Edebiyyat.az » Proza » Fərid Nəsibzadə - Qaranlıqdakı (hekayə)

Fərid Nəsibzadə - Qaranlıqdakı (hekayə)

Fərid Nəsibzadə - Qaranlıqdakı (hekayə)
Proza
nemət
Müəllif:
20:14, 23 aprel 2019
3 033
0
Fərid Nəsibzadə - Qaranlıqdakı (hekayə)
 


 Lənətli körpə olayı

 Gəlib bir yerə çatmışdıq. Bu yer olduqca sıxıcı bir auraya malik idi. Bir iş dalınca getdiyimiz şəhərə çathaçatda bu yeri görmüş bibim oğlu, maşınını saxlayaraq aynanı aşağı endirib "amma nə maraqlı, çəkici bir yerdir." demişdi. Mən isə "sən canın sür çıxaq gedək işimizin dalınca" söyləyib buradan getməyə onu məcbur etmişdim. İşimizi görüb geri qayıtdıqda Fuad (bibi oğlum) "Oraya girib baxmasam, ürəyimdə qalar." demiş və məndən razı olub-olmadığımı belə soruşmamışdı. Fuadı yaxşı tanıyırdım, bir şey beyninə girdimi, dərhal etməsə ürəyi partlayardı. Məcbur o yerə getməyə razılaşmışdım. İndi çatmışdıq, Fuad maşını saxlayıb aşağı düşdü. -Ay Fuad göz-gözü görmür, qurban sənə, gəl çıxaq gedək.-deyə əyilərək açıq qapıdan dilləndim. Fuad gülərək: -Nədir, qorxursan?! Özü də qorxu filmlərində həmişə belə yerlərdə maşın xarab olur. Ona görə də biz ora maşınla getməyəcəyik. Aç "bardaçok"u, orda balaca əl fənəri var, onu götür, gəl arxamca. -hələ də döyükdüyümü gördükdə- Di, tez ol, maşını bağlayım, cinlər gəlib, sürüb gedərlər-deyib qəhqəhə çəkdi. -Hahahha, çox gülməlidi. -çımxıraraq fənəri götürüb işığını yandırdım, maşının qapısını örtdüm. Fuad maşını bağladı. -Tez ol gəl.-deyərək, üzü təpəyə doğru getdi. Qəribə bir yer idi, təpə şərqdən qərb istiqamətinə doğru uzanırdı. Tən ortadan, sanki, professional memar cığır açmışdı. Amma, təpənin düz başından şosseyəcən uzanan cığır sanki yarımoval bir formada idi. Təpənin üzəri kol-kos və ağaclıq idi. Gecənin zülmətində zəif işıqlandırılan şossedən bura çox bədbhebət görünürdü. Bir qədər irəlilədikdən sonra Fuad telefonunda eşələnərək LED işığını yandırdı. İrəlidə heç nə düz-əmməlli görünmürdü. Bayaqdan susurdum, nəhayət səbrim tükəndi: -Ay Fuad, nə etmək istəyirsən?-deyə soruşdum. Fuad qısaca: -Video çəkib sosial şəbəkədə paylaşacam. -dedi. Bu yerdə əsəblərim yerindən oynadı: -Fuad, biz stalker deyilik. Üstəlik,onlar kimi nə bu yerə uyğun geyimimiz-deyə ayağımdakı yüngül krossovkaları göstərdim-nə də professional avadanlığımız var. Həm də ki, onların bir çoxunun videoları saxta olur, reytinq, baxış, bəyəni üçün edirlər bunu! Sən niyə edirsən?! Fuad geri çevrilib: -Mənim saxta video çəkmək fikrim yoxdur.
 Üstəlik, istəyirəm dostlarım görsün ki, nə oğlanlar var! Nə bilmək olar, bəlkə də partlatdıq bu videoyla?!-dedi. -Özüm ölüm, sən dəlisən! Fuad geri, yanıma gələrək qolumdan tutub gözlərimin içinə baxdı: -Mənə bax, qorxursan sən? Qorxursansa geri qayıt, açarı verim, otur maşında, gözlə məni! Geri çevrilib qaranlıq boşluğa baxaraq udqundum. Şossedən xeyli aralanmışdıq. -Yoox, qorxmuram. Sadəcə axmaqlıqdır bu, əlimizdə uyğun heç nə yoxdur, işıqlandırmamız belə zəifdir! Gəl qayıdaq, bu şənbə gələrik-Fuadı vaz keçirmək üçün son çarəsiz cəhdimi etdim. -Eee, gündə bir iş çıxır, həm işi yerində və dərhal həll etmək lazımdır! Cibini eşələyib, arxası kiçik fənərli alışqanın yandırdı. -Al sənə işıq, sən də yandır telefonunun işığını, yandır, olsun sənə əlavə işıq….- məcbur telefonumun işığını mənə yandırdıb.- Di hə, 2 LED, 2 fənər! Haydı, gəl dalımca. -deyərək irəli yoxuş boyu qalxmağa başladı. Bir qədər irəlilədikdən sonra öz-özünə danışmağa başladı: -Bəli əziz dostlar. Bu gün dayım oğlu Sahiblə bir iş dalınca gedirdik, yolda bu yerə rast gəldik. Sahib, dostlarla salamlaş-deyərək, telefonunu mənə sarı çevirdi, LED işıq düz gözümə vurdu. Fuad sən demə video çəkirmiş. Kameraya lönülsüzcə əl etdim. Fuad telefonu çevirib irəli tutaraq: -Əzizlərim, bu bildiyiniz stalkerlərin saxta videolarından deyil. Nə kameramıza düşəcəksə, onu da çəkəcəyik. –deyərək, yoxuşla addımlamağa başladı. Mənsə, məcbur onun qrxasınca düşdüm.- Yəqin bura, Sizə bir filmdən tanış gəlir. “Dabbe Cin çarpması”nda nə deyir? Deyir ki, günəşin batışında, bir dağ, doğuşunda bir dağ, ortada da daşı döyən bir dərə varsa, aradakı bütün kölgələr şeytanlarındır.-bu yerini səsini qısaraq, bir az qorxunc formada dedi. Tüklərim ürpəşdi... Daha sonra Fuad çəkilişi saxlayıb: -Ardımca gəl-dedi.
