Bu qarşılaşdırmada Ramil Əhməd-Nizami Bayramlı yazır...
Ədəbi tənqid
Bu qarşılaşdırmada Ramil Əhməd-Nizami Bayramlı yazır...
Müasir dövr Azərbaycan poeziyasında ədəbi tənqid anlayışı birmənalı olaraq qarşılanmır. Hələ də "tənqid"i mətnin dəyərləndirilməsi kimi qəbul eləmək istəməyənlər var. Səbəb də oxucu kütləsinin yazara bağışladığı təsirdir. Öncə onu bildirim ki, poeziya ədəbi tənqidin özünü ən rahat hiss elədiyi hadisədir. Başqa sözlə, onu hadisə kimi formalaşdıran anlayışdır. Əsas göstəricisi də odur ki, poeziyanın keyfiyyətinə cavabdehlik funksiyası daşıyır, tənqidin səviyyəli olması elə ədəbiyyatın inkişaf səviyyəsinin güzgüsüdür.
Amma bu demək deyil ki, bütün iradları tənqid hesab eləmək olar. Ona görə də əvvəlcə özümüzə sual verməliyik ki, ədəbi tənqid nədir və ya nə deyil? Mətnin qiymətləndirilməsində olan müasir mövqeyi tapmaq. Məhdud bir çevrədə yox, bədii imkanların genişliyindən xüsusi bir bacarıqla istifadə edərək adekvat şərh və təhlil verə bilmək.
Bu mövzuda müasir poeziyamızda kifayət qədər hədəfə alınacaq ciddi mətnlər var. O cümlədən də Ramil Əhməd poeziyasında ədəbi tənqidə tuş gələcək maraqlı mətnlərdən nümunələr gətirmək olar. Onun şeirində işlətdiyi ifadələrin xüsusi özünəməxsusluğu, rəng çalarları, sözə olan qayğıkeş münasibətindən, rəftarından irəli gələn məsuliyyətdir. Deyərdim ki, poeziyada bu çox ciddi məsələdir. Mətnlə müəllif arasında möhkəm əlaqə yaratmaq olduqca mürəkkəb bir faktordur. Bu kontekstual yanaşma çağdaş poeziyamızda çox az hallarda müşahidə olunur. Bir də kompozisiya məsələsi. Ardıcıllıqların sonda bir yerə yenidən toplanılması. "Azadlığım" şeirində olduğu kimi.
Sənlə gedə bilmədiyim
bütün parklar
ağaclardan hörülmüş həbsxanalardır.
Sənlə gedə bilmədiyim
bütün şəhərlər
binalardan hörülmüş həbsxanalardır.
Sənlə gedə bilmədiyim
bütün küçələr
adamlardan hörülmüş həbsxanalardır.
Sənlə üzə bilmədiyim
bütün dənizlər
sulardan hörülmüş həbsxanalardır.
Sənsiz
məhbusam
ağaclar, binalar, adamlar, sular arasında...
Hardasan, mənim azadlığım?
Müəllifin mətnində "azadlıq" dünyəvi bir xarakter daşıyır. Onun sevgi üzərinə köklənməsi Ramil Əhməd təfəkkürünün keçmişdə batıb qalmadığından, şairin mətnə müasir təsir bağışlamasından irəli gəlir. Parkların, şəhərlərin, küçələrin, dənizlərin həbsxanalara bənzədilməsi nəzəri biliklərindən mətndə sürətli işləmə bacarığından xəbər verir. Şeirin sonunda isə ağacların, binaların, adamların, suların arasında itirdiyi azadlığını kompozisiya formasında verməsi bir daha onu sübut edir ki, verilənlər arasında olan bağlılığın kökü "azadlıq" qədər dərinliklərə uzanır.
