Edebiyyat.az » Ədəbi tənqid » ŞvartsMan - Ecce Homo: Jesus, yoxsa Nietzsche? (esse)

ŞvartsMan - Ecce Homo: Jesus, yoxsa Nietzsche? (esse)

ŞvartsMan - Ecce Homo: Jesus, yoxsa Nietzsche? (esse)
Ədəbi tənqid
admin
Müəllif:
19:21, 25 fevral 2022
1 479
0
Ş vartsMan - Ecce Homo: Jesus, yoxsa Nietzsche? (esse)




 

...im Grunde gab es nur Einen

Christen, und der starb am Kreuz. 

F. Nietzsche, Der Antichrist (1888)

 

...əslində yalnız bir xristian vardı, o da çarmıxda öldü. 

F. Niçe, Antixrist (1888)

 

 

İsanın həyatını, fəlsəfəsini, çarmıxa çəkilməsini bilirsiniz. Amma çox insanın "İncil" də diqqət etmədiyi bir epizod var. Roma prefekti Ponti Pilatın (əslində Pontius Pilatus) İsa ilə söhbətdən sonra onu xalqa təqdim edərkən dediyi bu cümlə unudulmamalıdır: "ECCE HOMO". Ecce homo latınca " budur ( baxın) insan" deməkdir. Bu cümlə İsanın ölümündən, çarmıxa çəkilməmişdəəvvəl ona deyilən son sözlərdir. 

 

Niçe kitablarının birində yazmışdır ki, "İncil"də hörmətə layiq bir insan varsa, o da Ponti Pilatdır. Çünki Ponti Pilat İsanı ona edam etsin deyə tutub gətirən yəhudi xaxamlardan (yunanca: yəhudilərdən) fərqli olaraq mühakimə etmədi. Dedi ki, mən bu adamda günah görmürəm.  İsa ilə söhbət etdi, niyə xalqının -İsa yəhudi idi-  onu edam etməyini istəmələrini anlamağa çalışdı, sorğuladı. Və yalnız bundan sonra onu xalq qarşısına çıxardıb "budur insan, baxın odur" - ecce homo!- dedi. “Budur sizin kralınız!” Əllərini su ilə yuyub xalqa dedi: “Onun qanında mənim günahım yoxdur. Siz mühakimə edin!. Ponti Pilat və İsanın dialoqlarını “İncil”-də oxuya bilərsiniz və “İncil” hər bir yazıçı üçün çox gözəədəbi mətndir. 

 

Bəİsanın Niçe ilə bənzərliyi nədədir? Niçe avtobioqrafiyası sayılan son orjinal əsəri "Ecce Homo"nu 1888-ci ildə yazdı. Bu, onun şüurlu şəkildə yazdığı son kitablarından sayılır və bir ildən sonra yatağa düşür. 11 il çəkən susqunluq və xəstəlikdən sonra 1900-cü ildə öldü. Yəni Niçe ölümə getməmişdəəvvəl "Ecce homo"nu yazdı, İsa Məsih də çarmıxa çəkilməmişdəəvvəl xalqa Ecce homo kimi təqdim edildi. 

 

Bunu taleyin bir ironiyası kimi, yaxud   mənim üzərində möhkəm dayandığım fəlsəfi taktika və ya şüurlu son kimi qəbul etməkdə sərbəstsiniz.  Burada bəzi incə mesajlar var, mən bunu yazmasam heç kim bilməz. 

 

