Edebiyyat.az » Ədəbi tənqid » AZAD QARADƏRƏLİ - KAMİLLİYİN ZİRVƏSİNDƏ

AZAD QARADƏRƏLİ - KAMİLLİYİN ZİRVƏSİNDƏ

AZAD QARADƏRƏLİ - KAMİLLİYİN ZİRVƏSİNDƏ
Ədəbi tənqid
admin
Müəllif:
22:02, 19 avqust 2022
872
0
Azad Qaradərəli - Kamilliyin zirvəsində






(Ustad alim, görkəmli dilçi, İstanbul Aydın universitetinin professoru Kamil Vəli Nərimanoğlunun anadan olmasının 75 illiyi münasibəti ilə)






    İnsan anadan, atadan bəzi hazır genlərlə həyata atılsa da, qalanı həyatda qazandığıdır. Məlum alimin ağ lövhə nəzəriyyəsi tam olmasa da, əsasən doğrudur. Biz kənd uşaqları doğularkən ailədən, məktəbdən və universitetlərdən aldıqlarımızla o ağ lövhəmizi zənginləşdirmədikmi? Hətta biz Bakıya gələnə qədər hələ kamilləşmənin heç ilk basamağında deyildik. Bizə kamillik şərbətini içirən müəllimlərimiz, ustadlarımız oldu. O kamil insanlardan biri haqqında söz açmaq istəyirəm...

    ...Kənddə müəllim işləyidim. Elə tətil olan kimi Bakıya qaçır, redaksiyalara gedir, hekayələrimi, bəzən də məqalələrimi qəzet-jurnallara təqdim edir, cavab gözləyirdim. Artıq bir tutacaq yerim vardı: ustad Sabir Əhmədli mənə “Ədəbiyyat və incəsənət”də qucaq açmış, hekayələrimi çap etməyə başlamışdı. Və bir dəfə bir hekayəmi oxuyub, “bunu apar “Ulduz”a, Mövlud Süleymanlıya ver” dedi... (Bu barədə bir neçə essemdə yazmışam, təkaraçılıq etməyim.)

    “Ulduz”da Mövlud müəllim hekayəni mənimlə birgə redəktə edərkən qoltuğunda qovluq bir nəfər içəri girdi. Diqqətlə baxıb, tanıdım – Kamil Vəli idi. Dilçi, həm də elmi-tənqidi yazılar yazan gənc alim. Mövludla səmimi görüşdülər. Mövlud müəllim məni ona təqdim etdi: Azaddı, V.Azad. Azad Vəliyev. Zəngilannandı. Yaxşı hekayə yazır. Bu nömrədə “Diringə” adlı hekayəsini verəcəyik... (Onda hələ Azad Qaradərəli deyildim. Hekayələrim əvvəlcə Azad Vəliyev, sonra isə V.Azad imzası ilə çıxırdı. Burada 79-un yanvar nömrəsində gedən hekayəmdən bəhs olunur.)

    -“Diringə”? Nə maraqlı adı var?! Mütləq oxuyacam!.. Təbrik edirəm!..

    Gənc alimin bu sözləri onsuz da yüksək olan ruh yüsəkliyimi bir az da artırdı. Havayı deyil, elə bu dərginin hansısa sayında Kamil müəllimin maraqlı bir yazısını oxumuşdum  - gərək ki, adı “Sözün sehri” idi. Belə tanınmış bir alimin məni təbrik etməsi sevincimə səbəb olmuşdu. 

    Bilmirəm, Kamil müəllim o hekayəni oxudumu? 

    Sonralar universitetin tanınmış professoru olan Kamil müəllimi bir də xalq hərəkatının öncüllərindən biri kimi tanıdım. O zaman az qala hamımız orada idik – havayı deyil, xalqımıza ikinci dəfə müstəqil olmaq şansı verilmişdi! (Bunu da uzun illər bizdən gizlətmişdilər. Bizdən yaşlı alim və yazıçılarımızın, siyasət adamlarının sayəsində Rəsulzadəni, Azərbaycan Xalq Cümhuriyyətini və onun üçrəngli bayrağını tanımışdıq.) Bu şansı dəyərləndirmək üçün bəzi yazarlarımız hətta qələmi yerə qoyub, hərəkatın fəallarından oldular. Kamil müəllimsə həm hərəkatda sözünü dedi, həm  elmi işlərini davam etdirdi. Yadımdadır, onun  “Elin yaddaşı, dilin yaddaşı”, “Elimizdən, obamızdan”, “Dastan poetikası” əsərləri  Zəngilandakı şəxsi kitabxanamın incilərindən idi. 

    Kamil müəllim baş nazirin müavini kimi yeni yaranan müstəqil dövlətin elm və dil siyasətində mühüm rol oynadı.

    Sonra isə məlum məsələlərlə əlaqədər olaraq Tükiyənin çeşidli universitetlərində dərs dedi, professor kimi ümumtürk dili və ədəbiyyatlarına öz töhfəsini verdi.

    Lap bu yaxınlarda Kamil müəllimlə yolumuz bir də kəsişdi. İşlədiyi İstanbul Aydın universitetindən bir təklif gəldi. Həmin universitetin professoru Hacı Duranın moderatorluğu ilə Kamil müəllimlə mən 80-90-ların Bakı çayxanalarından onlayn  söhbət edəsi olduq. (Məsələ bu ki, mənim “Çayxana və meyxana ədəbiyyatı” adlı essem Türkiyədə böyük ilgi çəkmiş, müzakirəyə səbəb olmuş, ilk olaraq çayxanalar, sonrakı mərhələdə isə meyxanələr barədə söhbət etməyi qarşıya məqsəd qoymuşdular. Çayxanalar haqqında söhbətimiz çox maraqlı alındı və hətta mən deyərdim ki, gözlədiyimdən də maraqlı! Nə yazıq ki, o söhbətin mətnini mən internetdə yaymaq imkanında deyiləm, bunu yalnız Kamil Vəli ilə Hacı Duran edə bilər və bunun geniş dinləyici auditoriyasına çıxarılmasını çox istərdim.)

    Üçüncü qiyabi görüşümüz isə böyük şair Eldar Baxışın 75 illiyi münasibəti ilə mənim “Vətən şairi” kitabıma dəstək verməsi, kitabın elmi redaktorluğuna razı olması ilə rəvac götürdü. 

    Bu yazını yazarkən təsadüfən bilmişəm ki, professor Kamil Vəli Nərimanoğlunun doğum günü və üstəlik də, 75 illiyi imiş!

    Hörmətli professorumuzu, doğma adamı qəlbdən qutlayır, elmi nailiyyətlər və yeni yaradıcılıq uğurları arzulayıram!

    Çox yaşayın, professor! Cəbrayılın azad torpağına birlikdə ayaq basaq, ordansa Zəngilana, bütün Qarabağa gedək. Ustadımız Sabir Əhmədlinin, ikimizin də dostu Eldar Baxışın ayağı dəyən o doğma yerlər bizi çağırır, Kamil bəy!

    Kamilliyin zirvəsində möhkəm dayanın! Ora sizə çox yaraşır!

                                                           18.08.2022

    


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)