olunub, otuz ilə yaxın düşmən tapdağında qalıb... Və mən o illər ərzində Şuşa haqqında bir neçə hekayə, bir roman (“Erməni doktorun gündəlikləri və Qarabağın qara hekayətləri”) yazmışam...

    İçimi yandırıb yaxan “Şuşa adlı qızcığaz” hekayəsindən bir parça...

    “...92-ci ilin buludlu günü. May gəlsə də, sazaq adamın iliyinə işləyirdi. Təhsil şöbəsindən hansısa sənədi almaq üçün rayon mərkəzinə gəlmişdim. Avtovağzalda köhnə dostumla rastlaşdım. Onun üzü daha buludlu idi. Məni görəndə buludlar bir az da sıxlaşdı. 

    -Nə olub? Çoxdandı görüşmürdük... İstədim səni Dağüstü parka yeyib-içməyə dəvət edim... Sən isə...

    O heç dediklərimi eşitmirdi. Üzündəki anlaşılmaz ifadə axır ki, oxundu:

    -Şuşa bu gün işğal olunub... Qaçqın karvanı Ağalı-Məmmədbəyli səmtinnən yollara düzülüb...

    -Nə?! – Bunnan başqa söz tapa bilmədim. Elə bil Şuşa kiçicik “nə” kəlməsindən asılı idi. 

    Onun maşınına əyləşib Həkəri yoluna endik. 

    Elə ilk gördüyümdən içimdə nəsə qırılıb töküldü. Şuşa boyda şəhər bir yola sığmışdı. Yük maşınlarına, avtobuslara,  özüboşaldan maşınlara, lafet qoşulmuş tarktorlara və minik maşınlarına qalaqlanmış qaçqınlar kütləsi  magistralı qapsamışdı. Və nədənsə yaranan tıxac  maşınların hərəkətinə mane olurdu. Ölü düşüncə ilə bu köməksiz insanlara baxandan sonra bir maşında 6-7 yaşlarında qız uşağının bərkdən cikkildəyərək ağladığını, nəhayət hiss edə bildim. Maşına sarı boylandım. Orta yaşlı qadın (yəqin anası idi) qızcığazı çətinliklə maşının banından endirdi. Ora-bura boylanıb dalda yer gəzdi ki, qızcığazı çiş tutsun. Dalda nə gəzirdi? Yolu qaçqınlar, yolun sağ-solunu isə onlara tamaşa etməyə gələn yerli adamlar tutmuşdular. Əlacsız qalan qadın uşağı elə endikləri maşının təkərinin arxasına çəkdi, “ay allah keç günahımnan” deyib tumuşuna aşağı dartdı. Bu vaxt qızcığaz daha bərkdən qışqırıb tumuşunu yuxarı çəkdi. 

    Gördüyüm mənzərədən içim dağılmışdı. Nəsə etməli idim. Amma nə? Və dostumun maşını yadıma düşdü. Qadını çağırıb bir az aralıdakı maşınımızı göstərdim. O, körpəni maşının böyrünə çəkdi. Uşaq ora-bura boylanıb aşağı əyildi...”

 

    MƏNİM ŞUŞA HƏSRƏTİMİN SİRRİ, YAXUD GENETİK KOD


    Hə. Gəncliyimdə tay-tuşlarım Yesintukiyə, Kislovodska, ən azı Şuşanın Turşsu sanatoriyasına-zada dincəlməyə gedər, qayıdandan sonra bu sanatoriyada müalicə aldıqlarından, illah da bazlıq etdiklərindən ağızdolusu danışardılar...

    Mən isə ailəmizin bəzi problemləri ilə (xüsusilə xalamgilin ailəsində baş verən faciələrlə) bağlı, bir də boş vaxt tapan kimi qapını bağlayıb hekayə yazdığıma görə, belə yerlərə gedə bilmədim. Amma Kislovodsk-filan o tərəfə, mən Şuşaya daim can atmışam...

    Fəqət tək bir dəfə real vəziyyət yaranmışdı ki, onu da Volski əlimdən aldı...

    Amma it oğlu təkcə o imkanla kifayətlənmədi ki...

    O və onun havadarları sonralar Şuşanın özünü də bizim əlimizdən aldı və mən Şuşanı görmək istəyindən birdəfəlik məhrum oldum...

    Bəs nə idi məni Şuşaya belə şövqlə çəkən?

    Əlbəttə, gözləyirsiniz, indi yazacam ki, “Qarabağın zümrüd tacı”, “musiqimizin beşiyi”, “Qarabağın konservatoriyası” olması... və bu kimi pafoslu sözlər...

    Yox... 

    Təbii ki, o pafoslu sözlər hamı kimi məni də yandırırdı. Amma mənim Şuşa həsrətimin içində bir sızıltılı genetik kod vardı...

