Edebiyyat.az » Poeziya » Əli Çağladan şeirlər

Əli Çağladan şeirlər

Əli Çağladan şeirlər
Poeziya
admin
Müəllif:
18:37, 26 aprel 2024
893
0
Əli Çağladan şeirlər




Bioqrafiya


Əli Çağla, 2002-ci il iyun ayının 26-da Təbriz şəhərində doğulmuşdur. O, humanitar elmlər fakültəsində təhsil etmişdir. Əli Çağlanın şeirləri və hekayələri Azərbaycan, Türkiyə, İraq, Güney Azərbaycan, İran, Almaniya ölkələrinin mətbuatlarında çap olunmuşdur. Əli, Azərbaycan, Türkiyə və dünya ədəbiyyatının adlım əsərlərini tərcümə edib Güney Azərbaycanda çapa yetirmişdir. Əli, həm də Azərbaycan Ədəbiyyat Fondunun Statusunda Güney Azərbaycan təmsilçisi kimi üzvdür. 

Əli Çağla “Dəlilərin sevgisi”, “Niyar karvanı”, “Balıqsız dəniz” adlı romanlarının müəllifi olmuş olsa da, o kitabların İranda çıxmağına hökümət tərəfindən qadağa qoyulmuşdur. 


OYANMAQ


Bir şəhər görürəm yuxularımda 

Qaranlıq küçələrində şüşəsi açıq buraxılmış boş maşınlar 

Divarlarında qan spreyi ilə yazılmış qəzəblər 

Polislərin işləri yoxdur qəzəbçilərlə 

Sprey satanları axtarırlar

Və millətin qanını sorub millətə bahasına satan spreyçilər 

Əllərində tapança, çiyinlərində parlayaraq ulduzlar 

Küçələrdə it kimi fırlanıb axtarırlar canavarları... 


Bir şəhər görürəm yuxularımda 

Məcnun dəyişib cinsiyyətini 

Ah Leyla, Leyla, laylayla, layla...

Fərhadı vazektomiya elətdirib Xosrov 

Şirin külüng götürüb qazır Bistunu 

Leyli Nəcdin düzlərində Məcnunlaşmır, lezbiyənləşir... 


Koroğlu dördnala çapsa da atını Çənli beldə 

Nigarın gözlərindən şəhvət yağır metro stansiyasında. 

Sağ əli ilə açır gözünü illərdir tarixdəki hiyləkar Kor Həsən 

Sol əlində sprey, divara tərəf qaçır. 


AğaMəhəmmədi  kor eləyir otuz min sarı kirmana bənzər Kirmanlılar 

Mahmudu  axtalayır sağ yanında dayanmış Ayaz 

Babəkin  qollarını deyil, saçını vururlar Gülüstan sarayında 

Keçəl Həmzə şüşəsi açıq buraxılmış boş maşınları oğurlayır küçədə 

Başına tük əkdirmək üçün. 

Sabah Əhmədin  başına papaq keçirdəcəklər, tac əvəzinə. 


Bir şəhər görürəm yuxularımda 

Zincir kimi bir-birinə bağlanmış savadlılar 

Baxmadan keçirlər dərdin önündən. 

Sadiq  qazı açıb intihar eləyir şəhəri 

Ramizin  çiynində çantası 

Özünə bir yeni vətən düzəltməyə gedir.

Qulamrzanı  xəstəxanadan qaçırdır Aruz oğlu Basat 

Ləvayi , Çikaqodan boylanır Xocanın rəngbərəng dağlarına

Aynalar Zamanın  qırışmış alnını hədəfə alır 

Dumanın  eynəyini oğurlayırlar kafedəki dostları 

Gördüklərini görə bilməsin. 

Yox, üzürlü sayın əziz şəhərdaşlar 

Yaza bilməsin gördüklərini. 

Ayın pənçər olmuş təkərini dəyişdirsə də

Qadınların tərəfində dayanır Çalğın.

Hər il apreldə, şəhərimin Paris adlı xiyabanında 

Güllələyirlər Nargisin  içindəki Merilin Monronu...

Varisin  göndərdiyi məktubun Ermənilər əlində yandırıldığının xəbərini alıram post idarəsindən. 

