Edebiyyat.az » Poeziya » Fuad Cəfərlinin "Latın sükutu" adlı kitabı haqqında

Fuad Cəfərlinin "Latın sükutu" adlı kitabı haqqında

Fuad Cəfərlinin "Latın sükutu" adlı kitabı haqqında
Poeziya
nemət
Müəllif:
20:15, 05 aprel 2019
2 044
0
Fuad Cəfərlinin "Latın sükutu" adlı kitabı haqqında



Yunanıstanın Stagir koloniyasının indiki Xalkis şəhərində anadan olmuş, Platonun şagirdi, Makedoniyalı İsgəndərin tərbiyəçisi Aristotel “Poetika” əsərində yazır:

 “Deyilənlərdən o da aydın olur ki, şairin vəzifəsi həqiqətən olub-keçənlərdən deyil, ola bilən şeylərdən, daha doğrusu, ehtimala və zərurətə görə mümkün ola bilən hadisələrdən bəhs eləməkdir. Məhz, tarixçini və şairi(bir-birindən) fərqləndirən o deyil ki, biri vəznlərdən istifadə edir, o biri isə etmir. Heredotun əsərlərini nəzmə çəkmək olardı, bununla belə, onlar vəznlə də, vəznsiz də yenə tarixi əsər olaraq qalardılar;  onları fərqləndirən budur ki, birincisi həqiqətən olub-keçənlərdən, ikincisi isə - mümkün ola bilən hadisələrdən bəhs edir.”

Fuad Cəfərlinin “Latın sükutu” adlı şeirlər kitabını vərəqləyirəm. Kitabın üz qabığında “yalqız oxumayın” yazılsa da, şeir elə bir tilsimdir ki, hər kəsə təsir etmir. Ola bilər ki, bir şeiri sən oxuyanda ağlayarsan, mən isə əksinə, gülərəm. Şeir yalqızların dərmanıdır, təsəlli obyektidir. 

 Fuadın şeirlərinə keçməmişdən öncə bir neçə sətir özündən danışım. Ehtiyatlı insan olan Fuad söz xəstəsidir. Bir söz və ya bir fikir onu məclis stolundan ayırıb başqa dünyalara apara bilər. Sözü yaşayan adamın öz dünyası var. Fuadı beş dəqiqə tək qoyub getsən yeni şeir doğulacaq. Əsası odur ki, Lermontov  kimi dərin düşüncələrdən depressiyaya düşməyəsən. 

  Fuadın hər şeirində bir hayqırtı, etiraz, özünəməxsus fikir var. “Etiraz edirəm, möhtərəm hakim” , “Özgələr cəhənnəmə”, “Gələn payız” şeirlərini oxuyanda mütəəssir olmuşdum. Oxucunu ürəyindən nişan alan və dəqiq hədəfə vuran şeirlərdir. Hələ təqdimatın gedişatında 

“Əslində, ədalət Roma...” şeirini oxuyub təsirlənmişim. Həmin şeirdə Fuad Cəfərli yazır:


                                        Bilirəm əziz Viktor, bilirəm;

                                        Cəsur olsa da Kvazimodolar, sevilməz...


Bunu anlamaq üçün mütləq V.Hüqonun “Paris Notr-Dam kilsəsi” əsərini oxumaq gərəkdir. Kvazimodonun Esmeraldoya görə keçiyə çevrilmək istəyini hiss etmək lazımdır.

 Kitabda ən sevdiyim şeir isə “Gələn payız” adlanır. Şeirdən bir hissəni təqdim edirəm:


                                            Sürətim yox qaçıb keçəm.

                                             Qanadım yox uçub keçəm.

                                            Nə olardı... bir səfərində

                                            Bu payızların birini keçəm;

                                             Anama yaraşan, anamı qoruyan,

                                             Anamı soruşan bir çətir seçəm.

                                                            Tutacağı

                                             Anamın əlləri kimi yumşaq,

                                                              Dirəyi

                                                 Qüruru kimi möhkəm,

                                                             Örtüyü

                                                    Üzü kimi ağ olsun...


Bu cür bənzətmə şeiri necə də gözəlləşdirir. Yeni nəfəsdir. Çətiri anaya bənzədən şeir, poeziya nümunəsi oxumamışdım. Təqdimatda o şeiri də səsləndirdilər. Yaddaşım məni aldatmırsa, şairin özü oxudu. Anaya aid şeir çoxdur. İki-üç şeiri isə lap çox bəyənirəm. Biri də Fuadın şeiri oldu. 

R.Taqor deyir ki, şeirin saflığı qəlbin odu ilə yoxlanılır. Bu prizmadan Fuadın “Etiraz edirəm, möhtərəm hakim” şeirini yoxlayaq. 

                                                            Siz bilmirsiniz, 

                                           Biz gecələr ölüb, gündüzlər dirilirik.

                                             Neyləmək olar, belə gəlməmişdik,

                                                           Amma belə gedirik.


                                                               Heç nəyə yox,

                                               Məhz bu gedişata etiraz edirəm,

                                                             Möhtərəm hakim,

                                                                 Bu gedişata!

Fuadın şeirləri düşündürür, ümid verir, mübarizəyə kökləyir. Biz oxucular da ümid edirik ki, şair daima yazacaq, həvəsdən düşməyəcək. Şairlərin, yazıçıların böyük dərdi sağlamlıqdır. Fuadın timsalında bütün yaradıcı adamlara səslənirəm. Ə.Kərim, M. Hadi kimi içkiyə qurşanmayın, zərərli vərdişlərdən uzaq gəzin. Şeir yazılmaq üçün, şair sağ olmalıdır. 




Hazırladı: Nemət Mətin

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)