    Bu yazının yazılma səbəbi də o koddadır...


    NƏNƏMİN, BABAMIN ŞÜŞÜ QALASI


    “Bizim bir yanımız Şüşü qalasınnan gəlmədi... Niyə, gəliplər, nə təhər gəliplər, day bının təhrin-töhrün bilmirəm... Bildiyim odu ki, mənim dədə tərəfim... Muğədəm Baharlısında bir tayfa vardı ki, onnara bizdə Bəylik derdilər... Çinili tayfasının bir qoluydu Bəylik. Bax, Əsdan məllim vardı ha, Baharlı məytəbinin müdürü, o qoltuq ağacıynan gəzən kişi... bax, onun tayfasıydı Bəylik... Hamısının da familləri Vəliyofdu... Əsdan Vəliyof, Xosdan Vəliyof... Xosdanı ki tanıyırsan? Bakidə corafiya alimiydi-nəydi bilməm...”

    “Bizim APİ-də dərs deyən Xosrov müəllimi deyirsən?” – mən dillənirəm.

    Nənəm bir an dayanır, üzümə baxmadan əl iyini çevirib fırladır, əlçimi iyin başındakı ipin ucuna ötürüb iyi təkrar fırladır:

    “Nə? Xosrof? Yəqin orda, Bakidə dəyişib heylə eliyiblər... Onun adı əslən Xosdandı... Hə, bax o Bəyliklərin dədə-babası Şüşü qalasınnan gəliplər Muğədəm Baharlısında yerləşiblər... Baharlı məçidinin axundu əmim Molla Ağadan eşitmişəm… Bax, göz işlədihcə uzanan o Dəvə yatağındakı sulu torpaxlar, Düzdər deyilən yonca yeri, Şıxılcan tərəfdəki bağ-bağat, Muğadəmdəki, Halallıcadakı, Çöpədərənin böyür-başındakı dəmyə torpaxlar hamısı onnanrınkıydı... Mənim dədəm Səfərin, qardaşları Molla Ağanın, din alimi Mirzə Əsədullanın ana nənələri Mələynisə o Vəliyofların nəslinnəndi, yanı ki, Bəyliydəndi... Hə, bizim də bir yanımız Şüşü qalasınnan gəlmədi...”

    (Sonralar o vaxtkı Lenin adına APİ-də oxuyanda coğrafiya fakültəsində dərs deyən Xosrov Vəliyevlə söhbət zamanı Baharlı kəndinin Şuşadan köçüb gəldiyini və bunun səbəblərini soruşanda təəccüblə mənə baxıb dedi:

    “Sən bunları hardan bilirsən? Bu mövzu tabudur. Bizim ailədə bu barədə danışmağı sevmirdilər. Böyük qardaşım Aslan deyirdi ki, nəslimizin başı belə söhbətlər ucubatından həmişə ağrıyıb… Sən də belə söhbətləri başqa yerdə eləmə… Bilirsən də, KKB marığa yatıb… Get, dərslərini oxu… Qəzetdə hekayəni oxuyub, sevindim. Malades! Belə işlərlə məşqul ol… O Şuşanı, Qalanı-filanı unut getsin…”)

    Bunları danışanda hələ nənəm canısuluydu, ağlı başındaydı. Axı onda nə Zəngilan, nə Qaradərə, nə Muğadəm Baharlısı, nə də nənəmin bir yanı olan Şüşü qalası işğal olunmamışdı...

    ...Zarafata salardım. Nənəmin Bəylik tərəfinə, Şüşü qalası tərəfinə sataşardım:

    “Nənə, Baharlı bəylərinə niyə quru Bəy deyirlər?”

    Arvad əvvəl hirslənərdi, üstümə cocuyar, püsdən-təvərədən çıxar, acıqlı-acıqlı nələrsə gumuldanar, kimlərin qarasınasa dilinin altında deyinər, handan-hana özünə gəlib deyərdi:

    “Sovet höküməti gələndə tutduğun tutdu, asdığın asdı, kəsdiyin kəsdi... Bəyliyin də adı qaldı... Hanı, heç adı da qalmadı ki... Lağ-luğaz yeti oldular... Ağzıynan orasının yerin bilmiyənnər onnarı doladılar, “quru bəy” dedilər... Sən bını yazıb eləmə haaaa!..”

    Birdəncə nənəm iyini, yumağını, yununu yığışdırıb, bayaqdan şirin-şirin başladığı söhbəti yarıda kəsər, qanıqara halda məndən aralanardı...

    Bir də onun boş damarını haçan tutacağımı gözləyə-gözləyə qalardım...

    ...

    Səkkizdəmi, doqquzdamı oxuyurdum, bilmirəm. Nənəmlə babamın özlərini günə verərək baş-başa qabırğa söhbətlərinin şahidi oldum:

    “Məmmədqulu, yadındadı Şüşü qalasına səni yolladığımız?”

