Nemət Mətin - İt hürən tərəfə gedənlər...
Epiktetin “Müzakirələr” əsərində belə bir cümlə var:
"Təsir edə bilməcəyimiz şeylərə təsir etməyə və onları dəyişdirməyə çalışmaq bizə şiddətli məyusluq hissi verir."
Cəmiyyətimizə nəzər saldıqda insanların həvəslə biri-birinə nəyisə izah etməsini, boşananları qovuşdurmağa çalışmasını, idarəetmə sistemini dəyişdirməyə səy göstərməsini, yaşlıların gənclərə öz fikrini yeritmək cəhdlərini görürük. Bunlar baş tutmadıqca onlar əsəbləşir, özündən çıxır, hirslənir və s...
Mənə elə gəlir ki, işıqlı yol ayrı yerdədir. Cığır olmayan yollardadır. Biz hələ də elə bilirik ki, "it hürər, karvan keçər" məsəli boş-boş danışan, sözünə əhəmiyyət verilməyən adamlar haqqındadır. Lakin it hürən tərəflər hər zaman təhlükəsiz yerlər sayılır. İt hürürsə, deməli oradan çaqqalı, oğrunu uzaqlaşdırmağa çalışıb. Sarvan karvanı it hürən tərəfə çevirir. Sarvan karvanı sakit-səssiz bir yerə aparsaydı, təhlükə ehtimalı daha çox olardı. Adətən vəhşi heyvanlar hücum öncəsi pusqu qurarkən ölü səssizlik yaradırlar.
“Cırtdan” nağılını xatırladım.
“Cırtdan dedi:
- İt hürən tərəfə getsək, it bizi qapar. İşıq gələn tərəfə gedək, bəlkə yolu tapa bildik.
Uşaqlar işıq gələn tərəfə gedib bir divin evinə çıxdılar.”
Cırtdan uşaq personajdır. Başı hələ daşdan-daşa dəyməmiş tezbazar qərar verir və divin əlinə düşür. Özü də, yoldaşları da...
Çətin bir seçim qarşısında qalarkən adətən insanlar sakit və rahat tərəfi seçirlər. Amma əslində səs-küy, kələ-kötür olan tərəf doğru seçimdir.
Bir gün Lao Tzı şagirdləriylə meşəyə sarı üz tutur. Lakin bütün ağacların kəsildiyini görürlər. Təkcə bir ağacdan başqa. Lao Tzı şagirdlərinə tapşırır ki, yaxınlıqdakı kəndə gedib, nə üçün bir ağacın kəsilmədiyini öyrənsinlər. Şagirdlər yola düşür. Kəndin qoca sakinini görcək xəbər alırlar. Qoca deyir:
— O ağac nə taxta əşyalar düzəltmək üçün uyğundur, nə də yandırmağa dəyər. Tüstüsü gözə ziyandır.
Şagirdlər eşitdiklərini Laoya danışdıqdan sonra usta fikrini söyləyir:
— O ağac kimi olun. Əgər siz xeyirlisinizsə, sizi doğrayacaqlar. Xeyirsiz olun. Böyüyün. O zaman kölgəniz hər kəsə xeyirli olacaq. Gözdən uzaq yerdə inkişaf edin. Özünüzü sübut etməyə çalışmayın. Yaşamdan həzz alın. Həyat poeziyadır. Bazarda satılan məhsul deyil. Demirəm ki, hər kəsə xeyirsiz olun. Xeyir verin. Lakin unutmayın ki, möhtəşəm ekstaz xeyirsizlikdən gəlir. Sevgidən, poeziyadan və meditasiyadan. Əgər bacarığınızı bazarda məhsula çevirmək mümkün deyilsə, deməli sizin ürəyiniz sevinclə dolacaq. Öz işinizlə məşğul olun. Siz burada satılmaq üçün deyilsiniz...
İlya Repin “Sadko” adlı rəsm əsərində Novqorodun musiqi aləti ifaçısı olan Sadkonun əfsanəsini təsvir edib. Rəsm əsərində əfsanə üyüdülərək realizmə təslim edilib. Qədim rus aristokrat geyimləri ilə dəniz canlılarının sintezi fantastik alınıb. Göz oxşayır. Repin dəniz dibini görmək üçün Almaniyada yeni açılan iri akvariuma günlərlə baxıb.
Əfsanəyə görə sualtı hökmdar Sadkonun ifasını bəyənir və təklif edir ki, həyat yoldaşlarından birini seçsin. Sadko isə bu ecazkar, bərbəzəkli geyimdə olan gözəllərin fonunda görünən Çernavkaya aşiq olur. Bu seçim onu xilas edir.