Edebiyyat.az » Ədəbi tənqid » Əlabbas Bağırov - Acı bir xatirəyə sözardı.

Əlabbas Bağırov - Acı bir xatirəyə sözardı.

Əlabbas Bağırov - Acı bir xatirəyə sözardı.
Ədəbi tənqid
admin
Müəllif:
19:43, 05 fevral 2021
1 643
0
Əlabbas Bağırov - Acı bir xatirəyə sözardı.





 Hörmətli Mövlud Süleymanlı!

1981-ci ildə “Köhnə kişi”nin eşqiylə  baş götürüb Bakıya gələndə cəmi yazıçılara, əz ol cümlə sizə də, əstəfürullah, Allah da olmasa, peyğəmbər gözü ilə baxırdım. Biləndə ki, “Azərbaycan”ın nəsr şöbəsinin müdiri  sizsiniz, könlüm lap açıldı; çox həvəsində idim ki, “Köhnə kişi”ni istedadlı, zövqünə inandığım bir adam oxusun. Nəzərimdə siz onlardan biri idiniz. Digər tərəf-dən, “Dəyirman” barədə “Ədəbiyyat və incəsənət” qəzetinə bir kənd müəllimi kimi az qala povestin özü boyda bir rəy göndərmişdim (1979) və yazı dərc olunmasa da, o gümandaydım ki,  tanışlığımız üçün elə bu faktın özü də  az rol oynamaz.
Oxumaq üçün əsəri Məmməd Oruca verdiniz. Heç bir müəllim, şagird dəftərini o günə qoymazdı ki, Məmməd müəllim qırmızı qələmlə  əsəri  qanına o cür qəltan eləmişdi. Bu proses bir neçə dəfə təkrarlandı və mən onda bildim ki, “Azərbaycan” səd-dini aşmaq hər oğulun işi deyil.   İradların çox böyük əksəriyyəti ürəyimdən olmasa da, bəzi məqamlarla çar-naçar razılaşdım ki, təki çap olunum.
Qərəz. Bir şöbə müdiri kimi əsərin oxunmaq növbəsi sizə çatanda gözümə inanmadığım hadisə baş verdi.
–Allah, Allah! Nə gözəl! – kəlmələrini sizin dilinizdən eşitmək o vaxt mənimçün elə xoşbəxtlik kimi bir şey idi.
İllər sonra, lap dəqiqi, 21 fevral 2007-ci ilin bir  çərşənbə günündə “Şərq” qəzetindəki müsahibənizi oxuyanda istedadlı gənclərlə bağlı sorğuya cavabınızdan bir daha bildim ki, o vaxt, yəni 1981-ci ilin sentyabr ayında həmin sözləri deməkçün sizi ayağa qaldıran nə  imiş!
Sətirlərinin altından dalğalı xətt çəkilib, kənarında sonu nidalı “əla”lar yazılmış nə qədər vərəq vardı qarşımda? Mən onları  təkcə əziyyətimə verilən gözəl qiymətin yadigarı kimi deyil, həm də istedadlı bir nasirimizin xətti həkk olunmuş əziz xatirə kimi günü bu gün də saxlayıram.
Məni rəhmətlik Tahir Hüseynova, Natiq Səfərova, Fikrət Qocaya necə təqdim elədiniz, o da yadımdadı. Əlimə girəvə düş-düyündən “Dəyirman” haqda geniş və ətraflı bir rəy yazdığımı adıçəkilən yoldaşların yanında dəsbəyaxa diqqətinizə çatdırdım ki, elə bilməyəsiniz, belə bir povest göydəndüşmə və  təsadüfi qələmə alınıb.
–Dilin gözəldi, dilin! Əla dialoq yazırsan!
Başınızı bulaya-bulaya qarşınızdakı səhifədən oxuduğunuz parça da xatirimdədi: “Məni çox istəyirsən, Gülab xalanı?” “Ge-cələr səni çox istəyirəm, gündüzlər Gülab xalanı!”
Amma məsləhətiniz də oldu. Bəzi xırda-para şeyləri çıxartmaq istəyinizə qətiyyən etiraz elmədim. Çünki bunu mənə o-bu yox, Mövlud Süleymanlı deyirdi. Nə etiraz-filan?
Gərək səmimi olam: mən o vaxt niyə qanad çıxarmadım, bilmirəm; ondan da məsud gün? Məni bəyənmişdilər, özü də gör kim bəyənmişdi? Hansı jurnal? Bəs sən kənddən dünən gələsən, gəlib “Azərbaycan” jurnalında çap olunasan, özü də hekayə-mekayə ilə yox, povestlə! Dovğa fontandı, gəl ay kasıb!
150 səhifənin üzünü heç vaxt ondakı kimi həvəslə ağartmamışdım.
Qatarla gedəndən qatarla, təyyarə ilə uçandan təyyarə ilə, poçtla, telefonla, teleqramla, qərəz ki, əlimdə olan bütün vasitələrlə cəmi rayona: dostlarıma, doğmalarıma, müəllim yoldaşlarıma, sevimli şagirdlərimə xəbər yolladım ki, namərd uşağı, namərd, yatmısınız orda, xəbəriniz yoxdu, hazır olun, yaxın nömrələrdən birində  “Azərbaycan” povestimi verir.
 Daha iyirmi-otuz səhifənin başından keçməklə iki həftəyə yenidən hüzurunuza təşrif gətirdim və sizi qarşımda yenə ayaqüstə gördüm…
Amma o, axırıncı oldu. Bir neçə gündən sonra yanınıza gələndə sizi tanıya bilmədim.
–Aparıb korlamısan! Bu nədi, ə, mən sənə belə demişdim? Apar bunu təzədən yaz, buralarını da çıxart!
Bilmirəm, siz güzgüdə özünüzə baxmısınız, ya yox, rənginiz ağ deyil, amma o gün o sözləri deyəndə aldığınız rəngdən, düzü, bərk xoflandım. İllah da “Qar”a, “Şanapipiy”ə “Dəyirman”a görə hörmət elədiyim bir adamdan  o cür üz görmək məni üzdü. Elə bildim, ilk dəfə gördüyüm Mövludu hissələrə bölüb qurğu kimi təzədən yığıblar. Bəlkə, hər şey daha çox ona görə belə idi ki, o sözləri deyənin siz olduğuna, sadəcə, inanmağım gəlmirdi.
Bu dəfə daha otuz səhifəni “sünnət elədiniz”. Tərəddüd məni üzsə də, siz deyənə  əmma qoymağı ədəbsizlik sandığımdan razılaşmağa üstünlük verdim. Belə çıxmazdımı ki, şagird mülliminə ağıl öyrədir. Siz olan yerdə mən nəkarə idim?
O vaxt mən sizə  inanırdım, Mövlud müəllim! Avamcasına inanırdım.
Növbəti dəfə tamam başqa bir qəmbərqulu çıxdı. Bu dəfə iradınız o oldu ki, məsələn, “köpək oğlu” sözünü niyə  danışıq dilindəki kimi yazmışam? Cümlə lap dəqiqliyi ilə yadımdadı: “Ər də barı bir ər olaydı, arvaddan qabaq yatan kopoyoğluydu”
O dəfə yalnız bu sayaq sözlər üzərində işlədik. Onu da dediniz ki, məndən sonra əsəri Əkrəm Əylisli  oxuyacaq, elə olmasın ki, bir qəmiş də o qoya.