    Kişi müştüyünün deşiyini kibrit şöpyünən təmizləyə-təmizləyə “niyə yadımda dəyil, elə bil dünəndi” deyib, Avrora siqretini müştüyə keçirərək yandırdı.

    Amma onların söhbətindən qabaq gərək “Qaçaq Fərzalı” tarixi-bədii oçerkimdən (eyni zamanda “Cəbrayıl əfsanəsi” romanımdan) bir parçanı sizə təqdim edim ki, hər şey aydın olsun...


    ANA BABAM MƏMMƏDQULUNUN ŞUŞA SƏFƏRİ

    

           “...Qaçaq Fərzalı bir müddət, yəni ara sakitləşənə qədər Cənubi Azərbayjanda qaldı. Üçdibində, Buyduzda, Ozanda gəzib-dolandı, qaçaq dostlarının qonağı oldu. Əslən Şuşa şəhərindən olan, İrandan qaçaq malı gətirib Arazboyu kəndlərində satan, qumarbazlıqda ad çıxarmış Qalalı ləqəbli dostu Cabbarla Üçdibində görüşdülər. Fərzalı, onsuz da, hər həftə Araz qırağına gəlib kənd-kəsəkdən xəbər tuturdu. Amma hər halda Qalalının xəbərlərini həyəcanla dinlədi:

        - Fəzi, dünənki ac-yalavaclar, onun-bunun qapısında burnunun suyunu axıdannar istol başına keçib, urus hökumətinin sağ əli olublar. Sənin  o bacın oğlu Məmmədqulu da onnara işdiyir. Oddan kül törəyib…

         - Bizim qız-gəlinə, nəsil-nəcəbətə toxunub- eləyən yoxdu ki? Soruşdurma- filan yəni? 

         - Yox,  allah eləməsin, Fəzi! Sənin nəfəsin olan yerdə pis niyət olmaz ki… Ay Fəzi, bir söz demək istiyirəm axı?

        - De görüm…

        - Qorxuram e…

        - Di zəhləmi tökmə, tez ol, de görüm nə istiyirsən?

        - Fəzi, bacın qızı Şamama ərinnən ayrılıb, onsuz da… Deyirəm,  qızı da danışdırıblar, deyib dayım gələr, sohra…

          Rəngi saralmış qalalının səsi titrədi. Fərzalı özü kimi qorxmaz adamları xoşlayırdı. Bu Qalalı da indi xoşuna gəldi. Cibindən bir qəhvəyi rəngli gülməxmər parça nişanası çıxarıb verdi Qalalıya.

        - Bını  verərsən Məmmədquluya, amma adam içində vermə. Biləcək nə deməy istədiyimi. Sohra bir top parça apararsan, bizim nəsildən olan qız-gəlinə verər Məmmədqulu. Çox səs-küylü yox, yığcam bir nişan eliyin. Toyu özüm gələndə eliyərik.

           Qalalı gülməxmər parçasını düyünləyib cibinə qoydu və Araz qırağındakı palaya yaxınlaşdı. (Pala Arazdan adam adladanların dəzgahına deyirdilər. Üfürülmüş keçi dərisindən düzəldilən palaya yük də yükləyirdilər...)

    Üstündən beş ildən çox vaxt ötüb. Qaçaq Fərzalı güllələnib. Şuşada ərdə olan Şamama xəbər göndərib ki, can üstəyəm, gəlin, məni elimə aparın, orda ölüm...

    İndi Fərzalının bacıları Şahnisə, Gülnisə, Gülşəkər (Pakizə vəbadan vəfat etmişdi), qızları Tavar, Naran, Təzəgül, bacısı qızları İzafə, Zəhra, Bənövşə Məmmədqulunun üstünə gəlib ağlaşır, Şamamanı dardan qurtarması üçün ona yalvarırdılar...

    “Bir at kiraladım, gedib Şamamanı Şüşü qalasında naçar halda tapdım. Gövhərağa məçidinnən bir xeyli aşağıda idi evləri. Sill azarına tutulmuşdu. Oğlu Xəlili də əlinnən almışdılar... Mindim ata, xalam qızını da aldım tərkimə. Dedim, ey yerin-göyün sahibi, ey dayım kimi azireyil zəhmli  kişini əlimizdən alan allahım, sən bu Şura hökümətinin acığına, maa güc-qüvvə ver, bu kəsiyimi yad diyardan vətənə aparım çıxardım, yolda ölməsin...

    Neçə gün, neçə gecə yol gəldik. Axırı bir gün gördüm Zəngilanın başının üstündəki Gəəndiyik... 

