Edebiyyat.az » Ədəbi tənqid » İmarət Cəlilqızı - Hamıya məlum olan naməlum sözlər

İmarət Cəlilqızı - Hamıya məlum olan naməlum sözlər

İmarət Cəlilqızı - Hamıya məlum olan naməlum sözlər
Ədəbi tənqid
admin
Müəllif:
18:29, 09 fevral 2024
1 089
0
İmarət Cəlilqızı - Hamıya məlum olan naməlum sözlər sözlər




   Dünya dilləri arasında türk dilləri ailəsinin özünəməxsus yeri var. Hesablamalara görə dünyanın müxtəlif ölkələrində təxminən 180 milyon adam bu dil ailəsinə daxil olan dillərdə danışır. Türk dilləri ailəsi bir neçə qrupa bölünür. Bu qruplardan biri oğuz qrupu adlanır. Azərbaycan dili türk, türkmən və qaqauz dilləri ilə birlikdə oğuz qrupuna daxildir. Dilimizin  lüğət tərkibinin əsas hissəsini türk mənşəli sözlər təşkil edir. Bir çox dillərdə olduğu kimi, bizim dilimizin lüğət tərkibində də xeyl miqdarda başqa dillərdən keçmiş sözlər vardır ki, bu sözlərə dilçilik elmində alınma sözlər deyilir. Alınma sözlərin iki əsas mənbəyi vardır: ərəb-fars mənşəli və Avropa mənşəli alınma sözlər.

 Alınma sözlərin çoxu dilimizdə uzun zamandan bəri işlədildiyinə görə milli sözlərimizlə qaynayıb-qarışmış, necə deyərlər, dilin lüğət tərkibində artıq vətəndaşlıq hüququ qazanmışlar.

 Bu yazıda dilimizdə çox işlənən alınma sözlərdən bir qisminin mənşəyi barədə yığcam və maraqlı məlumat verməyə calışmışıq.



1."Brakonyer" sözünün mənası çoxumuza məlumdur. Qanunla qadağan edilmiş yerlərdə, qadağan edilmiş vaxtlarda və qadağan edilmiş üsullarla ov edən, ovlanması yasaq edilmiş heyvanları ovlayan şəxslərə "brakonyer" deyilir.

 Bəs bu söz haradan gəlib və mənşəcə necə izah olunur? Mütəxəssislər belə hesab edirlər ki, bu sözün əvvəli qədim alman dilində "axtaran" mənasını ifadə edən bracho  sözünə söykənir. Sonra bu söz fransız dilinə keçmiş, bu dildə braques  formasında işlədilmişdir ki, bu da fransızca "isarə verən it" mənasını ifadə edir. Buradan da "itlə ov etmək", "itlə ov edən" mənasını verən braconner  sözü meydana gəlmişdir.

 Bir sözlə, brakonyer sözü işləndiyi bütün dillərdə, bütün formalarda və bütün zamanlarda oğurluq sözünə uyğun mənalar ifadə etmişdir.


    2. Hamıya yaxşı tanış olan və fəza, səma ilə bağlı başa düşülən bir söz var: kosmos . Qədim yunan fəlsəfə və mədəniyyətı ilə bağlı olan bu anlayış qədim yunan dilində nizam, harmoniya mənasını ifadə edir. Bu fəlsəfəyə görə bütün kainat əvvəlcə nizamsız, qarmaqarışıq, qeyri-ahəngdar bir vəziyyətdə olmuş, tədricən formalaşmış və nizamlı, harmonik bir tam - kosmos halına düşmüşdür. 

  Yəqin, bu da təsadüfi deyil ki, qarmaqarışıqlıq, nizamsızlıq  mənası ifadə edən xaos  sözü ilə əks mənalı anlayış kimi məhz kosmos  sözü qarşılaşdırılır.


   3. Kompot  sözü bizim dilimizə rus dili vasitəsilə fransız dilindən gəlib. Fransız dilinə isə bu söz bir çox digər sözlər kimi, latın dilindən keçmşdir. Söz latın dilində kompositus şəklindədir. Kompositus sözü mürəkkəb, tərkibi mənasını ifadə edir ki, bu da içkinin adına tam uyğun gəlir: axı kompotun hazırlanmasında adətən bir neçə komponent iştirak edir. Elə bu komponent  sözünün özü də, həmçinin kompozisiya, kompüter, kompleks, komplekt, kompaniya  və s. bu tipli sozlər də kompotla qohum olan sözlərdir.


4. Məktəblə bağlı sözlərin içərisində elə birisi var ki, onu bilməyən və işlətməyən adam çətin tapılar. Bu, parta sözüdür. Necə yaranıb bu söz? Bir sıra dil tədqiqatçılarının müddəalarına görə, parta sözü fransız dilində "xüsusi", "ayrıca" mənası ifadə edən "a part" sözündən götürülüb. Əvvəllər məktəblərdə uşaqlar çoxyerli uzun skamyalarda otururmuşlar. Sonralar daha əlverişli olduğuna görə təkyerli və ikiyerli skamyalardan istifadə edilməyə başlandı. Necə deyərlər, uzun skamyalar bölünüb artıq hər sagird və ya hər iki şagird üçün ayrıca, xüsusi oturacaq ayrıldığına görə adı da dəyişib oldu parta.

 Apartament və departament sözlərinin tərkibindəki "a part" sözü də onların parta sözü ilə eyniköklu olduğundan xəbər verir: “apartament” sözünün ilkin mənası ayrıca otaq, ayrıca mənzil, “departament” isə ayrılmış hər hansı bir ərazi, şöbə mənasını ifadə edir.

Əsrlər boyu cəmiyyətə əziyyət verən bir siyasətin adını ifadə edən separatizm sözü də, irqi ayrı-seçkiliyin ən kəskin formasını adlandıran aparteid sözü də parta sözü ilə eyni kökdəndir.


5. Vergül sözünü tələffüz edərkən adama elə gəlir ki, bu öz sözümüzdür və ya şərq mənsəli sözdür. Əslində vergül fransız mənşəli virgule sözündən yaranıb: fransızca "virgule" sözü "aşağısı qatlanan" mənasını ifadə edir. 

Yeri gəlmişkən qeyd edək ki, "apostrof" sözü qədim yunan dilində "geriyə istiqamətlənmış" və ya " yuxarısı qatlanmış" mənasını ifadə edən "ἀπόστροφος" sözündən yaranıbdır. 

Həm vergül, həm də apostrof işarəsinə diqqətlə baxanda onların həqiqətən də izahlara uyğun formada olduqlarını aşkar etmək mümkündür.


 Göründüyü kimi, dilimizdə işlənən alınma sözlərin mənşəyini araşdırarkən xeyli maraqlı məlumatlara rast gəlirik və hər bir dilin tikinti materialı sayılan sözlərin necə zəngin və mühüm informasiya mənbəyi olduğunu bir daha aşkar edirik.




Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)