Edebiyyat.az » Ədəbi tənqid » İtirilmiş nəsil və onların dünyalarını təsvir edən yazıçılar (Tərcümə)

İtirilmiş nəsil və onların dünyalarını təsvir edən yazıçılar (Tərcümə)

İtirilmiş nəsil və onların dünyalarını təsvir edən yazıçılar (Tərcümə)
Ədəbi tənqid
admin
Müəllif:
17:13, 30 may 2024
765
0
İtirilmiş nəsil və onların dünyalarını təsvir edən yazıçılar (Tərcümə)




 “İtirilmiş nəsil” ifadəsi Birinci Dünya Müharibəsi ərzində və ya ondan dərhal sonrakı dövrdə yetkinlik yaşına çatanlardan ibarət nəsli nəzərdə tutur. “İtirilmiş” ifadəsini istifadə etməklə psixoloqlar tarixin ən dəhşətli müharibələrinin birindən sağ çıxmış, bir çox insanı cənginə almış “yönünü itirmiş, sərgərdan, didərgin düşmüş” hisləri nəzərdə tuturdular.

Daha dəqiq desək, itirilmiş nəsil müharibədən sonrakı dünyada valideynlərinin mühafizəkar əxlaqi və sosial dəyərlərini əhəmiyyətsiz hesab etdiyindən “itirilmişdir”. ABŞ-nin Prezidenti Uarren G. Hardinqin Birinci Dünya Müharibəsindən əvvəlki yaşam tərzinə qayıtmağa çağıran “normal həyata qayıdış” siyasəti itirilmiş nəslin nümayəndələrinin inandıqları şeyin ümidsizcəsinə cahil, maddiyatçı və emosionallıqdan uzaq həyatlar olacağı ilə üzləşmə fikrinə mənəvi cəhətdən yad hissetmələrinə səbəb oldu.

Əsas Məqamlar: İtirilmiş Nəsil

“İtirilmiş nəsil” yetkinlik yaşına Birinci Dünya Müharibəsi ərzində və yaxud da ondan dərhal sonrakı dövrdə çatanlardır.

Müharibənin dəhşətindən sarsılanlar keçmiş nəslin adətlərini inkar edirdilər.

Onların mübarizəsi Ernest Heminquey, Qertrud Steyn, F. Skot Fitzqerald, T. S. Eliot da daxil olmaqla bir qrup məşhur amerikalı müəllif və şairlərin əsərlərində öz əksini tapıb.

Mənəvi çöküş, “Amerikan Xəyalının” təhrif edilmiş görüşləri və gender qarışıqlığı “İtirilmiş nəslə” xas olan ortaq cəhətlər idi.

Müharibə dövründə mənasız hesab etdikləri kütləvi ölümün şahidi olan bu nəslin bir çox nümayəndəsi uyğun davranış, ləyaqət və gender rollarını inkar edirdi. Onların çox zaman hedonistik maraqla öz şəxsi mənfəətlərinin toplanmasına yönələrək məqsədsiz, hətta mənasızca hərəkət etmə meyllərinə görə “itirilmiş” olduqları hesab edilirdi.

Ədəbiyyatda isə bu ifadə Ernest Heminquey, Qertrud Steyn, F. Skot Fitzqerald, T. S. Eliot da daxil olmaqla əsərləri adətən itirilmiş nəslin daxili mübarizəsindən bəhs edən bir qrup məşhur amerikalı yazıçı və şairlərə aid edilir.

İfadənin roman yazıçısı Qertrud Steynin şahid olduğu real bir söhbət zamanı Fransız bir qaraj sahibinin gənc işçisinə istehza ilə “Sizin hamınız itirilmiş bir nəslin nümayəndələrisiniz” deməsindən əmələ gəlmiş olduğu güman edilir. Steyn həmin ifadəni öz həmkarı və tələbəsi Ernest Heminqueyə demişdir ki, o da 1926-cı ildə yazdığı “Günəş Bir Də Doğacaq” adlı klassik romanında epiqraf kimi istifadə edərək ifadəyə məşhurluq qazandırmışdır.

İtirilmiş Nəslin yazıçıları haqqında bir çox kitabın müəllifi Kirk Körnat “The Hemingway Project” üzrə bir müsahibədə bildirmişdir ki, onlar öz həyatlarının mifikləşmiş baxışlarını əks etdirirlər.

Körnata görə, onlar nəsil boşluğunun nəticəsi olduqlarına inandırılıblar və olduqları dünyada yeni təcrübələr yaşamaq istəyiblər. Beləcə, onlar sosial təcrid, həmçinin içki, boşanma, seks kimi dəyişkən adətlər və cinsiyyət dəyişdirmə kimi nadir şəxsi kimliyin fərqli növləri haqqında yazmağa meyl göstərirdilər.

Dəyərlərin yox olması

Heminquey və Fitzqerald müvafiq olaraq “Günəş Bir Də Doğacaq” və “Böyük Qetsbi” adlı romanlarında İtirilmiş Nəsil obrazlarının çökmüş, rahatlığına düşgün həyat tərzlərini xarakterizə edirlər. Fitzqerald həm “Böyük Qetsbi”, həm də “Caz Dövrünün Hekayələri” əsərlərində əsas obrazlar tərəfindən təşkil olunan saysız-hesabsız təmtəraqlı qonaqlıqları təsvir edir. 