Yuxarıya doğru bir az da addımladıq. Ətrafda aydın eşidilməyən səslər gəlirdi. Pıçıldadım:
-Fuad, bax çəkdin, gəl gedək artıq... Gördün, heç nə yoxdur. Gəl qayıdaq, dönüşdə də 3-4 dəqiqəlik çəkiliş edərsən, bəs edər.
Fuad bozardı:
-Bayaqdan mızıldanırsan! Sənə dedim, verim açarı, yeri get otur maşında, zəhlə tökəcəksənsə! Razı olmadın! Qorxursansa al açarı!-deyə cibini eşələyib maşının açarını uzatdı-Aha, de maşın da orda!
Nə deyəcəyimi bilmirdim, bu zülmətdə tək geri qayıtmaq da istəmirdim.
-Yaxşı-yaxşı deyinmə. Qalxacayıq yuxarı, üst başımız batacaq-deyə açarı özünə qaytardım.- Ona görə deyirəm.
-Narahat olma, burdan sonra yaxşı bir qonaqlıq qaqandan sənə.-deyə Fuad göz vurdu. Gedərik şəhərə, dəniz kənarına gecə də orda qalarıq.- Haydı, ləngiməyək.-deyə Fuad yamacın təpəsinə doğru addımlarını sürətləndirdi. Artıq kolları ağaclar əvəz etmişdi. “Gəl Sahib!” deyə Fuad məni çağırdı. “Gəl bura bax!” Yaxınlaşdıqda bəlkə bir 30 dənə qarğa skeleti gördüm. Üst-üstə yığılmışdılar, balaca təpə yaranmışdı.
-Allah bəlasını versin, bu nədir?!-deyə ağzımdan kəlmələr sürüşüb düşdü.
-Bilmirəm...-Fuad telefonun kamerasını işə saldı- Gördüyünüz kimi, əziz dostlar. Biz bu əsrarəngiz yeri təsadüfi tapmışıq və çox maraqlı bir şeyə rast gəldik. –telefonu qarğa skeletləri olan “təpəciyə” doğru tutdu. –Biz buranın hekayəsini də bilmirik, sadəcə yolda gördük, bu məkanı, bizi sanki, özünə cəlb etdi və çəkib sizə göstərməyi qərara aldıq. –deyərək bir neçə saniyə müxtəlif rakurslardan “təpəciyi” çəkdi. Sonra, çəkilişi dayandırıb əli ilə lap yuxarını göstərdi:
-Gəl az qalıb, çıxaq lap təpəyə görək nə var orda.-dedi.
Sərt yoxuş olduğundan bu 20-30 metr yolu tövşüyə-tövşüyə çıxdıq. Önümdəki daşı görmədim və irəlidə ayağım büdrdəi, ağzı üstə yerə yıxıldım, əllərimdə fənər və telefon olduğum üçün yıxılarkən özümü saxlaya bilmədim, üzü üstə torpağa düşdüm. Fuad yanıma geri gələrək əlimdən tutub qaldırdım. Telefon və fənəri yerdən götürüb verdi, telefonuma baxaraq:
-Yox, qırılan yeri yoxdur, özün yaxşısanmı?
