Edebiyyat.az » Poeziya » Ələsgər Əhməd - Anadangəlmə sonluq.

Ələsgər Əhməd - Anadangəlmə sonluq.

Ələsgər Əhməd - Anadangəlmə sonluq.
Poeziya
admin
Müəllif:
22:43, 24 avqust 2021
3 741
0
Ələsgər Əhməd - Anadangəlmə sonluq.






Salam ana,
mən - dar ağacının yarpağını bir şair məzarına sürükləyən qarışqa
İndi sənə yazıram
Çünki yazmağım üçün kimsə qalmadı
Səndən başqa

Sənin həyatın atamın qərarları,
mənim etirazlarımdı
Nəticələr,
zərbələrdən daha ağırdı
Məni dünyaya gətirəndə, əlindən çıxıb, itmişdim
Səma bozumtul
Şimşəklər başa düşülməz
Bircə bunu eşitmişdim
"Qurtul, qurtul"
Meteorlar əsəbi idi.
Göydən yerə daş yağırdı.
Alt-üst oldum
sən ana olmağa tələsəndən,
Rapunzel saçlarını kəsəndən sonra

Səndən sonra ölmək istəmirəm
və qürurum əcəli gözləyə bilmir
Üstəlik,
səni dəfn etmək mənə qorxulu gəlir
Məni heç kim əzizləyə bilmir
Qəflətdən oyatmaq istəyənlər də,
yanıma yuxulu gəlir.

Sən və mən
İkimizdən birimiz olmasaq,
nələr baş verər düşünürəm
Mən olmasam,
sən ağlaya bilərsən, mən yox
Sən atamı qucaqlaya bilərsən, mən yox

Şəhərin səs-küyündə tramvay travmalar
Uşaqlıq sərnişinləri,
böyük gözləntilərində gizlədən dayanacaqlar
Əmin ol ki,
bütün "Qaraqovmalar" narahat yuxunda oyanacaqlar
Qısa cümlələrlə,
uzun ömürlər arzulamır, sağlıq canişinləri
Qoçu şişəkləmək üçün,
cadulamır buynuzun kömürlər

Ən gözəl günəş,
gecə parıldayır
Xoşuna gəlməyən sevgilim də,
ölümdən öncə dilimdə xırıladayır
Sənə susub,
qışqırıram hardasa, "niyə"
Küçəni günəşdən yayındırıb, saniyə ölçəni götürüb,
ilk məni susdurursan, istədiyin dəqiqədə

Ömrümü sürüb,
dayandırıb, bir qapı açmırsan danışdığım həqiqətə.
Özünə inamsızlıq var
Sənin ana sözümə də, göstərdiyin tərəddüddə
Ordan yaranan qaranlıqlar
Başqalarına da,
özümə də, ağız açıb udurdu
Ölüm ağ rəndə dadırdı, bəslədiyin süddə

İtə çevirdiyin,
məni dünyaya gətirib, sevdirdiyin təvəllüd də
"10 yaşıma hədiyyə" daşdan qaçıb, qudurdu
Günü-gündən soyuqluq dəbini,
qəzəbini böyüdürdü
Yalançıların qıcığı,
sancıların acığı
Açığı, məni ilk sən sevmədin
Qollarını bağladığın oğlun, məhəllədə döyülürdü
Getməyi düşünürdü, amma bilmirdi ev nədi

Sənə anlada bilmərəm,
səsləndirməyi bacarıb, lal qalmaq nə deməkdi
Sözlər, hə, sənin unutdurduğun sözlər
Bir atanın söyüşlü səsində,
kəsdirdiyin qulaqlar
Şilləsində yumdurduğun gözlər
Uçurumuna gecikdiyim bütün dağlara köməkdi,
tələsirdiyin bulaqlar
Dünya yükü idi,
hamiləlik dərdi
Hər dəfə də sevirdim
Ətrini sevəsən deyə, sahil qumuna əkdiyim güllər,
bayram tədarükü idi
Bil ki,
yaranı közərtmək valideyinlərə zərərdi,
tütün uşaqlara
İçdən gələn səsdən,
hər kəsdən qorxmağa başlayırdı yanındakı təkliyim
Axı, bədənləri yaşadan ruhlardı,
könüllər deyil ki.

Bir gün,
əsir oyanışına sürgün yuxunun səhərini
Bağlamayacağını bildiyim pəncərəni
Divarlarına yad olduğum evdə açdım

Qaçdım:
Siqaret çəkməyimdən bilinirdi şad olduğum
Deyəsən bitmişdi,
danışmaq istəyəndə, itmişdi yalanlar
İçkili gövdəmə həm yanımda olanlar,
həm də ayaqlarım alışırdı

Əvvəllər üşüdüyüm soyuqluğu,
bir şam işığı isidirdi
Güclənirdim.

Güzgüyə baxanda təəccüblənirdim:
Gözlərim eşidirdi,
qulaqlarım danışırdı.

Şərqi sev,
qərbə sütunsuz ev deyirdin
Hələ də hiss edirəm,
narkotikə qurşanma düşüncən,
kəndli üsyanına qalxan, xəncər şəhərə razı deyil

"Bunun ağlı, evin haqqı ilə fahişələri bəsləyən,
qorxduğu müharibəyə, əsgərlərini səsləyən;
General ağlıdı"

Tək bunu deyəndə gülümsəyirdin.

Təzyiqlərin öyrətdi ki:

İnsan coğrafi ərazi deyil
Qərbləşməkdənsə,
qəribələşmək daha maraqlıdır.

Səsin,
susduğumda eşitdiyim əks-sədalar
Bəlkə evə gedim deyə düşündürür,
restorandakı qidalar,
çölündən tozlarını silən acam

Düşün.
Məndən başqa ona kim qayğıkeş ki?
Sən,
məscidin içindəki təbiət eşqi
Mən,
həyətində kəsilən ağacam.

Hərdən küçəmizə gəlirəm,
işıq yenə vaxtında sönürmü?
Qayıdıb,
yuxunun ən şirin yerində oyadıb, qucaqlamaq istəyirəm
Əsəbimdən ağlamaq,
pəncərəni sən demədən bağlamaq istəyirəm

Birdən,
fikirim gəldiyim yerin küçəsinə dönür
Özümdən soruşuram,
Görəsən,
"özündən soruşur, bu uşaq dönürmü?"

"O mənim barəmdə nə düşünür"
yox, o məni düşünürmü?

Təşəkkürlər, ana.
Nəfəsim həyatımdan əlaqəsini kəsir,
telefon xəttiylə

Kinayəli gülüşlər,
alqışlarımın səsini kəsir

Narsist öldürmək istəyən,
partizan nifrətiylə:
Travmalı geri dönüşlər,
silahsız gələcəyimi alır mühasirəyə

Musiqilər futbol qərarında,
hərəkətlərə tabe simlərə,
rəhbərlik edir kamançada

Dənizlər, dağlar,
atımı görüb dəyişiləcək.

Ancaq yenə,
bərabərlik gedir meydançada
Həyatımı dəyişə biləcək, son dəqiqə qolu,
dəyir dirəyə.

Öldüm,
onda da danladın.
Və bir gün oldu: Oturub, 1 saat düşünüb, məni anladın.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)