Edebiyyat.az » Ədəbi tənqid » Kənan Hacı — Mifoloji okeanda balıq ovu

Kənan Hacı — Mifoloji okeanda balıq ovu

Kənan Hacı — Mifoloji okeanda balıq ovu
Ədəbi tənqid
admin
Müəllif:
10:53, 12 mart 2024
1 005
0
Kənan Hacı — M ifoloji okeanda balıq ovu




 Mistika mətni müəmma müstəvisinə çıxarır, sirr karusel kimi mətnin başına fırlanır. Görkəmli mifşünas Cozef Kempbell “Mifin gücü” əsərində mifin mistik funksiyası haqqında son dərəcə maraqlı mülahizələr irəli sürür. Kempbell yazır ki, fərd mifin onun həyatına aid olan cəhətlərini tapmalıdır. Bunun üçün isə insanın öz içinə səyahətə çıxması, öz içində arxeoloji qazıntı aparması lazım gəlir. İnsan həyatının sirli tərəfləri, mistik məqamları bir az da məstedici, estetik görünə bilər. Mistikada bir həyəcanlanma məqamı var; bədii mətnə mistik elementlər qatanda onun dadı-duzu artmaqla bərabər əsərin məna və məzmun qatı da dərinləşir. Mif bu məqamda yaranır. Bəşəri hadisə olan mifin bünövrəsi insan şüurunun oyanışı zamanı qoyulub. Arxetiplərin dünya ilə tanışlığı mifin yaranma çağlarıdır. 

Hər bir fərd öz həyatında mifik elementlər axtarıb “tapır” yaxud həyatını mifik ünsürlərlə bəzəyir. Hansısa hadisəyə mistik don geyindirmək insanın əzəli-əbədi meylidir. İnsan bununla öz ömrünə məna qatır və bu mifik təsəvvürlər onu gücləndirir. Bu özünüaldatmalar insanın əbədiyyət arzusunun simptomlarıdır. Yaradıcı insanların, xüsusən yazıçıların xoşbəxtliyi ondadır ki, bu prosesi bədii mətnə çevirirlər. 

Bədii mətndə mifik zamanla real zaman arasındakı məsafə əslində mifologiyanın yazıyaqədərki və yazıdan sonrakı taleyini əks etdirir. Tale ilə mif hər zaman qoşa addımlayıb, onlar sanki bir-birini qidalandırıblar. Füzulinin Məcnunu mifdir ya real qəhrəmandır? Şekspirin Hamleti necə? Bəs Hötenin Faustu? Folknerin mürəkkəb xarakterli Kristması miflə gerçək aləm arasında vurnuxan obraz deyilmi? Bu siyahını istənilən qədər artırmaq mümkündür. Mifologiya ədəbiyyatın hərdaim qidalandığı münbit torpaqdır, əsrlər keçir, o heç zaman gücünü, qüvvəsini itirmir. Mifin sinergetik xüsusiyyəti budur.  

Mifin bədii mətndə modifikasiyası yazıçının nəzarəti altında deyilsə, ortaya məzmunsuz və xaotik süjet (süjetsizlik) çıxır. Mətnin ələ gələn tərəfi olmur və məqsədi heç cür müəyyənləşdirə bilmirsən. Dünya nəsrində mifologiyadan ustalıqla bəhrələnmiş yazıçılar sırasında Ceyms Coysun, Borxesin, Kortasarın və digər usta yazıçıların adlarını çəkmək olar. Təbii, mifin ana qaynağı təbiətdir, mif əslində təbiət hadisələrinin öyrənilməsi nəticəsində yaranıb. Təbiət haqqında təsəvvürlər mifologiyada ümumiləşdirilirdi. Bu mənada mifologiya əcdadlarımızın “əlifba kitabı” hesab edilə bilər.  

Çağdaş dilimizdə olan yüzlərcə leksik vahidin mifoloji anlamı, semantik dəyəri olması da təbiidir. Ezoterik mif dili hər kəsin anlaya biləcəyi asan bir dil deyil. Qədim kitabələrdə, xalçalarda əksini tapan mifoloji elementlər konkret və abstrakt təfəkkürün ifadəsidir. Miflərin semantikası, strukturu onların araşdırma bucaqlarıdır. Dünyaca məşhur mifoloq Y. Qolosovker “Mifin məntiqi” əsərində yazır ki, mifoloji təfəkkür hardasa bilginin antipodu kimi qavranılan, təxəyyülün, diksinmiş və diksindirən fantaziyanın hakimiyyəti altında olan düşüncədir. Həqiqətən də dünyanın modelləşdirilməsində mifik ierarxiya mühüm əhəmiyyət daşıyır. Mif ümumən bütöv bir mədəniyyətin ifadəsi və göstəricisidir. İbtidai insan mədəniyyətinin yadigarı olan miflər informatik kodu itirilmiş mətnlərin ornamenti kimi təkrar-təkrar sonrakı mətnlərə qayıdır və beləliklə öz varlığını hər dəfə xatırladır. 

Mifdən yaranıb mifə doğru istiqamət alan insan təfəkkürünün məhsulu olan müqəddəs yalanlar həqiqəti tapmağa və onu dərk etməyə xidmət edir. Homerin “İliada” və “Odisseya”sı da bu istiqamətin başlanğıc mətnləridir. Bu mətnlər miflərin epos modelində bəşəriyyətə təqdim olunması idi. Homer Pandora qutusunun ağzını açıb bütün sirləri faş etdi. Əsrlərdir o sirlər mətndən mətnə keçərək bugünkü müasir prozaya qədər gəlib çıxıb. Sirlər bitmir, tükənmir... Bu, mifin əbədiyaşarlığının göstəricisidir. 

Miflər insana necə yaşamağı öyrədir. Yenə Kempbellə müraciət edək. Görkəmli mifoloq yazır ki, mifin nə olacağını bu axşam yuxunuzda nə görəcəyinizdən daha yaxşı təxmin edə bilməzsiniz. Miflər və yuxular eyni yerdən gəlir. O yer haradır? Cavab yoxdur. Biz sanki mifoloji okeanda balıq ovuna çıxırıq. 

Nə qədər insan var, mif də həyatımızı nağıllar kimi bəzəyəcək. 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)