Heminqueyin “Günəş bir də doğacaq” və “Həmişə səninlə olan bayram” romanlarında dəyərləri müharibə nəticəsində tamamilə məhv edilmiş qürbətçi amerikalı dost qrupları rahat, hedonist həyat tərzi keçirir, içki içib əylənərək məqsədsiz şəkildə dünyanı dolaşırlar.

Böyük Amerikan Xəyalının Çöküşü

İtirilmiş Nəslin nümayəndələri “Amerikan Xəyalı” ideyasını bir yalan kimi görürdülər. Hekayəni nəql edən Nik Kərəuey Qetsbinin ucsuz-bucaqsız sərvətinə böyük bir bədbəxtçiliklə sahib olduğunu anlayandan sonra bu ifadə əsərin möhtəşəm mövzusuna çevrilir.

Fitzqeralda görə, Amerikan Xəyalının əziyyətin uğura apardığına dair ənənəvi baxışı məhv olmuşdu. İtirilmiş nəslə görə, “xəyal yaşamaq” artıq sadəcə özünə görə bir həyat qurmaq deyil, həm də nə olursa olsun inanılmaz dərəcədə zəngin olmaq idi.

“Amerikan Xəyalı” ifadəsi harada və ya hansı sosial təbəqədə doğulduğundan asılı olmayaraq, hər kəsin xoşbəxtlik və firavanlığı əldə etmək hüququna və azadlığına sahib olduğuna olan inamı ifadə edir. Amerikan xəyalının təməl elementlərindən biri çox çalışma, əzmkarlıq və risk alma yolu ilə hər kəsin sosial cəhətdən zəngin olmaq və maddi cəhətdən sərvət əldə etməklə öz uğuruna çatmaq üçün  “yoxluqdan zənginliyə” qalxa bilmə ehtimalıdır.

Amerikan Xəyalının kökü  “həyat, azadlıq və xoşbəxtlik arzusu” hüquqi ilə birlikdə “bütün insanlar bərabər yaradılıb” fikrini vurğulayan İstiqlaliyyət Bəyannaməsinə dayanır.

Amerikalı muzdlu yazıçı və tarixçi Ceyms Truslou Adams 1931-ci ildə yazdığı “Amerika tarixi” kitabında “Amerikan Xəyalı” ifadəsinə məşhurluq qazandırdı:

“Amma eyni zamanda Amerikan xəyalı da var idi, hansı ki, həyatın hər kəs üçün daha yaxşı, zəngin və dolğun olacağı, hər bir insana öz bacarıq və nailiyyətlərinə uyğun imkanların olacağı bir ölkənin xəyalı. Bu avropalıların yuxarı təbəqələri üçün şərh edilməsi kifayət qədər çətin bir xəyaldır və bizim çoxumuz da bundan bezib ona inanmamağa başladıq. Bu sadəcə mühərrik avtomobilləri və yüksək maaşla əlaqədar bir xəyal deyil, hər bir kişi və qadının fitri olaraq qadir olduqları ən yüksək səviyyəyə çata biləcəkləri, həm də doğulduğu və ya tutduğu vəzifənin təsadüfi şəraitindən asılı olmayaraq başqaları tərəfindən olduqları kimi tanına biləcəkləri sosial nizam xəyalıdır.”

1920-ci illərdən bəri, Amerikan xəyalı Birləşmiş Ştatlardakı reallığa zidd yersiz bir inanc olduğundan sosial alimlər və tədqiqatçılar tərəfindən  sorğulanmış və çox zaman tənqid edilmişdir.

Cinsiyyət dəyişdirmə və Cinsi zəiflik

Bir çox gənc Birinci Dünya Müharibəsinin yaşamaq uğrunda qeyri-insani mübarizədən daha çox cəsur, hətta məftunedici bir əyləncə olduğuna inanaraq, bu mübarizəyə həvəslə qoşuldu.

Halbuki, 6 milyon sivil daxil olmaqla 18 milyondan çox insanın vəhşicəsinə qətl edilmə gerçəyi onların ənənəvi kişilik təsəvvürünü, eləcə də cəmiyyətdəki qadın-kişi rollarının ayrılmasındakı qavrayış və ənənəvi düşüncəni sarsıtdı.

Heminqueyin “Günəş bir də doğacaq” romanını nəql etməklə yanaşı, həm də romanın əsas personajı olan müharibə yaraları səbəbindən cinsi zəifliyə məruz qalmış Ceyk cinsi baxımdan təcavüzkar və azğın sevgilisi Bretin necə bir kişi kimi davrandığını və cinsi partnyorlarının həyatlarını idarə etmək məqsədilə “oğlanlardan biri” olmağa çalışdığını təsvir edir.

