Edebiyyat.az » Film » Nəcəf Əsgərzadə - "Pıçıltılar və hayqırışlar içərisində"

Nəcəf Əsgərzadə - "Pıçıltılar və hayqırışlar içərisində"

Nəcəf Əsgərzadə  -  "Pıçıltılar və hayqırışlar içərisində"
Film
Nicat Heşimzade
Müəllif:
02:38, 04 mart 2019
1 557
0
Vaxt gəlir demək istədiyimiz sözlərə belə senzura qoymağı oluruq. Əvvəllər qorxmadan, çəkinmədən dediyimiz sözlər, atdığımız atmacalar get-gedə öz yerini süni səmimiyyətə, yalançı hörmətə verir. Üz-üzə dayanıb bir-birinin üzünə həqiqəti demək olduqca çətindir. Ondansa künc- bucaqda a deyilə bilməyən sözləri pıçıltı ilə ötürmək, bununla da qarşında dayanan insana hayqıraraq söyləyə bilmədiyin həqiqətin gediş sürətini azaltmaq daha məqsədəuyğundur.

                                                             Pıçıltılar və hayqırışlar içərisində


Vaxt gəlir demək istədiyimiz sözlərə belə senzura qoymağı oluruq. Əvvəllər qorxmadan, çəkinmədən dediyimiz sözlər, atdığımız atmacalar get-gedə öz yerini süni səmimiyyətə, yalançı hörmətə verir. Üz-üzə dayanıb bir-birinin üzünə həqiqəti demək olduqca çətindir. Ondansa künc- bucaqda a deyilə bilməyən sözləri pıçıltı ilə ötürmək, bununla da qarşında dayanan insana hayqıraraq söyləyə bilmədiyin həqiqətin gediş sürətini azaltmaq daha məqsədəuyğundur.                  

İnsan qapalı qutudur. Daim özünü kənar müdaxilələrdən qorumağa, xarici təsirdən izolə etməyə səy göstərir. Etdiyi hərəkətlərinin, danışdığı sözlərinin, bölüşdüyü fikirlərinin üstünə nazik, incə bir örtük çəkir. Özünü-özündən belə qorumağa, sıxmağa başlayır. Və beləliklə yaşadığı hər şeydən təcrid edilmiş dar məkanda bir gün illər boyunca orda-burda pıçıldadığı sözlər onun boğazına yığılaraq çığırtılara, ah-nalələrə çevrilir. Bu an yaşadığı ömür bir göz qırpımından su kimi axıb gözlərinin qarşısından keçib gedir. Geriyə isə xatirələr qalır. Əgər varsa.                                                   

Sükut. Səssizliyin boğucu atmosferi. Saatlar. Əqrəblər durmadan irəli doğru şığıyır. Ömür çay kimi axır. İnsan ölümə doğru can atır. Sakitliyin nizamlı akustikası insanı sıxır. Yataqda uzanmış qadın günəşin otağa düşən ilk şəfəqləriylə birgə gözlərini açır. Öskürək ona aman vermir. Bədəni qırışmış, gözləri çuxura düşmüş Agnes öləcəyi günü gözləyir. Bacıları Mariya və Karin Agnesin son günlərində yanında olaraq, onu tək qoymurlar. Agnes ağrılar içində yatağında qıvrılır. Bacıları onun bu halına üzdə  özlərini yanmış kimi göstərsələr də, tezliklə onun ölməsini arzulayırlar. Bacıların Agnesə göstərdikləri nəvazişlər sünilik pərdəsi altında gizlənərək hər keçən gün onların maskası biraz da cırır.    

Anna. Evin qulluqçusu. Tanrıya qəlbən  inanan bəlkə də  tək insan. Qızını erkən itirən Anna  daim təhlükəli vəziyyətlərdə, pıçıltıların zarıltılara çevrildiyi məqamlarda, Agnesin ölüm-dirim arasındakı kulminasiya nöqtələrində çarpayının yanında peyda olur. Yaşadığı evdə sadəcə Anna Agnesə qəlbən, təmannasız qulluq göstərir. Məryəm ana kimi Aqnesi qoynuna alan Anna onu ölümün pəncəsindən çəkib çığartmağa çalışsa da göstərdiyi cəhdlər faydasız qalır. İsterika vəziyyətinə vaxtaşırı tutulan, o dünya ilə bu dünya arasında gedib gələn, heç cürə ölə bilməyən Agnes sanki tanrının qəzəbinə tuş gəlib. Ölmək istəyib ölə bilməmək. Dəhşətlidir.                                                            


