Edebiyyat.az » Ədəbi tənqid » Nemət Mətin - Xain, yoxsa qəhrəman?

Nemət Mətin - Xain, yoxsa qəhrəman?

Nemət Mətin - Xain, yoxsa qəhrəman?
Ədəbi tənqid
admin
Müəllif:
22:28, 28 mart 2025
309
1
Nemət Mətin - Xain, yoxsa qəhrəman?

 


 Lev Tolstoy məktublarının birində qeyd edir ki, Turgenevlə mən ilk növbədə hərbiçiyik. Bu fikir məni düşündürdü. Oxuduğum bütün müharibə romanlarını xatırladım. Həqiqətən də müharibədə iştirak etmiş yazıçılar bu mövzuda  daha geniş, daha təsirli yazıblar. 

 Bu yaxınlarda Mahirin "Müharibənin şəkli" romanını oxudum. Özümü döyüş bölgəsində komandir, yəni qərar verən başçı kimi hiss elədim. Olmuş hadisələri bədiiləşdirərək Mahir oxunaqlı, maraqlı bir əsər ortaya qoyub. Kitabda nə artıq fikir var, nə də pafos dolu cümlələr. Soyuqqanlı mayorun qərarları, uşaqlıq xatirələri, qızını yada salması, şəhid olmuş dostu barədə fikirlər dərin işlənmişdir.

 Kitabı rahatlıqla ssenariləşdirib film çəkmək olar. Süjet xətti hər kəsi ağuşuna alacaq. Gecə vətən xaini elan olunan mayor səhər necə qəhrəman kimi qarşılanır və yaxasına medal asılır? Döyüş taktikaları, əsgərlərin həyacanı, spontan çılğınlıq, damarda qanı donduran məqamlar və s. 

 Əsər baş qəhrəman olan mayorun dilindən nəql edilsə də, ikinci dərəcəli qəhrəmanlar da yadda qalır. Hər bir obrazın əsərdə xüsusi rolu var. Məsələn; rabitəyə baxan irigöz əsgər. Döyüşmək təkcə silahı götürüb düşmən öldürmək deyil, həm də vaxtında rabitə dəstəyini komandirə verməkdir, söhbətləri diqqətlə dinləməkdir. Çünki xəbəri vaxtında çatdıranda, vaxtında da düzgün qərar qəbul edilir, itgi az olur və ya heç olmur. 

 Yazıçı təkcə obrazların indiki halını göstərmir. Eyni zamanda onların psixoloji durumunu, keçmişini, həyatını nəzərdən keçirir. Bu detallar çox vacibdir.

 Döyüşün qızğın anlarında doğru qərar vermək ən çətin işdir. Əsgər belə bir məsuliyyətdən azaddır. O, ancaq özünü düşünür. Özünü qoruyur. Komandir isə bütün bölüyü. 

 Sizif allahların qəzəbinə düçar olandan sonra da xoşbəxt görünürdü. İnsan psixologiyası ümidə köklənib. Daşı dağın başına qaldıranda dəfələrlə aşağı yuvarlansa da, yenə qaldırmaqda davam edir. Xoşbəxtlik ümidlə yaşamaqdadır. Ümidi olmayan insan bədbəxt insandır. Bir dahinin sözüdür. Bir ordunu məhv etmək istəyirsənsə, əlindən silahı və qidanı alma. Ümidi al. Təqribən belə...

 Müharibə olmasa, inkişaf olmaz. Dostoyevskinin fikridir. Çünki vətən həm də insanlardır. Vətəni vətən edən düşüncələrimizdir. Biz insanlar olmasaq, vətən olmaz. Əsərdə hər iki tərəfin komandiri məğlubiyyəti gözə alaraq son gülləni beyninə sıxmağı düşünür. Çətindir. Müharibə həm də insanı daha dərindən düşünməyə məcbur edir. 

 Həyat mübarizədir. İnsan ana bətnində mübarizə aparmasa, boğular. Quşlar yumurtanın qabığını dimdikləməsə, yaşaya bilməz. Kəpənək baramadan cəhd edib çıxmasa, qanadları zəif olar və ölər. 

 Bir var hadisəni kənardan müşahidə edəsən, bir də var hadisənin içində olasan. Remarkın, Tolstoyun romanlarında müharibə içdən göstərilir. Eləcə də Mahir "Müharibənin şəkli" romanında mayorun səngərdə necə davrandığını, müşahidələrini açıq şəkildə göstərir. 

 Müəllif müharibə mövzusunda yazmağa davam eləsə, uğurlu olacaq. Əminəm. 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (1)