Ona tərs-tərs baxdığımı gördükdə başını buladı:
-Əlində iki dənə işıq var, önünə baxmırsan amma... -əliylə şalvarımın dizini çırpdı-Ehtiyatlı ol, qaqa.-sonra kürəyimə yavaşca vurub- yaxşısan, yolumuza davam edək.-deyib irəlilədi. Fuadı heç cür geri qayıtmağa məcbur edə bilməyəcəkdim. Ona görə də mən də ona qoşulub yola davam etdim. Artıq təpənin başına az qalmışdı. Buranın yoxuşu lap sərt idi. Var gücümüzü toplayıb qalxdıq. Artıq təpənin başındaydıq. Fuad əllərini yana açıb üzünü boşluğa tutaraq:
-Vauuuu-dedi. Şosse əl boyda görünürdü, yerdən hardasa 70-80 metr yüksəklikdə idik. –Eheheheeeeeeeyyy-səsi əks-səda verdi. Amma əks-səda sanki, çox bədheybət bir forma aldı və mən ürpərən kimi oldum. Fuad şosseyə baxmağa davam edirdi. Geri çevrildikdə gördüyüm mənzərə mənim dilimi ağzımda qurutdu. Ətrafda kol və ara-sıra ağacların olmasına baxmayaraq təxminən 20-25 metrliyimizdə qurumuş ağacların çevrəyə aldığı ev var idi. Yaz olmasına baxmayaraq bu ağaclar quru idi. Ev isə kiçik daxmaya bənzəyirdi.
-Fu... Fuad, Fuad! Bura... bax!- deyə Fuadı geri çevrilib baxmağıyçün səslədim. Fuad geri çevrilib:
-Yox daha nələr! Aman Allah nədir bu? Evdirmi?-dedi. Telefonunun kamerasını işə salaraq:
-Gördüyünüz kimi əziz dostlar, biz təpənin başına gəlib çatdıq. Baxın buradan şosse görünür.-deyə telefonunu təpədən aşağı mənzərəyə tərəf çevirib, çəkməyə başladı. Sonra geri çevrilərək- burda bir ev var, ağacların əhatəsindədir, Sahib işığı tut ora, yaxşı görünmür kamerada.
-Fuad yetər!-deyə bağırdım. Fuad çəkilişi saxlayaraq:
-Sahib, nolub? Niyə eləyirsən?-deyə soruşdu. Önünə keçib əlimi çiyninə qoyub düz gözlərinin içinə baxdım.
-Fuad, görmürsən? Yazdır e yaz! Bu ağaclar niyə qurudu? Qurudursa, niyə hələ də şax dayanıblar? Bu ev niyə bu cür quru ağaclarla əhatə olunub? Aya bax hələ!!! Tam bədrlənib! Fuad, məgər görmürsən bu mənzərəni?- artıq bütün əsəblərim pozulmuşdu.
Fuad sakitcə
-Nə var ki mənzərədə tam bir qorxu filmi mühitidir! –dedi. Sonra:
-O ev də yəqin cinli evdir... - deyə güldü.
-Fuad qurban olum gəl çıxaq gedək!
-Eeee! Uşaqsan elə bil! Bəsdi mızıldandın! Evi çəkib çıxıb gedəcəyik, yatası deyilik ha burda! Gəl dalımca!- deyə amiranə şəkildə çımxırdı.
İlahi, dəli olacaq dərəcəyə çatmışdım. Fuad irəlilədi. Geri çevrilib:
-Tez gəl görüm, işıq azdır!-dedi.
Məcbur ona tərəf getdim. Mühit lap sıxırdı. Kolları keçib ağaclara tərəf irəlilədik. Pıçıldadım:
-Fuad, gəl gedək burdan!
Fuad qəfil şəhadət barmağını dodaqlarına apararaq:
-Suss!-dedi.-Söndür işıqları deyərək telefonun işığını əliylə örtdü.
-Nolub?- mən də onun etdiyini edərək pıçıldayıb soruşdum.
-Ssss!!! Qulaq ver. Eşitmirsənmi?
Ətrafı dinləməyə başladım. Doğrudan da qəribə səs gəlirdi. Uşaq ağlamasıydı... Yox, yox pişik də ola bilərdi. Bəzən pişiklər də belə səs çıxarır. Çöllü-biyabanda nə gəzir uşaq?! Fuad telefonun kamerasını özünə tərəf çevirərək:
-Əziz dostlar, biz gəlib o sirrli evə çatdıq. Buradan qəribə səslər gəlir... Məcbur işıqlarımızı söndürüb, irəliləməyə çalışacağıq!-pıçıltı ilə deyərək mənə baxıb işarə etdi. “Gəl”.
Sinə-sinə kolların arasıyla irəlilədik. Evin tam yaxınındaydıq, səs gəlmirdi. Fuad ətrafı dinləyərək:
-Səs kəsildi sanki...-deyə astaca dilləndi. Artıq hiss edirdim ki, onun da canına üşütmə düşüb. Amma maraq artıq mənə də güc gəlmişdi. Fuad:
-Bir az da yaxınlaşaq. Gəl-deyə pıçıldadı.