Onacan bilmirdim ki, əsərin  keçəcəyi daha bir və olduqca çətin mərhələ hələ irəlidə imiş. Siz o yana, gözüm onsuz da Məmmədin redaktələrindən qorxmuşdu. Görəsən, bəs bu haradan çıxdı? O isə ən ayıq, ən sayqulu vaxtımda da ağlıma gəlməzdi ki, Əkrəmin adından istifadə sonrakı niyyətlərinizə də  hesablana bilər. Nə baş ağrıdım, əsər əlli səhifəyə enənəcən  daha iki ağır və canüzən görüşümüzün sonunda mən, axır ki, gözləmədiyim zərbəni aldım:
–Əziyyətimiz heçə getdi, – bu söz  böyük bir faciənin ilk işartılarını közərdən alov kimi canımı sardı,-Əkrəm əsəri oxuyub…  Deyir, mən “Kür qırağının meşələri”ni davam eləsəydim, onu yalnız belə qurtarardım”
Düzü, həmin dəqiqə başa düşmədim ki, bu həm də o deməkdi ki, Allah amanında! O halda deyildim ki, biləm görəm, “əziyyətimiz heçə getdi” demək həm də o anlama gəlir ki, lap göyə çıxsan belə, çap barədə söhbətə nöqtə qoyulub.
Əkrəm müəllimlə görüşmək istəməyimin  işimizə yalnız pəl vura biləcəyini bəhanə eləyib başıma  ağıl da qoydunuz ki, bir az gözləməyim məsləhətdi. Bəlkə, Allah bir qapı açdı… O vaxt o sözü deyəndə niyə elə fəqir və binəva görkəm almağınızı isə yalnız və yalnız  xeyirxah bir adamın mənə ürəkdən can yandırmasının  bir nişanəsi kimi qəbul elədim.
Siz nəzərdə tutduğunuz qapılar isə, doğrudan da, “açıldı”: Əkrəm müəllim getdi, Cabir müəllim gəldi. Cabir müəllim getdi, Yusif müəllim gəldi. Arada jurnalın nə qədər başsız-yiyəsiz qalan vaxtları oldu, onu da Siz məndən yaxşı bilirsiniz. Ancaq “Köhnə kişi”nin bəxti açılmadı ki, açılmadı. Sanki hər şey o vaxt rəhmətlik Natiq Səfərovun əsəri oxuyub dediyi bir sözünün təs-diqinə xidmətdə idi: “Mövlud bu əsəri çap eləməyəcək”. Bu mənə 82-də deyilən sözdü.
Hörmətli Mövlud müəllim! O əsərin sonrakı taleyini məndən heç də pis bilmirsiniz. Sadəcə oxucularımız üçün bəzi qaranlıq məqamlar aydın olsun deyə, məcburam səkkiz il sonra baş verənlərə bir atüstü nəzər salam. Əslində söhbətimin məğzi də bundan sonraya aiddi:
1988-ci ilin aprel sayında (bəli, bəli, düz səkkiz il sonra!)  “Köhnə kişi” xeyirxah insanların əli ilə məhbəsdən qurtulanda “Ulduz”da işləyirdim. Bir səhər xətri dağlar qədər uca olan Abbas müəllim (Abdulla) qapımızı açıb siqaretini tüstülədə-tüstülədə Əkrəm Əylislinin məni axtardığını deyəndə, düzü, çaş-baş qaldım… Onun mənlə nə işi ola bilərdi? O kim, mən kim? Bəyəm biz onunla  qurtarmamışdıq? Özü də məhz sizin  dediyiniz ovaxtkı sözdən sonra!  Abbas müəllim məni necə gördüsə, “Köhnə kişi”  qan eləyir, dedi,  Əkrəm  yaman bəyənib. Gətirsana bir mən də oxuyum.
Necə deyərlər, bəs belə?!… Əcəb işlər varmış?!
Əkrəm müəllimlə Yazıçılar İttifaqında, onun ovaxtkı iş otağında görüşdük. Məni görcək gülə-gülə dediyi ilk söz  o oldu ki, elə bilirmiş yaşlı bir adamam.
Məncə, o bu qənaətə iki şeyə görə gələ bilərdi: indi kim, hansı ağıllı uşağına Əlabbas adı qoyar?  İkincisi də, “Köhnə kişi”ni yazan adamın təkcə yazı yox, az-çox elə həyat təcrübəsi də olmalıydı. Halbuki o vaxt mən heç evlənməmişdim də. Nə yazırdım, fəhmlə yazırdım.
