Edebiyyat.az » Film » Elçin Alioğlu - Joker filmi: Səmimiyyətin faciəli yoxluğu

Elçin Alioğlu - Joker filmi: Səmimiyyətin faciəli yoxluğu

Elçin Alioğlu - Joker filmi: Səmimiyyətin faciəli yoxluğu
Film
Necef Esgerzade
Müəllif:
14:13, 17 oktyabr 2019
1 874
0
"The Twilight Samurai", "Batman: The Killing Joke", "Taxi Driver" və "The King of Comedy" filmlərini qarışdırsaq, bir az da "Falling Down" qatsaq, nə alınar?
 Todd Filippsin "Joker"i.
 Evdəki kətillərin biz insanlardan fərqli olaraq, bir-birinin qayğısına daha çox qalması barədə bir film.
 Şedevr. Bu ilin bəlkə də ən yaxşı filmi. Mən belə düşünürəm.
 Cəmiyyətdə səmimiyyətin faciəli yoxluğu barədə bir film.
 Filmin ilk səhnələrindən biri. Artur Flek psixoloqa deyir: "Siz heç zaman məni dinləmirsiniz. Hər dəfə elə eyni sualları verirsiniz - halın necədir, işdə vəziyyət necədir... Və heç zaman qulaq asmırsınız..."
 Tanış durumdur, yox?!
 Hər birimiz az qala hər gün üzləşirik: qarşındakı insan səni əsla anlamır, əsla dinləmir və belə hiss yaranır ki, söhbət zamanı sadəcə, danışmağa başlayacağı məqamı gözləyir.
 Üstəlik, elə də olur ki, o adamla razılaşmayanda sinirlənir, kobud davranır.
 Film əladır.
 Əla saundtrek - Frenk Sinatra var. Çox nadir filmlərdə vizuallaşma səslə bu cür ustalıqla müşayiət olunur.
 Əla rejissura - Nolan və Snayderin filmlərindəki Joker-dən fərqli olaraq, Filippsin lentindəki Joker insan yox, anarxiya və çılğınlığın reallaşması olan ideyadır.
 Əla aktyor işi - Hoakin Feniks özünü özündən çıxarıb özünü axtaran insanı göstərib. Operatorlara qalan sadəcə, Feniksin mimikalarını "tutmaq"dı.
 Əla operator işi - son 14 ildə bu cür iş görməmişdim.  Kamera sanki Arturun emosiyalarını yarır, ortaya çıxarır. Filmin əvvəlində pilləkənlərlə zorla qalxan Artur ilk qətlindən sonra qaçır, sonda pillələri rəqs edərək enir. Əvvəldə boz, göy olan aləm filmin sonunda rənglənir.
 Əla musiqi - Hildur Qudnadottir lentin əvvəlində ayaqlarını sürüyüb gəzən, sonda ötəki dünyanın rəqslərini edən Arturun hisslərini səsləndirib.
 Artur Flek kiçik, balaca, mental xəstəlikli, ruhi sapıntılı, xəstə analı, balaca mənzildə yaşayan adamdır. 
 Kloun işləyir. Həyatında hər şey pis, murdar qoxuludur.
 O, böyük islahatçı, psixoloq, inqilabçı olmaq niyyətində deyil.
 Əslində gözəldir: hər ərik çəyirdəyi özünü dahi hiss edəndə murdarlıqdı.
 Kloundur, işindən də həzz alır. Yaxşı insandır. Hətta xərçəng xəstəsi olan uşaqlar qarşısında çıxış edir.
 Şərəfli, ləyaqətli, amma balaca insan olmaq tanınmış, məşhur, iddialı əclaf olmaqdan yaxşı deyilmi?
 Metroda qətldən sonra Artur sistemə şüursuz, sistemsiz müqavimətin simvoluna çevrilir.
 O, simvol olmaq istəmir, çünki qətldən qorxub. Susur, danışmır, gizlənmək istəyir.
 Amma...
 İnsanlar onu yaşamağa qoymur.
 Artur filmin sonunda, ətrafında kloun maskalı insanlar meymun sürüsü kimi atılıb-düşəndə, qışqıranda rəqs edir.
 İkona sayırlar onu, amma o, adi insan olduğuna şübhə etmir.
 Başabəla psixoloqlar qətiyyətlə deyirlər ki, adi insanla sərsəm arasında sadəcə, bir uğursuz gün var.
 Əsla belə deyil.
 Sakit, mağmın insanın qatilə dönməsi bir hadisənin və ya bir günün səbəbi deyil.
 Alçaldılmalar, aşağılanmalarla, zorakılıqla dolu həyat onu belə edir.
 Məhz bu səbəbdən "Joker" Xeyrin Şər üzərində qələbəsi, yaxud ədalət barədə film deyil.
 Film hətta çılğın cinayətkarın formalaşmasından da bəhs etmir.
 "Joker" cəmiyyətdəki kiçik insanın ağrısından bəhs edir.
 Hər ölkədə, hər cəmiyyətdə.
 Qısaca, spoylersiz: əzilən, döyülən, anlaşılmayan, qısnanan insan ona qan qusduran, empatiyanın olmadığı, insanların bir birinə qənim kəsildiyi cəmiyyətdən qisas alır.
 "Ən yaxşı insan necə olmalı?", "Ən yaxşı dostları necə qazanmalı?", Karneqi məsləhətləri, Kvantum fəlsəfəsi, Oşo, NLP və ilaxır ZİR-ZİBİLlərin – bullshit - gerçəkdən də, şüur bəlğəmi olduğunu bu filmdə anlayacaqsınız.
 "Joker" Dostoyevski əsərlərinin qısa xülasəsidir sanki.
 Əsəblər tarımdadır. Filmin sonu. İsterika həddi. Bu, nə idi? Artur Flek həyatı boyu, işıqlı və normal heç nə ilə üzləşməyib. 
 Yaşamayıb bəxtəvərliyi. Miskin, bədbəxt yaşam. O, situasiyanı dəyişməyə çalışdımı? Çalışdı. Uğurlu oldumu? Çətin.
 Çürümüş cəmiyyət. Hər kəsi içdən sındıran sistem. Artur ümumi, boz kütlədən fərqlənirdi. Şablona uyğun gəlmirdi, sistemdən dühdü və sistem də çökdü.
 Ruhi xəstənin dediklərinə qəflətən qulaq asmağa başladılar. Artur çaşıb, anlam hissi ona yaddır. Filmin sonunun mənası odur ki, cəmiyyətdə insanın dərdi və problemləri başqalarını əsla maraqlandırmır.
 Cəmiyyət o insanı dinləməyə və anlamağa hazır olanda isə artıq çox gecdir.
 Klounu dəstəkləməyə başladılar. Uzun illərdən bəri ona yardım əli uzatdılar. Artur belə hisslər yaşamayıb, bu hisslər onu boğur.
 Zorakılıq zorakılıq doğurur. Arturun kimliyi çox qarışıqdır.
 Film insanı düşünməyə vadar edir.
 Filmin qısa mənası: ... olmayaq, önümüzdəki insanla ... kimi davranmayaq, cəmiyyətin ...lərdən yox, insanlardan ibarət olduğunu anlayaq, sevdiklərimizlə .... kimi davranmayaq. 
 Əks halda mütləq qarşımıza bir Joker çıxacaq.
 Buna hələ şükür etməliyik, çünki həyatımız qısa müddətdə, ağrısız bitəcək.
 Joker olmasa, həyatımız ... kimi davam edəcək.
 Yaxşı ki, Joker var.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)