Bir az da irəlilədik. Artıq ağacların arasına girib evin sağ küncündəki iri bir ağacın arxasında daldalandıq. Taxtadan olan bu evi mamır basmışdı, baxdığımız tərəf azca çökmüşdü. Sakitcə:
-Yəqin çoxdandan tərk edilmişdir.-dedim. Fuad fənəri məndən alıb yandırdı. Telefonumun LED işığını yandırmaq istəyəndə əliylə “eləmə” deyə işarə etdi. Telefonunun kamerasını işə salaraq pıçıltıyla şərh etməyə başladı:
-Bildiyiniz kimi biz bu tərk edilmiş evin yanındayıq. Ev taxtadandır, çürüyüb, azca çöküb. –deyə fənərin işığını evin mamır basmış divarına tutdu.-Bu evin burda olduğu barədə məlumatsızdıq, sadəcə təsadüf nəticəsində bura gəlib çıxmışıq. Evin içərisinə girməyə çalışacağıq.-deyərək çəkilişi saxladı. “Gəl” deyə pıçıldayaraq, evin arxasına tərəf əyilə-əyilə getdik. Mən də onun ardınca düşdüm. Evin arxası nisbətən salamat idi. İki pəncərə görünürdü. Fuad pəncərəyə yaxınlaşıb baxdı. Sonra fənərin işığını içəri saldı. “Boşdur” deyə pıçıldadı. Çəkilişinə davam etdi:
-Əziz dostlar, bilmirəm nə qədər görünür, amma evin içi boşdur.
Mən də digər pəncərəyə yaxınlaşdım. Telefonumun LED işığını yandırıb içəri baxdım. İçəri boş idi. Otağın ortasında bir həsir və bir yırğalanan köhnə bir kreslo var idi. Diqqətlə detallı baxmağa başladım. Fuad isə çəkilişindəydi. “Sahib də o biri pəncərədən baxır, indi telefonu ötürəcəm...”
Aman Allah! Gördüyüm nitqimi tutdu. Qapqara uzun bir ... artıq nə idisə, kresloda yırğalanırdı. Axı indicə otağa baxmışdım. Bu nə idi?! Çaşdığımdan işığı düz onun üzərinə tutdum. Mənə baxıb gülümsədi. Ya Rəbb, bu nə idi? Gözləri yox, üzü qara, əyri təbəssümü var idi.. Ya da mənəmi elə gəlirdi, bu varlıq mənə baxıb gülür?!
-Fuaaad, Fuaaad... –deyə bağırdım. Fuad çəkilişini yarımçıq saxlayıb mənə baxdı. Bir nöqtəyə kilidlənmişdim amma qışqırmağa davam etdim:
-Qaç Fuad, Qaç!!!-deyib güllə kimi yerimdən götürülüb qaçmağa başladım. Fuad da arxamca qaçdı. Bir az qaçdıqdan sonra, özümüzü qalın kolluğa verdik, ev artıq uzaqda idi. İkimiz də təngnəfəs olmuşduq. Fuad boğula-boğula:
-Nolmuşdu Sahib?-dedi.
Tövşüyərək cavab verdim:
-Fuad, otaqda bədheybət bir varlıq var idi... Yırğalanan kresloda yellənirdi.
Fuad:
-Nə?! Sən nə danışırsan?-deyə soruşdu. Sonra:
-Qaranlıqda bəzən şüurumuz bu cür halüsinasiya oynayır.-dedi.
Ağlamsındım:
-Fuad, vallah-billah otağa tam baxmışdım, heç kəs yox idi. Sonra onu gördüm! İşığı üstünə salmışdım!-birnəfəsə danışırdım.-Əgər sən deyən kimiydisə, mən niyə öncə onu görmədim?!
Fuad susdu. Düşünürdü.
-Qurban olum Fuad, gəl rədd olaq gedək burdan!-dedim.
-Yaxşı-yaxşı... Fuad yavaşca ayağa qalxıb əlimdən tutub məni də qaldırdı. Ətrafa baxdıq. Biz kolluqda gizlənmişdik. Geri tərəfimiz ev idi... Amma önümüzdə qalın bir meşə var idi. Çox guman ki, meşə təpənin bu biri qurtaracağınacan uzanacaqdı. Fuad astadan:
-Geriyə qayıda ...
-Yox-yox, qətiyyən... deyə onun sözünü kəsdim.-Geriyə... Yox, olmaz!
-Təpənin bu biri qurtaracağı da meşə ola bilər...-Fuad səsli düşünürdü.-Biz bu meşəni niyə uzaqdan görmədik? Yoxsa biz ordan çox uzaqlaşdıq?
İkimiz də bir-birimizə baxdıq. Artıq geriyə yol yox idi. Amma bu meşəni öncədən görməliydik axı...
-Məcbur irəliləməliyik.-deyə Fuad təəssüflə dilləndi. Artıq o da bura gəlişinə peşman idi.
Meşənin içinə doğru get məyə başladıq. Şam ağaclarından ibarət bu meşə o qədər sıx idi ki, ay işığı belə düşmürdü. Bu zil qaranlığı əlimizdə olan işıqlar bəs etmirdi.
-Başqa yolumuz yoxdur, irəliləməliyik.- deyə Fuad köks ötürdü.
Meşəyə yenicə girmişdik ki, yağış başladı. Qəribə səslər eşidilirdi. Uzaqda sanki, kolların xışıltısı gəlirdi. Pıçıldadım:
-Fuad...
Fuad mənə sual dolu nəzərlərlə baxdı.
-Fuad, birdən biz bu meşədə itsək...
-Qorxma, itmərik. Nə boyda meşə olacaq ki... Əvvəl-axır bir yerə çıxacayıq-dedi. Amma o an, Fuadın gözlərində qorxu var idi. Sonra telefonunun kamerasını işə salaraq:
-Əziz dostlar, biz o gördüyümüz əcaib şeydən sonra geri qayıda bilməzdik. Məcbur, bu meşəyə girməli olduq. Ümid edirik ki, meşə bizi şosseyə, yaxud bir yola çıxaracaq. Gördüyünüz kimi hazırda meşədəyik. – əmin idim ki, Fuad çəkilişini başını qatmaq üçün edir. Çünki, onun da canına üşütmə düşdüyünü hiss edirdim. Yavaş-yavaş irəli getməyə başladıq. Ətrafı dinləyirdik. Arada bir çobanaldadan quşun səsi gəlir, bir də sanki, kimsə pıçıldaşırdı. Mən uşaqlıqda oxuduğum “Tom Soyyeri” xatırladım. Tomla Hek çobanaldadan quşunun səsini eşitdikdə Hek Toma : “Çobanaldadan quşu oxuyursa, bu mütləq həmin yerdən ölü çıxacağına işarədir.” O zaman bu sətirləri oxuyanda çox qorxmuşdum, amma sonralar bunun xurafat olduğu, yaxud Mark Tvenin o əsərdə həyəcan yaratmaq üçün yazdığını düşünmüşdüm. Amma indi... Bəs, gerçəksə? Çobanaldadan oxuyanda ölü çıxarsa? O zaman ikimizdən birimiz ölməliydik... Aman Allahım...
Düşüncələrimi Fuad sanki baltaladı. Qəfildən:
-Eşidirsən?-deyə pıçıldadı.
-Nəyi?
-Tsss! Qulaq ver...
Uzaqdan uşaq ağlaması səsi gəlirdi.
Fuad getmək istədikdə onun qolundan tutdum:
-Fuad, gəl yolumuza davam edək...
Fuad dilləndi:
-Bəlkə, həqiqətən uşaqdır? Köməyə ehtiyacı var? Bəlkə itib bizim kimi?
-Deyilsə? Heyvan-filansa? -deyə çımxırdım.
-Gedək ora tərəf bir yerdə gizlənib baxarıq. Deyilsə, yavaşca çıxıb gedərik.
Çox ehtiyatla səs gələn tərəfə getdik. Səs yaxınlaşırdı. Sanki, hansısa uşaq həzin-həzin ağlayırdı. Lap yaxınlaşdıqda kolların arasında gizləndik.
-Ora bax- deyə Fuad pıçıldadı.
Boylandıqda ağaca söykənərək ağlayan 3-4 yaşlı qız uşağını gördüm. Əynindəki paltar çirklənmişdi. Görünür yazır xeyli vaxtdır burdaymış. Gizləndiyimiz yerdən öncə mən çıxdım. Arxamca Fuad gəldi. Uşağa yaxınlaşıb :
-Sənə nə olub balaca?-deyə soruşdum.
Uşaq ağlamağını kəsib yaşlı gözlərlə bizə baxdı.
Fuad onun başını sığallayaraq:
-Adın nədir cuppulu?-soruşdu.
Qız burnunu çəkərək:
-Adımı bilmirəm.-dedi.
Mənlə Fuad bir-birimizə baxdıq. Uşaq bəlkə çoxdandır itib, bəlkə də yıxılıb, yaddaş itməsi olub deyə düşündük. Çox güman ki, tibbi yardıma ehtiyacı vardır. Mən tələsik:
-Darıxma, balaca... Biz səni valideynlərinin yanına aparacağıq.-dedim.
Uşağın əlindən tutdum. Sakitcə yanımla gəlirdi. Qəribəsi bu idi ki, uşağa rast gəldikdən sonra meşədə gələn bütün səslər yox oldu. Hətta bayaq oxuyan çoban aldadan quşu da... Fuad çox sarsılmış görünürdü. Öndə ayaq saxlayıb:
-Dayanın çəkiliş edəcəm.-deyərək telefonunun kamerasını işə saldı.
-Əziz dostlar, meşənin içiylə gedərkən, gördüyünüz bu uşağa rast gəldik. Uşaq adını xatırlamır. Biz onu həkimə və ya valideynlərinə çatdırmağa çalışacayıq. Uşağın tibbi yardıma ehtiyacı var. –deyərək balaca qızı kameraya çəkdi.
Bayaqdan telefonumun LED işığı yanırdı. Displeyə baxdığımda telefon batareyasının ciddi şəkildə azaldığını gördüm.
-Fuad, məndə şarj bitir.-deyərək LED işığı söndürdüm.
-Məndə var hələ. Gəl davam edək.-deyib Fuad irəli addımladı. Önümüzdə yol ikiyə ayrılırdı. Bunu görcək uşaq əlimdən çıxaraq:
-Bura gəlin, bura... Burdan gedək-deyib sola cumdu.
-Dayan balaca!-deyib addımlarımızı sürətləndirdik. Uşağın səsi uzaqdan gəlirdi. “Bura gəlin, bura”
Lənət olsun, 3-4 yaşlı uşaq nə sürətlə qaçmışdı?! Var gücümüzlə ardıyla qaçmağa başladıq. “Balaca dayan!” deyə Fuad bağırdı. Arxasınca da mən “Gözlə!” deyə qışqırdım. Amma nə illah edirdiksə, uşağa çata bilmirdik. Var gücümüzlə bir neçə dəqiqə də qaçdıq, sonra hər ikimiz təngnəfəs olduq. Fuad öndəki ağacın dibinə çökərək:
-Məndən bu qədər... –dedi.
Mənim də canım çıxmışdı. Beynim min sualla dolu idi. Bu uşaq necə belə sürətlə qaça bilərdiki, 2 böyük adam ona çata bilməsin? Yaxşı, bu cür qaça bilən və yolu tanıyan uşaq necə oldu da meşəyə gəldi?
Fuadın yanında yayxanaraq oturdum:
-Fuad, bu işin içində bir iş var...
Fuad mənə baxdıqda gözlərində həm boşluq, həm də qorxu gördüm. Başını yelləyərək:
-Mən artıq bura niyə gəldiyimi bilmirəm, Sahib... Bircə burdan çıxıb, rədd olub gedə bilsək...-dedi.
Ayağa qalxıb ətrafa baxdım. Artıq meşə enişə keçmişdi. Diqqətlə baxdıqda işıqlar görünürdü. Fuadın çiyninə vurrarq:
-Fuad, Fuad! Qalx ayağa, deyəsən bu lənət yerdən çıxacayıq.-dedim.
Fuad cəld ayağa qalxdı.
-İşıqlar...
-Aha, ola bilər hansısa yaşayış yeridir, bəlkə yoldur.. –deyə cavab verdim. Aşağı baxdıqda yarpaq qarışmış palçıqlı yolda uşaq ayaq izini gördüm.
-Gəl ardımca- deyə Fuada pıçıldadım. Fuad da arxamca gəlməyə başladı. İzlər 5-10 metrdən sonra yoxa çıxdı. Sonra yenə peyda oldular... Uşağın izləri üzü işığa tərəf idi.
-Ola bilər, işığa çıxıb qaçıb gedib.
Fərqinə varmamışdıq, amma yağış da bitmişdi. Üst-başımız əməllicə islanmışdı. Fuad soruşdu:
-Saat neçədir?
Qolumdakı saata baxaraq:
-Gecə saat 3 –dedim.
Fuad təəssüflə dilləndi:
-Biz bura gəldiyimizdə saat 1 idi. Demək, 2 saatdı ki buradayıq...-birdən nəyisə xatırlayaraq:
-Lənətə gələsən, saatım da qolumdan açılıb Allah bilir hardasa düşüb.
Doğrudan da, Fuadın qolunda saat var idi axı... Bura gəldikdən bəri, başımıza gələnlər bizə özümüzü belə unutdurmuşdu.
-Mən dəhşət acmışam.-deyə Fuad dilləndi.
-Elə mən də...
-Bu enişi düşək də, görək hara çıxırıq. Gəl.-deyə Fuad önümə düşdü. Mən də onun arxasınca getdim.
Təxminən 10 dəqiqə sonra ağaclar seyrəldi, işıqlar görünməyə başladı. Deyəsən bir kəndə gəlib çıxmışdıq. Amma, bu bərabərdə kənd var idimi ki?! Bildiyim qədərilə bura getdiyimiz yolun əks tərəfi olmalıydı. Burda yaşayış yeri var idimi? Telefonun ekran kilidini açdım. 15% şarjım qalmışdı.
-Fuad, internet tutur...Gözlə baxım, hardayıq. –dedim.
Xəritə menyusuna girərək olduğumuz lokasiyaya baxdım. Bismillah, “No name” yazılmışdı və “Google xəritələr”ə görə bura adsız bir çöllü-biyaban olmalıydı. Fuad uzun-uzun telefonun ekranına baxdığımı gördükdə, mənə yaxınlaşıb o da nəyə baxdığımı aydınlaşdırmağa çalışdı:
-Nolub, nə dikilmisən telefona?-deyə soruşdu.
-Fuad, burda bu yaşayış yeri yoxdur. “No name” yazılıb. Çöl-düzənlik göstərir xəritə...
-Ver baxım.-deyə Fuad telefonu əlimdən aldı.
Ekrana bir neçə saniyə baxıb:
-Maraqlıdır... Qaqa, bəzən “Google xəritələr”də köhnə informasiya olur...- ətrafa göz gəzdirib- amma bu təzə salınmış kəndə oxşamır da. Ya da bəzən bəzi yerləri “Google” qeyd eləmir.-dedi.
