RƏNA TƏBƏSSÜM - QISQANC ADAM (hekayə)
Pəncərə önündə dayanıb küçəyə tamaşa edən İzzət son zamanlar tənha yaşayırdı. Çox vaxt
küçədən keçən adamlara baxdıqca tənhalıqdan bezir, səsini səslərə, gülüşlərə qatmaq istəyirdi. Yaşadığı ev üçotaqlı idi. Gülay adlı qadınla rəsmən evli olsa da, iki ay vardı ki, ayrı yaşayırdılar. Heç kimin ağlına gəlmirdi ki, bir-birini dəlicəsinə sevənlər qısqanclığın qurbanı olub ayrılacaq.
Gülay küsüb atası evinə gedəndən İzzətlə əlaqə saxlamırdı. İzzət də tərsliyinə salıb barışıq üçün ilk addım atmağa cəhd etmirdi. Əslində ayrıldıqları gündən tənhalıqdan sıxılırdı. Evin divarları arasında təklikdən havalı kimi gəzirdi. Köhnə fikirli adam olduğu üçün geridə qalan, acı xatirələrində iz salmış birgə günləri göz önünə gətirirdi. Bu gecə isə İzzət canından çox sevdiyini röyasında görmüşdü. Hövlnak yuxudan ayılıb əlaqə yaratmaq istədi, telefona baxdı. İçində ağır daş kimi yuva salan tənhalıqdan qorxdu. Bəzən ətrafında nə varsa, hamısının üzərinə qara kölgə salan bu daşı var gücüylə götürüb atmaqda çətinlik çəkirdi. Acizlik ona mane olurdu. Amma yuxusu bu acizliyi alıb onu birbaşa qayınatasıgilin qapısına apardı. Qapı yavaşca açılanda o, gözlərinə inanmadı. Gülay sual dolu baxışlarla onunla üzbəüz dayanmışdı.
İzzət salamlaşıb gözlərini qırpmadan sözə başladı. O, danışdıqca özünün günahkar olduğunu etiraf edir, bağışlanmasını istəyirdi.
- Gülay, inan ki, sən gedəli evimizin işığı sönüb. Soyuq otaqların divarları isti
havada da məni üşüdür. Mən sənsiz darıxdığım kimi, otaqlar da sənin həsrətini çəkir. Bəlkə qayıdasan? Yoxsa həyatında bir başqası var?
Sərin külək Gülayın üzünə toxunur, onu çaşdırırdı. Sonradan üzü güldü və dilləndi:
- Həyatımda başqası olsaydı, indi qarşında dayanmazdım. Mən hər zaman
sənin yolunu gözləmişəm. Gözlərimin yaşını nə istilər, nə də küləklər quruda bilir. Hər dəfə qapı döyüləndə sənin gəldiyini düşünüb qaçaraq özüm açmışam. Bu gün də belə... Sənsizliyi yaşamaq mənə çox çətindir, özü də ikilikdə...
- Anlamadım, necə yəni ikilikdə?
Gülay utana-utana pıçıldadı:
- Hə, ikilikdə. Həyatımız bundan sonra daha maraqlı və mənalı olacaq. Mən
ana, sən isə ata olacaqsan.
İzzət heyrətləndi:
- Necə?! Ay Allah, mən nə qədər xoşbəxtəmmiş, amma xəbərim yox. Biz birlikdə gedib anamı sevindirməliyik. Axı anam nənə olmaq arzusundadır. Vaxt itirmə, get hazırlaş, öz evimizə gedirik.
- Yaxşı, sən hələlik içəri keç, bizimkilərlə görüş. Atamla anam evdədir. Mən isə lazım olan əşyalarımı yığım.
İzzət evə keçib qayınatası və qayınanası ilə görüşdü. Kürəkənini görən yaşlı ata-ana bu dönüşə sevindilər. Onlar çay süfrəsində oturub heç nə olmamış kimi başqa mövzuda maraqlı söhbətlər etdilər. Qayınanası Həbibə xanım yarı zarafat, yarı gerçək söylədi:
- İndi dövran dəyişib, müasirləşib. Amma kişilərin qısqanclığı olduğu kimi
qalıb. Vaxt var idi, bu Mustafa kişim məni də cavana, yaşlıya, hətta yerə-göyə qısqanırdı. Kəpənəktək ovcunun içində saxlayırdı. Qorxurdu ki, birdən kəpənəyi uçub çiçəkdən-çiçəyə qonar. Yaşa dolduqca mülayimləşdi, amma hələ də canında qısqanclıq var. Eh...
Mustafa çiyinlərini çəkib gülümsədi:
- Neyləyim, hər gözəlin bir qısqanc kişisi olmalıdır. Sənin də qismətinə mən
düşmüşəm. Bəlkə nənə-baba olandan sonra rəftarım dəyişər, amma onu yenə də bilmək olmaz. Sevginin gücü qısqanclığın həddində bilinir. Amma gərək insanlar arasında nifaq salan olmasın. Dürüstlük, inam və etibar olan yerdə bütün çətinliklərdən, sınaqlardan birlikdə üzüağ çıxmaq olar. Qısqanc adam öz səhvlərini sonradan görür, həqiqəti anlayır. Çox zaman küsənlər barışır, birləşir. Kürəkənim də qısqanc adamdır, lap mənim kimi...
Hamı bir-birinə baxdı və üzlərində təbəssüm yarandı.
İzzət qısqanc adam olduğunu etiraf edib səhvlərini anladı. Ömür-gün yoldaşının əlindən bərk-bərk tutdu. Qısqanclıq sevginin əlamətidir, bunun şahidiyəm, deyərək öz evlərinə tələsdi.
Gülayın üzündəki təbəssüm yolunu həsrətlə gözlədiyi ərinə gələcək xoş günlərin ümidini bəxş etdi. Bəzən əbəs yerə arada olan səbəbsiz incikliklər də unuduldu və onların tale yolları yenidən birləşdi.