Hər tərəf qırmızı rəngə boyanıb. Elə bil dünya başdan-ayağa ehtirasdan, şəhvətdən yoğrulub. Mariyanın geyindiyi paltarın qırmızısı onun ruhunun təbəddülatlarından xəbər verir. Agnesə görə evə gələn həkimlə keçmişdə yaşadığı duyğular Mariya üçün keçmişdə qalmayıb. Həmin duyğular yenə də canlıdır, təravətlidir. Həkim bu yaşadıqlarını keçmişin zirzəmisində xeyli əvvəl basdırıb. Karin qara paltardadır. Üzündən  daim həyəcan qarışıq nikbinlik yağan qadın insanı qıcıqlandıran cinsdəndir. Qara paltarıyla ruhunun da artıq çoxdandan bəri qaraldığını ötürən Karinin həyata tutulmaq üçün çox az səbəbi var.

 Xəstə yatağında uzanmış məsum Agnes. Əyninə keçirdiyi ağ paltar onun saflığının, sadəliyinin mücəssəməsi kimi özünü büruzə etdirir.          Üç başlı əjdaha. Və ya yunan ilahəsi Hekate. Və ya  Bergmanın üç üzlü qadın fiquru. Və ya Səssizlik” (Silence) filminin böyük ölçüdə həllinin çözümlənməsi.                                                                  

Bergman üçün ruhu təmsil edən qırmızı rəng Mariyanı bütövlüklə çevrələyir. O şəhvətin simvolu kimi Hekate ilahəsinin məşəlini əlinə alıb öz ehtirası ilə hər yanı işıqlandırır. Qara ruhlu, qadınlığını itirən Karin əlinə düşən açar ilə həyatı boyu bağlı qapıları açdıqca, öz dünyasının qapısı ardında qalıb, nə vaxtsa qapının taybatay açılmasını gözləyir. Ağrılardan qovrulan Agnes isə ilanın həyat zəhəriylə özünü zəhərləyib öldürür.                                                                                               

Üç qadın Hekate ilahəsinin üç üzünü təmsil edir. Hekate cadugərdir. Onun şəxsiyyətini açmaq, üzə çıxarmaq süzgəclə su gətirməyə oxşayır. Anna Məryəm ana obrazındadır. Səmimidir. Ürəyitəmizdir. Düşdüyü bu mühitdə gördüyü hadisələr onu dəhşətə salır. Agnes ölür, amma hansı əzablar hesabına?  İsa Məsih kimi əzab çəkib günahkarların, daha doğrusu   bacıların günahları əvəzinə. Özünü çarmıxa çəkən Agnes yenidən dirilir. Mariya və Karini yanına çağırır. Dəhşətə düşən Karin və Mariya Agnesin ölməsiylə maskalarını cırırlar. Bir-birlərinə əsl üzlərini nümayiş etdirərək, qıraqda pıçıltı ilə söylədikləri sözləri açıqca, rahatlıqla bir-birinin üzünə hayqıran bacılar iki doğma insandan iki yad insana dönüşürlər. Sonradan deyilən sözlərdən xəcalət hissinə tutulan neçə illərdi bir-birlərindən gizli sağladıqları sevgi hisslərini daxildən xaricə çıxarıb bir-birinin qoynunda isnişirlər. Dirilən Agnesdən uzaqlaşan, onun uzatdığı əli geri çevirən bacılar tezcə bir-birindən qopub, başqa səmtlərə doğru yol alırlar. Agnesin köməyinə isə yenə də Məryəm libasına bürünmüş Anna qaçaraq gəlir. Yaranmış səhnə bizə İsa Məsihin cansız bədənini qollarına almış Pieta əsərini xatırladır bir anlıq.            

 Evlilik həyatlarında uğursuzluğa düçar olan bacılar həyatın keçmiş xatirələrindən kiçik olsa heç izi yada sala bilməsələr də, Agnes Anna və bacıları ilə birgə çəmənlikdə dolaşdıqları, yelləncəkdə yelləndikləri günü əbədi olaraq yaddaşına yazır. Cənazə günü bəlkə də əbədiyyən bir-birindən ayrılan Karin və Mariya yenidən maskalarını üzlərinə taxıb, həyat səhnəsində rollarını oynamağa hazırlaşırlar.

                                                                                                                        Nəcəf Əsgərzadə 



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)