Edebiyyat.az » Təqdimat » Ayaz İmranoğlu - SÖZ LİBASINDA OLAN ADAM

Ayaz İmranoğlu - SÖZ LİBASINDA OLAN ADAM

Ayaz İmranoğlu - SÖZ LİBASINDA OLAN ADAM
Təqdimat
Nicat Heşimzade
Müəllif:
01:30, 05 iyul 2019
1 451
0
Əzizim Kənan Hacı! Sənin imzanı mətbuat səhifələrində on ildən çoxdur ki, tanıyıram. Səmimi, məzmunlu məqalələrini, hekayə və şeirlərini oxuyub həmişə məmnun qalmışam. Və bir də görmüşəm ki, sənin söz dünyan mənim könül evimdə özünə yurd qurub, yuva tikib. Çox sonralar sənin özünü tanıyandan sonra inandım ki, yanılmamışam və nə yaxşı ki, bu məkanın ünvanı sənsən. Beləcə, özü sözünə, sözü özünə oxşayan Kənan Hacı doğmalığı ilə ətirlənirəm.



Əzizim Kənan Hacı! 

Sənin imzanı mətbuat səhifələrində on ildən çoxdur ki, tanıyıram. Səmimi, məzmunlu məqalələrini, hekayə və şeirlərini oxuyub həmişə məmnun qalmışam. Və bir də görmüşəm ki, sənin söz dünyan mənim könül evimdə özünə yurd qurub, yuva tikib. Çox sonralar sənin özünü tanıyandan sonra inandım ki, yanılmamışam və nə yaxşı ki, bu məkanın ünvanı sənsən. Beləcə, özü sözünə, sözü özünə oxşayan Kənan Hacı doğmalığı ilə ətirlənirəm.

  Bəli, səni həmişə söz cildində, söz libasında olan adam kimi tanımışam, sevmişəm.

                        Dünyanın hər yerində

                        eyni dildə ağlayır uşaqlar,

                        eyni dildə çağlayır sular,

                        uşaqların heyrəti önündə

                        susmağı öyrənir böyüklər,

                        eyni dildə susur dərin quyular.

                        ...dünyanın hər yerində

                        eyni dildə danışır

                        sirri qoruyan sükut,

                        dünyanın hər yerində 

                        eyni dildə danışır Allah.

Budur şeirin heyrətamiz möcüzə açarı, sözün məna yükü, fikir tutumu.Kənan dünyası öz həyat fəlsəfəsini, öz dünyabaxışını ortaya qoyur. Burada şairin uşaq kimi məsum danışığı, su qoxusu verən sözlərinin ətiri -tək olan Allahın danışıq dili də dünyanın öz dilidir- deyib bizi bir olan Allahın əhatəsinə yığır.

                          Bu dünya bazarında 

                          ömürdən ucuz nə var?

Kənan şair xəyalını göylərin yeddi qatına çəkmir, səni həqiqətlə baş-başa buraxır. Söz meydanında özü olan Kənan Hacı imzasını qoyur. “Özündən qaçmaq olmur” şeirlər toplusu şeirsevərlərə müasir poeziyanın yeni çalarlarını təqdim edir. 

    Kənan Hacının hər yazısının öz qapısı, pəncərəsi var. Hər hekayəsi, hər şeiri bir zərurətdən doğulub. Bu əsərlərin irili-xırdalı hər birində yazıçının şəxsən tanıdığı, müşahidə etdiyi insanların xarakterik cizgiləri öz əksini tapıb. Əlbəttə, nəsrin bir maraqlı cəhəti də ondan ibarətdir ki, yan-yörəmizdə görmədiyimizi, görə bilmədiyimizi bizə göstərir. Oxuyub düşünürsən: necə olub ki, bu sadə həqiqəti görə bilməmişəm?

    “Çəhrayı qan” kitabında belə detallara dönə-dönə rast gəlirik. Əslində ən ağıllı, elitar oxucudan tutmuş savadından gileyli oxucuya qədər hamıya aydın olmalıdır ki, bu sadə həqiqəti yalnız sənətkar gözü görə bilər, sənətkar fəhmi duya bilər. “Çəhrayı qan” romanı da bunun bariz nümunələrini görürük. 

   Kənan obrazları elə canlı təsvir edir ki, sanki oxucu sənədli filmə tamaşa edir. “Yaddaş kartı” romanında mən bunları görürəm. Hərbi xidmətdə olarkən anasına yazdığı məktubdan:

    “Anacan! Son vaxtlar birgə olduğumuz bir şəkil var,- o fotonun surəti tez-tez gözlərim önünə gəlir. Atam, sən və mən- körpə oğlan uşağı... Üçümüzün birlikdə olduğumuz ilk və sonuncu şəkildir bu foto. Bir daha heç vaxt üçümüz birlikdə olmayacağıq. Bəlkə də bu foto atamın, sənin və mənim –üçümüzün də ömrümüzün ən xoşbəxt anıdır. Mənə elə gəlir ki, heç vaxt özünüzü bu şəkildəki kimi bəxtəvər saymamısınız. Qəribə də olsa, o şəkildə üzünüzdə olan ifadəni – xoşbəxt təbəssümü mən sonralar heç birinizin üzündə görmədim. Bu xoşbəxt anı tutub saxlayan fotoqraf da artıq həyatda yoxdur.”

    Məni titrədən bu səhnənin təsirindən neçə gündür çıxa bilmirəm. Yazıçının “Yaddaş kartı”nda yaratdığı hər səhnə oxucunun yaddaşında dərin iz buraxır. Məsələn, mərhum şairimiz Qabillə son görüş də təsirli duyğular oyadır.

    Kənan Hacının özünəxas, ilk baxışda sakit, emosiyasız təhkiyə üslubu var. Onun nəsr əsərlərində ən müxtəlif və ən qəribə insan talelərinin hamısı öz müxtəlifliyi və qəribəliyi ilə bizə doğmadır, yaxındır. O qədər yaxındır ki, istəsək də, istəməsək də bu obrazlarda özümüzü görürük və bu obrazlarda yaşayırıq.

   Bəli, söz libasında gördüyüm, tanıdığım Kənan Hacı hələ gözəl əsərlərilə bizi çox sevindirəcək. Bu yazıda mən onun dünya ədəbiyyatından etdiyi tərcümələrin təsir dairəsindən danışmaq istəmirəm. Onun potensial gücünün, enerjisinin bundan sonra da çox illər ədəbiyyatımıza yeni-yeni töhfələr verəcəyinə şübhəm yoxdur.                                   

    Mən səni çox sevirəm, lap özüm kimi! Həmişə belə olacağına inanıram.


2012-ci il. 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)