Edebiyyat.az » Poeziya » Ziya Dilsuzun şeirləri

Ziya Dilsuzun şeirləri

Ziya Dilsuzun şeirləri
Poeziya
admin
Müəllif:
00:59, 11 fevral 2022
1 327
0
Ziya Dilsuzun şeirləri




Dialoq


Görürsən, bir dəri, bir sümük qaldım,
Bu azuqənin də vardır yeyəni.
Üstümə dırmaşır küçük tənhalıq,
Elə bil indicə qapacaq məni.

Səndə də bir yuva qura bilmirəm,
Yerimdən, yurdumdan mən bixəbərəm.
Qaranquş misali bir az soyuqsan,
İsti adamlara uçmaq istərəm.

Sənin baxdığıntək ədəblə baxmaq
Bir əyləncəsidi axı sevənin.
Nə qədər gizlətsən, gözəl, baxışın
Yenə damcılanır gözündən sənin.

Bəzən də sözlərə ehtiyac olmur,
Sükut ən böyük söz xəzinəsidir.
Susuram, içimdə sən də susursan,
Bu da bir dialoq nümunəsidir.


Səni bir tövbəylə bənddən aldadır

Xəbərin yoxdumu bu yer üzündən,
Kimi nə gündədi, kim nə haldadır?
İlahi, necə də sadəlövhsən sən,
Səni bir tövbəylə bəndən aldadır.

Mən istədiyimi səndən alsaydım,
Başqa bir qapıya heç vaxt getməzdim.
Kiçik olsa idi dərdim əgər, mən
Sənə ağız açıb dua etməzdim.

Bircə "ol" kəlməsi desən, olacaq,
Kifayət edəcək bir göz qırpımı.
Bilirəm, kiçiyəm, borcumdu, amma
Özün də bir dəfə gəl döy qapımı.

Alın yazımızı İstədiyintək
Yazdın, bəxt də verdin sən hərəsinə.
Görən, neçə ildi, bilmirəm, Allah,
Allahlıq edirsən Yer Kürəsinə?

Artıq əlçatandı tərk etmək bizə,
Ömür sona çatır, yaşadıq guya.
Sənin yaratdığın deyilmi məgər,
İndi acığına gəlirmi dünya?


Ən gözəl qəbir

Nəsə sevindirmir şair ömrünü,
Əzəldən ömrünə qəm hakim idi.
Hardan tapmaq olar, heyif deyilmi
Şair darıxmağı, şair ümidi?

Azmaq istəmərəm yolumu daha,
Məni uzaq saxla qəlbi qaradan.
İlahi, gəl sənlə qumar oynayaq,
Uduzub dərdimi çıxım aradan.

Qazanan kim oldu, bilə bilmədim,
Baxdıqca keçmişə oldum itirən.
Dualarım qəbul olası idi,
Harda bulaşmışdım günaha, görən?

Çətin indən belə acı həyatda
Mən qədər kimsənin səbri olacaq.
Ölsəm arzularla, yatdığım qəbir
Dünyanın ən gözəl qəbri olacaq.

Sənsizlik də müqəddəsdi

Əlbət, səni xatırladar
Qəlbimdəki hər bir yara.
Bu amansız darıxmağın
Əlindən qaçasan hara?

Dön, sənə qurban eləyim
Yalnızlaşmış bu bədəni.
Ya tələsdim, ya gecikdim,
Vaxtında sevmədim səni.

Ağır yük kimi çiynimdə
Dərdlərini daşımaq var.
Keyimiş xəyallarınla
Bu gecəni yaşamaq var.

Hey artdıqca zülmün mənə
Dillərdə çəkilər adın.
Bəxtsizlikdən gileylənmə,
Səadətdən qorxan qadın.

Sevgim ötəri hiss deyil,
Bu möhtəşəm bir həvəsdi.
Sənsizlikdə "sən" sözü var,
Sənsizlik də müqəddəsdi.

Sənin üçün yaşamağı
Yəqin, yadda saxlayarsan.
İndi gülürsən ömrümə,
Ölsəm, necə ağlayarsan?

And iç ümidlərin ən böyüyünə

İlahi qəm - kədər yolladı mənə,
Bu sıxıntılarım mükafat deyil.
Məni ciddiyə al, yazığın gəlsin,
Bu boyda darıxmaq zarafat deyil.

Səni də yandırır həsrətin odu,
Səssizcə küləklər qəlbinə dolsun.
Ağla, göz yaşların torpağa axsın,
Bu yağan yağışda qoy payın olsun.

Axı çəkimiz də ağır olmadı,
Nəhəng xoşbəxtliyə yük ikimizik?
Çoxmu uzaqlaşdın? Sanki şəhərdə
Üz - üzə gəlməyən tək ikimizik.

Bütün həqiqətlər gedişindədi,
Dönsən, şübhələri oyadacaqsan.
And iç ümidlərin ən böyüyünə
Ki, peşman olanda qayıdacaqsan.

Sən əgər şahsansa, sənin önündə
Qəbahət sayılmır köləliyim də.
Yenilik deyil ki ölmək istəyim,
Məcnundan qalmadı dəliliyim də. 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)