    Su yoxdu. Torpaxnan təyim eliyib, namaz qıldım, allahıma şükür eliyib gəldim çıxdım el-obamıza... Şamama da allahın köməyiynən, ölmədi, azdan-çoxdan yedi, el-oba havasın udu, maçıxlandı, oldu həmənki gözəllər gözəli Şamama... Məşədi Müslüm adlı bir kişiyə ərə verdik, iki oğlu oldu... İndi ay İzafa, Şüşü qalası bizim bir yanımız olsa da, oranın Baharlısıynan qanımız qarışsa da, mən Şamamanı ki o halda görmüşdüm, vallah o şəhərin hatay-matayı gözümnən düşmüşdü... Amma neynirsən, hər Qala adı gələndə, hər qalalı görəndə bağrımın başı sancır...”


    SƏTTAR KİŞİNİN İSA BULAĞINDA ŞƏKİL ÇƏKDİRMƏYİ


    “Bir axşam xalam Şahnisənin oğıu Səttar bizə gəldi. Pambıx məntəqəsində piryomda dururdu, əli istiydi. Cibinnən bir şikil çıxardıb maa uzatdı, dedi, ə, Məmi*, Qalıya getmişdim axı... Ordakı Turşsu sanatoriyasında bir həftə qaldım... Bu şikili də İsa bulağında çəkdirmişəm...”

    Alıb şəkilə baxdım, ah çəkdim. Dedim, ə, Səttar, de görüm Şüşü qalasına gedəndə yolun sağındakı Baharlı kənini gördünmü? Bax, bizim bir yanımız, o kənddən gəlmədi... Muğadəm Baharlısındakı Bəyliklərin əsli oralıdı... İzafanın ata nənəsi, mənim də atamın anası o qoldan gəlmədi... Baharlıdakı Vəliyeflər, bir az da Çinili tayfasınnan olanlar Şuşa Baharlısınnan gələnlərin törəmələrinəndi... Elə sənin arvadın da çinililərdəndi dayna...

    Belə deyib, hönkürdüm. Şamamanı nə təhər Qaladan gətirdiyimi xalam oğluna danışdım. Onu da ağlamaq tutdu. Boynuma sarılıb hönkürdü...”

    (Zəruri qeyd: gün gələcək, 2024-cü ildə mənim 70 yaşım olacaq və haqqımda çıxan 600 səhifəlik “Azad Qaradərəlinin söz aləmi” kitabında bir çox adamlarla bərabər, Səttar kişinin o şəkili də yer alacaq.)

    Bəs babam Məmmədqulunun, nənəm İzafənin, onların dayısı Qaçaq Fərzalının doğulduqları Qaradərədəki - Taydolaq Bagarlıdakı bəzi tayfaların, habelə Muğadəm Baharlısındakı Bəylik deyilən, soyadları Vəliyev olan nəsillərin Şuşadan (indi də bu soyadda adamlar var o kənddə, amma mənim soyadım Vəliyevin bu məsələyə dəxli yoxdur, çünki mənim ata tərəfim olan Vəliyevlər köklü-köməcli qaradərəlilidirlər, baharlılarla qız-alıb, qız vermək kimi qohumluqları vardır, sadəcə), daha doğrusu Şuşanın Baharlı kəndindən Zəngilandakı Baharlı kəndlərinə** gəlmələrinin səbəbi nə olub?

    (Bunun səbəbini, o məşum kodu burada qısaca anladım, sonra faktlara keçərik. Demək, Ağa Məhəmməd Şah Qacar 1795-ci ildə Şuşanı mühasirəyə alanda İbrahim xandan üç adamı girov qismində istəyir: əmisi oğlu Batmanqılınc Məhəmməd bəy Cavanşir, digər əmisi oğlu Əbdüssəməd bəy və vəziri Mirzə Vəli Baharlı...

    Təbii ki, Məhəmməd  bəy Cavanşiri verə bilməzdi, çünki o xanın həm də ordu başçısı idi. Əbdüssəməd bəylə Mirzə Vəli Baharlını isə verməli olur. Şah onları götürüb İrana dönür. 

    Bunun adı girov olsa da, hər iki zata hörmətlə yanaşılır, onlarla bərabər aşpazları, digər xidmətçiləri, hətta silahlı qoruyucuları da Tehrana gedir.

    Aradan müəyyən müddət keçəndən sonra bir gecə Mirzə Vəli Baharlı rəml atır (o, rəmmal kimi, öncə görən kimi də məşhur idi) və Əbdüssəməd bəyə təşviş içində deyir ki, sabah bizi edam edəcəklər. 

             Bəy deyir, gəl qaçaq. Mirzə qəbul etmir və deyir ki, mən yaşlı adamam, yolda ölərəm. Sən get.

    Beləcə, Əbdüssəməd bəy öz silahlıları ilə gecə ikən qaçır.

             Demiyəsən, Rusiya-Qarabağ münasibətlərindəki isinmə şahı qəzəbləndiribmiş və doğrudan da, girovları edam etmək əmri veribmiş.