Niçenin bu kitabına-"Ecce homo.       Insan necə özü ola bilər"ə diqqət yetirək. Bu kitabda Niçe öz həyatından, fəlsəfəsindən, yazdığı kitablardan danışır. Niçe bu kitabında xristianlığın sevmədiyi SALİGİA-dan (xristianlıqda yeddi ölümcül günah) birinci günaha qarşı çıxıb lovğalığı yaxşı bir şey kimi edir, özünü həddindən çox tərifləyir. Kitabın ilk üç bölümünün başlıq adları belədir: “Niyə belə müdrikəm? Niyə bu qədər ağıllıyam? Necə bu qədər yaxşı kitablar yazıram?”. Bu cür başlıqlarla Niçe köhnə silahı ilə xristianlığa dayanmadan atəş açır. Axı xristianlıq insanlara deyir ki, eqoist olmayın; başqalarını düşünün; özünüzü sevməyin. Niçe də bunun əksinə insanlara deyir ki, öz həyatınızı yaşamaq üçün eqoist olmalısınız; vaxtınızı özünüzə sərf etməlisiniz ki, özünüz ola biləsiniz; özünü sevməyən başqalarını sevə bilməz. Niçe düşünürdü ki, xristianlıq həyata lənətdir. Çünki dinlər bu  həyatı lənətləyərək insanlar üçün olmayan "ideal" o biri dünya yaratmağa çalışırdı. Bu gün biz azərbaycanlıların özünü tərifləyən, yüksəldən, öz həyatını yaşamaq istəyən adamlara qarşı kinli və qıcıq olmağımızın səbəbində xristianlıqda olduğu kimi islam dinində də təkəbbürün, eqoistliyin pislənməsidir. Əgər siz haqlı olaraq özünü tərifləyən birini gördükdə içinizdə qıcıq yaranırsa, bu o deməkdir ki, siz şüuraltında dinçisiz. Bizə təvazökar olmağı, uğur qazananda belə bunda başqalarının da payının olduğunu ( məs . valideyn, müəllim), başqalarının dəyərləri ilə yaşamağı öyrədiblər. Beləcə, öz dəyərini yarada bilməyən dəyərsiz insanlara-dinçilərə çevrildik. Dəyərsiz insan da nəyini tərifləyəcək ki -təriflədiyi şeylərdən başqalarında da var!  İstər ateist olun, istərsə aqnostik olun, yenə də düşüncənizdə, sözlərinizdə, hərəkətlərinizdə dinin elementləri yaşayır. Niçe oxumaq məhz bunların dərkinə varmaq və  qurtulmaqdır. 

 

Niçe "Ecce Homo" əsəri ilə demək istəyir ki, məİsa ilə eyni adamam. Ecce Homo İsanın sonudursa, mənim də sonumdur. O, Apollon, mən isə Dionisosam -ikimiz də Olimp dağındakı allahlardan biriyik. Necə ki sona yaxınlaşan İsaya Ponti Pilat " Ecce homo" dedi, sonun yaxınlaşğını görən Niçe də son sözünü bu kitabı ilə dedi: "Ecce homo". İsa da, Niçe də bu iki sözdən sonra öldülər. 

 

Bunu da unutmaq olmaz ki, Ecce homo ifadəsi İsaya xitabən deyilsə də, Niçenin hörmət etdiyi Ponti Pilatın frazasıdır. Niçe bu məqama diqqət etməyə  bilməzdi. O, özünü "dəccal", yəni anti-xrist adlandırırdı. Jesus Christos  “Yesus Kristos” kimi oxunmalıdır – xrist kimi yox, krist kimi (epiqrafdakı “anti-Xrist”i “anti-Krist” etmirəm, çünki səhvi göstərək ki, düzü asan qəbul edəsiniz). İsanın adındakı kristos ingilis dilinə "cross" kimi keçib, mənası  “çarmıx, xaç" deməkdir. Niçe bununla mesajını belə ötürür ki, mən xaça, o çarmıxa, xristianlıq fəlsəfəsinə qarşıyam. Anti-Krist olmaq  Anti-İsa olmaq demək deyil.Əslində Niçe İsaya qarşı deyil, onu yaxşı başa düşür. Bu yazının epiqrafına diqqət edin: əslində bir xristian vardı, o da çarmıxda öldüİzah: İsa heç xristian ( əslində, kristian) da deyildi, Niçe bunu ironik şəkildə deyir. Ey xristianlar, siz əsl xaçpərəst deyilsiz, əsl xaçlı o çarmıxa çəkilən idi.  Xristianlıq xaç üzərinə İsanın sevgi təliminin yerinə apostol Pavel (əslində, Paulus) tərəfindən nifrət təliminin həkk olunmasıdır. İsa evagenlist (xoş xəbər) idi, Pavel isə disangelist (bəd xəbər) -Niçe belə deyirdi. Daha sadə izah etsək, İsa burada Cristosu (kristos>cross[kross]), xaçı, xristi (christ) təmsil edir, xristianlığı yox. Pavel İsanın Peter (Petrus) xaçıdır.  Simvolik olaraq, İsanın xaçının başı aşağı variantını təmsil edir (Pavel İsanı göt-baş anlamışdı). Niçenin yazdığı “Antixrist” kitabı İsaya yox, məhz xristianlığa -Pavelə qarşıdır. Niçe bilir ki, xristian dinin İsa ilə heç bir əlaqəsi yoxdur: xristianlıq sevginin nifrətə çevrilməsinin qorxunc hekayəsidir. “Ecce homo”dakı son cümləni bu sözlərlə bitirməsi təsadüfi deyil. 

