Seyid Şuşinski - Şərq musiqisinin incisi
Musiqi
İlk təhsilini mədrəsədə alan Seyid, dini mərasimlərdə və xalq şənliklərində çıxış edir. Seyidin peşəkar xanəndə kimi tanınmasında Azərbaycan xanəndəlik sənətinin beşiyi olan Şuşa mühitinin həlledici rolu olmuşdur.
Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirrlərinə yiyələnmək üçün iki il Mir Möhsün Nəvvabın yanında oxumuşdu. Onun xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun böyük təsiri olmuşdur. O, Seyid Şusinskini Şərq musiqisinin incisi adlandırmışdı.
Seyid yüksək diapazonlu səsi və muğamları düzgün, səlis oxumaq qabiliyyəti ilə dinləyiciləri, hətta, məşhur xanəndələri heyran qoymuşdu.
Seyidin muğam öyrənməsində əmisi Məşədi Seyidəlinin böyük əməyi olmuşdur. O, Seyidin musiqi təhsili ilə məşğul olur, Sədinin, Hafizin, Füzulinin və Zakirin şeirlərini Seyidə əzbərlədib, muğam üstündə oxudarmış.
Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan “Cahargah”ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu “mayə”dən yox, “Mənsuriyyə”dən başlayardı.
Seyid həyatının son illərində, yaşı artıq 74-ü ötmüş olsa da, “Mənsuriyyə”ni eyni şövqlə oxuyarmış. O, öz ifaçılığında klassik şairlər-Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvaninin qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şerlərinə müraciət edərdi.
Seyid 1911-ci ilədək Şuşada yaşamışdı. Həmin il o, toy məclislərinin birində Məşədi Cəmil (böyük bəstəkar Fikrət Əmirovun atası) Əmirovla tanış olur. O, Şuşinskinin ifasını bəyənib və özüylə onu Gəncəyə aparıb.
“Ağa” gəncəlilərin də sevimlisinə çevrilir, o qədər məşhurlaşır ki, onu Tiflisə çağırırlar. Tiflis o zamanlar Qafqazda mədəni həyatın mərkəzi sayılırdı. Beləliklə, Seyid Tiflisə köçərək, 1919-cu ilədək orada yaşayır. 22 yaşlı xanəndə bu həyata həvəslə qatılır, teatrlara gedir, tamaşalararası fasilələrdə konsertlər verirdi.
O, ömrünün 60 ilini Azərbaycan musiqi mədəniyyətinin inkişafına həsr edir, gözəl səsi ilə xalqımızın sevimli müğənnisi olub, Yaxın və Orta Şərqdə şöhrət tapır. Seyid Şuşinski, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq etmişdi. Molla Nəsrəddinin bir neçə nömrəsinin çıxmasına maddi yardım göstərmişdi.
Dahi bəstəkar Üzeyir Hacıbəylinin məsləhəti ilə Seyid Şuşinski musiqi təhsil ocaqlarında muğam dərsləri deyir, gənc nəsilə muğamın sirlərini öyrədirdi. Görkəmli bəstəkarımız, Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazanmış “Şur” və “Kürdi-Ovşarı” simfonik muğamlarının yazılmasında məsləhətçi kimi Seyid Şuşinskinin böyük köməyi olmuşdu.
Zəngin yaradıcılıq yolu keçmiş, Qarabağ xanəndəlik məktəbinin ən böyük simalarından biri olan Seyid Şuşinski musiqi xadimi, pedaqoq, Xalq Artisti, Əməkdar Müəllim kimi Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında çox mühüm rol oynamışdır. Görkəmli xanəndə 1965-ci ildə vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
azertag.az
Mövzuya uyğun linklər: