Edebiyyat.az » Poeziya » Nəsrin Ərbilin şeirləri Kənan Hacının tərcüməsində

Nəsrin Ərbilin şeirləri Kənan Hacının tərcüməsində

Nəsrin Ərbilin şeirləri Kənan Hacının tərcüməsində
Poeziya
admin
Müəllif:
18:55, 07 yanvar 2021
1 559
0
Nəsrin Ərbilin şeirləri Kənan Hacının tərcüməsində



Nəsrin Əta Ərbil 1934-cü ildə İraqın ən əski türkman şəhərlərindən biri olan Ərbildə doğulmuşdur. Yetişməsində atasının böyük rolu olmuşdur. Özünün qeyd etdiyi kimi, atasının "Sıcaq misraları arasında" böyümüş, onun zəngin kitabxanasından yararlanmışdır. Doğma türkman (Azərbaycan) dilindən başqa ərəb, ingilis, alman dillərini bilir.
60-cı illərdən başlayaraq İraq türkmanları arasında ən çox sevilən və məşhur şairlərdən biri olmuşdur. Bağdadda çıxan "Qardaşlıq" dərgisinin, demək olar ki, bütün saylarında onun şeirləri çap olunmuşdur.


Yanan şəhər 

Ey axşamları yanan Kərkük,
sənə
və sinəndə yaşatdıqlarına
yetişmək istəyirəm.
Qəlbimdə çağlayan duyğular
axsın gözlərimdən,
azad olsun ruhum.
Canımda can,
dizimdə taqət qalmadı,
sandım ki, sənə yetişdim,
artıq sərab görməkdən usandım.

Dilək

Bir yağış həsrətindəyəm,
Baharı müjdələyən.
Yarpaqlartək yaşıllansın arzular,
ümidlər doğulsun
papatyaların yarpaqlarında.

Bir qatar gözləyirəm,
içi sevinclə dolu – 
yeni insanlarla gələn.
Yetər ki,
Unutduğumuz həyatı gətirsin.

Bir şeir istəyirəm
sətirləri atəş kimi, həsrət kimi şölələnən,
vergülləri alovdan.

Bir şeir istəyirəm
Yaralı.
Bir şəhər istəyirəm,
başı üstə dalğalansın
Azadlığın bayrağı.
Babalarımın yatdığı torpaqda
mənə də bir yer olsun.
Bir şəhər istəyirəm
başı bəlalı.

Bir çıraq istəyirəm
heç vaxt sönməyən,
iki qala istəyirəm
əl-ələ vermiş,
biri alovlar içində,
o birisi maviliklərin qoynunda
xəyala dalmış.
Yetər!
Sizə qalsın qatarlar, yağmurlar,
Alın şeiri, çırağı da.
Bir ana qucağı bəsimdi mənim.

Düşüncə

Bu şəhərdə
xurma ağacları qədər düşüncəli
və yalnızam.
Nə bir dost axtarar,
nə poçtalyon döyər qapımı.
Nanə şəkəri kimi sərin axşamları
evkalipt qoxuyan məhəlləmizdən
meyvəsatan keçər,
bir quş ötər,
hər axşam
daha məhzun nəğmələr səslənər
qulaqlarımda.
Qarşı evin pəncərəsində
bir qız dirsəklənib,
düşüncəlidir,
Göy üzü daha tutqun,
Nəhr daha dalğın,
küçələr adamla dolu,
gülürlər, bağırışırlar.
Bu səs-küyün içində
Yalnızlığım ikiqat,
Qəribliyim dözülməz.
İslaq küçələrin 
yağmurunda isinirəm.
Sarı buğdalar gəlir xəyalıma. 

Alın yazısı

Ey dənizləri gətirən gözlər,
ey xoşbəxt şəfəqlərdə parlayan üfüq,
ey özlənən,
sənin intizarındayıq.
Təbəssümünü aradım
hər yarpağın yaşılında,
yolların qovşağında,
quşların qanad çırpmasında.
Dodağıma dəyən hər suda sən varsan,
Yazılmış alnıma yazım.
Susmuş mavilər mavilikdə,
Aşılması imkansız bir qaranlıq
Bürümüş dörd yanımı,
Siqaret dumanında böyüyür
bu qaranlıq ,
düşünürəm,
Uzaq bir dağ başında
yarpaqları tökülmüş ağac kimi
üşüyürəm... 

Qayıdış

Başqa şəhərlərə açmış əllərini bəxtim,
Söylənməmiş dualar titrəyir dodaqlarımda.
yeni notlar axtarır barmaqlarım
royalın dillərində,
unudulmuş, qeyb olmuşam
kimsəsiz gecələr misalı.
Dərdlərim silmiş ulduzları göy üzündən,
Siqaret dumanında yeni izlər axtarıram,
Yanğılar oyatmış islaq ayaq səslərim
yağışlı küçələrdə.
Məhbus duyğular yer etmiş ovuclarımda,
istehzalı gülüşlərinə dözüb durmuşam.
Bütün gözəlliklər mənadan məhrum olmuş,
Bir nağılmış kar dünyanın dilsizliyi.
Fırlanıb eyni nöqtəyə varmışam,
Bütün qapılar qapanmış üzümə.
Həyata atıb getdiyim yerdən başlamışam.

Qaranlıq

Qaranlıqla bərabər
bir şeylər qabarır içimdə
dağ kimi.
Qorxumu, həsrətmi, bilmirəm.
Amma 
müşkülə dönür yaşamaq
qaranlığın bitib 
yenidən başladığı yerdə. 


Qisas 

Yağmursuz buludlar altında oyanacaqsan,
açmayacaq güllərin heç bir mövsümdə.
Gözlərin dumanlar ardında solacaq,
dualarını geri alacaq Tanrı.
Adamların lənətinə tuş gələcəksən,
yıxılıb qalacaqsan səkilərdə.
Ağappaq bir peşmançılıq saracaq ətrafını,
Bağçalar solacaq ovuclarında.
Ayaq səsləri ardından yaxınlaşıb
qapını yumruqlayacaq qorxu.
Tənhalıq dağ kimi çökəcək yanında,
acı təbəssümlərlə çatlayacaq dodağın,
çiçək açmamış çəmənlər üstündə ağlayacaqsan,
titrək barmaqların döyəcək pəncərəmi,
göz yaşlarımı soruşmayacam səndən,
taleyinlə ödəyəcəksən...

Tərcümə etdi: Kənan Hacı

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)