Edebiyyat.az » Ədəbi tənqid » Elşən Məmmədli - Natəbib

Elşən Məmmədli - Natəbib

Elşən Məmmədli - Natəbib
Ədəbi tənqid
admin
Müəllif:
17:05, 05 iyul 2020
2 130
0
Elşən Məmmədli - Natəbib






«Всякий раз, когда человек допускает глупость, он делает это из самых благородных побуждений» (c) Оскар Уальд

Sosial şəbəkədən yalnız incəsənət və yaratdığım əsərlərin paylaşılması məqsədilə istifadə edirəm. Ona görə də bir çox anlarda, cəmiyyətdə baş verən hadisələrə münasibətim mənə məxsus səhifələrdə əks olunmur. Fikrimcə, yazıçı əlinə daşlar alıb bostan axtarmağa deyil, hadisələrdən ilhamlanıb yaradıcılığı ilə məşqul olmalıdır. 

Və bu gün TƏBİB-dən mənə gələn ismarıc, mənim təxəyyülümü işə saldı. İsmarıcda TƏBİB-in yaratdığı tədbiqi yüklədiyim təqdirdə mənə 100 mb internet hədiyyə ediləcəyi bildirilmişdir. Mən bu fikrin necə yarandığı barədə dərin düşüncəyə daldım və beynimdə belə bir ssenari yarandı:

TƏBİB-in inzibati binasında, gərginlik içində olan işçilər, iclas otağında baş verənləri və nəticələri diqqətlə gözləyirdi. İclas otağında şöbə müdirləri yığışmış, günlərdi bitməyən müzakirələrdən yorulmuş gözləri ilə tez-tez saata baxırdılar. 

  • Sosial şəbəkələrdə bizi çox tənqid edirlər! KİV-lərə verilən tapşırıq üzrə daima fəaliyyətimiz təriflənsə də, ictimaiyyət artıq buna çox da inanmır. Yaratdığımız tədbiqi demək olar ki, heç kim köçürmür. Mütləq şəkildə bir şey fikirləşməliyik!

Bu zaman, bir gənc xanım ayağa duraraq, gözünü qarşısındakı kompyuterdən çəkmədən təklifini dilə gətirir. Təklifini deməzdən əvvəl, sizə bu gənc xanım haqqında danışım. 

Bu gənc xanım, avropalılar tərəfindən tanınmayan, 3-cü dərəcəli avropa universitetlərinin birində təhsil almış, adətən ingilis sözləri işlədərək yalnız rus dilində, ingilis aksenti ilə danışmağa çalışan biridir. O daima “yeni” təklifləri ilə tanınır. Lakin o təkliflər, xanımın tutduğu vəzifə hesabına reallaşdırılsa da, heç zaman cəmiyyət tərəfindən qəbul edilmiş və işlək olmur. Bu səbəbdən o yerli insanları daima köhnə düşüncəli olaraq görür və özünü hər zaman onlardan yüksək tutur. 

Bu tip “xanım”ın işə qəbulu isə, ümumən belə olur: 

Yeni qurum yaradılır. Quruma təyin olunan rəhbər ilk günlərdə böyük entuziazmla işə başlayır və mütləq şəkildə xaricdə təhsil almış, ingilis dili bilən birini axtarır. Xaricdə təhsil aldığından və yerli camaata yuxarıdan baxan bu tip xanımlarda ilk təssəvür yarada bilillər. Bundan sonra onlar şöbə müdiri və ya müdir müavini işinə təyin olunurlar və dövlət qurumuna öz aləmlərində beynəlxalq təcrübənin tətbiqini gətirirlər.

Qısacası, bu xanım iclasda durur, və dünən interneti bitdiyinnən özünə dahi bir təklif kimi gələn yeni kəşfinə dair hazırladığı prezentasiyanı iclas iştirakçılarına təqdim edir:

  • Bilirsiniz ki, hər kəs internetdən istifadə edir (böyük ehtimal, xanım çıxışında daima ingilis dilli sözlərdən istifadə edir, lakin mənim biliyim, xanımın düşüncə tərzinə çatmadığından, mən təssəvürümü azərbaycan dilində yazacam), bu səbəbdən, gəlin tətbiqi yükləyən zaman onlara internet paketi hədiyyə edək. 

Təklif bəzilərində sual yaratsa da, Avropa təhsili görmüş adamın düşüncəsinə şübhə etməmək üçün, fikir ilə hər kəs razılaşır və xanımı alqışlayırlar. 

Təbii ki, bu bir yazıçı beynindən çıxmış bir məhsuldur və həqiqəti əks etdirmir. Amma bu fikrin ortaya çıxmağının ümumən ssenarisi çox azdır. Alternativ ssenariləri də düşündüm amma, hər biri məni bu tip “xarici dilli əməkdaşlara” gətirib çıxartdı. Yenə də, ümumən bildirmək istəyirəm ki, yerli universitetlərdə təhsil almış gənclərin bilik savadı və düşüncə qabiliyyəti heç də xaricdə təhsil almışlardan geridə qalmır. Əksinə, yerli təhsil almış gənclərin, yerli təhsilin xüsusiyyətlərindən irəli gələrək, hər bir məsələdən özünəməxsus şəkildə açar tapma yolları var ki, bu da ölkənin ictimai meyarlarını götürsək, daha da yararlı ola bilər. 

Digər məsələyə gəldikdə isə, telefon operatorları özəl hüquqi təşkilatdır və onlardan alınan internetə mütləq şəkildə ödəmə həyata keçirilməlidir. TƏBİB isə publik hüququ şəxsdir və büdcəsinin əksər hissəsi dövlət tərəfindən maliyyələşir. Belə çıxır ki, TƏBİB dövlət büdcəsindən bizə internet hədiyyə edir. O zaman mən bir vətəndaş olaraq, bu elektron tətbiqi yükləməkdən imtina edirəm, və mənə ayrılmış təxmini 2 manat olan 100 mb internet paketinin, məbləğinin Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlanmasına etiraz etmirəm. Amma şərtim də odur ki, Fonda verilən pullar yenidən TƏBİB-ə deyil, məhs pandemiyada ən çox təhlükə görən insanlara – həkimlərə verilsin. Ən azından mənim 2 manatımı onlara verin.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)