    Səhər Mirzə Vəlini topun ağzına qoyub atırlar. Əbdüssəməd bəy isə yolda aldığı güllə yarasından ölür...

    İbrahim xan bu əhvalatdan qorxuya düşərək onun ucubatından həlak olmuş bu adlı-sanlı adaların qohumlarının ona müxalif olacağından əndişə duyur və Əbdüssəməd bəyin qardaşı uşaqlarını, qohumlarını (bəyin övladı yox idi), Mirzə Vəlinin də oğlu Mirzə Haşım Zərrinqələmi və yaxın ətrafını Ağdama, Zəngilana sürgün edir. Buralarda onlara çoxlu torpaq sahəsi və kəndlər bağışlayır.

    Əbdüssəməd bəyin qardaşı oğlu Behbud bəyin oğlu məşhur şair Məhəmməd bəy Aşiq Zəngilani, onun da oğlu Əbdüssəməd bəy (həmin Əbdüssəməd bəyin adlısı), onun da oğlu Xosrov Cavanşir idi. Bu barədə mənim “Aşiqlər” kitabımda daha ətraflı məlumat var.)

    “Qarabağnamə”lərdə  və mənim kitablarımda yuxarıda yazılanlar haqda ətraflı məlumat verilib.  Bir də ki, mən “Kuma-Manıç çökəkliyi” və “Şüşə ev”  romanlarımda da bu məvzuya toxunmuşam. “Aşiqlər”dən parça:

    “...Məhəmməd Bəy Aşiq haqqında Firudin Bəy Köçərlidən sonra ən geniş tədqiqatı mərhum akademik Feyzulla Qasımzadə aparıb. O, “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi» (Bakı, Maarif nəşriyyatı, 1966, səh. 50-51) kitabında yazırdı: “Zakirdən sonra Qarabağda Vaqif şer üslubunu davam etdirən şairlər içərisində əsas yeri Məhəmməd bəy Aşiq tutur. O, 1776-cı ildə Zəngilan kəndində bəy ailəsində anadan olmuşdur. Atası Behbud bəy Qarabağda məşhur olan Cavanşir nəslindəndir. Buna görə də o, bəzi mənbəələrdə Məhəmməd bəy Cavanşir Zəngilani ləqəbi ilə qeyd olunur”.

            Bir haşiyə. “Qarabağnamə” lərin əksəriyyətində Cavanşirlərin bu qolundan, yəni Məhəmməd bəy Aşiqin ata-babalarından, onların başına gələnlərdən bəhs olunur. Mirzə Camal Cavanşir Qarabaği (1773-1853-cü illərdə yaşamış və İbrahim xanın vəziri olmuşdu) özünün “Qarabağın tarixi” əsərində yazır:

 “… İbrahim xan girov adı ilə şirin dilli, bacarıqlı bir şəxs olan Mirzə Vəli Baharlı ilə birlikdə əmisi oğlu Əbdüssəməd bəyi Ağa Məhəmməd Qacarın yanına göndərdi. Şah da onlara olduqca hörmət edib, öz yanında saxladı… İbrahim xanla Qacarın arasını poza biləcək bəzi işlər üz verdi. Əbdüssəməd bəy Mirzə Vəli Baharlı ilə bir neçə nökərini götürərək Kirmandan qaçdılar… Atlı və piyadalar Qızıl Özən çayının kənarında yolun üstünü kəsib Əbdüssəməd bəylə vuruşdular. Əbdüssəməd bəy güllə ilə dizindən yaralandı. Onu yoldaşları ilə bərabər tutdular… Əbdüssəməd bəy həmin yaradan orada vəfat etdi”. 

