Edebiyyat.az » Ədəbi tənqid » Sərvanə Dağtumas(Ədəbiyyatşünas) - Qurban Səidin “Əli və Nino” romanı sevgi romanıdır, yoxsa siyasi?

Sərvanə Dağtumas(Ədəbiyyatşünas) - Qurban Səidin “Əli və Nino” romanı sevgi romanıdır, yoxsa siyasi?

Sərvanə Dağtumas(Ədəbiyyatşünas) - Qurban Səidin “Əli və Nino” romanı sevgi romanıdır, yoxsa siyasi?
Ədəbi tənqid
admin
Müəllif:
18:15, 29 mart 2023
1 208
0
Sərvanə Dağtumas( Ədəbiyyatşünas) - Qurban Səidin “Əli və Nino” romanı sevgi romanıdır, yoxsa siyasi ?





Romanın ilk səhifələrində şəhərin coğrafi durumu təsvir olunur. Müəllim Asiyanı “geridə qalmış”, Avropanı “mədəni” qitə hesab edir. Müəllifin bu təsvirini düzgün hesab etmirəm. Müəllif, bəlkə də, unudub ki, Qərb elmi, mədəniyyəti, gigiyenik qaydaları, bir sıra kəşfləri Şərqdən öyrənib. Paris sindromunu da nümunə göstərə bilərik. Sırf texnikaya görə Qərb Şərqə meydan oxusa, gərək Şərq də Qərbə “gigiyenik keçmişinə görə” meydan oxusun. Ayrıca professor Saninin sinifdə taleyini müzakirə etməsi, “lənətli” həyatına görə şagirdləri günahlandırması müəllimə yaraşan davranış deyil. 

Əsərdə bir məqam var: qaxac donuz ətinin xatırlanması Seyid Mustafaya mənfi təsir edir. Görünür, şagird fanatikdir və bu da onun sonrakı taleyində təsirsiz ötüşməyəcək. Əslində, donuz ətini müsəlman olaraq, haram hesab etsək də, digərlərinin əqidəsinə, dini dəyərlərinə hörmət etməliyik. 

Müəllif   “Azəri dili” anlayışını düzgün işlətməyib. Azərilər iran mənşəli tayfalardır. Dilimiz azəri dili deyil, Azərbaycan türkcəsidir. Bəlkə də, yazıçı bununla dilimizə kölgə salmağa çalışıb. 

Qızların məktəb, institut geyim formaları “qar kimi təmiz, ağ döşlüklü, mavi uniforma...” kimi təsvir olunub. SSRİ-nin belə məktəbli formalarının olması təsadüfi deyildi. Onlar şüuraltı olaraq, belə bir mesaj ötürürdülər ki, qızlar gələcəkdə ana və bacarıqlı ev sahibəsi kimi hazırlansın. Həmin geyimlər qulluqçu uniformalarının modifikasiyası olub. Qulluqçular sonsuz zəhməti və çalışqanlığı təmsil edirdi. 

Obrazların adları sanki onlarına əyninə geyindirilən bir geyimdir. Əli 1-ci imamımızın adıdır. Obraz şiə olaraq təsvir olunub. Aişə Əlixanın xalası qızının adıdır. Tarixdə Hz.Aişə Məhəmməd (s.ə.s) peyğəmbərin həyat yoldaşlarından biri olub. Nino Müqəddəs Ninonun adından götürülüb. Müqəddəs Nino Gürcüstanda xristianlığı təbliğ edən, İberiyanı xristianlaşdıran dindar qadın olub. Onun atributu olan qrapevin xaçı gürcü xristianlığının simvoludur. 

Romanda Nina çadraya mənfi münasibət bəsləyib. Mənim fikrimcə, çadra məcburi qaydada olmamalıdır. Quranda da yazılıb ki, “dində məcburiyyət yoxdur” yazılıb. Və ya “əxlaq örtüsü olmayanı baş örtüsü əxlaqlı etməz”. Kişilər öz həmcinslərindənmi qoruyur qadınlarını? Güvənsizlik nədən qaynaqlanır? Tərbiyə prosesində valideynlər oğlanlardan çox qızları tərbiyə edirlər. Kökü burdan qaynaqlanır. Məcburi çadra adı altında qadınlarımız psixoloji şiddətə məruz qalır, qadınlıq duyğuları istismar olunur. Cəfər Cabbarlımız buna görə həyatını ortaya qoydu. Səriyyə Xəlilova azadlıq anlayışını dərk edib cənnətinə “qovuşdu”. 