-Fuad. “Google” adı verməz, ya da səhv verər... Bu xarabanı çöl göstərir axı.. Bu mümkün deyil? Biz hara düşmüşük?-deyə çımxırdım. Bütün bədənim əsirdi.Fuad məni sakitləşdirməyə çalışdı:
-Yaxşı, çıxma özündən sən də... Gəl baxaq görək... O dəqiqə paranormalı düşünürsən.
Fuad ona tərs-tərs baxdığımı gördükdə:
-Yaxşı-yaxşı... Mən təslim. Amma, başqa çıxış yolumuz yoxdur. Buradan çıxmaq üçün gərək duraq, gedək. Belə dayanmaqla bir şey olmayacaq.
Əslində məndən də çox narhahat və həyəcanlı idi Fuad... Bu dəqiqə izah edə bilməyəcəm, bədənimdə qəribə bir üşütmə var idi. Bu təpədəki lənətə gəlmiş evə yaxınlaşanda yaşadığım qorxudan tamam fərqli idi. Onda o eybəcər məxluqu görəcəyimi bilmirdim. Amma, indi... İndi sanki kimsə bizi lap yaxınımızdan izləyirmiş kimi bir hiss var idi. Fuad haqqlıydı, tezliklə burdan getmək lazım idi. Ayağa qalxıb:
-Gəl gedək.-dedim.
Fuad yenə önümə düşdü. Kənd bomboş idi. Cəmi 10 ya 15 ev olardı. Ətraf zülmət idi, heç bir evdə, nə də küçədə işıq yanmırdı. Fuad telefonuna baxaraq:
-Aaa, şəbəkə itdi. Üstəlik cəmi 20% şarjım qalıb.
-Məndə 14%-di. Şəbəkə də yoxdur.-deyə telefonumun ekranına baxaraq təəssüflə dilləndim.
Bir neçə dəqiqə dümdüz irəlilədikdən sonra yenə evlər gördük. Fuad:
-Allah-Allah...-dedi.-Axı, evlər qurtarmalıydı...
-Kimsiz a bala? İnssiz ya cin?-deyə arxadan səs gəldi.
O anı təsvir edə bilmərəm. Ürəyimiz qorxudan ağzımıza gəldi. Qəfil gələn səsin bizi diksindirməyi bir yana dursun, “inssiz cin?” sualı bədənimizə bir ayrı vicvicə verdi. Demək burada cinlərdəmi olurdu? Fuad “sakit ol” deyə pıçıldayaraq geri çevrildi.
-Ay nənə, insik, ins...
-Hə, a bala nə axtarırsız burda?
-Nənə, biz Bakıdan gəlmişik, yolu itirmişik.-deyə Fuad dilləndi.
Qadın əlində əsasını yerə döyəcləyə-döyəcləyə xırda addımlarla bizə yaxınlaşdı.
-Gecə vaxtı burda nə işiniz var?
-Nənə, biz yolu itirmişik, təpəyə çıxmışdıq sonra yolu itirdik, meşədə azmış bir uşaq gördük, sonra...-Fuadın sözü ağzında qaldı. Bayaq meşədə gördüyümüz uşaq, sanki, göydən düşmüş kimi, küçənin başında göründü. Fuad bağırdı:
-Bax, odur! O uşaqdır!
Qoca qarı Fuadın gözlərinin içinə baxaraq,
-Sakit ol, o mənim nəvəmdir.-dedi.
Hər ikimizin matı-qutu qurumuşdu. Deməli bu uşaq buranı tanıyırmış, bu uşaq bizi istəyərək bura gətirib... Qarının gözlərinin içində hiyləgər parıltı var idi. O astadan dilləndi:
-Gecə vaxtı buralarda çox dolaşmayın...
Bədənim əsdi. Qeyri-ixtiyari soruşdum:
-Nənə, sən bu... Bu kənddə təksən? T... Tək yaşayırsan?
Qarı əyri təbəssümlə gülümsündü:
-Yox...

Fuad udqundu. Kəkələyərək:
-B.. Baş...Başqa k... kim var?-deyə soruşdu.
Qarının üzü birdən-birə dəyişdi. Amiranə şəkildə:
-Geriyə dönün!-dedi.
Geri çevrildikdə, aman Allah!!! Bəlkə onlarla qapqara, üzləri görünməyən, ucaboy, bədheybət varlıqları gördüm. Ağlamsınaraq:
-Fuad... Bunlar kimdirlər?-əsə-əsə soruşdum. İlahi, əlim-ayağım sözümə baxmırdı.
Bəlkə də hamısı bir ağızdan istehza ilə qəhqəhə çəkdilər. Arxadan qarının səsi eşidildi. Az qala bağırırdı:
-Lənət qalxmayınca, bura gələn hər kəs bizi görəcək, hiss edəcək!
Hiss edirdim ki, şüurum gedir, önümdəki qaraltılar bir anda yox oldu, taqətsiz, dizləri üstə yerə düşdüm. “Allahım, ağlımı itməyə qoyma!” deyə içimdə dua etdim. Bir anlıq huşum getdi. Gözümü açdıqda torpaq yolun ortasında uzanmışdım. Ətrafa baxdım. Fuad yox idi. İlahi, bayaq gördüklərim yuxuydumu? “Yox-yox Fuad indicə yanımdaydı axı... “ Bayaqkı səhnəni xatırladım. Hiss etdim ki, ürəyim bulanır... Dərin nəfəs alıb ayağa qalxdım. Telefonumu çıxarıb saata baxdım. Gecə saat 04.00... Bir anlıq sandığım huş getməsi, sən demə təxminən 40 dəqiqə çəkibmiş. Yaxşı, bəs Fuad hardaydı? O gördüyüm varlıqlar onu aparmış olmasın? Belə rəvayətlər çoxdur. Cinlər, insanları öz aləmlərinə aparır... Əgər beləydisə, mənə niyə toxunmamışdılar? “Ayət-ül-Kürsi”ni xatırlamağa çalışıram. “Fuaaaadddd!” deyə çağırdım. “Fuaaaadddd!”... “Əgər Fuad məni qoyub qaçmışdısa, bu da zəif ehtimaldır, o zaman ya kömək çağırmaq üçün canını qurtarıb, ya da ki... Amma, hər halda Fuad mənim arxamca gələr, bura qayıdar...” Düşüncələrim dolaşdı. Başımdan küt ağrı qopdu. Elə dəhşətli idi ki, üzüqoylu yıxıldım, huşum getdi...
-Nədir, nə qışqırırsan heyvan kimi?-Fuadın səsi gəldi. Gözlərimi açdım. Fuad maşının qapısını açıb mənə tərs-tərs baxdı. Başını bulayaraq:
-Nətər qorxacaqsan e, iki dəqiqəlik yüngül məsələ üçün maşını saxlayıb getmişəm, baxdım yatmısan... Nolub, nədi? Nə hay-küy salıbsan?-deyə dodağını nırçıldadaraq keçib sürücü yerində oturdu. Ətrafa baxdım. Bayaq gəldiyimiz təpənin yanındaydıq. Mən yuxuyamı getmişdim? Fuad maşını işə salmaq istədi, sonra əlini saxladı:
-Nə deyirsən, gedək baxaq bu təpəyə?-deyə mən tərəfin şüşəsini endirdi. Anlaya bilmirdim, bayaq biz axı bu təpəyə çıxmışdıq. Təpənin başında ev var idi, o evdə bədheybət bir şey görmüşdük.... Sonra meşəyə qaçdıq... Uşaq... Kənd... Qoca qarı... Cinlər... Fuad itmişdi... Bütün bunları mən yuxumdamı görmüşdüm.Fuad gülə-gülə :
-Adə, bayaqdan kəlləni necə atmışdınsa, yatırsan. Mən də səni oyatmadım. –deyib maşını işə salıb tərpətdi. Yola düzəldik. Susduğumu görüb:
-Sahib, gedən ayaq zarafatca deyirdim, burda dayanıb kəşf edək. O təpənin yuxarısında...
Onun sözünü kəsərək:
-Köhnə daxma var, meşə var... Enişdən sonra xaraba kənd var..-dedim..
Fuad qeyri-ixtiyari əyləci basdı, maşın idarəetmədən çıxacaqdı ki, tez toparladı. Mat-mat üzümə baxdı:
-Bir dəqiqə... Sən hardan bilirsən bunları? İnternet desən, belə məlumatlar yoxdur internetdə axı.. Mən bayaq, sən yatmışdın deyə, heç çatıb əmanəti təhvil verdiyim adamdan buranı soruşdum, dedim belə-belə.. İstəyirəm qayıdanda dayıoğlunu oyadım, oranı çəkək... Şey kimi də, Dima Maslennikov kimi... Paranorml video düzəldək. Adam mənə bərk-bərk tapşırdı... Oranın lənətli yer olduğunu dedi. Həmin xaraba kənd də indi yerlə-yeksan olub-Fuad iki əlini bir-birinə çırpdı.-Yoxdur. Orada bir uşaq öldürüblər, kəndlilər uşağın bic doğulduğunu iddia ediblər, uşağı da öldürüblər. Ondan sonra da olanlar olub...Adam bunları dedi. Sən eşidə bilməzdin. Həm yatmışdın, həm də biz maşından aralıda söhbət edirdik. Sən hardan bilirsən e, o kənd, yəni öncədən olan kənd, lənətlidir???
-Hamısını yuxumda görmüşəm, bir-bir...-deyə pıçıldadım.
-Necə???-Fuadın gözləri az qala hədəqədən çıxacaqdı.
Mən sakitcə təsdiqedici şəkildə başımı yellədim.
O andan sonra şəhərə çatanacan kəlmə kəsmədik. Mən yuxumda yaşadıqlarımın, Fuad isə məndən eşitdiyi o bir cümlənin şokundaydı...
İndinin özündə də Fuadla görüşdükdə, bu barədə danışmırıq. Yuxuda gördüklərimi xatırladıqda bir sual məni düşündürür:
Gerçəkdə yuxu olurmu?
SON
Bakı, may 2018-ci il
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)