T. S. Eliotun “C. Alfred Prafrokun sevgi Nəğməsi” adlı ironik başlıqlı şerində Prafrok zəifləmiş hisləri səbəbindən utanmasının onu necə cinsi baxımdan sarsıtdığından və şerdə ünvanına “onlar” olaraq xitab etdiyi isimsiz qadınlara olan sevgisini deməkdə acizliyinin onu nə vəziyyətə salmasından gileylənir.

(Onlar deyəcək: "Onun saçları necə tökülüb!")

Mənim səhər pencəyim, buxağımda düyünlənən yaxalıq,

Qalstukum sadə, həm də zəngin, amma adi sancaqla bağlı -

(Onlar deyəcək: "Qolları və ayaqları necə də nazikdir!")

Fitzqeraldın “Böyük Qetsbi” əsərinin ilk bölməsində Qetsbinin cazibədar sevgilisi Deyzi onun yeni doğan qızının gələcəyi haqqında bir fikir bildirir.

“Ümid edirəm ki, o bir axmaq olar – bu dünyada bir qızın başına gələ biləcək ən yaxşı şey gözəl bir axmaq olmaqdır.”

Bugünkü feminist hərəkatda hələ də aktual olan bir mövzuda Deyzinin sözləri Fitzqeraldın öz nəsli ilə bağlı fikirlərini, qadınların zəkasını böyük ölçüdə dəyərdən salan bir cəmiyyətin yaranması kimi ifadə edir.

Yaşlı nəsil itaətkar və qulluq göstərən qadınlara dəyər verərkən, İtirilmiş Nəsil ağılsızca həzz axtarışını qadının “uğurunun” əsası hesab edirdi.

Deyzi öz nəslinin gender rollarına münasibətindən daim gileylənsə də, özü də onlara uyğunlaşaraq amansız Qetsbiyə qarşı həqiqi sevgisinin gərginliyindən qaçmaq üçün “əyləncəli qız” rolunu oynayırdı.

İmkansız Bir Gələcəyə Ümid

Müharibə dəhşətlərinin öhdəsindən gəlmək iqtidarında olmayan və ya bunu etmək istəməyən İtirilmiş Nəslin bir çox nümayəndəsi gələcəyə hədsiz dərəcədə qeyri-real ümidlərlə baxırdı.

Bu, ən yaxşı formada “Böyük Qetsbi” əsərinin son sətirlərində ifadə olunur. Burada hekayəni nəql edən Nik Qetsbinin Deyzi haqqında ideallaşmış görüşünü ifşa edir. Bu görüş Qetsbinin Deyzini əslində olduğu kimi görməsinə heç vaxt imkan verməmişdi. 

“Qetsbi yaşıl işığa, ilbəil bizdən uzaqlaşan bu heyrətamiz gələcəyə inanırdı. O zaman bu, əlimizdən qaçmışdı, amma fərqi yoxdur – sabah biz daha sürətli qaçacağıq, qollarımızı daha uzağa uzadacağıq və gözəl bir səhər... Beləliklə, qayıqlarla axına qarşı vuruşduq, dayanmadan keçmişə qayıtdıq.”

Keçiddəki “yaşıl işıq” Fitzqeraldın bizdən hər dəfə daha da uzaqlaşmasına baxmayaraq hələ də inanmağa davam etdiyimiz mükəmməl gələcəklər üçün olan metaforasıdır.

Başqa sözlə desək, əksini göstərən böyük sübutlara baxmayaraq, İtirilmiş Nəsil arzularımızın “hansısa gözəl bir gün” gerçəkləşəcəyinə inanmağa davam edirdi.

Yeni Bir İtkin Nəsil?

Özlərinə xas təbiətləri ilə bütün müharibələr “itirilmiş” insanlar yaradır.

Geri qayıdan döyüş veteranları ənənəvi olaraq intihardan vəfat etmiş və ümumi əhali ilə müqayisədə daha yüksək nisbətdə posttravmatik stress pozğunluğundan (PTSP) əziyyət çəksələr də, Körfəz Müharibəsi, həmçinin Əfqanıstan və İraqdakı müharibələrdən qayıdan veteranlar daha da yüksək risk altındadırlar. 2016-da ABŞ-ın Veteran Məsələləri Şöbəsindən verilən bir xəbərə əsasən, bir gündə bu veteranlardan orta hesabla 20-si intihar edib.

Bu “müasir” müharibələr müasir “İtirilmiş Nəsil” yarada bilərmi? Adətən fiziki travmadan daha ciddi və müalicəsi daha çətin olan psixi travmalara malik bir çox döyüş veteranı mülki cəmiyyətə yenidən qarışmaq üçün mübarizə aparır. RAND Korporasiyasının hesabatına görə, geri qayıdan veteranların təxminən 20%-də ya PTSP var, ya da yaranmaqdadır. 


Tərcümə etdi: Azərbaycan Dillər Universitetinin ikinci kurs tələbəsi Kənan Abbasov

Redaktə etdilər: Azərbaycan Dillər Universitetinin üçüncü kurs tələbələri Fidan Cəbizadə və Nərmin Yusifova

Müəllim: Nicat Həşimzadə

İstinad: https://www.thoughtco.com/the-lost-generation-4159302

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)