Edebiyyat.az » Poeziya » Hüseyn Əfəndidən şeirlər

Hüseyn Əfəndidən şeirlər

Hüseyn Əfəndidən şeirlər
Poeziya
admin
Müəllif:
21:15, 21 may 2023
875
0
Hüseyn Əfəndidən şeirlər






Yuxusuz gecələrin içində,
Əvvəli, axırı bilinməyən
Kimsəsiz küçələrin içində,
Tüstüsü ərşə çıxan
Saçlarımın içində
Bir qız yaşar.

Ürəyim bir cındır sevincə büküləndə,
Bir yarımçıq gülüş tökülər sinəmdən,
Basdırmayın saçlarımı
Öləndə.
Dünya dolu qıznan,
Kim üşüyə, kim qızına...
Ürəyimin ağrısına yazılan,
Alnıma yazılmayan
Bir qız yaşar
Saçlarımın içində.

Saçlarımı darayaram,
Bulaq üstə dayanaram,
Baxıb, baxıb saçlarıma
Qızlar çaşar,
Ağ saçlarımın içində
Bir qız yaşar.


***
Mən səni yatıram gecələr, səni –
Mən səni yatıram yuxu adına.
Əllərini, Gözlərini, Səsini
Sala bilməsəm də heç vaxt yadıma.

Sən dünyanın ən bəxtəvər qadını,
İşin-gücün başdan aşır.
Sən bilmirsən gecələrin dadını…
Gecələr saçlarına qarışır.

Yuxun qarışır yəqin,
Yaddan çıxıram.
Mən hər gecə Kərəmin,
Nəfəsindən qopan oddan çıxıram…

Mən səni yatıram gecələr, səni,
Axan buludlara ver nəfəsini,
Axan ulduzlara göstər üzünü.
Mən səni yazıram şeir yerinə,
Səni yaşayıram ömür yerinə.

Arıların nəğməsi

Qoru ürəyində yeddinci qatı –
Bacarsan qat ona, məni də qoru.
Sevinc ötəridi dərd müvəqqəti,
Tək mən əbədiyəm, gözümün nuru.

Mənəm bu dünyada sənin axırın;
Bunu keçib-gedən sevdalar bilir –
Arılar çiçəklər üçün doğulur,
Elə çiçəklərə görə də ölür.


***
Küçə işıqları yansın hamısı!
Doğsun bu gecənin ağ ulduzları!
Səninsə getməyə yerin olmasın,
Baş al yavaş-yavaş dənizə sarı.

Qoy doğsun gecənin ağ ulduzları,
Soyuq küçələrə istisi çökər…
Dünyaya nəyisə uduzanları,
Dəniz ovundurar istəsə əyər.

Baş al yavaş-yavaş dənizə sarı.
Qalsın, kimə qalır-qalsın bu gecə.
Qoy doğsun gecənin ağ ulduzları,
Qoy doğsun üstünə gün düşənəcən.

Baş al get, baş al get dəlisayağı,
Baş al get biryolluq getmək bacarsan…
Torpaqdan üzülüb yalın ayağın,
Suya toxunanda ayılacaqsan.


***
Günün günortası, ömrün yarısı,
Yalançı bir səhər olmaq çətindi.
Noolar, qoy camaat ərdən yarısın
Əsri ki səhv salan Məcnun sənindi.

Bilirəm, çox şeylər üşüdür səni,
Payızdı, payızın dumanı qalın…
Hələ açılmayan paraşütlərin
Yerəcən açılmaq gümanı qalır.

Oyuncaq kimiyəm şeirin əlində,
Başım qapılardan qapıya dəyir.
Mənim gözlərimə kədər gələndə,
Sənə də, sənə də təpiyi dəyir…

Dilimin ucunda söz-sözdən küsür,
Adına gələndə tapılmir biri.
Sən olub uzanan həsrətə dözür,
Sənə yazacağım məhəbbət şeiri.


***
Ərşə çəkiləndə yuxum gecələr,
Yuxum uçan yerə səsim çatmasa…
Mənim qəlbim kimi şeirim incəlir,
Ay ilham pərisi, bağrın çatdasın.

Fırlanır kür bəxtim kürə taleyim
Urvatsız bir istək oxu üstündə.
Çölüm özgələri yandırır, neynim,
Dikəlib bir “ağrı dağı” üstündə.

Səni gözləyirəm, ilham pərisi,
Dünyanı su alar, günüm gün olmaz
Yol tapar qurtular Nuhun gəmisi,
Ah, mənim xilasım heç mümkün olmaz.

Qapılar Dərbəndin qapısı kimi
Örtülür qəflətən, açılır ağır.
Mənim sevinclərim Araz idimi,
Həmişə nəyinsə ardından axır?

Hərdənbir yeganə güman olursan,
Məni bağlayırsan işığa, nura.
Tanrım olursan,anamolursan
Anam dura-dura, göy dura-dura.

Mən sənin qulunam, səndən bezaram,
Bu dəftər, bu qələm oyun-oyuncaq.
Mən elə sənsiz də yazıb-pozaram,
Mən sənsiz yaşaya bilmərəm ancaq…


***
Nə taksi tapılar, nə səmt maşını,
Düşərəm piyada yolun ağına.
Bu boyda şəhəri qoyub başına,
Mən çıxıb gedərəm yolu nağıla…

Üzümə yağan qar əriyər sakit,
Külək kürəyimə dəyib qayıdar.
Mənimlə yanaşı yeriyər səki,
Hərdən döngələri əyib qayıdar.

Mənimlə yeriyər uca binalar,
Mənə yoldaş olar yol işıqları.
Nağılı olmayan gəlin analar,
Nəynən yatırarlar gör uşaqları?

Durub göstərərlər pəncərələrdən
Bu qarlı gecədə bu qar əmini.
Evim, eşiyim də qalar geridə,
Ağ gecə, ağ küçə aparar məni…

Ağ gündən betərmiş gecənin ağı,
Bəxti ağ olana ağ at nə gərək?!
Bu gedib bir yana çıxmayan nağıl,
Məni bir tərəfə çıxara gərək.

Camaat yol gedər, yorulub yatar.
Sabahlar açılar ürəyim kimi.
Ay mənım ağ gecəm, sən məni apar,
Sənə dəyişmərəm ağ günlərimi…


***
Əsər budaqlarda sarı yarpaqlar,
Əsər budaqlardan torpağa qədər.
Sonuncu nəğmələr yarımcıq qalar,
Sonuncu küləklər əliboş gedər.

Bədbəxt küçələrin dərdi bilinməz,
Bu qızıl karvanı aparsın hara?
Qoca dalandar da sakitcə, dinməz
Od vurar onsuz da yanan bahara.

Buludlar əriyər göyün üzündə,
Yetim yuvaları döyəclər, sökər.
Damcılar çiçəklər gölün üzündə
Ölən çiçəklərin yerinə, bəlkə?.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)