Edebiyyat.az » Ədəbi tənqid » Şəbnəm Niftiyeva - “Oqtay Eloğlu” pyesinin bizə demək istədiyi

Şəbnəm Niftiyeva - “Oqtay Eloğlu” pyesinin bizə demək istədiyi

Şəbnəm Niftiyeva - “Oqtay Eloğlu” pyesinin bizə demək istədiyi
Ədəbi tənqid
admin
Müəllif:
15:44, 09 yanvar 2024
339
0
Şəbnəm Niftiyeva - “Oqtay Eloğlu” pyesinin bizə demək istədiyi





“Oqtay Eloğlu” əsəri çox aktual, ideyası, məzmunu ilə seçilən əsərdir. Əsər zamanın əsiri olan, yalançı demokratik ruhlu, prinsip naminə başqalarının həyatını məhv etməyə hazır olan, yalnız öz mənfəətini düşünənlərlə yanaşı sevgisini sonuna qədər qoruyan, ona sadiq qalan, xalqını doğma anasından əziz tutan, ilk cəsarətində sevdiyi tərəfindən yaralanan, teatrın yavrusu olmuş obrazlarla əhatələnmişdir.


Əvvəllər sadə həyatı olan Oqtay teatrla məşğul olur, öz həyatını teatra həsr edir, anası və bacısına belə baxmağa tənəzzül etmirdi. Çünki onun üçün yalnız xalqı önəmli idi: anası və xəstə bacısı xalqından sonra gəlirdi. Öz məsləkdaşlarından çox fərqlənirdi – əzmi ilə, xalqına olan sevgisi ilə. Ailə dostlarından Səməd bəy bu əzminin bir fayda verməyəcəyini, xalqın onun dəyərini heç bir zaman bilməyəcəyini bilir və onu Oqtaya aşılamağa çalışırdı. Lakin Oqtay buna əsla razı olmur, tutduğu yoldan dönmürdü. Xalqının cəhalətin caynaqlarından qurtuluşunu teatrda, onun inkişafında görürdü. 


Bir gün səhnə sonrası lojada oturan qadınlardan ikisi Oqtayı görmək üçün otağına keçirlər. Onlardan biri Firəngiz idi. Hansı ki sevgilərinin ikisindən başqa heç kimə ziyanı olmayan iki insan, iki aşiq. Əvvəlcə Firəngiz Oqtayı bir aktyor kimi sevdiyini, lakin zamanla bu sevginin real bir sevgiyə çevrildiyini etiraf edir. Oqtay isə onu gözləyən çətinliklərdən, yoxsulluğundan bəhs edir. Amma Firəngizin gözü Oqtayın sevgisindən başqa heç nəyi görmürdü. Oqtay da bu eşq etirafının qarşısında, nəhayət,  məhəbbətini dilə gətirir. Əlbəttə, bu belə davam etmədi... Atası, qardaşı, Firəngizə talib olan Danyar bəy,demək olar ki, bu sevginin önündə səddə çevrildilər. Qardaşı Aslan bəy bacısını Oqtayın həyatı ilə təhdid edərək, Oqtaya onu sevmədiyini deməsini tələb etdi. Aslanbəy Oqtaydan bacısının ona yazdığı məktubları istədi. Oqtay məktubların onunla əlaqəsinin olmadığını dedi. Aslan bəy onun bu sevgidə yanıldığını, bacısının onu bir aktyor kimi sevdiyini bildirdi. Oqtay bunun yalan olduğunu və elə isə də bu sözlərin Firəngizin dilindən eşitmək istədiyini dedi. Firəngiz gəldi. Oqtayın ona məsum, ümidli, lakin bir o qədər də cəsur, ehtiraslı baxışları altında qardaşının dediklərini təsdiq etdi. 


“Mən sizi bir aktyor kimi sevmişəm, bu normal haldır”. Oqtayın tərəddüdünə qarşılıq Firəngiz: “Siz özünüz deyirdiniz ki, səhnədə olan hər şey sünidir, nə üçün yalnız mənim sözlərimi həqiqət sandınız?” – deyə cavab verir.


“Bəli, oradakı hər şey sünidir, lakin mənim qəlbim o süni deyildi”. Bir söz, bir yalan, zorla söylədilmiş söz Oqtayın həyatını alt-üst etdi. Həyatdan çevrilməyinə, məqsədlərindən əl çəkməsinə səbəb oldu. Ona bunu edən sözlərin gücü deyildi, belə sözlərin sevdiyinin dilindən deyilməsi idi. Oqtayın yerində kim olsa, bu hala məhv olardı. Dünyada həqiqətin olmadığına inanar, cəsarətini itirmiş acizəm çevrilərdi. Bu hadisədən sonra Oqtayın başına çox bəlalar gəldi, sürgünə göndərildi. Firəngiz başqası ilə evləndirildi, sonra ondan boşandı. Oqtayın bacısı dilənçilik etməyə məcbur oldu. İllər sonra Oqtay geri döndü. Lakin əvvəlki Oqtay kimi deyil, səfillər padşahı kimi...


 Bu vaxt teatr inkişaf etmişdi, xalqın teatra marağı artmışdı. Oqtay kimi aktyorlara ehtiyac var idi. Həmçinin Oqtayın məsləkdaşları hansı ki teatrla maraqlanmayanlar indi səhnəyə can yandırmağa başlamışdılar. Onlardan Xaspolad və Səməd bəy Oqtayı səhnəyə geri döndərmək istəyirdilər. Bunun səbəbi onun səhnəyə qazanc gətirəcəyi idi. Onlar Oqtaya səhnəyə dönməyi təklif etdilər. Əvvəl qəbul etmədi, amma illər sonra qarşılaşdığı, qarşısına dilənçi kimi çıxan bacısına görə bu təklifi qəbul etdi. Bəli, Oqtay doğma ananın qucağına yenidən qayıtdı. Fəqət Şəkinski kimi məsləkdaşları onun səhnəyə illər sonra yenidən geri dönməsini və yenə də xalq tərəfindən sevilməsinə dözə bilmirdi. Oqtayla səhnəyə çıxmaması üçün bir çox aktyorlara Firəngizin keçmiş yoldaşı Danyar bəyə pul təklif etmişdi. Nəticədə, Oqtay səhnədə tək qalır. Aktrisa onunla, sərxoş biri ilə səhnəyə çıxmayacağınə bildirir. Lakin, nə təsadüf, Firəngiz də orada idi. Onun bu hala düşməsinə göz yuma bilmir, səhnəyə atılır, tamaşa başlayır. Oqtay Firəngizi görür və səhnədə əsər unudulur. Keçmiş günlər xatırlanır. Firəngizin dediyi yalan, məcburi, ancaq bir ömrün qatili olan sözlər gəlir ağlına. Yenə də tam özünə gəlmişkən, tam da yenicə ayağa qalxmışkən gəlməsi və onun həyatını məhv etməsi... Oqtay ya onu günahlandırır, ya da ona haqq qazandırdı. Sonda isə Oqtay onu öz əlləri ilə öldürür, belə etməklə onu süni həyatdan azad etdiyini düşünür. Əslində, günah nə Firəngizdə idi, nə də Oqtayda, günah cahil, cəhalətin içində qalmış, sərvətin, gücün əsiri olmuş, sevgidən anlamayan, qəlbi kor, etdiklərinin səhv olduğunu danmayan, özünü hər zaman haqlı bilən insanlarda idi. 


İllər keçsə də, belə insanlar yenə də qalır. Neçə Oqtayların, Firəngizlərin qatilləri bizləri yenə də əsarətdə saxlamağa davam edir, mütərəqqi fikirli gənclərimizin həyatı ilə oynayırlar. Oqtay belə bir cəmiyyət formalaşmasın deyə teatr yaratmaq istəyirdi. Çünki onun xalqını işıqlı gələcəyə aparacağından əmin idi. Əfsuslar olsun ki, olmadı, olsaydı, bəlkə də, bu xəyallar neçə gəncə həyat verəcəkdi...


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)