Mirələmov İlkin - Sevgi limanı
Çox yorğunam, məni gözləmə, kapitan!
Səfər dəftərini başqası yazsın.
Çinarlı, qübbəli, mavi bir liman,
Məni o limana çıxaramazsın.
N.Hikmət
Ən çox oxunan əsər idik biz:
– Çox dəyərli kitablarda.
Ən böyük istəklər idik biz:
– Dərin, dərya ideallarda.
– Səssiz, dolu teatrda.
Ən sevimli obraz idik biz:
– Yaradılan həyatlarda.
Ən bahalı tablo idik biz:
– Sərgilərdə, salonlarda.
Bizim hekayə canlanır, ancaq
– Nağıllarda, romanlarda, kitablarda...
***
Qütblərdə don vurmuş
dəryadakı su kimi
Zaman donmuşdu.
Xəyalların röyapərəst şairi
həqiqəti duymuş,
ağ-qara yuxu kimi
Sözləri indicə susmuşdu.
Bu an çox fərqli gəlir,
bu gün bambaşqa gedir.
Sanki Günəş gülümsər,
Ay bəmbəyaz sevincin
parlayıb bizə bölər.
Üfüqlərdə sevgi var,
düşüncələr çox zəngin,
deyil xəsis, ya da dar.
Soruşsalar bu gün hansı fəsildir?
– Mən bilmirəm, söylə sən
getmir soyuq qış nədən?
Aylar, illər uzunu
mənə xoş bahar gəlmir.
Niyə səhra ömrümə
bir damla yağmur dəymir?
Ancaq bu dəfə, yəqin,
qış öz çantasın yığıb
getdi daha gəl sevin.
Bu yaz gözəl xatirə,
bu ay bir ayrı aydır.
Bu gün bambaşqa gündür.
Fərqli bax bu dünyaya,
bu dağ, torpaq, qayaya.
Məqsəd olsa qarşında,
soyuqda, qarlı qışda
Sən daim isti düşün,
dayaz həyat başlanğıc,
çalış sonda üzü ağ çıx.
Bu qanlı mübarizə,
qan qoxan müharibə.
Soyuq, güclü fırtına,
acı tufan,
güclü amal, çətin zaman,
ağrılı aldanışda
Qayən olsun qarşında.
Sən yenə tək özün ol,
həyatda isti günəştək,
parla, parla, sən işılda,
ya da sol.
Bir ildırım məsəli
göy üzündə qəzəbli,
parıltı və inamla çax.
Dayağın olsun böyük zirvə,
uca dağ.
Seç həmişə doğru yol,
dənizlərə hakim ol,
sən yenə tək özün ol.
Başqası olmaqdan qorx.
Kiminsə kölgəsi yox!
Düşmənlərdən çəkinmə,
öz yaxınlarından qorx...
***
Tam fərqli bir həyatdan
bu yazı bəhrələndi.
Bu hekayə çox fərqli
bir sevgidən bəsləndi.
Qabiliyyətli sənətkar
onun bir məqsədi var.
Daş heykələ can verən,
sükut daşı sevdirən.
Ya da bir rəssam kimi
ağ vərəqi güldürən.
Bir musiqi sədası,
bir bəstəkar notları,
Bir yazıçı dühası,
bir şairin ilhamı.
Yazılmış roman kimi,
qırılmış orman kimi,
Bəsləndi bir sevgidən.
Dərin bir okean kimi,
çağlayan ümman kimi.
Ölüm yox, yaşam qədər,
sevinc yox, nisgil, kədər.
Bəsləndi bir sevgidən.
Gözəllikdən, ümiddən,
yaradan insan kimi,
yaşadan dövran kimi,
sonsuz bir yaşam təki.
Röyapərəst şairin,
təxəyyülü, xəyalı.
balaca bir körpənin,
məsumluğu, sevgisi.
Yerin fəza, günəşə,
Ayın yerə, göylərə,
sədaqət, səxavəti,
gül yox gülşən bəzəyi,
Susuzluqdan dodağı,
çatlamış insan təki.
Səssizlikdə boş sorağı,
titrəyən səda kimi.
Qəlbin ilham çırağı,
alov, yanan dağ kimi,
vulkan, yanar dağ təki,
Bəsləndi bir sevgidən.
Bu hekayə soyuq, ayaz, sazaqlı,
bu əhvalat həm mənalı, maraqlı
Şeir həyat anlamı,
başlığı “Sevgi limanı”
***
Göy üzü bir az tutqun,
qızıl payız gülü kimi
solmuşdu sanki.
Buludlar isə ağlayan körpənin
balaca, şirin gözləri kimi
qan yaşla dolmuşdu,
Səmanın tünd mavi rəngi
Bomboz olmuşdu.
Yarpaqlar gümüştək işıltı saçır,
Dəli külək isə hərdən
kiçik vıyıltı ilə
hay-haray qoparırdı.
Bu an kədərli insan qədər
doluxsun,
Ciddi simatək susqun,
rəngarəng havada
düşünür, yorulur
darıxır adam da.
Özün təkcə “səssizli”yə gedəsən
doğma şəhəri tərk edəsən.
Belə ümidsiz günlərdə,
belə sevincsiz anlarda.
Bir gün axşam gecələyəsən,
kövrək dəniz sahilində,
ya da səssiz, sakit bir küncdə...
***
Dərin düşüncəli gənc oğlan
payızın balaca uşaqlar qədər
dəcəl, şıltaq ayında,
əyninə həvəslə aldığı
gecə kimi kapyuşonun,
qara rənginin yorğun,
darıxdırıcı aurasında.
Hər şeyi geridə qoyaraq
sanki məna axtarırdı
sürətli təyyarətək uçan,
ağ, boz qağayıda.
Dəniz sərt dalğalı,
sahil isə lal.
Bu daş səssizlikdə
mənlə birgə qal.
Gənc əlində qiymətli bir kitabla,
dalğaların sakitkik verən
həzin musiqi səsindən,
azacıq uzaqda...
Dənizin sahilində,
kiçik bir daxmada,
Bircə göz otaqda,
boş skamyada.
Xəyallar havada,
xülya səmada.
Dənizə açılan kiçik pəncərə,
oğlanın gözləri sahil,
dərin düşüncə fərqli yerdə...
Çənəsini tənha otaqlar kimi
boş əllərinə alıb
xeyli vaxtı düşünən.
Fikir aləmində donan, üşüyən.
Hərdən sahilə nəzər yetirən.
Dərya təxəyyülü gənc,
axır ki, endi
fikir qatarından,
düşüncə gəmisindən...
Təxəyyül, xəyal çıxdı
mavi, kövrək dənizdən...
Oğlan yaxınlaşdı boş otaqda,
özü ilə etdiyi sorğu-sual anında.
Köhnə radiolar kimi
cırıldayan stul çəkdi,
stul üstdə əyləşdi.
İnsanlardan uzaqlarda,
dəniz, sahil – iki qardaş,
ona bu gün oldu sirdaş.
Çöl soyuqdur, daxma isti,
Vahiməli külək əsir,
soyuq kəsir,
bıçaq kimi,
qılınc kimi.
Gənc oğlan soyuq
dəniz sahilində,
Bircə göz daxmada,
Yaxınlaşdı quru odunlarla,
çartıltı ilə yanan,
isti odun sobasına...
Çöldə əsən soyuq külək,
sanki ac qurd kimi
hey ulayırdı daim gerçək.
Gənc içərdəki
dərin sükut, səssizliyi
pozmaq istədi.
Masa üstə qoyduğu kitaba
diqqətini dəvət edib oxumaq,
dərin bir xəyala dalmaq istədi.
Mavi kimi,
dəniz üzlü,
həyat qədər,
yalan, düzlü.
Mavi kitabdan
görünürdü sanki
sahil günəşi.
Qoxurdu elə bil
ümman, dəniz, dərya kimi.
Kitab çox marqlı ona,
istədi tez çatsın sona.
Kitablarla dost olmaq,
yaxın olmaq,
sirdaş olmaq,
yoldaş olmaq.
Soyuq hava, isti kofe,
səndən isə oxumaq...
***
Gənc xülyadan uzaqlaşdı,
həqiqətə yaxınlaşdı,
bu hadisə yaşanmışdı.
– Qara xətlə
alnına da yazılmışdı.
İnsanlardan uzaqlaşmaq,
tənhalığa yaxınlaşmaq,
buz kimi donaraq,
üşüyüb, soyumaq...
Bu hekayəni, doğrudan,
çətinmiş yaşamaq...
Gənc iti diqqətini
bir istiqamətə yönəltdi,
artıq hər şey hazır idi,
yanında idi eynək, kofesi.
Yeni həyatla tanışlıq
çox yaxın idi bir anlıq.
Çatdı maraqlı kitabla
yaxın olmaq zamanı,
Kitab çox mənalı,
məhəbbət dastanı,
sevgi romanı...
Adı isə “Sevgi limanı”.
Əsər kədərli sevincləri,
səma qədər sonsuz istəkləri.
Uzaqdan seyr edib izləyirdi
yaxın dost kimi proloq,
gənclə söhbətləşib belə deyirdi:
“Ən çox oxunan əsər idik biz:
– Çox dəyərli kitablarda.
Ən böyük istəklər idik biz:
– Dərin, dərya ideallarda.
Ən baxımlı film idik biz:
– Səssiz, dolu teatrda.
Ən sevimli obraz idik biz:
– Yaradılmış həyatlarda.
Ən bahalı tablo idik biz:
– Sərgilərdə, salonlarda.
Bizim hekayə canlanır ancaq:
– Nağıllarda, romanlarda, kitablarda...”
***
Kitab gənclə dost, sirdaşdı,
yaxın bir yoldaşı kimi
dinib-danışmağa başladı:
– Bir zamanlar yaşanmışdı,
çox sonralar oxunmuşdu.
– Həqiqətən, nə olmuşdu,
o zamanlar?
– Özlüyündə gənc soruşdu...
O səhnələr canlanır
gözlərimdə mənim bu an.
Yox, rəvayət deyil, ancaq
əsl həyatdır yaşanan...
Xəyallarım qanadlanıb
uçan zaman
bir xəyali həyatda mən varam...
Vardı bir vaxt möcüzələr yazan,
zülməti xoş nura boyayan.
Çox duyğusal,
dərin emosional...
yazar elə duyğusal olar.
Yazdı bir gün,
hər çağ üçün
çox qiymətli, böyük əsər.
Bəziləri çox, sevərkən
digərləri ünvanına:
– Dastan qoşar, gülüş bəzər.
“atalardan bir məsəl var, – dedi,
yazar
Zər qədrini zər oxşayan
mahir sənətkar duyar,
bacarıqlı zərgər bilər”...
***
Romanın dediyi sözlər qısalsa,
kiçik şeir formasında oxunsa.
Məzmun eyni, fikir eyni.
əsər danışır bir gənc aşiqin
əbədi, saf, dərin sevgisini:
Yaşamışdı çox düşüncəli,
sevgi canlı, incə ürəkli.
həyat dolu biri...
Adı Turan, özü vüqar mənbəyi
o hələ ömrünün baharında idi.
Saf ömrün yaz ayında
onun həyatına
Günəş kimi bir gözəl doğdu.
Turanın alovlanan kövrək,
cavan qəlbi,
gözəl qıza sovqat oldu,
pay oldu.
Dumanlı düşüncələr,
onun ixtiyarına nişanlandı,
cəlb oldu...
Turan uzun boylu, ər iradəli,
həm ağıllı, düşüncəli,
dağ görkəmli.
Vurğunu olmuşdu uzun,
dalğalı saçlı,
şirin gülüşlü, çox sevimli,
Günəş qədər isti qıza,
– Türkan isimli parlaq ulduza.
Türkansa onun sevgisinə
ilk vaxtlar inanmadı,
Turanın xoş, duyğusal sözlərini
cəfəngiyyat, yalan sandı:
“Heç bir zaman səninlə mən,
Olmarıq döyünən tək ürək,
iki bədəndə”...
Turan iynəli sözlərdən,
çox kövrəldi, təsirləndi
dərindən.
Türkan onu görəndə
Vurulsa da, ilk baxışdan,
ilk sözdən.
Lakin onun qəddar eqosu,
əl çəkmirdi pas tutmuş qəlbindən.
Daima daha yaxşısı
Onun üçün ələtəkdi,
əlçatandı.
Türkan da hər zaman
zəncirliydi eqoya tamam:
“Turandan daha yaxşısı
mütləq vardır, açığı,
o, pis oğlan deyil,
ancaq addım atmaram,
ona gedən cığır
doğru deyil, düzgün deyil,
yol deyil.
etmərəm mən ona meyil”...
Türkan Turana daxilində
vurulsa, xoşlansa da,
sadəcə zalım eqosuna
məhkum olmuş, əsirdi...
Turan da dözməyərək
vulkan kimi partladı,
sellər kimi çağladı.
Çox sevdi, sevilmədi.
eşqindən dəli şairə çevrildi...
***
Turan qara bulud kimi
səpirdi yerə
gözlərdən parlaq inciləri.
kimsəsiz küçələrdəki ağlayan
yetim uşaqlar kimi.
Bu acı halında
onun fəryad, dadına
kitablar, şeirlər, romanlar çatdı.
Təkcə qələm acı dərdlərə çarə edirdi,
yazırdı, yazırdı, ya da içirdi.
Onun sevgisinə inanmayan kəs,
nə doğrunu, həqiqəti bilməmiş,
nə onu düz dəyərləndirmişdi.
Bunu başa düşəndə isə
artıq gec idi, əbəs...
Turan günün birində,
təsadüf sürprizində,
qarşılaşdı “dan ulduzu” ilə,
sönmüş arzusu ilə.
Bu dəfə onun gözlərində
inamsızlıq deyil də,
vardı bir az xəcalət,
azacıq kədər,
peşmanlıqla:
“Mən bilmirdim, – dedi, – bağışla
islandım haqsız eqomun yağdığı
leysan, dolu, yağışda.
indi isə peşmanam,
səni yanlış tanımışam”...
Turan artıq yavaş-yavaş
tanınırdı,
güclü şair, yazar kimi.
Qazanmışdı xalqın inam,
ümid dolu sevgisini.
O an gözləri dolan şair,
kədərli deyil də
qürurlu tərzdə,
sevincli yox, hüznlü şəkildə
öz şeirini səsləndirdi, səssizcə:
“Bir başqası günəş siman,
gülərkən işıq saçan,
gecə kimi gözlərinə baxdı,
mənsə məşəl gözlərinin
uzaq seyrində qaldım...
Özgələr şirin söz axtardı,
Mənsə tufan kəlimələrdən,
bəyaz, bomboz bulud kimi
topa-topa dolub yağdım.
Onlar sənə heç yanmadı,
mənsə daim odlar alıb
alov-alov alovlandım.
Özgələr səni dünyaya satdı,
mənsə tək telinə qıymadım.
Özgələr səni sükut yerdə tapdı,
mən əngin fəzaya ucaltdım.
Başqaları səni dəryaya oxşatdı,
mənsə dərin, coşqun okean,
çağlayan bir ümman sandım.
Bir başqası şam kimi yandı,
mənsə ay kimi işıq saçıb
əbədi günəştək parladım.
Onlar boş sevincində qaldı,
mən nisgilində göz yaşı kimi,
yanağından tək-tək axdım.
kədərində çox qəm yedim,
sevincində gülümsədim,
səni uzaqdan izlədim...
Özgələr qızıl gül istədi,
mənə acı tikan bəs idi.