Şeir əsasən azadlıq, sevgi, sərbəstlik kimi dəyərlər üzərində qurulmuşdur. Mətnin sonunda "haradasan mənim azadlığım" misrası ilə yekunlaşması da şeirin poetik gücünü birə-beş artırır. Sevgi və azadlıq qarşılaşdırmaları şairə fikirlərini dolğun ifadə etmək üçün böyük vüsət yaradır. Məlumdur ki, bu qarşılaşdırmada Ramil Əhməd daha çox azadlıq tərəfdarıdır. Aydın şəkildə bildirir ki, onun azadlığının yalnız bir səbəbi var: xoşbəxtliyə çatmaq və onu yalnızlıqdan xilas etmək. Şeirdəki melanxoliya Ramil Əhməd düşüncəsinin individual yanaşma tərzinə əsaslanan aspektdir. Bir nüansı da gözdən qaçırmayaq ki, mətndəki azadlıq faktoru, yenilikçilik onun postmodern üslubundan qaynaqlanır.
Modernizm ədəbi cərəyanının qurucularından biri olan britaniyalı yazıçı Virciniya Vulfun belə bir ifadəsi var: “Səmimi və fantaziyalısınızsa, hər şey yaza bilərsiniz. Yaradıcılığın ən böyük düşməni öz şübhələrinizdir”. Müasir dövr Azərbaycan ədəbiyyatında da Ramil Əhməd poeziyası tamamilə bu şübhələrdən uzaqdadır. Daha bir şeirində - "Güzgü"də olduğu kimi.
Güzgülər
məni göstərmir,
Mən güzgülərdə göründüyümə inanıram...
Güzgülər
səni göstərmir,
Sən güzgülərdə göründüyünə inanırsan...
Güzgülər
bizi göstərmir,
Biz güzgülərdə göründüyümüzə inanırıq...
Bir dəfə güzgülər haqqında maraqlı fakt oxumuşdum, orada qeyd edilirdi ki, güzgüdən istifadə şamanlar, maqlar, cadugərlərin yarandığı illərdən başlayır. Hətta iddia edirlər ki, güzgüdə adi insanların görə bilmədiklərini görürlər. Rəvayətlərə əsaslanan bir mətləb var ki, güzgüdəki əkslə güzgüdə əks edilən arasında sirli əlaqə var. O həm insanın ruhunu, həm də həyat gücünü saxlaya bilir. "Hələ qədim dövrdə inanırdılar ki, güzgüdə gələcəyi, keçmişi görmək olar, o biri dünyanın sakinləri ilə əlaqə saxlamaq mümkündür."
Alimlər də təsdiq edirlər ki, güzgü görünməz enerji ilə əhatə olunub. Mənfi və yaxud müsbət enerji verir. Bunun bir inanc kimi formalaşması rahatlıqla yuxarıda göstərdiyim misralarda da öz əksini tapır. Başqa sözlə desək, güzgülərin insan korluğunu yaşaması və yaxud görməzdən gəlməsi ilk misralar üçün səciyyəvi və xarakterdir. Güzgülərdə görünməyə inanmaq isə reallığın gördüyümüz olmasına dəlalət edir. Sonrakı misralarda isə bu ardıcıllıq "sən və biz" əvəzliklərinin eyni hadisəni icra etməsinə tərəf yönəlir. Yəni eyni hadisənin başqası tərəfdən və birlikdə yaşanılması...
Ədəbi prosesi dərindən izləyən bir oxucu, həm də ədəbiyyat adamı olaraq onu da bildirim ki, Ramil Əhməd poeziyası müasir dünya poeziyasındakı gənc müəlliflərin şeirlərindən heç də geri qalmır. İnanıram ki, onun mətnlərinin arxasında ədəbiyyatı ciddi qəbul eləmək məsuliyyəti dayanır. Ona və digər həmkarlara çıxdıqları bu yolda uğurlar arzu edirəm.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Viktoriya Tokarevadan povest
AZAD QARADƏRƏLİ - MORQDA KARANTİN* (“Morq çiçəkləri”, 2-ci kitab, roman)
LALƏ HÜSEYNOVA - SİRR
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )