Nemət Mətin - Şeirlərdə özünü axtaran şair
Aristotel "Poetika" əsərində yazır:
"Harmoniya və ritm instinkti də insanın ekzistensial (anadangəlmə) xüsusiyyətlərindən biridir. Həyatın hər yerində mövcud olan harmoniya və ritm insan yaradıcılığında və yaradıcılığında olduğuna görə də onun yaratdığı hekayələrində də özünə yer tapır."
Ümid Nəccari emosional, fikrini dəqiq ifadə edən şairdir. Onun şair ruhu da düşüncələrində var-gəl etdikcə büdrəmir, həlimləşmir. Əksinə dik gəzir. Boynunu bükmür. Etirazını birbaşa bildirir.
"qəfildən bir səs ol!
Bir səs...
Mən səni səsindən tanıyıram."
Şeir minimalizmi sevir. Qısa, konkret fikirlər şeirin "vuran əl"idir. Qafiyəli və ya qafiyəsiz olmağından asılı olmayaraq orijinal fikir beyinə tez həkk olur.
"Öncədən bir şam idi,
bu yollarda ucalan işıq dirəkləri.
Ucalıb... Ucalıb, söndülər...
Öncədən uşaqlıq yastığımız idi,
gördüyümüz buludlar.
Uçub... Uçub getdilər..."
Şair Ezra Paund "Şeir necə yazılmalı" məqaləsində qeyd edir:
"Mənim fikrimcə yaxşı obraz, fikir və hiss vəhdətinin elə bir "qəlib”də ortaya çıxmasıdır ki, ən böyük sənət əsərlərindəki kimi oxucuya ani olaraq azadlıq hissini yaşada bilsin; zaman və məkan sərhədlərindən xilas olmaq və yüksəlmək duyğusunu hiss etdirsin.
Ömrü boyunca cəmi bir yaxşı obraz yaratmaq, cild-cild əsərlər yazmaqdan daha üstündür."
Ümidin obrazlı şeirləri fəlsəfi düşüncə mexanizmi ilə birgə şütüyən qatarı xatırladır. Yanlız özündən yuxarı atlananda yeniliklər yaratmaq olar. Yerində dayanıb baxanda uzağı özündən öncəkiləri təkrarlaya bilərsən. Bu baxımdan Ümid çox-çox irəlidədir.
"Biz paralel çəkilən iki dəmir yoluyuq,
uzanmışıq bu yollara...
Hara çatsaq da,
bir-birimizə yetişə bilmirik..."
Şeirin formasına görə onu bir çox şeyə bənzətmək olar. Gölün dumduru suyu, pambıq buludlar, ocağı söndürməyə çalışan damlalar. Ümidin şeirləri aşıb-daşan çayı xatırladır. Qarşısına nə çıxdısa, yuyub, aparacaq...
"Yenə Mosart qulağıma oxuyur 40-cı simfoniyanı
Götür get dalğalanan bu yaramaz suları
Təkrarların təkrarıdır hamısı,
İnkarların inkarıdır...
Bilirsənmi?
Əsrlərdir gözlərini yamsılayır bu dəniz,
İllərdir sənin səsində danışır yoxluğun..."
Hiss olunur ki, Ümid hələ də öz üslubunu axtarır. Çalışır, vuruşur. Şeirlərdə özünü axtarır. Öz şeirlərində...