Ruzbeh Məmməd - şeirlər
Zeliha...
Dünyada nə çoxdu gedənlər, Zeliha
küləklə yuvarlanıb gedənlər
yağışla yuyulub gedənlər
bir gülləyə qurban gedənlər
darıxma, qızım, darıxma
gözləmə, dünyada heç kimi, gözləmə
gəl oyun oynayaq əvvəl mən sənin qulağına bir söz deyim, sonra ağlayım:
"gedənlər heç zaman geri dönmür"
ağlama, qızım, ağlama
Dünyada nə çoxdur gedənlər, Zeliha
kimi gedər uzaq olar,
kimi gedər yad olar
kimi də gedib vətən olar, torpaq olar
gözləmə, qızım, gözləmə
Dünyada nə çoxdur uşaqlar, Zeliha
yarısı vətənsiz,
yarısı yeyəcəksiz,
yarısı paltarsız
yarısı da kimsəsiz
küsmə, qızım, küsmə
Dünyada nə çoxdur kədər, Zeliha
heç kimi bağışlama
vətəni də, torpağı da, gülləni də...
bağışlama, qızım, bağışlama...
Dünyada nə çoxdur gedənlər, Zeliha
sırılsıklam tək olmaq istiyirəm
bir az var,
bir az yox olmaq istəyirəm..
+++
içimdə bir şəhər var, heç vaxt gəzmədiyimiz
içimdə bir küçə var, heç vaxt keçmədiyimiz
içimdə bir sevgi var, heç vaxt ayrılmadığımız...
içimdə bir qadın var, heç vaxt tərk etmədiyimiz...
+++
Noyabr axşamında sevgi etüdləri
bilirəm getməli deyildik, bilirəm
bir-birimizdə bunca xatirələrimiz varkən...
bilirəm susmalı deyildik, bilirəm
danışılası o qədər söz varkən...
bilirəm, getməli deyildik, bilirəm
bir-birimizə çatacaq qollarımız varkən...
hopduğun yerlərinə sadiq qalmadın
onsuz da qadınlar belə gedir
onsuz da bilirdim, yetim qoyacaqdın qollarımı
mən anamdan bilirəm, o da ağrıyanda dözülməz qadın olur
mən anamdan bilirəm qadınları
niyə belə oldu axı, qoyardın çatardım sənə, sonra bütünlüklə gedərdin
niyə belə oldu axı, nə tez getdin
heç qoymadın ötürüm səni
qayıdım ayaq izlərindən ünvanıma
niyə belə getdin axı
niyə qoymadın son dəfəsində deyim ki,
sənsiz qoyduğun bədənimin yerlərində bir it ulayacaq...
niyə qoymadın qucaqlayım səni
deyim ki, məni səndən sonra hamı tərk edəcək...
burda payızdı- noyabr
burda pəncərədən günəş görünür
burda bir otaq var şaxtası sinməmiş
burda bir kişi bədəni var, tərk edilmiş,
sənə yazmaq istəyirəm, uzaqlardan, uzaqlardan
Ki, hardasan, necə keçir məndən sonra vaxt-zaman
Qollarının harasıyla darıxırsan,
axşam kölgə düşəndə
Səni yenə incidirmi, dırnağına saçların ilişəndə...
Quşlar gələr qonar sizin evinizin üstünə
Saçlarına yağış dəyər dodağına göz yaşı...
ey, könlümün darıxanı, ey könlümün gözəli
pəncərəni açıq tutma, ürəyinə şərf dola
ey könlümün yaraşığı, ey könlümün sonası
payız, qışa ümid yoxdu bir də gördün qiripsən
Payız qışa ümid etmə, qadınlardan betərdi
darıxdırdı, üşütdüsə, sonrasını bilirsən...