Cüzam xəstəliyinin adına əsərdə rast gəlirik. Bu da onu göstərir ki, həmin dövrdə insanların arasında düzgün qidalanmayan, vitamin çatışmazlığından əziyyət çəkən, sanitariya qaydalarından kənarda qalan şəxslər var. Bu xəstəliyə tutulanlar ömürlərinin sonuna qədər cəmiyyətdən izolyasiya olunur, asosial həyata məhkum edilirlər. 

Müəllif bir məqama toxunub: gimnaziyada döyülmə qadağan idi. Əslində, sovet dövrü deyəndə çoxlarının ağlına fiziki şiddət gəlir. Şiddət indi də var, amma psixoloji şiddət. Sovet dövründə təhsil var idi. Şiddət olsun, ya olmasın, bunun önəmi yox idi. Bununla belə indi müəllim adı məktəblərdə önəmsizləşib. Gimnaziyada fiziki şiddətin qadağan olunması məqamını qeyd edən müəllif əslində şiddətin yersiz olmasını göstərir. 

Əlixan aciz və zəif xarakterli bir obraz kimi oxucu qarşısına çıxıb. O, rusların hörmətini qazanmağa çalışır ki, Nino onunla evlənsin. Əsl türk kişisi düzgün təqdim olunmur. Əli hər dəfə dünyanın ən gözəl qadınları sırasında gürcü xanımlarının adını çəkir. Qız qaçırma adətinə də toxunur. 

Əsərdə yazıçı oğlan uşağını müqəddəsləşdirir. Əlixanın əmisi gənc qızla evlənsə də, ondan nəslini davam etdirmək üçün oğlan uşağı istəyirdi. Yəqin əmisinin nəsli Vindzorlar sülaləsinin nəslindədir, ya da əmisi Nadir şaha vərəsə axtarır. Əlixanın əmisinin yoldaşına dərvişlərin tilsimləri, bilicilərin ovsunları, qoca qarılar da fayda verməmişdi.Zeynəb Şiri ziyarət etsə də xeyri olmadı. Axı necə olsun? Daşdan nə fayda? Vacib idi müəllif bunu yazsın? Təəssüflər olsun ki, bir türk olaraq, daha gözəl təbliğ oluna bilərdik. Axırda əmisinə yuxuda pərilər pıçıldayıb ki, yoldaşını həkimə apar. Zeynəbin hələ 18 yaşı tamam olmayıb, həkimə gedəcək. Görəsən, Əlixanın əmisi heç özündən soruşubmu ki, bəlkə problem məndədir? 

Əlixan “yumurtada qıl, qadında ağıl olmaz” fikrini dəstəkləyir. Onda o, niyə Nino kimi ağılsız qadınla evlənmək istəyir? Bəlkə, cavabını özü də bilmir. Əzəldən türk kişiləri xanımlarına dəyər verib, onlara “xan”ım deyib, onları ağıllı, müdrik hesab edib, məsləhət alıb. Bəs müəllif niyə bu məsələni vurğulamır? Qadınlarımız kişilərimizlə çiyin-çiyinə döyüşüb, onlara dəstək olub. Bunu ki müəllif bilir. Yəqin ki, müəllifin türklərlə bir ədavəti var. 

Əlixan qeyd edir ki, “avropalıların ziyafət süfrəsində necə hərəkət etməyi də yaxşı öyrənmişəm”. Avropalı elə Şərqdən öyrənib, özəlliklə süfrə mədəniyyəti Şərqdən gəlir. Əlixana bunu biri izah etməli idi. “Nino bizim yemək üslubumuza barbar üslubu kimi baxırdı”. Əvvəla, mənim mədəniyyətimə, dəyərlərimə hörmət etməyənin həyatımda yeri yoxdur. İkincisi, Əlixan öz üslubuna hörmət etmirsə, Ninoda qəbahət yoxdur. Əslində, orda üstündən keçir, amma Ninoya detallı izah etmir. Çünki Ninonu itirməkdən qorxur. Əlixan fanatikdir, dördarvadlılığı normal qarşılayır. Hələ guya gimnaziyada “təhsil alıb”.

