Edebiyyat.az » Kənan Hacı - Şeir ölür... Şeir dirilir...

Kənan Hacı - Şeir ölür... Şeir dirilir...

Kənan Hacı - Şeir ölür... Şeir dirilir...
---
admin
Müəllif:
15:31, 27 mart 2026
227
0
Kənan Hacı - Şeir ölür... Şeir dirilir...



 Bu gün poeziya prozanın yükünə şərik olmaqdadır. Həmid Herisçinin şeirlərinin timsalında bunu görürük. Prozada nonfikşn janrı dünyada yayğınlaşıb, bu, oxucu marağından yaranan törəmə bir janrdır. Fiksbioqrafiya daha çox oxunur. Proza da dünyada artıq yeni bir keyfiyyət mərhələsinə qədəm qoyur, klassik formalar sıradan çıxır. Dünya kitab bazarında oxucu ilə “oynayan” metaromanlar çoxluq təşkil edir. Xüsusən, minimalist prozaya üstünlük verilir. Romanlar doxsan-yüz səhifə civarında yazılır. Bugünkü oxucunun qalın romanlar oxumağa artıq vaxtı yoxdur. Smartfon dünyasında buna heç ehtiyac da görünmür. 

 Minimalist proza epik şeir qədər kiçilməkdədir. Gülhüseyn Hüseynoğlu XX əsrdə mənsur şeirlər yazırdı. Bu qısa mətnlər sadəcə, təsvir şeirləri idi. Belə demək mümkünsə, proza ilə poeziyanın hibridi idi. Amma mənsur şeiri daha da funksionallaşdırmaq üçün ona ictimai məzmun qatmaq, onun onurğasına süjet, narrativ əlavə etmək lazım gəlir. 

 İnsan mifologiyasız yaşaya bilməz. O, daim öz ətrafında hekayələr qurur. İlkin zamanlarda o, bunu şeir dili ilə ifadə edib. Hekayətlərin, miflərin yarandığı yerlər çöldür. Zatən, çöl hallüsinasiya məkanıdır, ilğımlar, sərablar diyarıdır. Səhra poeziyası əsasən, qədim bədəvi tayfalarının şeir ənənələrində mühüm yer tutur. Şərq şairləri səhranın poeziyasını ədəbiyyata gətirdilər. İlk səhra şairi İmrül-Qeys olub. “Leyli və Məcnun”da Məcnunun əsl adının Qeys olması da təsadüfi deyil. 

 Şeir kütlələr üçün biçilmiş kaftandır. Amma... “Kimsələrin vaxtı yox incə şeyləri anlamağa...” (Gülten Akın)

 88-ci ildə Meydan hərəkatı başlayanda inqilabın romantikasını məhz poeziya körükləyirdi. Tofiq Fikrətin məşhur şeiri meydanın ritmini müəyyən edirdi. (“Millət yoludur, haqq yoludur tutduğumuz yol”) Bu ritmə Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün, Sabir Rüstəmxanlının, Rüstəm Behrudinin kütlələri coşduran şeirləri də qoşuldu. Meydanı da məhz şair idarə edirdi – Sabir Rüstəmxanlı. Bu da tarixin bir şairin boyuna biçdiyi kaftan idi. Müstəqilliyin qazanılmasında şairlərin böyük rolu var. Kimsə buna etiraz edərsə, göydə günəşi danmış kimi olar.  

 Bu günün ədəbiyyatı yazıçıdan reportyor kimi çeviklik, dinamizm, reflektiv təfəkkür tələb edir. Ekstrim şeirlər yazılmalıdır. Hekayələri verlibr formasında yazmaq daha effektivdir. Qısa və operativ janlarda yazmaq artıq zamanın qaçılmaz tələbidir. Bu qısa mətnlərdə dövrün, zamanın mənzərəsi görünməlidir. Nazim Hikmətin “İnsan mənzərələri” kimi... 

 İnsan mənzərələri əbədidir... 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)