Məlum olanda ki, otuz bir yaşın içindəyəm, növbəti sual yarandı: “Bəs indiyəcən hardaydın, niyə çap olunmamısan?” Çox güman ki, bunu əsərin yazılma tarixinə (1980) nəzərən soruşardı.
–Deyirlər, siz qoymamısınız axı! – cavabı Əkrəm müəllimin gözündəki yaraşıqlı eynəyi bir  əl kimi çıxarıb stolun üstə qoydu.
–Kim deyir?…
Əkrəm müəllimin təbirincə demiş olsaq, çox qəribə idi ki, ilk olaraq yadıma düşən özgə bir şey yox, niyəsə məhz səkkiz il öncə  Əkrəm Əylisli ilə görüşmək istədiyimi  deyəndə sizin   fəqir və binəva görkəm alan o qəribə sifətiniz oldu.  Görəsən, lazım olmadığı bir halda, o sifət niyə mənim yaddaşımda özünə elə möhkəm yer eləmişdi ki, indi də birdən-birə gözlərim önündə təkrar peyda olurdu? Qəribə həm də orası idi ki, (yenə onun təbirincə) yalnız bundan sonra illər öncə baş vermiş umu-küsünü bir tərəfə qoyub Əkrəm müəllimlə  adam kimi, dostyana və ürəkdolusu söhbətə girişdim.
 Onun “Köhnə kişi”ni nə vaxt oxuduğunu  isti-isti gətirdiyi misallardan lap uşaq da başa düşərdi. Kişi o qədər təəccüblən-mişdi ki, mövzumuz aradabir müxtəlif səmtlərə haçalansa da, söhbəti ovdanına qoymaq üçün bir neçə dəfə  təkrar eləyəsi oldu ki, gör namərdlər nələrə əl atırlar?!  O deyir, başını bulayır, ancaq yenə də heyrətini heç cür gizlədə bilmirdi…
Nəyi demək istəyirəm, Mövlud müəllim! Biləsiniz ki,  mənim ədəbi taleyimi  sizin qədər alt-üst eləyən ikinci bir adam ol-mayıb. Hər şeyi bir tərəfə qoyub yalnız onu diqqətinizə çatdırım ki, birincisi, adamlara inamımı sarsıtdınız. İçimdə dağlar uçdu. İkincisi,  ədəbiyyatda mənim üçün müqəddəs olan nə vardısa, hər şeyin üstündən çalın-çarpaz bir xətt çəkdiniz. Üçüncüsü, “Köhnə kişi”nin vaxtında çap olunmamağı ilə mən bir yazı əhli kimi tamam ayrı bir aləmə üz tutdum. Elə başa düşdüm ki, mən axtardığım həqiqət Murad, Qaratel, Gülab xala, Seyid olan yerdə deyil… Dördüncüsü,  o adamlara ki, povestin çap xəbərini gözlə-məyi ismarıc eləmişdim, davamlı yalanlarımın ucbatından həm onların, həm də məndən nəsə gözləyənlərin nəzərində həmişəlik xəcalət  oldum. Onlar indinin özündə də mənə elə-belə, yüzdən-mindən birinə necə baxarlarsa, elə baxırlar. Mən onlar üçün sıradan olan mətbuat işçisindən başqa, heç kim deyiləm. Beşincisi,  öz elədikləriniz bəs deyilmiş kimi, məni başqaları ilə də düşmən elədiniz. Uzun illər hamıya, hətta ən çox inandığım gözəl yazıçı və şairlərə də şübhə ilə yanaşır,  hamının ucdantutma saxta olduğuna bir çimdik də şəkk eləmirdim.
İstəyirəm, başınızı dik tutub,  gözlərimin içinə şax baxasınız. Çox sakit və təmkinlə soruşuram: bütün bunları siz necə özünüzə sığışdırdınız? Adınızı da yazıçı qoymusunuz. Hələ çoxlarından da fərqli olaraq “xalq yazıçısı”…
Kərbəlayı demişkən, sən gərək bu işə qol qoymayaydın, Mövlud Süleymanlı!  Bu, sadəlövh bir kənd uşağının qol-qanadını qırmaqdan da çox, onun ədəbi taleyi ilə oynamaq idi! Guya, siz bunu bilmirdiniz?