 

"Məni başa düşdünüzmü? Çarmıxa çəkilmiş olana qarşı Dionisos..."

 

Niyə Dionisos? Niçe klassik filologiya professoru olaraq bir şeyin  dərkinə vardı ki, xristianlığın kökündə apollonist-platonik düşüncə faktoru var. Bu nə deməkdir? Apollon yunan mifologiyasında (əslində, mitologiya) nizam, musiqi, şəfa, kəhanət, günəş allahıdır. İsa burada Apollonu təmsil edir. Onun kimi nizamçı (kulturaçı) şəfaçı (xəstələri sağaldır, ölüləri dirildir), gələcəkdən xəbər verən (İncil -xoş müjdə), günəş kimi çarmıxda “batan”, üç gün sonra “doğulan”. Dionisos isə xaos (anti-kulturaçı), bilinməzlik, meşə (təbiət), şərab, şəhvət allahıdır. Froydçu psixoloji dildə desək, Apollon supereqonu, Dionisos isə id-i təmsil edir. Dionisos Apollon tərəfindən basdırılan "id"dən başqası deyil. Dionisos gizlədilmiş, pis baxılan, dişi olanın üzə çıxmasıdır. Apollon və Dionisos taoizmdəki yin və yanq kimidir: bir bütünün iki parçası.

 

Apollon mitdən (qəsdən mif yazmadım) logosa - fəlsəfəyə keçir. Nəyə çevrilir? Əlbəttə, Plantonçuluğa. Başqa cür desək, xristianlığın kürəyini söykədiyi fəlsəfəyə. Məhz buna görə, Niçe yunan mədəniyyətinin dekadentinin (çöküşünün) Sokratla başladığını deyəcəkdi. Bu, irrasional fəlsəfədən (Sokratdan əvvəlki filosoflar) rasional fəlsəfəyə (Sokrat, Platon, Aristotel) keçid olacaqdı. Və iki min ildir Qərb mədəniyyətində tiranlıq edən rasional fəlsəfənin dini versiyası olan xristianlıq, 19-cu əsrdə Şopenhauerin və Niçenin irrasional fəlsəfəsi ilə ölümünü yaşayacaqdı. Bununla da, fəlsəfə öz fəlsəfəliyini itirəcək və yerini  psixologiyaya (20-ci əsrdə Froyd) verəcəkdi. 

 

Bu iki ecce homonu - İsa və Niçeni ümumiləşdirək:

1.Apollon (mit-nizam) > Platon (rasional fəlsəfə) > İsa (ruh)

2.Dionisos(mit-xaos) > Niçe (irrasional  fəlsəfə) > Zərdüşt-Übermenş (bədən)

 

Son olaraq, nə deyə bilərəm: einige werden posthum geboren.  ( F.Nietzsche, Ecce Homo). Bəziləri öldükdən sonra doğular... İsa kimi, Niçe kimi... 

 

 

4 fevral -19 fevral, 2022

 

Müəllif haqqında

ŞvartsMan (Tamerlan) 1991-ci ildə Bakıda dünyaya gəlmişdir. Azərbaycan Dillər Universitetinin tələbəsi olmuşdur (2011-2015). 19 yaşında “Məktub”adlı ilk hekayəsini,  29 yaşında isə ilk romanını –“Məhəbbət üçün ürəkbulanma”nı yazmışdır. Saytlarda “ŞvartsMan” imzası ilə bir çox esselər və hekayələri çap olunmuşdur. Hekayələr: “Ştaynerin evi”, “Əlcəyini çıxarmadın”, “Sukaşnik”, “Üçbucaq”, “Ailə komediyası”, “İyrənc” və s. Esseler: “Mənim üç muşketyorum: Bodler, Niçe və Şirvani”, “Dağıdıcılıqdan yaradıcılığa” və s. 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)