Bələdiyyə başqanı “Şəhərin Gözəlliyi” verilişindən sonra 

Gecələr maşından düşüb divarlara işəyir. 

Qəzəblər axır südüyə qarışmış qanlı divarlarda 

Sabahdan tarixi tərsinə oxuyacaq məktəb uşaqları 

Xiyabandan keçərkən... 


Əziz izləyicilər, hörməyli bələdiyyə başqanının halı çox pis idi, növbəti yuxularınıza qədər, sağ qalın!.


SINIQ AYNA


Qaranlığa qapıldım ümidsiz xəyallarımla 

Ürəyim sıxılan həbsxananın divarları oldu, 

Depremdən törənən səsim titrədi 

Və dünya getdikcə uzanan yollara çevrildi! 


Göyün sonsuzluğunda izlədiyim ulduzlar 

Başımın üstündən uzaqlaşdılar sayrışaraq. 

Yenidən birləşmələri üçün dartınan sınıq aynanın parçaları kimi 

Ulduzların bir daha birləşməyəcəklərini anladım. 


Göy üzünü ay, yer üstünü şəhərdəki işıq dirəkləri işıqlandırsa da 

Qaranlığı axtarıram! 

Küçələrin bucağında ağzı köpüklənən qardaşın yanında, 

Bacının həyətdə şəritə sərdiyi büstqalterinə baxan 

Qonşuların parıltılı gözlərində axtarıram qaranlığı! 

Ananın məhkəmədə dodağının üstündə 

Göllənən burun suyuna qarışmış göz yaşlarında 

Və atanın... Atanını qabar əllərindəki göm-gör pullarda axtarıram... 


Yer kürəsini “Müsbət fikirləşək” adlı kitablar qurtarsa da 

Bu sınıq aynanın cinsindəki ailəni birləşdirə bilməyəcək. 

İtsəm də qarışıq nizamın içində 

Əsarətin zəncirini qırmağa çalışmağımı 

Sərhəd kənarında uçan quşların qanadlarından öyrəndim! 


Yenə də ümidimin alovları közərir içimdə 

Adımı çığıra-çığıra səsləyən qızın səsini xatırlayıram. 

Simasını xatırlamağa çalışıram, xatırlaya bilmirəm. 

Hə... düşdü yadıma duvağı dağılmış köpəyin qızı! 

Qaranlığı doldurun içimə, bu qızı tanımıram bəlkə də! 

Ağarmamışdı saçları, məni çığıra-çığıra səsləyən qızın 

Heç zaman da inana bilməzdim ağaracağına. 

Üzünə çopur, alnına şeir qazmamışdı təcrübələr 

Yaşıl yaylığını yelləndirərdi o olsaydı. 

Silin bu səhnəni, beynimdən silin!..


Ümid adlı bir işığın böyüklüyü 

Kiçik, amma güclü qaranlığa məğlubdur!..

Ey mənə azadlığı öyrədən sərhəd kənarındakı quşlar 

Sizin kimi qanadlandıracağam 

Bacıların dumanda yolunu azan istəklərini, 

Qardaşların ürəklərindəki istismar diləklərini 

Və yaylıqlarını yelləndirən qocalmış qızların duyğularını!.. 


BU GECƏ


İki qarğanın toyudur bu gecə!

Qar-qar stress yaşayır dişi qarğa. 

Baxsan alnına erkək qarğanın

Tərdən muncuq düzülübdür. 

Uzun corablarını ağacdan yelləndirərkən dişi qarğa

Yaxasındakı qalstukunu sığallayır qarğa bəy. 

Kim deyir görmədin?

Gördüm onları, sevişdikdə...


İki itin bir alabaş balası olur bu gecə!

Atasına oxşayır küçük oğlu küçük...

Anasının göz yaşı döşündəki südünə qarışıb sevincindən

Atası sevinc dolu həyəcanından başını dik tutur

Və gecənin sükutunda harmoniyalı mahnı oxuyur: Haf-haf-haf...

Kim deyir görmədin?

Gördüm onları, sevindikdə...


İki ayı qədəh-qədəhə vurur bu gecə!

Başqa bir ayının sağlığına. 

Mağaranı şərab qoxusu bürüyüb. 

Üç aydır mükərrər içirlər ayılar

Və üç aydır yuxularına şərab calayırlar. 

Kim deyir görmədin?