Başqaları sənə kiçik,
“musiqi”lər bəstələdi,
mənsə şirin poemalar,
dərin romanlar yaratdım.
Səni çarəsiz ümidlərdə,
yoxsul inamlarda tapdım.
Mən hər şeyi səndə aradım,
səndə tapdım.
Xoş baharlar, qızıl payızlar
isti yaylar, soyuq qışlar,
yola saldım, sağollaşdım...
Yalnızlıqla sirdaş oldum,
tənhalıqla yoldaş oldum.
Bir başqası səndə qaldı,
mən… mən bəs niyə yalnız qaldım?!”
***
Gəncin cavan arzuları,
qurumuşdu, solmuşdu.
İndi boş otaqda həmin yazar
öz yazdığı romanını oxuyurdu,
acı-acı kövrəlirdi,
bulud kimi dolurdu.
Oxuyurdu yaratdığı
həyat novellasını,
kövrək nağılını,
fantastik romanını...
Çöldəki küləkli payız gecəsi
tədricən soyuyurdu.
Havanın mülayim siması
sərtləşərək daş olurdu.
Turan üçün çətin oldu,
gənc yaşında gördükləri,
çəkdikləri roman oldu,
Türkan niyə gedər oldu,
gəlməz oldu?
Nədən axı, niyə axı
sevməz oldu?
Bayıra çıxdı kövrək şair,
dalğalı dəniz sanki
kükrəyən ac bir şir.
Dənizə baxır,
fikirə dalır şair:
– Hər kəsin var bir limanı,
tək dayağı, son durağı.
dayanacağı.
Onunsa artıq qalmamış
yaşamağa tək marağı.
Yaxınlaşdı gənc sahilə,
baxdı ucsuz dənizə.
Sanki onu əbədi dəniz
çəkdi doğma sinəsinə.
Gözləri dolan şair
son dəfə baxıb sahilə,
qərq etdi özünü ucsuz
mavi dənizə.
Boğularkən bir-iki kəlmə
yada saldı, xatırladı
Üçcə acı, son sözünü sayaqladı,
“Səni sevirəm Türkan”,
– deyə, acı-acı sızladı,
o ağladı.
mələklərsə şairin ruhunu
əbədi, sonsuz göylərə ucaltdı.
Şair cismən yoxa çıxdı,
qeyb oldu...
O gündən, bu günə
şairin intihar yeri
“Sevgi limanı” adlandı...
Həqiqətən, gözəl olardı,
Türkan Turan birlik olsa,
onların da birliyindən,
sevgi, ümid, bir güc doğsa.
Qalmazdı sevginin marağı,
birliyə doğru gedən yol
olmazsa şaxta, sazaqlı...
Bir gün hər kəsin ucalır
uzaqlardan səs-sorağı.
Bəzən uzaq olsa belə
sonda olur tək ümidin
parıltısı, işıltısı, işartısı,
boş olanda arzuların
puç sədası,
xatırlayın bu hekayə, poemanı,
Turanın "Sevgi limanı”...
SON
Yazarı çox qınadılar,
yazdığı romana görə,
Tənqid etdi “güclü” kütlə,
təzyiq gəldi kövrək şairə.
O isə heç zaman tənqidlərə,
təzyiqlərə aldanmadı.
Həqqi sevgi dastanı yaratsa da,
özü çox qalmadı, yaşamadı.
Onun az olsa da ömrü,
yazdıqları hər çağ üçün,
dünən üçün, bu gün üçün,
sabah üçün...yaşadı.
Yaratdığı əsər onu,
yaşatdı hər əsər sonu.
“Sevgi limanı” adlı roman,
oldu ən çox oxunan
məşhurlaşan, tanınan.
Roman qazandı böyük şöhrət,
insanlarda dərin məhəbbət.
Əsəri yaradan, yazan,
oldu ən çox oxunan,
yaradan, yaşadan...
Lənkəran Dövlət Universitetinin 2-ci kurs tələbəsi
Tarix:13.04.2022