Edebiyyat.az » Əli Rzazadə - Fəlsəfə bir düşüncə vasitəsidir, həyatın özü deyil.

Əli Rzazadə - Fəlsəfə bir düşüncə vasitəsidir, həyatın özü deyil.

Əli Rzazadə - Fəlsəfə bir düşüncə vasitəsidir, həyatın özü deyil.
---
admin
Müəllif:
11:07, 17 iyun 2026
64
0
Əli Rzazadə - Fəlsəfə bir düşüncə vasitəsidir, həyatın özü deyil.



   Fəlsəfəyə haqsızlıq etmək istəməzdim, amma... çünki o, həyat yolumuzda bizə gözəl bir yoldaş olub. Bizə düşünməyi, şübhə etməyi, qəbul olunmuş həqiqətləri sorğulamağı və “aydın” sayılanları təhlil etməyi öyrədib. Bizə “niyə?”, “necə?”, “haradan?” və “hara?” suallarını verməyi öyrədib. Beynimizdə saysız-hesabsız suallar oyadıb, hər sual da öz ardınca yeni suallar doğurub.

Fəlsəfə bizə bəzən əyri güzgünü xatırladırdı: bizi gah böyüdülmüş, gah kiçildilmiş şəkildə göstərirdi, amma əslində kim olduğumuzu tam aydınlıqla izah edə bilmirdi.

Yadımdadır, Sartrın “Varlıq və Heçlik” əsərini oxumuşdum və onun şüur, azadlıq və məsuliyyət barədə təhlillərinə valeh olmuşdum. Lakin kitabı bağladıqdan sonra özümü sanki uçurumsuz bir boşluq qarşısında hiss etdim. Sartrın “İnsan azadlığa məhkumdur” fikri mənə elə bir azadlıq kimi göründü ki, o, dayaqsız, istiqamətsiz və yalnız insanın özünün uydurduğu mənalar üzərində qurulub. Sanki dalğalı dənizdə kağızdan qayıq düzəldib onun bizi xilas edəcəyinə inanırıq.

Nitsşeni oxudum; o, “Tanrının ölümü”nü elan edir və “kamil insan” ideyasını irəli sürür. Lakin gördük ki, bu ölüm ali bir varlığın doğulmasına yox, əksinə, güc, pul və ehtiras uğrunda mübarizə aparan kiçik və amansız iradələrin çoxalmasına gətirib çıxardı. Dünya isə sanki sərt bir mübarizə meydanına çevrildi.

Kantı, Hegeli və Şopenhaueri də oxudum, eləcə də məntiqi pozitivizm ideyaları ilə tanış oldum. Nəticədə belə bir qənaətə gəldim ki, ağıl yalnız özünə istinad etdikdə, sanki öz saçından tutub özünü yuxarı qaldırmağa çalışan insana bənzəyir. O, qapalı bir dairədə fırlanır, amma həmin dairədən kənara çıxıb həqiqəti bütöv halda görə bilmir.

Fəlsəfə qaranlıq bir otaqda kiçik çıraqla dolaşan insanı xatırladır. O, divarları görür, əşyaları görür, kölgələri görür, amma otağın o tayını görə bilmir. Günəşi görmür, səmanı görmür, ulduzları görmür. Çıraq nə qədər güclənsə də, o, yenə də həmin otağın içində qalır.

Məsələ də elə buradadır: fəlsəfə ağlı yönləndirə bilər, amma qəlbi yönləndirməkdə aciz qalır. Halbuki qəlbin öz məntiqi var, elə bir məntiq ki, onu nə formal düşüncə qaydaları, nə də riyazi sübutlar izah edə bilir.

Qəlb sevmək, qorxmaq, ümid etmək və arxayınlıq tapmaq istəyir. O, kainatı idarə edən böyük bir həqiqətin varlığına inanaraq sakitləşmək istəyir; həyatın mənasız olmadığını, ölümün isə son olmadığını hiss etmək istəyir. Qəlbə, qaranlıqdan qorxan bir uşaq kimi dayaq, isti bir əl və arxayın bir səs lazımdır: “Qorxma, mən səninləyəm” arxayılnlığı lazımdır.

Fəlsəfə isə bu uşağa izah etməyə çalışır ki, qaranlıq sadəcə işığın yoxluğudur, qorxu isə bədənin təbii reaksiyasıdır. Amma uşaq izaha yox, təhlükəsizliyə ehtiyac duyur. Fəlsəfə halvanın işirin olduğunu sübut edir, amma uşağa sübutu yox, dadı lazımdır. 

Qəlb sübuta yox, qarşılaşmaya möhtacdır; bilməyə yox, hiss etməyə; izah etməyə yox, yaşamağa və dadmağa. Məhz burada fəlsəfənin sərhədi aydın görünür.

Fəlsəfə sanki bağçanın qapısında dayanıb çiçəklərin gözəlliyini və qoxusunu təsvir edir, amma insanı içəri buraxmır. Yasəmənin ətrindən danışır, amma onu duymağa imkan vermir. Balın dadını izah edir, amma onu dadmağa şərait yaratmır.

O, insanı özünə cəlb edən, lakin mühüm məqamda yarı yolda qoyan gözəl bir vədə bənzəyir. Qarşında saysız-hesabsız qapılar açır, amma hər qapı yenə başqa qapılara aparır. Nəticədə anlayırsan ki, sanki uca bir fil sümüyü qülləsi tikmisən: nə qədər yüksəlsən, bir o qədər yerdən uzaqlaşır, yıxılmaq qorxusu artır.

Nə qədər çox oxusan, bir o qədər çox sual yaranır. Sanki dairə içində hərəkət edirsən: nə qədər çox bilsən, bir o qədər də “heç nə bilmədiyini” anlayırsan.

Fəlsəfə bir düşüncə vasitəsidir, həyatın özü deyil. O, körpüdür,  şəhər deyil; çıraqdır - günəş deyil. O, ağlı inkişaf etdirə, düşüncəni dərinləşdirə, təhlil və müzakirə bacarığını gücləndirə bilər. Amma qəlbin boşluğunu doldura, ruhun susuzluğunu doyura və insanı varlığın son mənasına çatdıra bilmir.


(yazıçı-pedaqoq)

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)