           Əhməd bəy Cavanşirin, Mir Mehdi Xəzaninin, Rzaqulu bəy Mirzə Camal oğlunun, Mirzə Rəhim Fənanın, Baharlının (Mirzə Vəli Baharlının nəvəsi) “Qarabağnamə”lərində bu mövzuya toxunulmuşdur. Baharlı “Əhvalati-Qarabağ” əsərində yazır: “…Bir də bu günə zülmlərə bizim familyamız binəva Mirzə Vəli giriftar olub. Sinninin çox vaxtında bigünah və bitəqsir. Belə ki, İbrahim xan nə məsləhətdən ötrü Mirzə Vəli Baharlını və öz əmisi oğlu Əbdüssəməd bəyi İran padşahının yanına göndərmişdi. Bir neçə ay Şiraz şəhərində padşahın yanında qalıblar. O vaxt paytaxt İranın Şiraz şəhəri imiş. Qərəz, İbrahim xan ilə İran dövləti arasında nə güftəgü var imiş, bilmirəm. Amma bu “Əhvalati-tarixi-Qarabağ”da  yazıblar: həmin İran dövləti bu fikrə düşübdür ki,  İbrahim xanın göndərdiyi elçilərin hər ikisini top ağzına qoydursun. Əbdüssəməd bəy belə tədbir edib ki, qaçsınlar. Mirzə Vəli razı olmayıb ki, qaçmaq nahaqdır. Səbr edək görək ki, işin axırı nə tövr olacaqdır. Əbdüssəməd bəy qəbul etməyib, iki nəfər nökərlər ilə qaçıblar. Elə ki, sabah olub, biçarə Mirzə Vəli babamı top ağzına qoyublar və Əbdüssəməd bəy ələ düşməyib, qaçıbdır. Bu işi edəndən sonra peşiman olub. Əbdüssəməd bəy gəlib Apaz çayının o tərəfindən görüb bir ovçu bir dağ keçisi çiynində gedir. İstəyib o keçini ovçudan alıb kabab edələr. Ovçu çəkilib meşəyə. Güllə atıb Əbdüssəməd bəyi öldürüb və nökərlər meyitin o tərəfdən götürüblər Qalaya. İbrahim xan bu əhvalatdan çox təəssüf edib. Çünki o vaxt o qədər kamil adam yox imiş. Xana müqərrib olan adamlar və İbrahim xanın iltifatı olanlar bunlar imiş: Molla Pənah, Mirzə Vəli və Əbdüssəməd bəy və Batmanqılınc Məhəmməd bəy. Qərəz, İbrahim xan Əbdüssəməd bəyin övladının barəsində pənahlıq edibdir ki, məlumdur. Mirzə Vəlinin də iki nəfər oğlanların götürüb atalarının yerində təyin edibdir. Biri Mirzə Haşım və birisi İbrahim bəy. Mirzə Haşım atasından artıq sahibi-kamal olmağa görə həmişə iltifatı olurmuş və ləqəb ilə adlandırılıb Mirzə Haşım Zərrinqələm demişlər. Bunlara güzaran etməkdən ötrü Zəngəzur uyezdində Mehri mahalında neçə para kəndlər vagüzar edir, hansı ki, Baharlı, Qaragözlü və Şapıqlı və Çöpədərə neçə ildir, bədbəxtlik olub, dolaşır. Allah haqqa kömək etsin”.

           Baharlının “İbrahim xan Əbdüssəməd bəyin övladlarının barəsində pənahlıq edibdir ki, məlumdur” deməsi, Əbdüssəməd bəyin qardaşı oğlanlarına Qarabağdakı, Zəngəzurdakı mülkləri verilməsini nəzərdə tutur. Vərəndə, Qağarza, Qaradağlı, Barabatın, Ağdülü, Kəbirli, Üçoğlan, Behbudbəyli, Ağadü, Rəbənd, Tərəkəmə (sonradan Məmmədbəyli) və sair kəndlərə sahiblik etmələrini göstərmişdir. Məhəmməd bəy Vərəndə və Kəbirli mahallarındakı mal mülkünü qardaşı Böyük bəyə bağışlayaraq Zəngilan kəndinə köçüb...”

    Mənim “Aşiqlər” kitabım əsasında Az.Tv-nin Telefilm yaradıcılıq birliyində sənədli film də çəkilib ki, yotubedə olmalıdır. Bu da linki: (https://www.youtube.com/watch?v=VDH9RmZv04M&ab_channel=YAF%C6%8FTXEYIROV)



                     MƏN ŞUŞANI GÖRMÜŞƏM!!!


    Yazıçı taleyimdən çox razıyam. Hər zaman elə şeylərlə qarşılaşdım ki, ürəyimdən keçənlər özü ayağıma gəldi. Mən ömrüm boyu Şuşanı görmək istəməmişəmmi? İstəmişəm.

    2018-in sonları idi. İki il əvvəl Türkiyədə çap olunmuş “Süt gölü” hekayələr kitabımın təqdimatına, onların dilincə desəm, fuara getmişdim. Burada nələr oldu, nələr! Bax, mən Şuşanı İstanbulda gördüm! 

    Necə? İndi kitabdan oxuyacağınız “Müəllifdən” parçası bu barədədir...

    “...Demək, fuarda tanış olduğum naşirə türkcəyə çevrilmiş romanımdan bəhs edəndə “Ver bakalım, belki ilgimizi çekdi, basdık” dedi. Mən də axşam qaldığım evdən internet üzərindən romanımın vörd variantını onun elektron ünvanına atdım. Bir saat sonra cavab gəldi ki, aldım. Sonra da yazdı ki, əgər üç gün İstanbulda qalsan, sənə bir xəbər verə bilərəm. Yəni çap olunub, olunmayacağı xəbərini...