 Əgər Əkrəm  müəllimin adından istifadə eləməklə başımı necə ustalıqla aldatdığınız bu gün sayğılı oxucularımıza da agah oldusa, onda o vaxtkı hərəkətinizə nə ilə  haqq qazandıra bilərsiniz? Yaxşı, deyək ki, əsəri çap eləmirdiniz, eləmirdiniz, daha Əkrəm müəllimi niyə gözümdən salırdınız? Hələ bunu da bir tərəfə qoyuram. Bəs əsəri sizdən götürüb başqa bir redaksiyaya təqdim etmək istəyəndə niyə canfəşanlıq eləyib, israrla “mən bu əsərin çapını yalnız “Azərbaycan”da görmək istəyirəm” deyə onu hər dəfə  əlimdən alırdınız? Yaxud iki il də rəhmətlik İsa müəllimlə mənim aramda oyun oynamağınız... Siz dediniz, əsəri təqdim eləmişəm, o dedi, əsər üzü görməmişəm.  Bizi uzun müddət bir-birimizlə üz-üzə qoyandan sonra, nəhayət, əsər sizin şkafın siyirməsindən çıxdı… Özü də düz iki ildən sonra! Buna nə sözünüz? Onda “Köhnə kişi” rus dilinə tərcümə olunmuşdu, sizdən qat-qat dəyərli ədəbiyyat adamları onu Moskvaya, “Yunost” jurnalına göndərmək istəyirdilər. Böyük biabırçılıq baş verə bilərdi… Bəs nədi? İttifaqın-zadın üzvü olma-yan, kitabı çıxmayan,  ciddi bir yazısı belə işıq üzü görməyən bir kənd uşağının birbaşa Moskvada əsəri çap olunacaqdı! Əslində “Köhnə kişi”nin 88-də çapını rəhmətlik İsa müəllimlə uzunmüddətli dava-dalaşlarımdan da çox  bu fakt sürətləndirdi! Biləsiniz onu.
Məncə, rəhmətlik Natiq Səfərov haqqında yazdığım “Ədəbiyyatın çinsiz generalı”, İsa İsmayılzadəni sayğılarla andığım “Yaz gətir, səni də çap edək”, “Mən Qarateli sevirdim” və “Onlar kimi öldürmədilər?” adlı publisistik yazılarımı oxumağınız, o qədər də vaxt aparmaz. Üstəlik, əcaib səslənsə də, həm öz bədii-publisistik obrazınızla qarşılaşar, həm də, bəlkə, bu gün qeyri-ciddilikdə ittiham etdiyiniz “dostunuz” Əkrəm Əylisliyə niyə onun adından  istifadə etdiyinizi deməyə  üzünüz və sözünüz olar.
Bu məqamda məndən də gənc olan həmkarlarıma üz tutmağa məcburam: siz, yəni Mövlud Süleymanlı ədəbi gəncliyin qarşısında ayağa dura bilərsiniz, amma bu, istedad qarşısında sayğı duruşu ola bilməz. Siz ona görə ayağa durarsınız ki, görəsiniz onlardan hansının başı bıçağa daha yaxşı gəlir!
Bir vaxtlar ayağına durduğunuz Aslan Quliyevin, Sabir Bəşirovun, Eyvaz Əlləzoğlunun, Nəriman Əbdülrəhmanlının da  uzun illər başlarını bədənlərindən ayrı görmüşəm… O nəsil birmənalı olaraq  sizin və sizinkimilərin güdazına gəlib.
Oxucular üçün zəruri bir xatırlatma: Əkrəm Əylislinin köməyi ilə o illər qəbulu partiya sıralarına daxil olmaqdan heç də asan başa gəlməyən Yazıçılar İttifaqına üzv olub, bir neçə il sonra şəhərin mərkəzində ev alanda böyük sənətkardan ona qarşı yer-siz umu-küsülərimin halallığını da almışdım.

“Azadlıq”,  03 mart 2007
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)