Gördüm onları, içdikdə...


İki tülkü quyruqları ilə aslana plan çəkirlər bu gecə!

Gözlərindəki hiylə ilə kibrit çəkirlər qaranlığa. 

Əllərində yuxu şərbəti

Boyunlarından aslanan sülh medalları

Kim deyir görmədin?

Gördüm onları, danışdıqda...


İki çaqqal şeir yazır bu gecə!

Və sabah tribuna arxasında şərr oxuyacaqlar.

Aslanın əlindən “Xalq şairi” ordeni almaq üçün...

Kim deyir görmədin?

Gördüm onları, şeir yazdıqda...


Və bir insan darıxır bu gecə!

Yüksəldir qramafondakı Zara Leanderin  səsini

Başındakı papağını masaya qoyub fikirləşir. 

Barmağı ilə ballistik raketi oynadır, 

Meşənin bağrına sancaqlayır alovları.

Kim deyir görmədin?

Gördüm “Bir”-lərin acımasızlığını...


SƏSSİZ UÇURUM


Səssiz uçurumun ucundayam

Geriyə baxdığımda qanadı yolunmuş quşları görürəm

Dəmirləri paslanmış qəfəslərin açıq qapılarını 

Çevrilirəm, baxmaq istəmirəm. 

Yaşıllığa inanmadığım üçün, bozarır önümdəki mənzərə!


Qaranlıq düşüncələr ağrıya sürükləyir məni

Və ölümün səssizliyi, lal-dinməz dayanıb yanımda. 

Görürəm, bilirəm

Bilirəm, görə-görə çox şeyləri yenə də görmürəm

Bədənim parça-parça, ruhumda deşiklər var

Və səssiz uçurumun ucunda

Bu son nəfəsim olsun deyə çalışsam da

Sayısı yadımdan çıxıbdır nəfəslərimin.


Heç bir şey qalmadı, heç bir şey üstümdən qatar kimi keçmir artıq

Quş olub uçmaq duyğularımı qara divarlar pozdular otağımda

Duyğulana bilmirəm heç bir şeyə...

Mən bir şeyə inana bilmirəm, bir şeyə. 

Bəlkə də asılı qaldığım “Bir” sözünün üstündəyəm

Sözümün üstündüyəm, asılı qalmışam.

Asılı bir, 

Bir asılı bilir

Bir sözümün üstündə

“Bir” sözünün üstündə...


Dünyanın həbsxana olduğunu bilirəm

Bilirəm, asıldığımdan sonra həbsxananın qapısının əbədi açıq buraxılacağını da bilirəm

Bilirəm dünya müharibə meydanı olsa da belə 

Ayaqlarımı sevgi minalarının üstündə buraxdığımdan sonra 

Sülh bəyannaməsini imzalayacaq hökmranlar – diktatorlar, bilirəm.

Sən evdə oturub qəzetə oxuyarkən, 

Xəbərimi eşidəcəksən... Muğayat ol... Çayın soyumasın...

Hər şeyin sonu qap-qara qaranlıqda yox olur 

Yox olur, əvvəldən olmayan “Bir” sözü, yox olur. 

Yox olur, 

      Olur, 

          Yox olur, 

                  Asılmır

                           Asılır...

Bir sözünün üstündə asılı qalıram

Bir sözünün...

Sözünün bir-bir

Bir sözünün asılıram üstündə

Üstündəyəm bir sözünün

Sözümün üstündə dayanıb asılıram.


Ümidlərim balıq olmaq arzusunda ikən 

Sizin həyətinizin mavi hovuzunda qərq oldular.

İndi paslı qəfəslərin açıq buraxılmış qapıları, 

Minaların xünsa olmaqları 

Və sənin sətir-sətir qəzetə oxumağın 

Divardakı pişiyin balıqlara şorgözlük etməyini görməməyin 

Ağlamağın, üzünü didməyin

Fotoqrafçıların işinə yarayar sadəcə, bilirəm. 


Gələcəyin olmadığı son nöqtədə

Geriyə baxa bilmədiyim səssiz uçurumun ucunda 

Bu son nəfəsim olsun dediyim sözə vəfalı olmasam da 

Son siqaretimi alışdırıram... 

Yanıram...

Bunu sən bilməyəcəksən...


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)