    Üç gün deyil, dörd gün sonra məni nəşriyyata çağırdılar. Naşir məni görən kimi ayağa qalxıb ikiəlli görüşüdü və gülümsündü:

    -Hocam, tebrik ediyorum! Romanınızı okumuşlar ve yakın zamanda, üç, yahud dört ayın içerisinde basacağız... Malum kirize göre bu süre uzana da bilir...

    Çox sevindim. Süzdükləri az şəkərli qəhvədən içə-içə bir xeyli söhbətləşdik. Naşirin önümə qoyduğu müqaviləni (onlar “sözləşmə” deyirlər) ötəri oxuyub imzaladım. Yenə ordan-burdan danışırdıq ki, naşir “ha, iyi ki, unutmamışım” deyib bir qovluğu mənə uzatdı. “Hala burdasınızsa, bir bu dosyaya bakardınız... Karabağdan yazıyor... Bir ermeni doktorun günlükleridir. Bizim türkceye çevirmişler. Ama ben şunu basmağa tereddüd ediyorum da... İyi para veriyorlar... Bak, senin romanını biz basacağız, amma bunlar kendi paraları ile basmak istiyorlar... Suriyadakı karmaşadan sonra bu kitapın yazarı bombalı saldırıda ölmüş, oğlu  suriyalı mültecilerle buraya gelmiş. Bunu da bize o getirmiş... Bir bakın, bunu bassak, azeri kardeşlerimiz bize kızmaz ki?..”

    Elə oradaca qovluqdakı makina səhifələrini vərəqlədim. 200 səhifə idi və ilk beş səhifə maraqsız olsa da, sonrakı səhifələr məni tamam əydi. Bu adamın yazdıqları tam tamına bizim Qubadlı və Zəngilan bölgəsindən idi. Mənim rayonumu məndən yaxşı təsvir etmiş!?.

    Naşir dostum, əlbəttə yeni tanıdığı bir yazıçıya bu “dosya”nı etibar edib verməzdi oxumaqçün. Vermədi də. Amma telefonla səhifələrin şəklini çəkməyə razı oldu...

    Axşam otele dönən kimi ilk işim bu erməninin gündəliyini oxumaq oldu. Telefonumun yaddaşına düşmüş səhifələr tam oxunmurdusa da, mən onları bərpa edə bilirdin. Oxuduqca  sarsılır, amma oxuyurdum...

            Məni hansı sürprizlərin gözlədiyini bir bilsəydim...”

    Şuşadakı hərbi hissənin həkimi olan Suriya ermənisi Avanes Minasyanın bu gündəliyi mənə Şuşanı “göstərdi.” Kitabdan oxuyacağınız aşağıdakı parça heysiyyətimə toxunsa da, nədənsə sonralar məndə bir məmnunluq hissi də yaratdı...

    “Alita ilə bu gün Şuşikdəki həbsxanada saxlanılan əsirləri yoxlayırdıq. Məlumata görə içlərində  hepatit “A” yayılmışdı. Mən hamıya (uşaqlı-böyüklü 40-a yaxın adam idilər) soyun-maq əmri verdim. Alita uşaqları və qadınları, mən kişiləri yoxlayırdım. Təxminən on nəfəri yoxlamışdıq və hamısının gözlərinin ağı və dərisi sapsarı idi. Mən müayinəni dayandırıb qərərgaha məlumat vermək üçün telefona əlimi uzadanda təyyarə uğultusu eşidildi və bircə anda şəhərin aşağı hissəsinə bomba zərbələri endirildi. 

    Biz Alita ilə qaçıb bayıra çıxdıq. Əsirlər lüt olsalar da bayıra cumdular. İki uşaq isə əlini göyə uzadıb qışqırırdı:

    -Urrrra! Bizimkilər!!!

    Alita bircə anda tapançasını çəkib onları güllələdi. Meyitlərin üstünə sərilib ağlayan qadını da vuracadı ki, mən qolunu tutdum.

    -Nə edirsən, Alita!?. Biz həkimik...

    O özünü saxlaya bilmədiyini deyib pörtdü. 

             Həmin gün yolxucu xəstəliyə tutulmuş o əsirləri maşınlara doldurub hara isə apardılar. Sevincək qışqıran, sonra isə sevincləri ölümlərinə bais olan o iki lüt uşaq uzun zaman gözümün önündən getmədi...“

    Sözügedən erməni doktorun gündəliyi əsasında yazılmış “Erməni doktorun gündəliyi və Qarabağın qara hekayətləri” romanım 2021-ci ildə çapdan çıxdı... Bir daşnak doktorun gündəliyi ilə də olsa, mən Şuşanı həm “gördüm”, həm də oxucularıma “göstərdim.”

    

                     

                      ŞUŞAYA TUR VAR!


    Şükür Yaradana!

    Heç kimə ağız açmadan öz cibimin pulu ilə azad Şuşama getmək fürsətini yaratdığı üçün!

    Getdim... Gördüm... Gəldim...

