Kənan Hacı: Həqiqət naminə bədii yalan
Hansısa tarixi şəxsiyyət haqqında əsər yazırsansa, tarix kitabında yazılanları təkrarlamamalısan. Ədəbiyyat faktlarla üst-üstə düşməyən bədii gerçəklik yaradır. Rus yazıçısı Yuri Belov yazır ki, Tolstoyun yaratdığı Kutuzov tarixdə yaşamış Kutuzovdan tamamilə fərqli bir obrazdır. Ədəbiyyatdan həqiqəti əks etdirməyi deyil, həyatın mahiyyətinə nüfuz edə bilməyi tələb etmək lazımdır. Söhbət bədii əsərdən gedirsə, burada hətta real personajlar bədii fikrin inkişafı üçün həqiqətə uyğun olmayan addımlar ata bilərlər. Sənət bədii həqiqətin dərinliyinə enə bilmək, həyatın mahiyyətini göstərə bilmək üçün bədii yalandan istifadəyə yol verir. Dövrün tarixi mənzərəsini geniş görə bilmək üçün ona həm sənədlərin, həm də əfsanələrin gözüylə baxmaq lazım gəlir. Əgər sən hansısa gerçək qəhrəmanın həyatını qələmə alırsansa, bu həyat yazıçının yaradıcılıq mətbəxində formasını dəyişərək tamamilə başqa cür təzahür edir. Yazıçı eyni zamanda həm sənədliliyə, həm bədiiliyə yönəlir, bunların arasında balansı qoruyub saxlayır.
Hal-hazırda iki şəhid haqqında paralel olaraq iki roman üzərində işləyirəm. Yaradıcı həyatım boyu bu qədər çətinlik çəkdiyim olmayıb. Heç vaxt sifarişlə nəsə yazmamışam, istər-istəməz özünü çərçivədə hiss edirsən, bədii manevrlər etməyə ehtiyat edirsən, təxəyyülünü cilovlayırsan, daha çox fakta söykənməyə çalışırsan. Sonra düşünürsən ki, sən sadəcə, konstatasiya ilə məşğulsan. Qızıl ortanı tutub getmək çox çətin görünür. Şahidlərin şablon, standart fikirləri sənə heç bir material verməyəndə təxəyyülünü işə salmağa məcbur olursan. Başqa əlac qalmır. Yazıçı üçün ən çox çətinlik yaradan məhz bu məqamdır. Necə edəsən ki, həqiqətə sadiq qalasan, faktı təhrif etməyəsən? İnsanlar hiss və yaşantılarını ifadə etməkdə çətinlik çəkirlər, hadisələri sanki unutmuş kimi görünürlər yaxud danışmaq istəmirlər. Belə olan halda yazıçı fantaziyası köməyə yetir.
Amma şəhidlər haqqında, onların döyüş yolu haqqında yazmaq hər bir Azərbaycan yazıçısının mənəvi borcudur. Peşəkar qələm sahibi, tanınmış jurnalist Aida Eyvazlının “Qalibiyyət: şahidlər və şəhidlər” ikicildliyini oxuyanda heyrətə gəlmişdim. Bu kitab aprel döyüşlərinin salnaməsidir. Mən bu əsəri roman kimi oxudum və gerçəkdən də bu əsər publisistikadan daha çox roman janrına daha yaxındır. Bir dəfə də bu haqda yazmışdım; bir qadının ürəyi üçün bu yük çox ağırdır. Həssas, kövrək qadın qəlbi şəhid analarının ağrısını, kədərini özündə necə daşıya, onu necə sözə çevirə bilib?! Sonra düşündüm ki, Vətən sevgisi, vətəndaşlıq duyğusu yazıçının qələmi üçün lampadakı fitil rolunu oynayır, o fitil yandıqca ürəyinin odunda bişən sözlər bir-birinin yanında düzülür.Təbii ki, bundan belə ədəbiyyatımızda qalibiyyət mövzusu daha geniş işlənəcək, bədii əsərlər yazılacaq. Mən bir neçə il bundan öncə aprel döyüşləriylə bağlı “İsgəndər şikəstəsi” adlı kinopovest yazdım. Ötən il Qarabağ savaşıyla bağlı bir neçə hekayə yazdım, mətbuatda çap olundu. İndi də iki roman üzərində çalışıram. Düşünürəm ki, bu əsərləri bitirdikdən sonra uzun müddət dincəlmək lazım gələcək. Səhhətimdə yaranan problemlər əvvəlki templə işləməyə imkan vermir. Ola bilsin, bundan sonra daha heç nə yazmayım.
2019-cu ildə Nuru Paşanın başçılığı ilə Qafqaz İslam Ordusunun Bakıya gəlişiylə bağlı “Hacı İsgəndər” romanını yazdım, kitab çap olundu. Kitabın təqdimatı ərəfəsində pandemiya səbəbindən bütün tədbirlər ləğv edildi. O kitab da diqqətdən kənarda qaldı. Türkiyədə şeirlər, Bakıda hekayələr kitablarım çap olundu. Yeni esselər yazdım. Ötən ilin yayında “Kəpənək vadisi” adlı bir roman yazdım. Yəqin ki, bu il imkan olsa, o romanı kitab halında çap etdirəcəyəm. Pandemiyanın bu il bitəcəyinə ümid edirəm. İndi məni ən çox qayğılandıran isə üzərində çalışdığım iki romandır. İstərdim ki, qələbə ilə bitən Zəfər savaşımızda mənim də qələm adamı olaraq kiçik bir payım olsun.