Əsərdə “Şərq qılıncı kimi dar və əyri” metaforu da özündə bir niyyəti gizlədib. Qız qalasının adının çəkilməsi məni həm sevindirdi, həm də təccübləndirdi. Əlixanın paradoksal fikirləri çoxdur. Məsələn, deyir ki, “zina edən qadın öldürülməlidir”. Bunu deməyi unudub: “zina edən kişiyə bürünc medal verilməlidir”. Qadın zinanı kişiylə edir və hər ikisi cəzalandırılmalıdır. Bu mövzuda “Sürəyyanı daşlamaq” filmi çəkilib, anlamlı və təsirli filmdir. 

Əlixandan imtahan götürən molla ondan ancaq kəlimeyi-şəhadəti soruşdu, o da cəsarətli şiə kimi şəhadəti əzbərdən dedi. Buradan belə nəticəyə gəlirik ki, molla dərsdə ancaq kəlimeyi-şəhadəti öyrədib. Yəqin “Dəli Kür” dəki molladan imiş. Müəllif niyə “imtahan” hissəsini çox qısa təsvir edib? Din yalnız bundan ibarətdir?Digər oxucularda necə təəssürat formalaşar? Niyə yazıçı fanatik düşüncələr baxımından xəsis davranmayıb? Şəhadəti ancaq şiə deyir? Şəhadət müsəlmana, İslam dininə aid deyil? Şiə olmayanlar cəhənnəmə gedəcək, şiə olanlar da cənnətə vizik kartı alıb? Molla bəlkə də Əlixanın şəhadəti dediyindən çox şiə olduğuna görə yüksək qiymət yazıb.

Əlixanın lətifəsi özündən uzaq Şeyx Sənan kimi davranır, Ninoya görə şərab da içir. 

Aşura mərasimi fərqli tərzdə təsvir olunub. Ümumiyyətlə, dində sinə döymək, şallaq vurmaq yoxdur. Bu, bəzi mənbələrə görə Şah İsmayıldan, bəzi mənbələrə görə farslardan qalan ənənələrdir. Müsəlmanın ürəyində iman sevgisi olmalıdır, ehsan paylayıb zəkar verərək də bu sevgini göstərə bilərsən. Aşura mərasiminin fanatikləşdirilməsi ilə bağlı dahi rejissor Abbas Mirzə Şərifzadə 1925-ci ildə “Bismillah” filmini çəkib. 

Buxara, İsfahan, Kəşhan xalıları və onların üzərindəki təbiət, döyüş səhnələrinin təsviri diqqətimi çəkdi. Biz xalq olaraq, təbiətə bağlıyıq. İnsanlarla görüşəndə “sabahın xeyir, günortan xeyir, axşamın xeyir” deməyimiz eyni zamanda səma və göy cisimlərinə bağlılığı özündə ehtiva edir. 

Yazıçı əsərdə özünə sərf edənləri təsvir edib. İran xalçaları üzərindəki təsvirlər, toy gecəsinin yersiz adətləri...Şərqdəki gözəl adətlər var. Bizim bir çox adətlərimiz, o cümlədən toy gecəsi adətləri ərəblərdən bizə miras qalıb. Gülşən Lətifxanın “Azər və Aida adası” əsərində  Aida deyir ki, bir tək qaş almağa icazə vermirdilər. Bu da ərəblərdən keçən adətdir. 

Digər diqqətimi cəlb edən məqam dəvə obrazıdır. Bunu iki mənada düşünə bilərik: 1-ci dəvə səhranın,çölün simvoludur. Əsərdə belə bir sitat var ki, Şərq çöldən gəlir, Qərb meşədən. Dəvə Şərqi təmsil edir. 2-ci dəvə hüquqsuzdur, Leyli də özünü dəvəyə bənzədib hüquqsuzluğundan şikayət edirdi.Yəni dəvə hüquqsuz qadınların simvolu ola bilər.

Romanın sonunda Əlixan şəhid olur, Nino uşağını götürüb qaçır. Əslində Əlixanın özü taleyini bu cür yazır, tabuları qıra bilmir, stereotiplərinin qurbanı olur. Roman iki bir-birini sevən gəncin fonunda siyasi hadisələrə işıq tutur. Yəni əslində “Əli və Nino” siyasi romandır. Siyasi hadisələr sevginin fonunda verilir. Əli obrazı türk kişilərinə xas cəhətləri özündə birləşdirmir. Müəllifin niyyəti elə əsərin əsl müəllifi kimi şübhəlidir. 


 

 

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)