"Fəlsəfə müəlliminin ölümü" və "qatili"
Təqdimat
"Fəlsəfə müəlliminin ölümü" və "qatili"
Çoxdandır baş obrazı bu qədər iradəli, mənən güclü, əyilməz və saf olan əsər oxumurdum. Etel Lilian Voyniçin "Ovod" u, Cəfər Cabbarlının "Aydın" ı və Cek Londonun "Martin İden" i birləşərək bu baş qəhrəman qədər ürəyimə yol tapa bilməzdi. Söhbət Süleyman Abdullanın "Fəlsəfə müəlliminin ölümü" kitabındakı baş obraz olan Arifdən gedir. Ovod güclüdür, Martin intelektualdı, Aydın çılğındı. Arif isə eynəklidir, fiziki cəhətdən zəifdir, özündən tez çıxandır, tənhalıqdan bomjlaşan tipdə bir insandır. Lakin onun həyat fəlsəfəsi onu sınmağa qoymur. Daim mübarizə aparır.
Döyükər, vurnuxar naçar yerində
Baxar bu dünyaya açar yerindən.
Arabir dodağı qaçar yerindən
Gülməyə imkanı yoxdur hələ ki.
Kitab haqqında ümumi mənzərə
Arif kənddə böyüyən uşaqdır. Atası və anası onu döyür, söyür, məcburi riyaziyyat müəllimi etmək istəyirlər. Arif isə həyatda özünü tapmağa çalışan, zəif, iradəsiz bir bəndədir. Valideynlərinin məcburiyyətinə baxmayaraq öz yolundan dönmür. Fəlsəfə üzrə gənc alim olmağa can atır. Riyaziyyat dərslərinə getmir. Ali təhsili yarımçıq qalmasın deyə atası əlindən gələni edir. Arif isə rəflərdə kitab qoymur. Hamısını oxumağa çalışır. İlk növbədə əsgərliyə yollanır. Ömründə ilk dəfə Zinanı sevir. Onu ömrü boyu unutmur. Qadın üzərində ilk açılışı onunla edir. Həyat fəlsəfəsini dərk etmək üçün seksin vacibliyi ortaya çıxır. Əsgərliyi yarımçıq qalır. Qaupvaxtda döyüləndə zədələnir və vaxtından öncə təxris olunur. Kəndə qayıdır. Zinanı (əsl adı Zeynəb) unuda bilmir. Bakıya gedərək fəlsəfə üzrə alim olmağı düşünür. Olur da. Atası narazı olsa belə istədiyinə nail olur. Hətta atası kənddə eşşək Əli adı ilə tanınan insanı evinə dəvət edir ki, bir yerdə Arifin televizordakı çıxışına baxsınlar. Oğlu ilə qürrələnir. Hamıya qonaqlıq verir. Reallıq isə həmişə acı olur. Gənc alim cəmi 8 şirvan maaş alır. Sökülmüş kostyumundan başqa heç nəyi yoxdur. Zibilliyi xatırladan bir otaqlı evdə tənha yaşayır. Yenə yadına Zina düşür. İlk məhəbbəti, ilk seks maceraları... Arif hamı ilə və hər şeylə mübarizə aparır. Alimə 8 şirvan verən dövlətlə də, onu sıxan cəmiyyətlə də, aclıqla da, qadınsızlıqla da mübarizədədir. Düşüncələri onu dəli edir. Ona köməyə gələn varlı, amma əzazil, qudurmuş, çoxüzlü keçmiş sinif yoldaşının iş təklifini qəbul etsə də, təhqirlərə dözməyib işdən çıxır. Arif yenə təkdir. Yenə otağı zibil içindədir. Həyat budurmu? Təhsilli insana, oxumuş adama verilən dəyər budurmu? Gəncliyə dəstək budurmu?
Əsərdən çıxarışlar
Müəllif Zinanın, yəni azərbaycanlı bir qadının cəmiyyətdə, ailədə çəkdiyi əziyyətləri, istirabları geniş təsvir edib. Azərbaycan insanının düşdüyü bu günkü çətinlikləri çözməyə çalışıb. Hər kəsə ləqəb qoşan önyarğılı kütlənin avamlığını göstərmək naminə yazıb. Qadının kişinin həyatındakı vacib yerini anlatmaq istəyib. Ən böyük fəlsəfə dərsi həyatın öyrətdiyi fəlsəfədir. İlk dəfə qadınla cinsi əlaqədə olmaq, ilk dəfə döyülmək, ilk dəfə etiraz etmək, ilk dəfə çətinliyə sinə gərmək həyatın amansız qanunlarına qarşı atılan addımlardır. Müəllif birtərəfli düşüncədən uzaq qaçır. Arif əvvəllər razılaşdığı məqamları indi qəbul etmir. Deməli inkişaf edir. Deməli düşünür. Arif bu həyatla barışmır. Barışmazlığı onu çökdürür. Arif güclü şəxsiyyətdir. Ariflər yaşadığımız cəmiyyətdə çox olmasa da, az da deyil. Arif olmuş hadisədir. Ovod isə uydurma. Arif həyatın ona hədəfə aldığı "silah"lardan qaçmır.
Yazıçının qələmi.
Müəllifin dili zəngindir. Sözlərin sehrindən sirrli cümlələr yaradır. Axıcılığı, oxunaqlığı qoruya bilir. Özünü Arifin, riyaziyyat müəlimi Əlinin, Qasım kişinin, Zinanın yerinə qoya bilir. Onları yaşadır. Əsər həddindən artıq ürəyimə yatanda onun hər cümləsini mənimsəməyə çalışıram. Bir nöqtəni belə qaçırmıram. Hətta bəzi yerlərini yüksək səslə oxuyuram. " Fəlsəfə müəlliminin ölümü" həmin əsərlərdəndir. Azərbaycan oxucusu bu əsəri mütləq oxumalıdır. Örnək götürəsi çox məqamlar var. Belə əsərlər təbliğ olunmalıdır.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Nəcəf Əsgərzadə - Fəlsəfə müəlliminin ölümünün fəlsəfi-riyazi səbəbləri
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Vladimir Nabokov Dostoyevski haqqında
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə