Nemət Mətin - Çarpaz romanda paralellər və uc nöqtələr
Rejissor Tim Burtonun 1990-cı ildə ekranlara çıxmış "Eduard qayçıəllər" filmində baş obraz əlləri əvəzinə qayçılar olan cavan oğlandır. Hamıdan fərqləndiyi üçün qapalı şəraitdə böyüyüb. Birgün insanların arasına çıxır və fərqli görünüşü, kəsib-doğramaq ustalığı ilə diqqəti cəlb edir. Lakin onun əsas fərqliliyi üzdə görünənlər deyil. Onun geniş qəlbi var. Məhz geniş qəlb insanı xüsusi edir.
İndi keçək romana. Yazıçı Kənan Hacı "Göldən aralı Sona və ya arxa qapı" romanını çarpaz şəkildə yazıb. Yəni bir hadisəni hər iki, üç, dörd tərəf danışır. Kəstulla da, Sona da, student də və başqaları da. Bu çarpaz üsul bir hadisəni oxucuya daha geniş, daha aydın çatdırmaq üçün əlverişlidir.
"Çox zaman təbiət insana dost olur. Düşmən kimi görünən vaxtlarda belə o insan oğluna öz qüdrət və qüvvətini sınaqdan keçirmək şansı verən ciddi bir ataya bənzəyir. Fırtınalar adamın qayığını batıranda ona üzməyi, küləklər daxmasının damını uçuranda dözümlü olmağı öyrədir, dənizin ortasında tufana düşəndə bir-birinə arxa olmalarını tövsiyə edir, günlərlə, həftələrlə qayalara çırpınan hirsli dalğalara ancaq təbiət qanunlarının müəyyən etdiyi şəkildə yanaşmağı öyrədir, şorbanın şorbasızlar arasında bölünəndə ətir iyi verdiyini öyrədir. Xəritədə böyük qitələrin kənarına düzülmüş adalara baxa-baxa yalnız bunları düşünürdüm."
Bakı kəndində baş verən hadisələr, nimdaş adamların xırda əhvalatları, yaşayışı, davranışı, maraqlı həyat tarixçəsi təkcə Bakını, Azərbaycanı əhatə eləmir. İnsan hər yerdə insandır. Bədbəxtlik sərhəd tanımır. İnsan hisləri vizasız da istənilən yerə ayaq basır. Biz rahatlıqla söyləyə bilərik ki, bu roman qlobal romandır. Bütün insanlar ömründə bir dəfə də olsun sevib, ayrılıb, küsüb, barışıb, hirslənib və s.
Romanın əvvəlində müəllif yazır:
"Elə insanlar var ki, onları həyatından heç cür çıxarıb ata bilmirsən. Onları nə doğma, nə yad adamlar kateqoriyasına da aid etmək olmur. Bu əhvalatlar həmin adamların həyatından qırıntılardır. O qırıntıları bir yerə toplamağa çalışdım."
Yazıçıya bir insan, bir hadisə maraqlı gəldisə, onu beyninə həkk edir və yazmasa ürəyi partlayar. Ondan əl çəkə bilməz. Bu hiss mənə çox yaxşı tanışdı. O qırıntılardan, o hissəciklərdən müəllif çarpaz roman ərsəyə gətirib. Yazının əvvəlində film barədə yazmağım təsadüfi deyil. Romanda da "qayçı adam" obrazı var. Əsəri oxuyanda o filmi xatırladım. Lakin roman film deyil. Bu romandakı obrazlar həyatdan götürülmüş, dərd ilə yoğrulmuş adamlardı. Tim Burton bilsəydi, Azərbaycan yazıçısının romanı əsasında film çəkərdi...
Kəstullanın ilk və son sevgisi, Sonanın ağır həyatı, Həmidin çılğınlığı, Studentin qara günləri və digər obrazların unikallığı kəndin dairəsində yerləşən "Dalğa" kafesinə sığmır. Obrazların özəlliyi ondadır ki, onlar ideal deyillər. Bir rejissorun sözüdür. Deyir ki, yaxşı filmdə qüsur olar. Heç bir insan həyatı qüsursuz deyil.
Romanda bütün obrazlar kimsəsizdir. Tənhalıq onları ağuşuna alıb. Kasıbçılığa, aclığa birtəhər qalib gəlmək olur. Tənhalıq isə xəstəlikdir. Şair də bu yerdə yaxşı deyib:
"Bəxtin dura görərsən yadlar qohum-qardaşdır,
Amma bəxtin yatanda qohum-qardaş yad olur."
Zaman-zaman Kənan Hacının demək olar bütün yaradıcılığı ilə tanış olmuşam. Hər bir əsərində bəxtsiz insanların taleyi çılpaq şəkildə göstərilir. Obrazların daxili iztirabı oxucunu mütəəssir edir. İstər-istəməz obrazların yaşadığı çətin həyatı onlarla birgə yaşayırsan...
Kənan Hacı yazılarında, kitablarında, romanlarında heç kimə bənzəmir. Bakının ab-havası, dəniz, qumsallıq, əncir mürəbbəsi kimi şirin ləhcə, kasıb, kimsəsiz, daxmalarında yaşamağın yollarını axtaran xəstə insanlar...