Edebiyyat.az » Ədəbi tənqid » Fərid Muradzadə - "Ərvahi-əzəldə"

Fərid Muradzadə - "Ərvahi-əzəldə"

Fərid Muradzadə - "Ərvahi-əzəldə"
Ədəbi tənqid
admin
Müəllif:
11:11, 23 fevral 2025
301
0
Fərid Muradzadə - "Ərvahi-əzəldə"


 


 Sevgi ülvi bir hissdir. Eşq ilahidəndir. İnsanın yaradılış fəlsəfəsinin (hər iki mənada) mahiyyətində eşq dayanır. Dar çərçivədə sevgi insanın qəlbini riqqətə gətirən gözəl bir hissdir. Geniş mənada isə sevgi,eşq, aşiqlik insanın insanlığını aşacaq, yaradana qovuşacaq qədər dərin, vardıqca vardığımız və vardığımız qədər də qüdrəti qarşısında  aciz qaldığımız əsrarlı duyğudur. İlk əlifbanın aşkara çıxdığı, ilk şeirin yarandığı gündən və hətta insanın ruhunda sevgi nəğmələri çalındığı zamandan üzü bəri sevgi haqqında saysız-hesabsız şeirlər yazılıb, nəğmələr qoşulub.Lakin mənə görə böyük şeyx Nizaminin misraları qədər möhtəşəm görünəni olmayıb

Eşqdir mehrabı uca göylərin,

Eşqsiz, ey dünya, nədir dəyərin.

Hüdudsuz göylərin, intəhasız kainatın mehrabının eşq olduğunu təsəvvür edə bilirsinizmi?

Azərbaycan ədəbiyyatında və digər türkdilli xalqların ədəbiyyatında  buta verilən aşiqlər barədə bir neçə sevgi dastanları var. Bunların bəziləri mövzu, hadisə və məkan baxımından olduqca oxşardır. Zamanla bu dastanların tədqiqatı ilə dövrünün bir çox məşhur ədəbiyyatşünasları məşğul olmuşdular və bu gün də məşğul olurlar. 

Gənc qələm dostlarımızın içində müxtəlif mövzulara müraciıt edən və bənzərsiz yazı üslubu ilə seçilən istedadlı dostumuz Elvin Rizvangil röyada buta verilmiş real bir haqq aşiqi, haqq aşığı olan Sümmani haqqında özünəməxsus gözəl lakonik bir hekayə yazmışdır. Elvin yazı üslubuna xüsusi ehtiramım olan bir qələm dostumuzdur. O “Ərvahi-əzəldə” adlı bu hekayəsində Sümmaninin həyatını iki əsr əvvəlki dövrə aparır və ustalıqla hadisələri bir-birinə calayır. Bu hekayə sadəcə buta verilmiş bir aşiqin hekayəsi deyil. Hekayədə sevgi,irfanilik,mərdanəlik,dürüstlük,sufiyanə məhəbbət,adi insan ağlının idrak edə bilmədiyi ülvi,kəskin təzadlarla dolu zəngin, mükəmməl, fəlsəfi, bitkin, fanidə sevən əbədidə qovuşan, cismin deyil ruhun xoşbəxt olduğu insan sevgisi təsvir olunub. Elvin bu hekayədə   təhkiyəçi kimi həm rassionalist, həm irrasionalist, həm də praqmatikdir. 11 yaşlı Hüseyn Sümmani buta verilmiş aşiqdir. Eşqin gücündən ilham almış aşiq butasının ona qismət olmayacağını bilə-bilə sevir, onlara bu dünyada qismət olmayacaq nəfsani, cismani sevgiyə deyil, hər kəsin əxz edə bilməyəcəyi irfani sevgiyə qovuşmaq atəşinə yaxılır. Onlar şam və pərvanədirlər. Gerçək eşqləri yanıb bitdikdən sonra başlayacaq. Çünki onlar ruhən birləşəcək aşiqlərdir. Buta verilən aşiqlər birinci Şah Abbasın qızı Gülpəri və çoban Hüseyn Sümmanidir. Əks zümrəyə mənsub olan lakin eyni qüvvənin birləşdirəcəyi insanlar. Rasionalizm,  irrassionalizm və Elvinin fərdi yanaşması. Elvinin Türkiyə türkcəsində qələmə aldığı bu hekayə dil baxımından bəlkə də kimlər üçünsə yorucu ola bilər, lakin diqqətcil oxucu üçün maraq yazı dilinə qalib gəlir. Onun əslində bu hekayəni türkcə yazması daha məqbuldur, çünki Sümmanini elə Türkiyə türkcəsində oxumaq lazımdır. Dövrünün ustad aşığı aşıq Şenliyin şagirdi olan Sümmaninin yaradıcılığı, şeir üslubu qısa da olsa hekayədə öz möhtəşəmliyini aşkara çıxarır və Elvinin ustalıqla hekayəsinə əlavə etdiyi bu bir neçə şeir parçası Sümmaninin şeir dilinin nə qədər yüyrək, nə qədər könülləri oxşayan, ürəkləri riqqətə gətirən şeirlər olduğunu bir daha təsdiqləyir. Hekayədəki digər buta verilən tərəf olan Gülpəri obrazı da çox maraqlıdır. Sümmani kimi buta verilən Gülpəri də ülvi bir atəşə qalanıb. Şah qızı sadə bir çobana aşiqdir. Yazıçı dostumuz burda bir daha sevginin sözkeçirilməz bir duyğu olduğunu, onun sinfi münasibətlərə, cəmiyyətin fərqli zümrələrinə heç bir məhdudiyyəti olmadığını vurğulamış olur. Hər iki aşiq ülvi sevgilərinə bu fani dünyadan pak şəkildə köçəndən sonra qovuşacaqlar. Bu bir ömür sınaqlarla üz-üzə qalacaq ülvi, sufiyanə, insanın nəfsi ilə mübarizəsini özündə əks etdirən möhtəşəm sevgidir.  Yazıçı hekayənin adını da xüsusi olaraq seçib. "Ərvahi-əzəldə"

Aşıq Hüseyn Sümmaninin eyniadlı bir türküsü var. Türkü adamı rəsmən alıb aparır.  

 

Ervahi-ezelde levhi kalemden

Bu benim bahtımı kara yazmışlar. 

Bilirdim güldürmez devri-aləmden

Bir günümü yüz bin zara yazmışlar… 

 

 Ərvah ərəbcədən ruh deməkdir və bu fani dünyadakı əzabkeş ruhların o dünyada, behiştdə qovuşaraq rahatlıq tapacağına işarə edir.   Sümmanin ölümündən qırx gün sonra Gülpəri də əbədiyyətə qovuşur. Sanki bu dünyada vüsala yetməyən aşiqlərin ruhları o dünyada qovuşub xoşbəxt olurlar. Hekayə olduqca maraqlıdır. Diqqətlə oxuduqdan sonra insan daxilən, ruhən fərqli bir ab-havada olur. 

Torpaqdan yaranan cisim torpağa, mücərrəddən gələn ruh isə öz məkanına qovuşur. Yer üzündə cisim adlı qəfəsdən uçan pak ruhlar göy üzündə xoşbəxt olurlar. 

 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)