    Şuşaya çathaçatdı sağ əldə gözüm bir lövhəyə sataşdı:BAHARLI.

    Bu, məşhur Baharlı kəndidir! Bizim babaların qan ucundan baş götürüb gəldikləri – sürgün olunduqları Baharlı... Və gəlib bizim Zəngilanda yeni bir Baharlı kəndi salıblar... Ya bəlkə mövcud olan Baharlıda məskunlaşıblar...

    Bilmirəm, fərəh duyum, kədərlənim. Bir də görürəm ki, yanaqlarımdan yaş süzülür...

    Şuşaya girəndə sürücüyə xahiş etdim ki, burada bir dəqiqəliyə də olsa, dayanaq və Şuşanı canı, qanı bahasına azad etmiş oğulların, o cümlədən zəngilanlı balası kapitan Surxay Noçiyevin xatirəsini bir dəqiqəliyə yad edək... “Sevgilim Vətən” kitabındakı hekayələrin biri Surxayın xatirəsinə həsr olunub.

    Şuşa dumanlı idi. Üstəlik yağış da başladı. Yağışdan cumculuq olsaq da, Cıdır düzünə, Vaqifin məqbərəsinə gedə bildik. Vaqifin məqbərəsində belə bir status yazdım: “Ruhun şad olsun, ay ustad! Elə pis nümunə olmusan ki, indi əlinə qələm alan gözünü dikib yuxarıların əlinə. Vəzir, vəkillik eşqi də yazı-pozunu üstələyib. Qalmışıq  belə ...”

    Cıdır düzündə bir şeyə əmin oldum: bura gəzməyə gələn yüzlərlə adam şıdırğı tökən yağışın altında dayanıb durmuşdu. Heç kim azaylanmır, yağışın qarasınca deyinmirdi... Axı ziyarətə gəlmişdilər...

    Şuşalı həmkarım, artıq Şuşaya köçən Kərim Kərimli ilə də elə orada görüşdük. Kitablarımı həm Kərim bəyin özünə hədiyyə etdim, həm də Şuşa kitabxanasına veriləsi kitabları da ona əmanət etdim. (Şənbə günü olduğundan kitabxana bağlı imiş.) Və Kərim bəy orada mənə qəribə bir xəbər də verdi: bir alman alimi Şuşa haqqında yazdığı kitabında mənim yaradıcılığımdan da bəhs edib və iki hekayəmi də “təhlil” edib. Təhlil sözünü ona görə dərnaqda verdim ki, Kərim bəyin dediyinə görə, adını unutduğu həmin alman alimi hekayələri özünəməxsus şərh edib, ermənipərəstliyini gizlətməyib... Və mənə dedi ki, həmin kitab dilimizə çevrilib və çapa hazırlanır. Mənim həmin kitaba hökmən baxmam lazımmış... Danışdıq ki, Bakıya qayıdan kimi nəşriyyatla əlaqə saxlayacağam...

    Üzeyir bəyin güllələnmiş heykəlini ziyarət edirəm. O biriləri də.

    Natəvanın xaraba qalmış evini, Gəncə qapısını, Qala divarlarını ziyarət edirəm. Yağış şiddətləndiyindən həbsxananı yalnız uzaqdan seyr edə bilirəm...

    Bu da İSA BULAĞI...

    Bir zamnalra Səttar kişinin şəkil çəkdirdiyi bulaq...

    Ovcumu qoşalayıb doyunca su içirəm... Şəkil çəkdiririk... Hə axı xanımım da bu səyahətdə mənimlə idi... Bura onun da ulu nənəsinin yurdu olub... O da Baharlı tayfasındandır...

    Geri dönəndə Laçına ayrılan yolu görüb duyğulanıram: Sultan bəyin yurduna da bir gün yol alasıyam...

    Hələlik, Şuşa! Hələlik, Qala! Hələlik, Şüşü Qalası! Hələlik, nənəmizin südü ilə qanımıza işləmiş Baharlı kəndi! 

    Şuşa kodu çözüldü... Şükür Yaradana!


                                27-29 iyul 2024. 


----------------------------------------------------------------------------------------------------------

*Məmi – Məmmədqulu kişiyə qohumları və onu istəyən çaypara adamları əzizləmə mənasında Məmi deyə müraciət edirdilər. 

**Burada Bəsid çayı boyunca yerləşən kəndlərin az qala hamısının öz adı olsa da, ikinci adı Baharlı ilə bağlıdır. Birinci əsas kənin adı Muğadəm Baharlısıdır. Qaradərə, Qaragöz, Ördəkli kəndlərinin bir adı da Taydolaq Baharlı olub. Məşədi İsmayıllı, Şəfibəyli və Rəzdərə kəndlərinin bir adı da Keçəllər baharlısı olub. Elə Bəsid çayının da ikinci adı Baharlı çayı olub.



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)